Bu gün Azərbaycanın hərtərəfli inkişafı və bu istiqamətdə aparılan ardıcıl işlər özünü bütün sahələrdə ehtiva etməkdədir. Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasətin nəticəsi olaraq ötən 2011-ci ildə də ölkəmizin tərəqqisi davamlı xarakter almış, qarşıya qoyulmuş bütün vəzifələr müvəffəqiyyətlə icra olunmuşdur. Yanvarın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası zamanı aparılan müzakirələrdə bütün bu deyilənlər öz əksini tapmışdır.
Prezident İlham Əliyev bu barədə öz fikirlərini bildirərkən bir daha əminliklə vurğulamışdır ki, 2011-ci il tarixdə uğurlu il kimi qalacaqdır.
"Ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün bütün gözəl imkanlar yaradılmışdır"
Dövlətdən asılı olmayan səbəblərə görə, eləcə də, neft hasilatının aşağı düşdüyünə görə ümumi iqtisadi göstəricilər böyük olmasa da bu amil narahatlıq doğurucu faktor kimi qiymətləndirilməməlidir. Məhz Prezident İlham Əliyevin bu fikirlərinə diqqət yetirərkən bəlli olur ki, ölkə iqtisadiyyatının mühüm hissəsi neft-qaz sektorunda formalaşır və neft hasilatının aşağı düşməsi istər-istəməz statistik göstəricilərə də təsir edir: "Ancaq bir daha demək istəyirəm ki, bu templər bizi narahat etmir. Çünki ölkə iqtisadiyyatının uğurlu inkişafını şərtləndirən digər amillər, - bu gün bu barədə danışacağıq, - çox müsbətdir".
Belə ki, 2011-ci ilin yekunlarına görə iqtisadi artım 0,1 faiz təşkil etmişdir. Lakin bununla yanaşı, ölkə iqtisadiyyatının qeyri-neft sektoru 9,4 faiz artmışdır ki, bu da görülən işlərin uğurlu və məntiqi nəticəsidir. Məhz iclasda da vurğulanmışdır ki, artıq bir neçə ildir ki, ölkə iqtisadiyyatının qeyri-neft sektorunun inkişafı üçün praktiki addımlar atılır, müvafiq proqramlar qəbul edilmiş, dövlət siyasəti də bu istiqamətdə aparılır: "Və beləliklə, ölkə iqtisadiyyatının şaxələndirilməsi üçün bütün gözəl imkanlar yaradılmışdır. Bunun nəticəsidir ki, qeyri-neft iqtisadiyyatımız təxminən 10 faiz artmışdır. Nəzərə alsaq ki, qeyri-neft sektoru iş yerlərinin yaradılmasında həlledici rol oynayır, əlbəttə ki, bu, həm iqtisadi, həm sosial inkişafa müsbət təsir göstərir".
"İnflyasiya birrəqəmli səviyyədə qalmışdır"
Bütün sahələrlə yanaşı, sənayeləşmə sahəsində də olan göstəricilərdə artım tempi müşahidə olunmuşdur. Bununla yanaşı, ölkəmizin qeyri-neft sənayesi də 11,1 faiz artmışdır. Bu haqda vurğulayan Prezident İlham Əliyev qeyd etmişdir ki, hələ bir neçə il bundan əvvəl irəli sürülən sənayeləşmə təşəbbüsləri artıq öz gözəl nəticələrini verməkdədir: "Nəzərə alsaq ki, əvvəlki illərdə təməlini qoyduğumuz müəssisələr bu il və gələn il istifadəyə veriləcək, görərik ki, gələcəkdə də qeyri-neft sənayesinin inkişafı üçün çox gözəl imkanlar vardır. İnflyasiya birrəqəmli səviyyədə qalmışdır - 7,9 faiz. Bu, müsbət göstəricidir".
" İndiki məlumata görə bizim 41 milyard dollar vəsaitimiz vardır "
Azərbaycan 2011-ci ildə investisiya qoyuluşu sahəsində də rekord göstəriciyə nail olmuşdur. Hər il ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi isə böyük templə artmaqdadır. Belə ki, 2010-cu ildə 17,6 milyard dollar investisiya qoyulmuş, 2011-ci ildə isə ilk dəfə olaraq investisiyalar 20 milyard dollara bərabər olmuşdur. Təkcə 2 il ərzində ölkə iqtisadiyyatına 37 milyard dollar vəsait qoyulmuşdur ki, əvvəlki dövrdəki investisiyaları da buraya əlavə etsək, həmin göstəricilərdən bəlli olur ki, ötən illərdə ölkədə nə qədər əsaslı və əhəmiyyətli işlər görülmüşdür. Bu barədə vurğulayan Prezident İlham Əliyev bildirmişdir ki, ölkə iqtisadiyyatına yerli investorlarla yanaşı, xarici sərmayədarlar da böyük maraq göstərirlər: "Həm yerli, həm xarici investorlar ölkə iqtisadiyyatına maraq göstərirlər. Xarici investorlar ölkəmizin uğurlu inkişafına bizimlə bərabər, bizim kimi inanırlar. Eyni zamanda, əlbəttə ki, bu investisiyaların təşkilində dövlət siyasəti həlledici rol oynayır".
Təbii ki, bu faktor da dövlət tərəfindən investorları stimullaşdırmaq üçün atılmış addımlardan qaynaqlanan amillərdəndir. Statistik rəqəmlər də deyilənləri təsdiq edir. İyirmi milyard investisiyanın 13 milyardı daxili investisiyalardır, 7 milyardı isə xarici investorların vəsaitidir: "Burada da deyə bilərəm ki, bu tarazlıq, yəni, bu çəkilər nisbəti müsbətdir. Xarici investorlar Azərbaycana investisiyaların qoyuluşunu davam edirlər. Daxili investorlar, yerli iş adamları və Azərbaycan dövləti isə ölkəmizin hərtərəfli, şaxələndirilmiş inkişafı üçün nə lazımdırsa, onu edir. 2011-ci ildə böyük investisiya proqramımız icra edilmişdir və dediyim bu rəqəmlərin böyük hissəsi dövlət hesabına təşkil edilmişdir, valyuta ehtiyatlarımız artmışdır. İlk dəfə olaraq Azərbaycanın bütün valyuta ehtiyatları 40 milyard dollar səviyyəsinə çatmışdır. İndiki məlumata görə bizim 41 milyard dollar vəsaitimiz vardır".
"Eyni zamanda, biz social siyasətdə də çox uğurla addımlar atırıq və sosialyönümlü dövlətin
yaradılması istiqamətində çox böyük uğurlara nail olmuşuq"
Ötən il dövlətin apardığı sosial sahədə də bir çox uğurlar əldə edilmişdir. Maaşlar, pensiyalar artırılmış, 900 minə yaxın pensiyaçının təqaüdü təxminən 40 faiz artmışdır və bu da sosial siyasətin əsas istiqamətlərindən biri kimi dəyərləndirilməkdədir. Əlbəttə ki, bu göstəricilər Prezident İlham Əliyevin bütün sahələrlə yanaşı, sosial siyasətə də verdiyi üstünlüklərin, diqqətin uğurlu nəticələridir. Bunun göstəricisidir ki, hazırda ünvanlı sosial yardım alan ailələrin sayı 120 min nəfəri təşkil edir. Prezident İlham Əliyev bu barədə fikirlərini açıqlayarkən vurğulayıb: "Bu da onu göstərir ki, hələ öz maliyyə vəziyyətini yaxşılaşdıra bilməyən ailələrə dövlət daim diqqət göstərir və hər bir ailəyə orta hesabla ayda 106 manat müavinət verilir. Azərbaycanda orta pensiyanın səviyyəsi hazırda təqribən 180-190 dollar səviyyəsindədir. Orta maaş 460 dollara yaxındır. Əlbəttə ki, həm maaşlar, həm pensiyalar daha da artmalıdır və artacaqdır".
Prezident İlaham Əliyev onu da qeyd etmişdir ki, tikinti və quruculuq işləri hər yerdə olduğu kimi, bölgələrdə də reallaşdırılır: "Yəni biz bu quruculuq işlərini hər yerdə, o cümlədən, bölgədə görürük. Bölgədəki vəziyyət yaxşılaşır, şəhərlərimiz gözəlləşir, abadlaşır. 2011-ci ildə 94 min yeni iş yeri açılmışdır ki, onun da 73 mini daimi iş yeridir. Bütövlükdə, biz işsizliyə qarşı proqramı icra etməyə başlayandan sonra - 2003-cü ildən bu günə qədər 1 milyondan artıq yeni iş yeri açılmışdır. Hazırda Azərbaycanda işsizliyin səviyyəsi 2011-ci ildə daha da aşağı düşmüşdür və bu rəqəm 5,4 faizdir. Həmişə işsizliklə bərabər gedən yoxsulluğun səviyyəsi isə yenə də aşağı düşərək, 7,6 faiz təşkil etmişdir. Biz bilirik ki, 2012-ci il də bizim üçün uğurlu olacaqdır".
"20 il ərzində Azərbaycan dünya xəritəsində nəinki özünə layiq yerini tuta bilmişdir, dünya birliyinin mütləq əksəriyyətinin rəğbətini, hörmətini, inamını qazana bilmişdir"
2011-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan uğurlu daxili siyasətlə yanaşı, xarici siyasətdə də tarixi nailiyyətlər qazanılmışdır. Belə ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmişdir. Təbii ki, bu, həm də bütövlükdə, xalqımızın qələbəsi kimi dəyərləndirilir və bu qələbəni qazandıran əsas şərtlərdən biri də xarici siyasətdə olan davamlı uğurlardır. Prezident İlham Əliyev bu barədə qeyd edərkən sözügedən hadisəni böyük siyasi qələbə kimi qiymətləndirib: "Bu, bizim böyük siyasi qələbəmizdir. Bu qələbə müstəqilliyimizin 20 illik yubileyinə təsadüf etmişdir. Bu da rəmzi xarakter daşıyır. 20 il ərzində Azərbaycan dünya xəritəsində nəinki özünə layiq yerini tuta bilmişdir, dünya birliyinin mütləq əksəriyyətinin rəğbətini, hörmətini, inamını qazana bilmişdir. Eyni zamanda, bu qələbə bizim məsuliyyətimizi də artırır və biz bu məsuliyyətə hazırıq".
"Əgər kimsə fikirləşirsə ki, danışıqlarda əsas məsələ müharibənin qarşısını
almaqdır, mən bununla
razı deyiləm"
2011-ci ildə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində ciddi nəticələr əldə olunmamışdır. Bu barədə vurğulayan Prezident İlham Əliyev demişdir ki, bunun yeganə və başlıca səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir, danışıqlarda qeyri-səmimi davranışıdır. Yəni faktiki olaraq danışıqların pozulmasına, yaxud dondurulmasına Ermənistan tərəfi çox çalışmışdır. Danışıqlar isə iki tərəfin iştirakını tələb edir: "Bir tərəf əgər danışıqlardan bu və ya digər formada boyun qaçırmaq istəyirsə, digər tərəfin imkanları da məhdudlaşır".
Ölkə başçısının söylədiyi fikirlərdən belə bir qənaətə də gəlmək mümkündür ki, 2011-ci ildə danışıqlar prosesində, sözügedən məsələyə dair beynəlxalq qüvvələrin münasibətində müsbət hallar olmuşdur və həmin hallar inkar edilə bilinməz: "Biz bunu inkar edə bilmərik. Deyə bilərəm ki, onlardan ən önəmlisi odur ki, üç həmsədr ölkə status-kvonun qəbuledilməz olduğunu bəyan etmişdir. Bu, birinci bəyanatdır, yəni bundan əvvəlki illərdə belə bəyanatlar verilmirdi. Bu bəyanat ədalətli bəyanatdır. Əlbəttə ki, status-kvo dəyişdirilməlidir və bu, ümidverici bəyanatdır. Əgər bu bəyanatdan sonra həmsədr ölkələrin konkret təklifləri, addımları, hərəkətləri olarsa, münaqişəni tezliklə həll etmək mümkün olacaqdır. Əgər bu bəyanat, sadəcə olaraq, bəyanat kimi qalacaqsa, onda danışıqların perspektivləri ümidverici olmayacaqdır. Əgər kimsə fikirləşirsə ki, danışıqlarda əsas məsələ müharibənin qarşısını almaqdır, mən bununla razı deyiləm. Biz də müharibə istəmirik. Kim müharibə istəyər? Özü də bu qədər böyük uğurlara nail olan Azərbaycan dövləti. Ancaq o demək deyil ki, danışıqlar prosesi kənarda qalacaq və bütün səylər müharibənin başlanmamasına yönəldiləcəkdir. Bu, olmayacaqdır!"
Dövlət başçısı bununla bərabər hərbi gücün artdığını da vurğulayaraq deyib ki, bu istiqamətdə işlər daha da intensivləşdiriləcək və bu da heç kimə sirr deyil. 2011-ci ildə hərbi məsələlərə 3 milyard 413 milyon dollar xərclənmişdir, 2012-ci ildə bu rəqəmlər 3 milyard 474 milyonu təşkil edəcək. "Yəni təxminən eyni rəqəmdir. İki ildə görün, biz ordu quruculuğuna nə qədər böyük vəsait sərf edirik. Əvvəlki dövrdəki vəsaiti də əlavə etsək, biz də görərik və hamı da görər ki, bu gün Azərbaycan ordusu böyük imkanlara malikdir. Biz bölgədə ən güclü orduya malikik, maddi-texniki təchizat yüksək səviyyədədir, ən müasir silahlar, texnikalar, döyüş helikopterləri, döyüş təyyarələri, raketlər, artilleriya qurğuları, - hamısını sadalamaq çətindir, - alınır və bizimlə hərbi sahədə əməkdaşlıq edən ölkələrin coğrafiyası da genişlənir. Eyni zamanda, Azərbaycanda istehsal olunan hərbi məhsulların sayı və çeşidi artmaqdadır. Biz 600-ə yaxın çeşiddə hərbi məhsul istehsal edirik. Yəni bu gün Azərbaycan Ordusu böyük qüvvədir və biz bu qüvvədən lazım olan halda istifadə edə bilərik və edəcəyik".
"Hər il və hər ay Azərbaycan daha da güclü, Ermənistan daha da gücsüz olur"
Prezident İlham Əliyevin qətiyyəti və iradəsi nəticəsində bu gün Azərbaycan Ordusu bütün göstəricilərinə görə regionda, eləcə də, dünya dövlətləri sırasında ən güclü ordulardan birinə çevrilmişdir. Və bu gücü, bu qüdrəti Ermənistan tərəfi də yaxşı anlayır. Ölkə başçısının vurğuladığına görə hazırda Ermənistanda ciddi təlaş yaşanmaqdadır ki, bu da Azərbaycanın artan qüdrətinin işğalçı dövlət tərəfindən də qəbul edilməsidir: "Ona görə də bizdə olan məlumata görə, qarşı tərəfdə - Ermənistanda Azərbaycanın hərbi imkanları ilə əlaqədar böyük təlaş və təşviş vardır. Biz bu məlumatları müxtəlif mənbələrdən alırıq və bizim imkanlarımıza cavab vermək üçün onların heç bir imkanı yoxdur. Necə ki, BMT Təhlükəsizlik Şurasına seçkilərdə onlar döyüş meydanından qaçmışlar. Çünki bilirsiniz ki, vaxtilə, yəni əvvəlki dövrdə Ermənistan da orada namizəd idi. Sonra sakitcə oradan çəkildilər. Çünki bilirdilər ki, Azərbaycanla mübarizə apara bilməyəcəklər".
Lakin Prezident İlham Əliyevin vurğuladığına görə hərbi potensial daha da artırılmalı və hərbi xərclər yüksək səviyyədə saxlanılmalıdır ki, bu amil də öz təsdiqini tapmaqdadır: "Müqayisə üçün deyə bilərəm ki, Ermənistanın ümumi xərcləri 2 milyard dollardır. Bizim hərbi xərclərimiz ondan təxminən 2 dəfə çoxdur. Yəni bu, artıq reallıqdır. İllər keçdikcə bu fərq daha da artacaq, Azərbaycanın hərbi gücü artacaqdır. Hazırda imzalanmış kontraktların icrası nəticəsində indi demək istəmirəm, amma bizim döyüş qabiliyyətimiz əhəmiyyətli dərəcədə artacaqdır və məsələnin həlli üçün biz az itkilərlə daha da böyük uğurlar əldə edə bilərik. Biz çalışırıq ki, məsələ sülh yolu ilə həll olunsun, ancaq onu da bilirik ki, hər il və hər ay bizi qələbəyə yaxınlaşdırır. Hər il və hər ay Azərbaycan daha da güclü, Ermənistan daha da gücsüz olur".
"Mən hesab edirəm ki, biz 2012-ci ili "İdman ili" elan etməliyik"
Prezident İlham Əliyev bütün sahələrlə yanaşı, idmanın inkişafı istiqamətində görülmüş və görüləcək işlər barədə də münasibətini bildirərkən xatırladıb ki, qarşıda dünyada, eləcə də, Azərbaycanda bir sıra əhəmiyyətli idman hadisələri yaşanacaqdır. Bunun üçün dövlət tərəfindən müvafiq işlər aparılmaqdadır: "2012-ci ildə Yay Olimpiya oyunları keçiriləcəkdir. Biz bu oyunlara ciddi hazırlaşırıq. 2011-ci ildə kifayət qədər lisenziyalar əldə etmişik. Dünya, Avropa çempionatlarında qələbələr qazanmışıq, yəni, ümidlərimiz böyükdür".
Ölkəmizdə də idmanın inkişafı üçün bütün imkanlardan maksimum istifadə olunmaqdadır. Hər il Azərbaycanda onlarla idman və olimpiya kompleksləri tikilərək, istifadəyə verilir: "2012-ci ildə bizim on olimpiya kompleksimiz tikiləcəkdir. Böyük Olimpiya Stadionunun tikintisi artıq fəal fazaya keçəcəkdir. Altmış beş minlik böyük Olimpiya Stadionu tikilir. Tofiq Bəhramov adına Respublika Stadionunda təmir-bərpa işləri aparılır ki, Bakıda qızlar arasında keçiriləcək dünya çempionatına hazır olsun. Digər idman obyektləri tikilməkdədir. Mən hesab edirəm ki, biz 2012-ci ili "İdman ili" elan etməliyik. Bu məsələ ilə bağlı öz fikrimi bildirirəm və müvafiq Sərəncamı da hazırlayın ki, bu gün mən bunu imzalayım".
"Mən əminəm ki, 2012-ci ildə də qarşıda duran bütün vəzifələr uğurla icra ediləcəkdir"
Ölkə başçısı İlham Əliyev bütün uğurlara və əldə olunmuş nailiyyətlərə rəğmən 2012- ci ildə də həmin uğurların davam etdirilməsinin vacibliyini xüsusilə qeyd edib. Lakin bununla yanaşı, fəallığın olması zəruriliyini vurğulayıb: "2012-ci il başlayır. 2012-ci ili də uğurla başa vurmaq üçün biz fəal işləməliyik. Bütün proqramlar vaxtında icra edilməlidir. Bu amillər istənilən məsələnin həlli üçün bizə imkan verəcəkdir. Mən əminəm ki, 2012-ci ildə də qarşıda duran bütün vəzifələr uğurla icra ediləcəkdir".
RÖVŞƏN NURƏDDİNOĞLU