PDF Oxu

Siyasət

  • 7

Dağlıq Qarabağda Azərbaycan bayrağı dalğalanmalıdır!

Dağlıq Qarabağda Azərbaycan bayrağı dalğalanmalıdır!

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Goranboy rayonunda səfərdə olub.

Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Goranboy şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Azərbaycan Prezidentinə abidə ətrafında aparılan abadlıq və tikinti-quruculuq işləri barədə məlumat verildi.


Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Goranboy rayonunda təmas xəttindəki "N" saylı hərbi hissədə olub


Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev yanvarın 21-də Goranboy rayonuna səfəri çərçivəsində təmas xəttindəki "N" saylı hərbi hissədə olub.

Müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.

Müdafiə naziri Səfər Əbiyev dövlətimizin başçısına cəbhənin təmas xəttindəki mövcud vəziyyət barədə məlumat verdi. Bildirildi ki, cəbhə xəttində vəziyyət tam nəzarət altındadır. İndi təmas xəttində yerləşən hərbi birləşmələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də mühüm addımlar atılır. Yeni silah və sursatlarla təchizat nəticəsində Azərbaycan Ordusu düşmənlə mübarizədə daha ciddi nəticələrə nail olur. Silahlı qüvvələrin döyüş qabiliyyəti, texniki təchizatı, zabit kadrlarının hazırlıq səviyyəsi, əsgərlərin mənəvi-psixoloji durumu bu nəticənin əldə olunmasında mühüm rol oynayır. Bu gün hərbi hissələrin komplektləşdirilmə faizi və keyfiyyəti də yüksək səviyyədədir. Əsas komanda-qərargah vəzifələrinin peşəkar, ali hərbi təhsilli, mənəvi, fiziki və psixoloji cəhətdən hazırlıqlı, döyüş təcrübəsi toplamış zabitlərlə komplektləşdirilməsi ardıcıl şəkildə həyata keçirilir. Silahlı Qüvvələrin Ali Baş Komandanının təmas xəttində yerləşən bölgələrimizə mütəmadi səfərləri və əsgərlərimizlə keçirdiyi görüşlər isə onlara Vətəni qorumağa, işğal altındakı torpaqlarımızı azad etmək üçün hər zaman savaşa qalxmağa ruhlandırır. Güclü ordu potensialımız bizi əsas məqsədimizə - işğal edilmiş torpaqlarımızın azad olunmasına daha da yaxınlaşdırır. İndi Azərbaycan Ordusu həm peşəkarlıq, həm də maddi-texniki bazasının üstünlüyü baxımından bölgədə ən güclüdür. Azərbaycanın hərbi xərcləri artıq 3 milyard 500 milyon dollara yaxındır. Hərbi məqsədlər üçün büdcədən ayrılan vəsaitlərin artması dövlətin ordunun möhkəmləndirilməsinə olan diqqətinin və ölkəmizin təhlükəsizliyi, xarici təhdidlərin aradan qaldırılması kimi məsələlərdə nümayiş etdirdiyi həssaslığın təzahürüdür. Bunu şərtləndirən digər amillər isə obyektiv əsaslara söykənir. Çünki Azərbaycan torpaqlarının 20 faizi işğal altındadır.

Prezident İlham Əliyev xidmətdə fərqlənən bir qrup hərbçini medal və qiymətli hədiyyələrlə təltif etdi.

Dövlətimizin başçısı hərbçilərlə xatirə şəkli çəkdirdi.

Sonra Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev çay süfrəsi arxasında hərbçilərlə görüşərək söhbət edib:

"Bu gün xidmətdə fərqlənən döyüşçülərə təltiflər də verildi. Siz bu təltiflərə layiqsiniz. Xidmətdə biliklərinizi, peşəkarlığınızı, Vətənə sədaqətinizi göstərmisiniz və bu ağır, çətin şəraitdə düşmənlə üzbəüz, ön cəbhədə, təmas xəttində xidmət göstərirsiniz.

Ordu quruculuğu prosesi uğurla gedir. Keçən il, ondan əvvəlki illərdə silahlar, texnikalar alınıb. Bu gün göstərilən silahların bir hissəsi yeni alınmış silahlardır. Həm özümüz istehsal edirik, həm də ki, dünyanın aparıcı istehsalçılarından lazımi texnikanı alırıq və alacağıq. Bu gün döyüş potensialına görə ordumuz bölgənin ən qüdrətli ordusudur.

Hərbçilərin maddi təminatı da yaxşılaşır. Bir neçə gün bundan əvvəl Nazirlər Kabinetinin toplantısında bu məsələ ilə bağlı fikirlərimi bir daha bildirdim. Qeyd etdim ki, həm maaşlar artır və artacaqdır, eyni zamanda, 20 il ərzində qüsursuz xidmət göstərmiş zabitlər, gizirlər dövlət tərəfindən mənzillərlə təmin ediləcəklər. Bu proses başlanmışdır, çox böyük vəsait tələb edən təşəbbüsdür. Ancaq biz bunu etməliyik, çünki zabitlərimiz, Vətənə sədaqətlə, peşəkarlıqla xidmət edənlər dövlət tərəfindən daha da böyük dəstəyi görməlidirlər.

Bu, bizim gözəl dağlarımızdır. Bu dağların bir hissəsi düşmən tərəfindən işğal edilib. Buradan, bizim döyüş mövqelərimizdən sonra keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati hüdudları başlayır. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Sovet dövründə Dağlıq Qarabağın müəyyən ölçüdə muxtariyyəti olmuşdur, muxtar vilayət idi, ancaq yenə də Azərbaycan Respublikasının tərkibində. Bu gün də dünya birliyi Dağlıq Qarabağı Azərbaycan torpağı kimi qəbul edir, tanıyır və bu, belə də olmalıdır. Çünki Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. "Qarabağ" sözü Azərbaycan sözüdür. Mən şübhə etmirəm ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Həm hazırda Dağlıq Qarabağın inzibati hüdudlarından kənarda işğal edilmiş torpaqlarda Azərbaycan dövlətinin suverenliyi bərpa edilməlidir və ediləcəkdir. Eyni zamanda, Dağlıq Qarabağda Azərbaycan bayrağı dalğalanmalıdır və dalğalanacaqdır. Mən buna şübhə etmirəm. Bizim artan siyasi gücümüz, hərbi potensialımız o müqəddəs günü yaxınlaşdırır. Burada, dağlıq ərazilərdə xidmət aparmaq üçün, əlbəttə ki, çətinliklər vardır. O tərəf düşməndir - bir kilometr o tərəfə düşməndir. Siz onları görürsünüz, onlar da sizi görür. Amma bizi düşməndən fərqləndirən odur ki, biz öz torpağımızdayıq. Onlar bizim torpaqlarımızı zəbt ediblər. Bizim başqa dövlətin torpağına iddiamız yoxdur. Baxmayaraq ki, bugünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranmışdır. Mənim tövsiyələrimlə əlaqədar alimlərimiz bu tarixə dair gözəl kitablar, elmi əsərlər yaratmışlar. Xüsusilə, İrəvan xanlığı bizim qədim tarixi torpağımızdır. İrəvan xanlığı, Zəngəzur, Qarabağ bizim ərazimizdir."



Prezident İlham Əliyev Goranboyda 525 məcburi köçkün ailəsi üçün salınmış məhəllənin açılışında iştirak edib


Azərbyacan Prezidenti İlham Əliyev yanvarın 21-də Goranboyda 525 məcburi köçkün ailəsi üçün inşa edilmiş beşmərtəbəli 9 yaşayış binasından ibarət məhəllənin açılışında iştirak edib. Dövlətimizin başçısı əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirə abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Sonra Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Prezident İlham Əliyevə Naftalan şəhərində məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları sanatoriyalardakı ağır şərait və Goranboyda məcburi köçkün ailələri üçün hündürmərtəbəli yaşayış binalarından ibarət məhəllənin baş planı və texniki-iqtisadi göstəriciləri barədə məlumat verdi.

Qeyd edildi ki, buradakı mənzillər bir, iki, üç və dörd otaqlıdır. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə salınan bu məhəllədə bütün lazımi tədbirlər görülmüşdür. Mənzillərin elektrik, istilik və su ilə təchizatı yüksək səviyyədə həyata keçirilmişdir.

Bildirildi ki, ümumiyyətlə, Goranboy rayonu ərazisində indiyədək 2 min 150 ailə, o cümlədən 208 daimi məskunlaşmamış qaçqın və 1942 məcburi köçkün ailəsi üçün 6 qəsəbə və 690 mənzilli beşmərtəbəli 12 binadan ibarət bir məhəllə salınmışdır.

Prezident İlham Əliyev Xocalı rayonundan məcburi köçkün Qədim Sadıqovun mənzilində oldu. Mənzildə yaradılan şəraitlə yaxından tanış olan dövlətimizin başçısı məcburi köçkün ailəsi ilə söhbət edib:

"Sizi təbrik edirəm. Burada doğrudan da gözəl şəhərcik yaradılmışdır. Düz bir il bundan əvvəl burada birinci evlər istifadəyə verilmişdir. O vaxt da gəlmişdim, bu layihələrlə də tanış olmuşdum. O vaxt tikinti gedirdi və mənə məruzə edildi ki, burada gözəl beşmərtəbəli evlərdən ibarət bir şəhərcik tikiləcəkdir. Bu gün evlər hazırdır və siz artıq bu evlərə köçməyə başlayırsınız. Şərait də yaxşıdır, yəni, artıq bu bir standartdır. Bu standart həmişə gözlənilir - yaraşıqlı, işıqlı, gözəl evlər. Sizin əvvəlki yaşayış yeriniz o qədər də uyğun deyildi. Orada göstərilən fotoşəkillərdən görünür. Naftalan şəhərində, köhnə sanatoriyalarda məskunlaşmışdınız. Orada vəziyyət çox ağır idi. Burada isə vəziyyət müqayisəedilməz dərəcədə fərqlidir. Bütün şərait var, gözəl, yaraşıqlı musiqi məktəbi, orta məktəb, uşaq bağçası. Burada bütün infrastruktur yaradılıbdır. Yəni, yaşamaq üçün bütün şərait vardır.

Bu gün ölkə qarşısında duran ən vacib məsələ hansıdır?! Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm, ən vacib məsələ köçkünləri normal evlərlə, mənzillərlə təmin etməkdir. Hər bir sahə prioritetdir. Əgər iqtisadiyyat inkişaf etməsə, maddi imkanlarımız da olmayacaq. Ancaq, maddi imkanları hansı istiqamətə yönəltmək əlbəttə ki, dövlətin siyasətindən asılıdır. Bizim siyasətimiz isə çox açıqdır, aydındır, birmənalıdır. Bu siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşı bizim bütün işlərimizin təkanverici amilidir. Hər şey insanlar üçündür. Hər şey ən ağır vəziyyətdə yaşayanlar üçündür."


Azərbaycan Prezidenti İlham Əliyev Goranboyda şahmat məktəbinin açılışında iştirak edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Goranboya səfəri çərçivəsində şahmat məktəbinin açılışında iştirak edib.

Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi. Məlumat verildi ki, məktəbin tikintisinə 2011-ci ilin əvvəlində başlanmışdır. Yüksək səviyyədə aparılmış inşaat işləri ötən ilin sonlarında başa çatdırılmışdır. İkimərtəbəli məktəb Goranboyda uşaqların şahmatın sirlərinə dərindən yiyələnmələri üçün lazımi avadanlıqla təchiz olunmuşdur. Məktəbin ətrafında müasir işıqlandırma sistemi quraşdırılmış, yaşıllıqlar salınmışdır.

Məlumat verildi ki, şahmat məktəbi əvvəllər məşğələlərin keçirilməsi üçün lazımi şəraiti olmayan binada yerləşirdi. Məktəb üçün şəhərin Heydər Əliyev prospektində ümumi sahəsi 300 kvadratmetr olan yeni bina inşa edilmişdir. Müasir memarlıq üslubunda tikilmiş məktəbin həyətində uşaqların açıq havada şahmat oynamaları üçün də geniş sahə yaradılmışdır.

Məktəblə tanışlıq zamanı Azərbaycan Prezidentinin diqqətinə çatdırıldı ki, binanın hər iki mərtəbəsində oyun zalları yaradılmışdır. Zallarda eyni vaxtda 50-dək şahmatçı görüş keçirə bilər. Buradakı tədris otaqları lazımi avadanlıqla təchiz olunmuşdur. Şahmatla bağlı biliklərin əldə olunması və müasir yeniliklərin qavranılması üçün ayrıca kompyuter otağı da yaradılmışdır. Bu da dərslərin kompyuter vasitəsilə keçirilməsinə, ən son yeniliklərin qısa müddətdə öyrənilməsinə şərait yaradır. Məktəbdə Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsilin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotogüşlər yaradılmışdır. Ümumilikdə, məktəbdə 494 uşağa şahmat dərsləri keçilir.

Qeyd edildi ki, şahmat məktəbi respublika səviyyəli yarışlara da ev sahibliyi etməyə hazırdır. Təsadüfi deyildir ki, Goranboy şahmatçıları son illərdə beynəlxalq və respublika şahmat turnirlərində medal, diplom və kuboklara layiq görülmüşlər.

Prezident İlham Əliyev məktəbdə yaradılan şəraiti yüksək qiymətləndirdi.


Prezident İlham Əliyev Goranboy Mədəniyyət Evinin əsaslı təmirdən sonra açılışında iştirak edib


Yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Goranboy Mədəniyyət Evinin əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib.

Dövlətimizin başçısına məlumat verildi ki, 1960-cı ildə istifadəyə verilən Mədəniyyət Evi uzun müddət təmir olunmadığından yararsız hala düşmüşdü. Burada əsaslı təmir və yenidənqurma işlərinə 2011-ci ilin yanvarında başlanılmışdır. Görülən təmir-bərpa işləri nəticəsində binanın zalı, foyesi və otaqları yenidən qurulmuş, giriş hissəsi müasir memarlıq üslubunda inşa edilmişdir. Müasir avadanlıqla təchiz edilmiş Mədəniyyət Evinin binası üzlük daşla örtülmüşdür. Binanın foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulmuşdur. Burada ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə mədəniyyətin və incəsənətin inkişafına göstərdikləri qayğını əks etdirən fotoguşələr yaradılmışdır.

Qeyd edildi ki, Mədəniyyət Evinin akt zalında rayon əhəmiyyətli tədbirlərin yüksək səviyyədə təşkili üçün hərtərəfli şərait vardır. İnzibati otaqlar binanın ikinci mərtəbəsində yerləşir.

Dövlətimizin başçısı Mədəniyyət Evinin böyük zalı ilə də tanış oldu. Bildirildi ki, 400 nəfərlik zalda müxtəlif tədbirlərin keçirilməsi üçün lazımi şərait yaradılmışdır.

Prezident İlham Əliyev Goranboy şəhər uşaq incəsənət məktəbinin xor kollektivinin ifasında bəstəkar Oqtay Zülfüqarovun "Mehriban insanlar" mahnısını dinlədi.

Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, Goranboy Mədəniyyət Evinin nəzdində rayonun mədəni həyatında fəal iştirak edən xalq teatrı və folklor qrupu ilə yanaşı, müxtəlif dərnəklər də fəaliyyət göstərir. Mədəniyyət Evi ilə tanış olan Azərbaycan Prezidenti kollektivə uğurlar arzuladı.

Sonda xatirə şəkli çəkdirildi.


Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Yeni Azərbaycan Partiyası (YAP) Goranboy rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak etmişdir. Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, binanın tikintisinə 2010-cu ilin noyabrında başlanmışdır. Dörd yüz kvadratmetr sahəsi olan ikimərtəbəli binanın həyətində YAP-ın yaradıcısı, ulu öndər Heydər Əliyevin portreti, ikinci mərtəbədə isə büstü qoyulmuşdur. Büstün ətrafında ümummilli liderin və Prezident, YAP-ın sədri İlham Əliyevin partiya qurultaylarında iştiraklarını əks etdirən fotolar vardır. Ümumilikdə inzibati bina 9 otaqdan və konfrans zalından ibarətdir. Səksən nəfərlik konfrans zalında respublika və rayon əhəmiyyətli tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Buradakı bütün otaqlarda səmərəli fəaliyyət üçün hər cür şərait yaradılmışdır. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi də xüsusi diqqətdə saxlanmışdır. Bütün otaqlar lazımi avadanlıqla təchiz edilmişdir. Binada ilin bütün fəsillərinə uyğun müasir havalandırma və digər sistemlər quraşdırılmış, həyətyanı sahə yaşıllaşdırılmışdır. Bildirildi ki, partiyanın rayon təşkilatı 1995-ci ilin yanvarında 38 ilk ərazi təşkilatının iştirakı ilə təsis olunmuşdur. Rayon təşkilatının üzvlərinin 33 faizini gənclər, 51 faizini isə qadınlar təşkil edir. Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.


Azərbaycan Prezidenti İlham Əliyev Goranboy şəhər 3 nömrəli tam orta məktəbin yeni

binasının açılışında iştirak edib


Yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Goranboy şəhər 3 nömrəli tam orta məktəbin yeni binasının açılışında iştirak edib.

Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi. Məlumat verildi ki, 420 şagirdin təhsil alacağı rus dili təmayüllü məktəbin binası Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuşdur.

Qeyd edildi ki, məktəbin 1935-ci ildə tikilmiş əvvəlki binası son dövrlərdə tamamilə yararsız və qəzalı vəziyyətdə idi. Təhsil ocağının yeni binasının tikintisinə ötən ilin əvvəllərində başlanmış, bunun üçün 0,5 hektar torpaq sahəsi ayrılmışdır. İkimərtəbəli bina qısa müddətdə müasir tələblər səviyyəsində inşa olunmuşdur.

Prezident İlham Əliyev məktəblə yaxından tanış oldu. Foyedə ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsilin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşə yaradılmışdır. Məktəbin sinif otaqlarında, laboratoriyalarında və müxtəlif təyinatlı digər otaqlarda yüksək səviyyəli təhsil almaq üçün hər cür şərait yaradılmışdır. Dövlətimizin başçısı siniflərdə dərs prosesi üçün yaradılmış şəraitlə tanış oldu. Məlumat verildi ki, məktəbin akt zalı müxtəlif tədbirlərin keçirilməsi üçün əlverişli şəraitə malikdir. Şagirdlər nəzəri biliklərini laboratoriyalarda təcrübələrlə daha da möhkəmləndirəcəklər.

Prezident İlham Əliyev məktəbin müasir tələblərə cavab verən idman zalında Sinqapurda keçirilən yeniyetmələrin I Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi yarışlarında qızıl medal qazanmış Elmar Muxtarov, idmanın müxtəlif növləri üzrə Goranboydan olan dünya, Avropa və Azərbaycan çempionları və digər gənc idmançılarla görüşdü. Qeyd olundu ki, son illərdə respublikamızın bölgələrində, o cümlədən Goranboy rayonundan da bədən tərbiyəsi və idman hərtərəfli inkişaf edir. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi üçün silsilə və kompleks tədbirlər reallaşdırılır. Xüsusi vurğulandı ki, Prezident İlham Əliyevin 2012-ci ili ölkəmizdə "İdman ili" elan etməsi də bu sahənin daha da inkişafına təkan verəcəkdir. Azərbaycan Prezidenti gənc idmançılarla xatirə şəkli çəkdirdi. Dövlətimizin başçısı məktəbdə yaradılmış şəraitdən razılığını bildirdi, kollektivə uğurlar arzuladı.


Prezident İlham Əliyev Goranboyda Nizami Gəncəvi adına Parkın açılışında iştirak edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 21-də Goranboya səfəri çərçivəsində Nizami Gəncəvi adına Parkın açılışında iştirak edib. Dövlətimizin başçısına məlumat verildi ki, park Goranboy şəhərinə Goran istiqamətindən girişdə yerləşir. Parkın giriş qapısı müasir üslubda inşa olunmuşdur. Burada dahi Azərbaycan şairi Nizami Gəncəvinin möhtəşəm heykəli ucaldılmışdır. Abidənin ətrafında şairin "Xəmsə"sinə daxil olan "Sirlər xəzinəsi", "Xosrov və Şirin", "Leyli və Məcnun", "Yeddi gözəl" və "İsgəndərnamə" poemalarının kompozisiyasını əks etdirən mozaik fotolar yaradılmışdır.

Azərbaycan Prezidenti parkı gəzdi, burada yaradılan şəraitlə tanış oldu. Qeyd edildi ki, 1,1 hektar ərazini əhatə edən park bir il yarım ərzində başdan-başa yenidən qurulmuşdur. Burada yaradılan 3 fəvvarə ətrafa xüsusi yaraşıq verir. Sakinlərin üstüörtülü iki istirahət guşəsindən istifadə edə biləcəkləri park uşaqların daha çox xoşuna gələcəkdir. Çünki bu istirahət guşəsində xalq nağıllarının motivlərini əks etdirən kompozisiyalar yaradılmışdır. Parkda müasir işıqlandırma, fəvvarələrin işləməsi və yaşıllıqların suvarılması üçün suvarma sistemləri quraşdırılmış, müasir bulaq kompleksi inşa edilmiş, oturacaqlar qoyulmuşdur. Parkda ümumilikdə 30 minə yaxın müxtəlif növ dekorativ ağac və gül kolları əkilmişdir. Bir sözlə, Goranboyda yeni istifadəyə verilən Nizami Gəncəvi adına parkda sakinlərin istirahəti üçün hər cür şərait yaradılmışdır. Prezident İlham Əliyev parkda yaradılmış şəraiti yüksək qiymətləndirdi.

Digər xəbərlər