Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə yanvarın 16-da Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
Dövlətimizin başçısı iclası giriş nitqi ilə açaraq bildirdi ki, 2011-ci ildə ölkə qarşısında duran bütün sosial-iqtisadi vəzifələr uğurla icra edilmişdir. Nəzərdə tutulan bütün planlar həyatda öz əksini tapmışdır. Ötən il iqtisadiyyatda ümumi artım 0,1 faiz, qeyri-neft sektorunda 9,4 faiz olmuşdur. Bu sektorun inkişafı yeni iş yerlərinin yaradılmasına da həlledici təsir göstərmişdir. Ölkədə qeyri-neft sənayesinin çəkisi 11,1 faiz artmışdır. İnflyasiya birrəqəmli səviyyədə qalmış, əhalinin pul gəlirləri 19,6 faiz yüksəlmişdir. 2011-ci ildə investisiya qoyuluşunda rekord əldə olunmuş və bu rəqəm 20 milyard dollar təşkil etmişdir. Onun 13 milyard dolları daxili, 7 milyard dolları isə xarici sərmayədir. Ümumilikdə isə son 2 ildə Azərbaycana 37 milyard dollar sərmayə qoyulmuşdur. Valyuta ehtiyatlarımız ilk dəfə olaraq 40 milyard dolları keçmişdir. Keçən ildə maaşlar, pensiyalar artırılmış, ünvanlı sosial yardım alan ailələrin sayı 120 minə çatmışdır.
"Biz bazar iqtisadiyyatı prinsiplərinə sadiqik, bununla yanaşı, sosial siyasətdə də uğurlu addımlar atırıq", - deyən Prezident İlham Əliyev bildirdi ki, keçən il səhiyyə, təhsil, idman, mədəniyyət obyektlərinin tikintisi davam etdirilmişdir. Ötən il 94 min yeni iş yeri açılmışdır ki, onlardan 73 mini daimidir. İşsizliyin səviyyəsi 2011-ci ildə 5,4 faizə, yoxsulluğun səviyyəsi isə 7,6 faizə düşmüşdür.
Prezident İlham Əliyev vurğuladı ki, keçən il Azərbaycan xarici siyasətdə də böyük uğurlar əldə etmişdir. Ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Bununla da Azərbaycan dünya birliyinin inamını və etimadını qazanmışdır.
Dövlətimizin başçısı bildirdi ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində 2011-ci ildə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişə nail olunmamışdır. Müsbət hallara gəlincə, Prezident İlham Əliyev üç həmsədr ölkənin dövlət başçılarının status-kvonun qəbuledilməz olması ilə bağlı 2011-ci ildə verdiyi bəyanatı yüksək qiymətləndirdi. Bununla belə, münaqişənin həllini sürətləndirmək üçün qəbul edilən qərarların yerinə yetirilməsinin vacibliyini vurğuladı.
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində əfsuslar olsun ki, 2011-ci ildə heç bir nəticə olmamışdır. Bunun yeganə və başlıca səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir, danışıqlarda qeyri-səmimi davranışıdır. Faktiki olaraq danışıqların pozulmasına, yaxud da ki, dondurulmasına Ermənistan tərəfi çox çalışmışdır. Danışıqlar əlbəttə ki, iki tərəfin iştirakını tələb edir. Bir tərəf əgər danışıqlardan bu və ya digər formada boyun qaçırmaq istəyirsə, digər tərəfin imkanları da məhdudlaşır. Ancaq deyə bilərəm ki, 2011-ci ildə danışıqlar prosesində, bu məsələyə dair beynəlxalq qüvvələrin münasibətində müsbət hallar olmuşdur. Biz bunu inkar edə bilmərik. Deyə bilərəm ki, onlardan ən önəmlisi odur ki, üç həmsədr ölkə status-kvonun qəbuledilməz olduğunu bəyan etmişdir. Bu, birinci bəyanatdır, yəni bundan əvvəlki illərdə belə bəyanatlar verilmirdi. Bu bəyanat ədalətli bəyanatdır. Əlbəttə ki, status-kvo dəyişdirilməlidir və ümidverici bəyanatdır. Əgər bu bəyanatdan sonra həmsədr ölkələrin konkret təklifləri, addımları, hərəkətləri olarsa, münaqişəni tezliklə həll etmək mümkün olacaqdır. Əgər bu bəyanat sadəcə olaraq bəyanat kimi qalacaqsa, onda danışıqların perspektivləri ümidverici olmayacaqdır. Bu münaqişənin həllinin iki yolu var: danışıqlar yolu və hərb yolu. Üçüncü yol yoxdur. Bu münaqişə dondurulmuş münaqişə deyildir və olmayacaqdır. Əgər kimsə fikirləşirsə ki, danışıqlarda əsas məsələ müharibənin qarşısını almaqdır, mən bununla razı deyiləm. Biz də müharibə istəmirik. Kim müharibə istəyər? Özü də bu qədər böyük uğurlara nail olan Azərbaycan dövləti. Ancaq o demək deyil ki, danışıqlar prosesi kənarda qalacaq və bütün səylər müharibənin başlanmamasına yönəldiləcəkdir. Bu olmayacaqdır!
Mən nə üçün bunu deyirəm? Çünki 2011-ci ildə həmsədrlər tərəfindən, xüsusilə ilin ikinci yarısında biz daha çox etimad tədbirlərinin gücləndirilməsinə, atəşkəs rejiminin pozulmamasına yönələn hərəkətləri və təşəbbüsləri görmüşük, nəinki danışıqların mahiyyətinə yönələn diqqəti. Biz də istəmirik ki, müharibə olsun. Ancaq bunun yolu var. O yol da hamıya bəllidir. Biz əvvəlki dövrdə də bəyan etmişik ki, 2009-cu ilin sonunda ATƏT-in xarici işlər nazirlərinin toplantısında iki tərəfə verilmiş təkliflərə prinsip etibarilə razılığımızı vermişik.
Bu prinsipləri biz yox, həmsədrlər ortaya qoymuşlar. Əgər o prinsiplər hələ də qüvvədədirsə, onda bu münaqişə öz həllini tapa bilər. O prinsiplər haqqında mən ictimaiyyətə kifayət qədər məlumat vermişəm. Sadəcə olaraq bir daha əsas məqamları təkrarlamaq istəyirəm. Azərbaycanın ərazi bütövlüyü şübhə altına qoyulmur, Azərbaycan vətəndaşları işğal edilmiş bütün torpaqlara qayıdırlar və gələcəkdə Dağlıq Qarabağın statusu haqqında qeyri-müəyyən vaxtda qeyri-müəyyən formada təkliflər irəli sürüləcəkdir. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan dövlətinin razılığı olmadan Dağlıq Qarabağa heç bir status verilə bilməz. Bu da təbiidir ki, Azərbaycan dövləti və xalqı heç vaxt Dağlıq Qarabağa Azərbaycanın kənarında heç bir statusa razılıq verə bilməz və verməyəcəkdir. Prinsiplər bundan ibarətdir. Biz danışıqları bu prinsiplər əsasında davam etdirməyə hazırıq və əgər qarşı tərəf də belə addımlar atarsa məsələ tezliklə öz həllini tapa bilər. Bununla bərabər, o da heç kimə sirr deyil ki, biz hərbi gücümüzü artırırıq və artıracağıq. 2010-cu ildə bu rəqəmləri mən dəqiq xatırlayıram, başqa rəqəmləri də xatırlayıram. Amma bu rəqəmləri yaddaşımda xüsusilə dəqiq saxlayıram - 2011-ci ildə hərbi məsələlərə 3 milyard 413 milyon dollar xərclənmişdir, 2012-ci ildə 3 milyard 474 milyon. Yəni, təxminən eyni rəqəmdir. İki ildə görün, biz ordu quruculuğuna nə qədər böyük vəsait sərf edirik. Əvvəlki dövrdəki vəsaiti də əlavə etsək, biz də görərik və hamı da görər ki, bu gün Azərbaycan ordusu böyük imkanlara malikdir. Biz bölgədə ən güclü orduya malikik, maddi-texniki təchizat yüksək səviyyədədir, ən müasir silahlar, texnikalar, döyüş helikopterləri, döyüş təyyarələri, raketlər, artilleriya qurğuları, - hamısını sadalamaq çətindir, - alınır və bizimlə hərbi sahədə əməkdaşlıq edən ölkələrin coğrafiyası da genişlənir. Eyni zamanda, Azərbaycanda istehsal olunan hərbi məhsulların sayı və çeşidi artmaqdadır. Biz 600-ə yaxın çeşiddə hərbi məhsul istehsal edirik. Yəni, bu gün Azərbaycan ordusu böyük qüvvədir və biz bu qüvvədən lazım olan halda istifadə edə bilərik və edəcəyik.
Qarşı tərəf də bunu bilir. Ona görə də bizdə olan məlumata görə, qarşı tərəfdə - Ermənistanda Azərbaycanın hərbi imkanları ilə əlaqədar böyük təlaş və təşviş vardır. Biz bu məlumatları müxtəlif mənbələrdən alırıq və bizim imkanlarımıza cavab vermək üçün onların heç bir imkanı yoxdur. Necə ki, BMT Təhlükəsizlik Şurasına seçkilərdə onlar döyüş meydanından qaçmışlar. Çünki bilirsiniz ki, vaxtilə, yəni əvvəlki dövrdə Ermənistan da orada namizəd idi. Sonra sakitcə oradan çəkildilər. Çünki bilirdilər ki, Azərbaycanla mübarizə apara bilməyəcəklər. Eləcə də biz əsl döyüş meydanından da onların qaçmalarını dəfələrlə görmüşük. Onlara aid olmayan torpaqlardan öz xoşları ilə çıxsınlar və beləliklə, sülh bərpa oluna bilər.
Bizim hərbi potensialımız daha da artmalıdır. Biz indi hərbi xərcləri yüksək səviyyədə saxlayırıq. Müqayisə üçün deyə bilərəm ki, Ermənistanın ümumi xərcləri 2 milyard dollardır. Bizim hərbi xərclərimiz ondan təxminən 2 dəfə çoxdur. Yəni, bu, artıq reallıqdır. İllər keçdikcə bu fərq daha da artacaq, Azərbaycanın hərbi gücü artacaqdır. Hazırda imzalanmış kontraktların icrası nəticəsində indi demək istəmirəm, amma bizim döyüş qabiliyyətimiz əhəmiyyətli dərəcədə artacaqdır və məsələnin həlli üçün biz az itkilərlə daha da böyük uğurlar əldə edə bilərik. Ancaq yenə də deyirəm, Azərbaycan sülhsevər dövlətdir. Biz çalışırıq ki, məsələ sülh yolu ilə həll olunsun. Ancaq onu da bilirik ki, hər il və hər ay bizi qələbəyə yaxınlaşdırır. Hər il və hər ay Azərbaycan daha da güclü, Ermənistan daha da gücsüz olur.
2011-ci ildə xarici siyasətlə bağlı digər təşəbbüslər də çox müsbət olmuşdur, tərəfdaşlarımızın sayı artmaqdadır. Həm mənim xarici səfərlərim, həm xarici qonaqların - dövlət, hökumət başçılarının Azərbaycana səfərləri xarici siyasətimizin nə qədər uğurlu olduğunu göstərir. Bu təmaslar bu il də davam edəcəkdir. Yenə də deyirəm, Azərbaycan dünyada çox etibarlı tərəfdaş kimi tanınır və bu il əlavə təşəbbüslər, yeni təşəbbüslər irəli sürüləcəkdir. 2011-ci il Azərbaycanda "Turizm ili" elan edilmişdir. "Turizm ili" ərzində bu sahəyə daha da böyük diqqət göstərilmişdir. Biz Azərbaycanı müasir, yüksək səviyyəli və elitar turizm mərkəzinə çevirməliyik. Mən dünya turizm xəritəsində Azərbaycanın yerini belə görürəm. Beynəlxalq qurumlarla əlaqələrimiz güclənir. Müxtəlif tədbirlər keçirilmişdir. Bizim gözəl, təbii şəraitimizlə tanış olmaq üçün gələnlərin sayı da artmaqdadır. Keçən il təkcə Bakıda beşulduzlu 3 mehmanxana açılmışdır. Bu il ən azı yenə də Bakıda beşulduzlu 3 yeni mehmanxana açılacaqdır. Bölgələrdə də bu proses gedir. İndi bölgələrdə beşulduzlu mehmanxanalar tikilir, ən azı 4-ü tikilir. Ən vacib turizm mərkəzlərinə özüm baş çəkirəm, vəziyyətlə tanış oluram. Şahdağ Turizm Kompleksi bu il istifadəyə veriləcəkdir. Bu da dünya miqyasında nadir xizək kurortu olacaqdır. Mən hesab edirəm ki, dünyanın ən gözəl xizək mərkəzlərindən biri olacaqdır. Çünki dünyanın ən gözəl yerlərində olan müsbət təcrübəni biz ora gətiririk, tətbiq edirik. Yəni, 2011-ci ili "Turizm ili" elan etməyimiz də hesab edirəm ki, düzgün addım idi.
2011-ci ildə gördüyümüz bütün işləri burada sadalamaq üçün bir neçə saat vaxt lazım olacaqdır. Sadəcə olaraq, mən əsas məqamları bu gün ifadə edirəm. Vacib məsələlərdən biri də ondan ibarətdir ki, biz keçən il Azərbaycan Gəncliyi Proqramını qəbul etmişik. Bu, çox konkret proqramdır. Yəni, bu, sadəcə olaraq formal xarakter daşımır. Proqramın bütün müddəaları konkret nəticələrə gətirib çıxaracaqdır. Gənclər Fondu yaradılıbdır. İndi orada təşkilatlanma prosesi gedir. Bu proses başa çatan kimi dövlət tərəfindən Gənclər Fonduna ilkin vəsaiti ayıracağıq ki, bu vəsaitdən səmərəli şəkildə istifadə edilsin, maksimum sayda gənclərimiz müxtəlif layihələrə cəlb olunsunlar. Bu fond qrantlar verəcək, müxtəlif proqramlar üzrə vəsait ayıracaqdır. Əlbəttə ki, bu fondun fəaliyyəti haqqında danışmaq bəlkə bir qədər tezdir. Ancaq əlbəttə, biz bilirik ki, əsas istiqamətlər hansılar olmalıdır. Bu fondun hesabına və əlbəttə ki, dövlət vəsaiti hesabına biz daha da böyük sayda gəncləri quruculuq işlərinə cəlb etməliyik. Gənclərdə çox böyük potensial, böyük enerji vardır, vətənpərvərlik hissləri çox yüksəkdir. Hər bir vətəndaş kimi, onlar da istəyirlər ki, ölkə üçün yaxşı işlər görsünlər. Bu fondun və digər formatların hesabına biz gəncləri quruculuq işlərinə daha da fəal cəlb edəcəyik.
Qeyd etməliyəm ki, hazırda fəaliyyət göstərən Elmin İnkişaf Fondunun təcrübəsi də çox müsbətdir. Yəni, bu fondun xətti ilə müxtəlif proqramların icrasında, o cümlədən gənclər, gənc alimlər də çox fəal iştirak edirlər. Gənclər Fondu da fəaliyyətini bu səpkidə, yəni, bu istiqamətdə aparmalıdır.
2011-ci ildə enerji sahəsində yaxşı işlər görülübdür. Bu, iqtisadiyyatımızın aparıcı sahəsidir. Bu gün də belədir, sabah da belə olacaqdır. Bu sahəyə daim böyük diqqət göstərilməlidir. Yeni elektrik stansiyalarının fəaliyyətə başlaması, yeni stansiyaların təməl daşının qoyulması, neft-qaz sahəsində görülən işlər, - alternativ bərpa olunan enerji növlərinin yaradılması sahəsində aparılan işlər, - bütün bunlar göz qabağındadır. 2011-ci ildə bunları biz etmişik, bu işləri biz görmüşük. Azərbaycanın zəngin qaz potensialının dünya bazarlarına çıxarılması üçün 2011-ci ildə çox vacib hadisələr baş vermişdir. Bir neçə il ərzində üzərində işlədiyimiz tranzit məsələləri öz həllini tapmışdır. Böyük Azərbaycan qazı üçün demək olar ki, indi qapılar, tranzit yolları açılır. Bu, ölkə iqtisadiyyatına, neft-qaz sektoruna əlavə investisiyaların gətirilməsinə imkan verəcəkdir. Bu investisiyalar on milyard dollarla ölçüləcəkdir. Əlbəttə ki, yeni iş yerləri, yeni iş həcmləri açılacaqdır. Yerli şirkətlər indi bu işlərə daha hazırlıqlıdırlar, nəinki 1990-cı illərdə. Çünki 1990-cı illərdə bizdə demək olar ki, elə çox ciddi şirkətlər də yox idi. İndi, o cümlədən neft-qaz sektorunda görülən işlər hesabına Azərbaycanda sahibkarlar daha da güclənmişdir. İnşaat, enerji, istehsal sahələrində bizim böyük imkanlarımız, texnoparklarımız vardır. İndi neft-qaz sənayesində istənilən vacib məhsulları, boruları, digər məhsulları özümüz istehsal edirik. Yəni ki, bu o deməkdir ki, veriləcək sifarişlərdə daha çox Azərbaycan şirkətləri iştirak edəcəklər və büdcəmizə daha çox vergilər ödəyəcək, daha çox iş yerləri açacaqlar. Əlbəttə ki, bu zəncirvarı reaksiya hər bir sahəyə öz müsbət təsirini göstərəcəkdir.
Yəni, biz 2011-ci ildə bu vacib hədəfə çata bilmişik. Tranzit məsələləri həll olunub. 2011-ci ildə yeni böyük qaz yatağı aşkarlanıb. "Abşeron" qaz yatağında uğurlu kəşfiyyat işləri aparılmışdır. İlkin məlumatlara görə "Abşeron" yatağında 350 milyard kubmetr qaz ehtiyatları vardır. Azərbaycan Dövlət Neft Şirkəti öz gücü hesabına 2011-ci ildə "Ümid" yatağını aşkar etmişdir. Orada da təxminən həcm eynidir. Bu, bizim qaz potensialımızı böyük dərəcədə artırır. 2011-ci ilin əvvəlində, düz bir il bundan əvvəl Avropa İttifaqı ilə Azərbaycan arasında qaz sahəsində strateji əməkdaşlıq haqqında bəyannamə imzalanmışdır. İl ərzində çox fəal və səmərəli işlər aparılmışdır. Xüsusi işçi qrupu yaradılmışdır. İşçi qrupuna Avropa Komissiyasının enerji üzrə komissarı və bizim energetika və sənaye nazirimiz rəhbərlik edirlər. Orada bütün bu məsələ ilə bağlı maraqlı olan şirkətlər iştirak edir. Başqa ölkələrin iştirakı ilə artıq üçtərəfli formatda da görüşlər keçirilir. Bu, yenilikdir. Bu yeniliyi yaradan amillər də bizim uğurlu enerji siyasətimizdir.
2011-ci il tarixdə Azərbaycanı böyük qaz dövlətinə və qaz ixracatçısına çevirən il kimi qalacaqdır. Əlbəttə biz bu il, ondan sonrakı illərdə daha da ciddi işləməliyik və əldə edilmiş razılaşmaları artıq real layihələrə çevirməliyik. Bu layihələri real boru xətlərinə, real terminallara, real investisiyalara çevirməliyik və əminəm ki, çevirəcəyik. Bir daha demək istəyirəm ki, keçən il gördüyümüz işlər o qədər böyükdür və o qədər vacibdir ki, bu barədə bir neçə saat danışmaq olar. Mən öz giriş sözümdə əsas məsələlərə toxundum. İndi müzakirə zamanı bu məsələlərlə bağlı daha da geniş fikir mübadiləsi aparacağıq."
Sonra iqtisadi inkişaf naziri Şahin Mustafayev, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov 2011-ci ildə ölkənin sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər barədə məlumat verdilər.
Prezident İlham Əliyev yekun nitqində bildirdi ki, 2012-ci ili də uğurla başa vurmaq üçün fəal iş görülməlidir. "2012-ci ildə dövlət büdcəsinin xərcləri 22 milyard, icmal büdcə isə 25 milyard dollar olacaqdır", - deyən dövlətimizin başçısı ölkədə maliyyə intizamının gücləndirilməsi, bu sahədə şəffaflığın tam təmin edilməsi üçün imkanların olduğunu bildirdi. Dövlət İnvestisiya Proqramının həcminin 5,7 milyard manat təşkil etdiyini qeyd edən Prezident İlham Əliyev bildirdi ki, 2012-ci ildə əsas diqqət içməli su və kanalizasiya layihələrinin icrasına yönəldiləcəkdir. Bununla yanaşı, suvarma və meliorasiya, qazlaşdırma layihələrinin icrası, elektrik enerjisi ilə təminat, İKT-nin və 2012-ci ildə ilk telekommunikasiya peykinin fəzaya buraxmağa hazırlaşan Azərbaycanda kosmik sənayenin inkişafı qarşıda duran prioritetlər sırasındadır. 2012-ci ildə ölkədə ərzaq təhlükəsizliyinin, kənd təsərrüfatının, sahibkarlığın inkişafı da diqqət mərkəzində olacaq, Bakı və paytaxt qəsəbələrinin inkişafı proqramının icrası, sosial-infrastruktur obyektlərinin tikintisi, ekoloji problemlərin həlli, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə davam etdiriləcəkdir.
Bununla yanaşı, dövlətimizin başçısı ordu quruculuğu istiqamətində tədbirlərin davam etdirilməsi, hərbi hissələrdə yaşayış və xidmət üçün yüksək şəraitin yaradılması, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını verdi.
Prezident İlham Əliyev bildirdi ki, 2012-ci ildə Londonda Yay Olimpiya Oyunları keçiriləcəkdir. Ölkəmiz üçün də mühüm əhəmiyyət daşıyan bu beynəlxalq səviyyəli yarışın keçirildiyi ildə Azərbaycanda 10 Olimpiya İdman Kompleksi tikiləcək, Olimpiya stadionunun və Gimnastika Kompleksinin tikintisi fəal mərhələyə keçəcək, Tofiq Bəhramov adına stadionun təmir-bərpası davam etdiriləcəkdir. Bütün bunları nəzərə alaraq Prezident İlham Əliyev 2012-ci ili "İdman ili" elan etdi və bununla bağlı müvafiq Sərəncamın imzalanacağını bildirdi.