PDF Oxu

Siyasət

  • 13

UĞURLU İQTİSADİ İSLAHATLAR MÖHKƏM DÖVLƏTİN TƏMƏLİDİR

UĞURLU İQTİSADİ İSLAHATLAR MÖHKƏM DÖVLƏTİN TƏMƏLİDİR

Azərbaycanda gedən davamlı inkişaf və tərəqqi bu gün özündə bütün sahələri əhatə etməkdədir. Əlbəttə ki, bütün bu uğurlar bilavasitə ölkədə aparılan məqsədyönlü siyasətin bariz nümunəsidir. Eyni zamanda, həmin siyasətin Prezident İlham Əliyev tərəfindən istiqamətləndirilməsi Onun mütərəqqi idarəçilik bazasına malik olduğunun bariz nümunəsidir. Və əbəs yerə deyil ki, yanvarın 16-da ölkə başçısı İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin müşavirəsində bütün bu uğurlar barədə geniş dəyərləndirilmələr aparıldı.

Belə ki, dövlət başçısı İlham Əliyev xüsusilə vurğuladı ki, ötən 2011-ci ildə ölkə qarşısında duran bütün sosial-iqtisadi vəzifələr uğurla icra edilmişdir və nəticədə yeni-yeni iş yerləri açılmışdır: "Nəzərdə tutulan bütün planlar həyatda öz əksini tapmışdır. Ötən il iqtisadiyyatda ümumi artım 0,1 faiz, qeyri-neft sektorunda 9,4 faiz olmuşdur. Bu sektorun inkişafı yeni iş yerlərinin yaradılmasına da həlledici təsir göstərmişdir. Ölkədə qeyri-neft sənayesinin çəkisi 11,1 faiz artmışdır. İnflyasiya birrəqəmli səviyyədə qalmış, əhalinin pul gəlirləri 19,6 faiz yüksəlmişdir. 2011-ci ildə investisiya qoyuluşunda rekord əldə olunmuş və bu rəqəm 20 milyard dollar təşkil etmişdir. Onun 13 milyard dolları daxili, 7 milyard dolları isə xarici sərmayədir. Ümumilikdə isə, son 2 ildə Azərbaycana 37 milyard dollar sərmayə qoyulmuşdur. Valyuta ehtiyatlarımız ilk dəfə olaraq 40 milyard dolları keçmişdir. Keçən ildə maaşlar, pensiyalar artırılmış, ünvanlı sosial yardım alan ailələrin sayı 120 minə çatmışdır".

Dövlətimizin başçısı 2012-ci ilin başlamasını da xatırladaraq qeyd edib ki, ötən ilin uğur tendensiyaları bu ildə daha çoxşaxəli və fəal olmalıdır: "2012-ci ili də uğurla başa vurmaq üçün biz fəal işləməliyik. Bütün proqramlar vaxtında icra edilməlidir. Bizim bütün işlərimiz sistemli şəkildə, proqramlar əsasında aparılır. İlk növbədə, strateji istiqamətlər müəyyən edilmişdir, düzgün müəyyən edilmişdir. Bu strateji hədəflərə çatmaq üçün konkret icra mexanizmləri də vardır - maliyyə resursları, icra mexanizmləri və əlbəttə ki, peşəkarlıq. Bu amillər istənilən məsələnin həlli üçün bizə imkan verəcəkdir".


2012-ci ilin dövlət büdcəsi 2011-ci ilə görə daha böyükdür


Prezident İlham Əliyev qarşıdakı dövrlərdə də həmin uğurlara imza atılacağını əminliklə vurğulayıb və deyib ki, 2012-ci ildəki vəsaitlər ötən ilkindən daha böyükdür: "Mən əminəm ki, 2012-ci ildə də qarşıda duran bütün vəzifələr uğurla icra ediləcəkdir. 2012-ci ilin dövlət büdcəsi 2011-ci ilə görə daha da böyükdür. Daha da böyük vəsait nəzərdə tutulur. Əlbəttə ki, bu vəsait iqtisadiyyatımızın inkişafına və şaxələndirilməsinə yönəldiləcəkdir. Eyni zamanda, bizə bütün sosial proqramların və sosial infrastruktur layihələrinin icrasına imkan verəcəkdir. 2012-ci ilin dövlət büdcəsinin xərcləri təxminən 22 milyard dollara bərabərdir. Bu, tarixdə ən böyük göstəricidir. İcmal büdcə isə təxminən 25 milyard dollar səviyyəsindədir. Əlbəttə ki, bütün sosial proqramlar, sosial ödəmələr, sosial infrastruktur layihələri bu büdcə ilə uğurla icra ediləcəkdir. Biz elə etməliyik ki, büdcənin icrasını təmin edək. Bir daha demək istəyirəm ki, giriş sözümdə bu məsələyə toxundum. Bu, bizim üçün bir yenilikdir. Bu yeniliyin başlıca səbəbi bizim artan iqtisadi və maliyyə imkanlarımızdır. Mən istəyirəm ki, ölkə qarşısında duran bütün vəzifələr tezliklə həllini tapsın. Biz bütün bu işləri yüksək templərlə görürük. Bütün hökumət üzvlərinə və dövlət qurumlarına mənim tapşırığım bundan ibarətdir ki, bütün bu işlər qısa müddət ərzində, ancaq keyfiyyətlə görülməlidir. Bizim artıq böyük sənaye potensialımız, böyük şirkətlərimiz vardır. Xarici şirkətlər də bizim investisiya layihələrimizdə iştirak edirlər və buna maraq göstərirlər. Biz də bunu alqışlayırıq. Hesab edirəm ki, büdcənin investisiya hissəsini uğurla icra etmək üçün bizim bütün imkanlarımız vardır. Elə etməliyik ki, büdcə maksimum dərəcədə icra edilsin".


Maliyyə intizamı daha yüksək səviyyədə olacaq


Dövlət başçısı, eyni zamanda, maliyyə intizamının daha da yüksək səviyyədə olması vacibliyindən danışıb. O, vurğulayıb ki, büdcə artdıqca məsuliyyət də artmalıdır və eləcə də, şəffaflıq tam şəkildə təmin edilməlidir: "Dövlət tərəfindən qoyulacaq investisiyaların şəffaflığı tam şəkildə təmin edilməlidir. Yaxın zamanlarda mənə hökumət tərəfindən 2012-ci ilin investisiya proqramı təqdim ediləcəkdir. Bu proqramla bağlı müzakirələr daim gedir. Yenə də deyirəm, bizim 2004-cü ildə və 2009-cu ildə qəbul etdiyimiz regionların inkişafı Dövlət proqramlarında strateji istiqamətlər müəyyən edilibdir. İnvestisiya Proqramı da o strateji seçim üzərində qurulub. Düzdür, həyat yerində durmur, yeni məsələlər ortaya çıxır, yeni layihələr icra edilməyə başlayır və biz, təbii ki, daim dəqiqləşdirmə aparırıq, ancaq investisiya xərclərinin ümumi istiqamətləri aydındır. Deyə bilərəm ki, bütün sahələr bizim üçün prioritetdir. Ancaq bu prioritetlərin içində daha çox sosialyönümlü infrastrukturun yaradılması, əlbəttə ki, əsas yer tutmalıdır".

Prezident İlham Əliyev Dövlət İnvestisiya Proqramı barədə öz fikirlərini bildirərkən sözügedən Proqramın kifayət qədər böyük,-5,7 milyard manata bərabər olmasını xatırladıb və qeyd edib ki, bu vəsaitlə böyük işlər görmək mümkündür: "Bu, təkcə dövlət tərəfindən qoyulacaq sərmayədir. Özəl sektor da bu işlərə fəal şəkildə qoşulur. Hesab edirəm ki, 2012-ci ildə də ölkə iqtisadiyyatına ən azı 2011-ci ilin səviyyəsində vəsait qoyulmalıdır".


Xüsusi diqqət içməli su və kanalizasiya layihələrinə yönələcək


Böyük infrastruktur layihələrinin icrası barədə danışılarkən vurğulanmışdır ki, həmin layihələr 2012-ci ildə davam etdiriləcəkdir. Xüsusi diqqət isə içməli su və kanalizasiya layihələrinə yönələcək. Belə ki, ötən il bundan fərqli olaraq elektrik enerjisi və generasiya güclərinin yaradılmasına, qazlaşdırmaya diqqət göstərilmişdi: "Mən onların içərisində xüsusi diqqəti içməli su və kanalizasiya layihələrinə yönəltmək istəyirəm. Çünki əvvəlki dövrdə elektrik enerjisi, xüsusilə, generasiya güclərinin yaradılması, qazlaşdırma ilə bağlı böyük işlər görülmüşdür. Düzdür, bu işlər davam etdirilir, mən bu barədə danışacağam. Ancaq içməli su və kanalizasiya layihələri, bir qədər kölgədə qalmışdır. İndi bu sahəyə diqqət daha da ciddidir və işlər daha da uğurla aparılır. Bu sahədə müasir menecment sistemi, müasir idarəetmə üsulları tətbiq edilir. Dünya praktikasında geniş şəkildə istifadə olunur. Artıq Bakıda və bütün bölgələrdə içməli su, kanalizasiya layihələri başlayır, yaxud da ki, hazırlıq mərhələsindədir".

Ölkə başçısı bir daha xatırlatmışdır ki, O, bir vəzifə olaraq 2013-cü ilə qədər əsas layihələrin öz həllini tapması haqqında müvafiq nazirliklərə tapşırıqlarını vermişdi: "Mən keçən il qarşıya vəzifə qoymuşdum ki, 2013-cü ilə qədər əsas layihələr öz həllini tapmalıdır, icra edilməlidir. Əgər biz buna nail olsaq, 2013-cü ilin sonuna qədər bütün rayon mərkəzləri, bütün şəhərlər dayanıqlı, keyfiyyətli, təmiz içməli su ilə təmin ediləcək və heç vaxt tarixdə mövcud olmayan kanalizasiya sistemləri də dünya səviyyəsində qurulacaqdır. Bu sahədə 2011-ci ildə görülən işlər məni sevindirir. Vəsait vardır, Dövlət İnvestisiya Proqramında nəzərdə tutulacaqdır. Beləliklə, 2012-ci ildə işlərin müəyyən hissəsi icra ediləcəkdir".


İcra edilən layihələr yeni iş yerlərinin açılmasına şərait yaradır


Müşavirədə, eyni zamanda, suvarma layihələrinin, kənd təsərrüfatının inkişafının, işsizliyin aradan qaldırılması istiqamətində vacib rol oynaması barədə də vurğulanıb. Prezident İlham Əliyev qeyd edib ki, böyük meliorasiya layihələri icra edilib: "Bir neçəsi neçə ildir ki, icra edilir. Taxtakörpü, Şəmkirçay layihələri böyük vəsait tələb edən layihələrdir. 2012-ci ildə bu layihələr qismən Dövlət Neft Fondunun xətti ilə, qismən dövlət büdcəsinin vəsaiti hesabına icra ediləcəkdir. Orada da işlər cədvəl üzrə gedir. Mən bu məsələni daim diqqətdə saxlayıram. 2012-ci ildə də bu iki böyük layihənin icrası davam etdiriləcəkdir. Eyni zamanda, biz digər meliorativ layihələrə də vəsait ayırmalıyıq. Yəni, bu ikisi qlobal layihədir. On minlərlə hektar yeni əkin sahələri dövriyyəyə veriləcəkdir. Bununla bərabər, kiçikhəcmli meliorasiya layihələrinə də diqqət yetirilməlidir.


Qazalaşdırma 2012-ci ildə də davam etdiriləcək


Qazlaşdırma ilə bağlı 2012-ci ildə də layihələrin icra ediləcəyi qarşıya vəzifə kimi qoyulmuşdur. Bildirilmişdir ki, bu işlərin demək olar ki, böyük hissəsi görülmüşdür. Dövlət başçısı vurğulamışdır ki, nəzərdə tutulan bütün layihələr öz həllini tapmalıdır: "Ancaq yenə də qarşıya vəzifə qoyulubdur ki, 2013-cü ilin sonuna qədər texniki və coğrafi cəhətdən mümkün olan bütün layihələr, bütün rayonları əhatə edən layihələr başa çatmalıdır. Əgər biz buna nail olsaq, - mən buna şübhə etmirəm, sadəcə istəyirəm ki, tezliklə buna nail olaq, - onda yaşayış məntəqələrinin 95 faizi qazla təmin ediləcəkdir.

İndi böyük şəhərlərdə, rayon mərkəzlərində bu işlər gedir. Biz artıq kəndlərdə də bu işlərin görülməsinə başlamışıq. Qeyd etməliyik ki, 2013-cü ilin sonuna qədər biz bu hədəfə çata bilərik".


RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər