PDF Oxu

Siyasət

  • 4

Soçi görüşü baş tutdu

Soçi görüşü baş tutdu

Dünən Soçidə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin üçtərəfli görüşü baş tutdu. Soçi yaxınlığındakı "Grand Polyana" iqamətgahında keçirilmiş görüşdə, ilk olaraq, Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya prezidenti Dmitri Medvedev arasında ikitərəfli görüş baş tutub. Tərəflər regiondakı vəziyyəti və ikitərəfli münasibətləri müzakirə ediblər. Daha sonra Rusiya, Azərbaycan və Ermənistan prezidentləri arasında üçtərəfli görüş baş tutub.

Görüşdən sonra prezidentlər İlham Əliyevin və Dmitri Medvedevin iştirakı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Rusiyanın "Qazprom-eksport" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) arasında təbii qazın alğı-satqısına dair müqaviləyə 5 nömrəli əlavə saziş imzalanıb. Sənədi ARDNŞ-in prezidenti Rövnəq Abdullayev və "Qazprom" ASC-nin idarə heyətinin sədri Aleksey Miller imzalayıblar.

Yanvarın 23-də Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Dmitri Medvedevin və Ermənistan Prezidenti Serj Sarkisyanın Soçidə keçirilmiş birgə görüşündən sonra dövlət başçıları Dağ Xizəksürmə Mərkəzində olublar. Dövlət başçıları İlham Əliyev və Dmitri Medvedev mərkəzdə xizək sürüblər.

Yanvarın 23-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyan birgə nahar ediblər.


Dmitri Medvedev:

"Qafqazda nə baş

verirsə, Rusiya üçün əhəmiyyətsiz deyil"


Görüşdə "Biz regiondakı vəziyyətin necə inkişaf etməsini müzakirə edəcəyik" deyən Rusiya dövlət başçısı Dmitri Medvedev əlavə edib ki, "biz Qafqazla sıx bağlıyıq və burada nə baş verirsə, bizim üçün əhəmiyyətsiz deyil".

Medvedevin fikirlərini təhlil edərkən, bir daha bəlli olur ki, Rusiya, həqiqətən də, Qafqazdakı, xüsusilə, Cənubi Qafqazdakı tərəfdaşlıq maraqlarını təmin etməkdən ötrü Dağlıq Qarabağ probleminin həllində tərəfsizliyini qoruyub saxlamalıdır. Məhz bu baxımdan da Dmitri Medvedevin bu kimi bəyanatı danışıqlar prosesində əhəmiyyətli amil kimi dəyərləndirilməlidir. Eyni zamanda, Prezident İlham Əliyevlə ikitərəfli görüşü zamanı Dmitri Medvedev Ermənistan prezidentinin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə həsr olunmuş üçtərəfli görüşün vacibliyini qeyd edib: "Bu görüşlər mütəmadi olaraq keçirilir, haradasa irəliyə hərəkət var, haradasa problem var. Amma bu dialoq faydalıdır və mən ümid edirəm ki, bu cür əlaqələr davam edəcək".


İntensiv münasibətlər qarşılıqlı əməkdaşlığı gücləndirir


Rusiya dövlət başçısı, həmçinin, "Rusiya-Azərbaycan əməkdaşlığının necə inkişaf etməsi, ötən il nə baş verməsi" barədə müzakirə etməyi təklif edib. Bununla yanaşı, Rusiya dövlət başçısı 2011-ci ildəki əməkdaşlığın nəticələrini yaxşı qiymətləndirib.

Öz növbəsində, Azərbaycan Prezidenti İlham Əliyev intensiv münasibətlərin bütün istiqamətlərdə qarşılıqlı əməkdaşlığı gücləndirməyə imkan verməsi ilə razılaşdığını qeyd edib: "Ötən il çox uğurlu oldu, biz qarşılıqlı əməkdaşlığımızı gücləndirdik, mal mübadiləsinin artımı isə bir neçə on faizlə hesablanır".

Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev rusiyalı həmkarına "Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının axtarılmasındakı səylərini davam etdirməsinə görə" minnətdarlığını bildirib: "Siz düzgün qeyd etdiniz ki, ümidverici anlar olub, pessimizm hisslərinin gücləndiyi anlar da olub, amma sizin bu səyləri davam etdirməyiniz optimizm yaradır.

Dövlət başçısı İlham Əliyev Azərbaycanın münaqişənin həllində və regionun stabilliyində maraqlı olduğunu da qeyd edib.

Azərbaycan Prezidenti, həmçinin, Dmitri Medvedevə Azərbaycanın BMT Təhlükəsizlik Şurasında qeyri-daimi üzvlüyünə namizədliyində dəstəklədiyinə görə təşəkkür edib: "Qarşıdakı iki ildə biz sizinlə Təhlükəsizlik Şurasında sıx əməkdaşlıq edəcəyik və bizi dəstəkləyən həmin 155 ölkənin ümidlərini doğrultmağa çalışacağıq".


Qoşunların təmas

xəttində təhqiqatın

keçirilməsi mexanizminə dair hazırladıqları

hesabatı nəzərə alıb


Xatırladaq ki, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün danışıqların aparılması üçün görüşmək istəklərini 2011-ci ilin əvvəllərində bildiriblər. 2008-ci ildən etibarən bu günədək isə artıq doqquz üçtərəfli görüş keçirilib ki, bunlardan ikisi 2011-ci ildə baş verib. Rusiyanın vasitəçiliyi ilə baş tutan bu görüşlərin birincisi martın 5-də Soçidə, digəri isə iyunun 24-də Kazanda keçirilmişdi. Lakin həmin görüşlər Ermənistanın qeyri-konstruktivliyi səbəbindən uğurlu nəticələrlə yekunlaşmamışdı.

Qeyd edək ki, görüşün nəticələri əsasında Birgə Bəyanat qəbul olunub. Prezidentlər bəyan ediblər ki, intensiv danışıqlar nəticəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas prinsiplərinin razılaşdırılması istiqamətində irəliləyiş əldə olunub. Sülh sazişi hazırlanmasına keçidin mühümlüyünü nəzərə alan Azərbaycan və Ermənistan prezidentləri, bu günə kimi görülmüş işlər nəzərə alınmaqla, əsas prinsiplər üzrə razılaşmaların əldə olunması prosesini sürətləndirməyə hazır olduqlarını bəyan ediblər.

Bəyanatda o da bildirilir ki, prezidentlər İlham Əliyev və Serj Sarkisyan Rusiyanın və ATƏT-in Minsk Qrupunun digər həmsədrlərinin vasitəçilik missiyasını yüksək dəyərləndiriblər: "Prezidentlər təsdiqləyiblər ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün əsas vasitələrdən biri tərəflər arasında humanitar əlaqələrin inkişafıdır. Bununla əlaqədar Azərbaycan və Ermənistan prezidentləri ziyalılar, elmi və ictimai dairələrin təmsilçiləri arasında dialoqun inkişaf etdirilməsinə dəstək verməyə hazır olduqlarını bildiriblər".

Hər üç prezident həmsədrlərin ATƏT sədrinin xüsusi nümayəndəsi ilə birlikdə qoşunların təmas xəttində təhqiqatın keçirilməsi mexanizminə dair hazırladıqları hesabatı nəzərə alıb və bu işi davam etdirməyi tapşırıblar.


RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər