Yanvarın 23-ndə Rusiyanın Soçi şəhərində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçiriləcək. İlin ilk görüşünün vaxtı və yeri haqqında xəbəri Rusiyadakı diplomatik mənbələrə istinadən "Regnum" agentliyi yayıb. Lakin xəbərlərdə qeyd olunur ki, ekspertlər bu danışıqlarda nikbin qərarların qəbul olunacağını gözləmirlər. Çünki tərəflərin mövqeləri arasında kəskin ziddiyyətlər var. Keçiriləcək növbəti görüşdə də bizim xeyirimizə hər hansı bir qərarın çıxacağına şübhə var.
İlin ilk üçtərəfli görüşü
Soçi görüşü 2012-ci ildə dövlət başçılarının ilk üçtərəfli görüşüdür. Hərçənd ki, prezidentlərin 2008-ci ildən bu günə qədər 9 dəfə üçtərəfli formatda danışıqları baş tutub və təəssüf ki, bu görüşlərin heç biri istənilən nəticəni verməyib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə yanvarın 16-da Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində də dövlət başçısı vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində əfsuslar olsun ki, 2011-ci ildə heç bir nəticə olmayıb: "Bunun yeganə və başlıca səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyidir, danışıqlarda qeyri-səmimi davranışıdır. Faktiki olaraq, danışıqların pozulmasına, yaxud da ki, dondurulmasına Ermənistan tərəfi çox çalışmışdır. Danışıqlar, əlbəttə ki, iki tərəfin iştirakını tələb edir. Bir tərəf əgər danışıqlardan bu və ya digər formada boyun qaçırmaq istəyirsə, digər tərəfin imkanları da məhdudlaşır. Ancaq deyə bilərəm ki, 2011-ci ildə danışıqlar prosesində, bu məsələyə dair beynəlxalq qüvvələrin münasibətində müsbət hallar olmuşdur. Biz bunu inkar edə bilmərik. Deyə bilərəm ki, onlardan ən önəmlisi odur ki, üç həmsədr ölkə status-kvonun qəbuledilməz olduğunu bəyan etmişdir. Bu, birinci bəyanatdır, yəni bundan əvvəlki illərdə belə bəyanatlar verilmirdi. Bu bəyanat ədalətli bəyanatdır. Əlbəttə ki, status-kvo dəyişdirilməlidir və ümidverici bəyanatdır. Əgər bu bəyanatdan sonra həmsədr ölkələrin konkret təklifləri, addımları, hərəkətləri olarsa, münaqişəni tezliklə həll etmək mümkün olacaqdır. Əgər bu bəyanat, sadəcə olaraq, bəyanat kimi qalacaqsa, onda danışıqların perspektivləri ümidverici olmayacaqdır".
Bu münaqişə dondurulmuş münaqişə deyildir və olmayacaqdır
Ermənistanın danışıqlarda qeyri-konstruktiv mövqe tutması, Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimovun açıqladığı kimi Kəlbəcər və Laçının boşaldılmasından imtina etməsini, Dağlıq Qarabağın yekun statusuna dair bəri başdan aydın təminat tələb etməsini nəzərə alan əksər yerli və xarici ekspertlər il ərzində danışıqlar prosesində hansısa irəliləyiş gözləmirlər. Əksinə, proqnozların əksəriyyəti belədir ki, münaqişə ətrafında vəziyyət daha da gərginləşəcək, hərbi əməliyyatların başlaması ehtimalı artacaq.
Azərbaycan Prezidenti də çıxışında bir daha bəyan edib ki, bu münaqişənin həllinin iki yolu var: danışıqlar yolu və hərb yolu. Üçüncü yol yoxdur: "Bu münaqişə dondurulmuş münaqişə deyildir və olmayacaqdır. Əgər kimsə fikirləşirsə ki, danışıqlarda əsas məsələ müharibənin qarşısını almaqdır, mən bununla razı deyiləm. Biz də müharibə istəmirik. Kim müharibə istəyər? Özü də bu qədər böyük uğurlara nail olan Azərbaycan dövləti. Ancaq o demək deyil ki, danışıqlar prosesi kənarda qalacaq və bütün səylər müharibənin başlanmamasına yönəldiləcəkdir. Bu, olmayacaqdır!"
Azərbaycan dövlətinin razılığı olmadan Dağlıq Qarabağa heç bir status verilə bilməz
Yerli ekspertlər də ATƏT-in sülhyaratma prosesinin dalana dirəndiyini söyləyirlər. Çünki həmsədr dövlətlər ermənipərəst mövqe tutmaqdadırlar. Yəni, obyektiv mövqedən xeyli uzaqda dayanırlar və bu səbəbdən də sülhyaratma məsələsindən çox, Ermənistana qayğı münasibəti göstərirlər. Buna güvənərək Ermənistan danışıqlar prosesində həmişə qeyri-konstruktiv mövqe tutur və Minsk Qrupunun həmsədrləri də manevr edərək, tərəflərin özünün razılaşmasının gərəkliyini iddia edirlər. Amma əslində, əgər söhbət dövlətlərin vasitəçilik səylərindən gedirsə və bu səylərdə beynəlxalq hüquq normalarını əsas tuturlarsa, onlar işğalçı dövlət və işğala məruz qalmış dövlət arasında fərq qoymağı və işğalçıya təzyiq göstərməyi bacarmalıdırlar.
Politoloqların fikrincə, sülh prosesində irəliləyişə nail olmaq üçün ATƏT-in Minsk Qrupunun formatı dəyişdirilməli, buradan bəzi dövlətlər uzaqlaşdırılmalıdır. Fransa açıq şəkildə ermənipərəst mövqe tutduğuna görə, Rusiya Ermənistan ərazisində hərbi baza saxladığına və silahlı münaqişə olarsa, Ermənistanı müdafiə edəcəyini açıq surətdə bəyan etdiyinə görə postdan kənarlaşdırılmalıdırlar. Minsk Qrupunun formatı ciddi şəkildə yeniləşdirilməli və onlara müəyyən səlahiyyətlər verilməlidir. Çünki Minsk Qrupu BMT-nin təşəbbüsü ilə yaradıldığına görə, BMT-nin təkliflərini həyata keçirməlidir. Əgər bu, baş verməyəcəksə, Azərbaycan problemi ATƏT müstəvisindən BMT müstəvisinə keçirməyə çalışmalıdır. Yoxsa 17 ildir ki, səmərəsiz danışıqlar heç bir nəticə vermir.
Dövlət başçısı İlham Əliyev çıxışı zamanı diqqətə çatdırıb ki, 2011-ci ildə həmsədrlər tərəfindən, xüsusilə, ilin ikinci yarısında biz daha çox etimad tədbirlərinin gücləndirilməsinə, atəşkəs rejiminin pozulmamasına yönələn hərəkətləri və təşəbbüsləri görmüşük, nəinki danışıqların mahiyyətinə yönələn diqqəti: "Biz də istəmirik ki, müharibə olsun. Ancaq bunun yolu var. O yol da hamıya bəllidir. Biz əvvəlki dövrdə də bəyan etmişik ki, 2009-cu ilin sonunda ATƏT-in xarici işlər nazirlərinin toplantısında iki tərəfə verilmiş təkliflərə prinsip etibarilə razılığımızı vermişik. Bu prinsipləri biz yox, həmsədrlər ortaya qoymuşlar. Əgər o prinsiplər hələ də qüvvədədirsə, onda bu münaqişə öz həllini tapa bilər. O prinsiplər haqqında mən ictimaiyyətə kifayət qədər məlumat vermişəm. Sadəcə olaraq, bir daha əsas məqamları təkrarlamaq istəyirəm. Azərbaycanın ərazi bütövlüyü şübhə altına qoyulmur, Azərbaycan vətəndaşları işğal edilmiş bütün torpaqlara qayıdırlar və gələcəkdə Dağlıq Qarabağın statusu haqqında qeyri-müəyyən vaxtda qeyri-müəyyən formada təkliflər irəli sürüləcəkdir. Əsas məsələ ondan ibarətdir ki, Azərbaycan dövlətinin razılığı olmadan Dağlıq Qarabağa heç bir status verilə bilməz. Bu da, təbiidir ki, Azərbaycan dövləti və xalqı heç vaxt Dağlıq Qarabağa Azərbaycanın kənarında heç bir statusa razılıq verə bilməz və verməyəcəkdir. Prinsiplər bundan ibarətdir. Biz danışıqları bu prinsiplər əsasında davam etdirməyə hazırıq və əgər qarşı tərəf də belə addımlar atarsa məsələ tezliklə öz həllini tapa bilər".
Uğursuz başa çatan görüşlər
Xatırladaq ki, üçtərəfli formatda görüşlər bundan əvvəl də yanvar ayında Soçidə başlamışdı. Tezliklə prezident seçkilərinin keçiriləcəyinə baxmayaraq, Rusiya bu il də prosesi öz nəzarətində saxlamaq niyyətindədir və heç bir nəticə əldə edilməsə belə, prezidentlərin bir neçə görüşünün keçirilməsinə nail olmaq istəyir. Ötən ilin yanvarında Soçidə keçirilən görüşdə Ermənistan prezidenti Serj Sarkisyan hər üç həmsədr ölkə tərəfindən birgə təqdim edilmiş yenilənmiş Madrid prinsiplərinə dair mövqeyini müəyyənləşdirmək üçün iki həftə vaxt istəmişdi. Lakin bu müddət aylarla uzandı, sonda isə Ermənistan bildirdi ki, bu təkliflər onu qane etmir. Həlledici hesab edilən, ancaq uğursuz başa çatan Kazan görüşündən sonra D.Medvedev Madrid prinsipləri əsasında yeni təkliflər hazırlayıb tərəflərə göndərdi. Bu dəfə isə məlum oldu ki, təklifləri Azərbaycan qəbul etmir. O vaxtdan bura prezidentlər arasında danışıqlar, həmçinin, bütövlükdə danışıqlar prosesi faktiki olaraq dayanmışdı. Ötən ilin dekabrında ATƏT xarici işlər naziri Şurasında Elmar Məmmədyarov və Edvard Nalbəndyan arasında baş tutan görüş istisna olmaqla, ikitərəfli təmaslar olmurdu.
Ümumiyyətlə isə, tərəflər arasında ən vacib məsələ - Dağlıq Qarabağın statusu ilə bağlı yekdil rəy yoxdur. Ermənistan Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmasında israrlıdır və bir addım olsun belə geri çəkilmək fikrində olmadığını vurğulamaqdadır. Azərbaycan Prezidenti də bir qarış torpağın Ermənistana verilməyəcəyini və Dağlıq Qarabağın heç vaxt müstəqil ola bilməyəcəyini söyləyir. Belə bir şəraitdə isə danışıqlardan müsbət nəticə əldə ediləcəyi sual altındadır.
CABİR