Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə yanvarın 16-da Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.
Dövlətimizin başçısı iclası giriş nitqi ilə açaraq bildirdi ki, 2011-ci ildə ölkə qarşısında duran bütün sosial-iqtisadi vəzifələr uğurla icra edilmişdir. Nəzərdə tutulan bütün planlar həyatda öz əksini tapmışdır. 2011-ci ildə investisiya qoyuluşunda rekord əldə olunmuş və bu rəqəm 20 milyard dollar təşkil etmişdir. Onun 13 milyard dolları daxili, 7 milyard dolları isə xarici sərmayədir. Ümumilikdə isə, son 2 ildə Azərbaycana 37 milyard dollar sərmayə qoyulmuşdur. Valyuta ehtiyatlarımız ilk dəfə olaraq 40 milyard dolları keçmişdir. Keçən ildə maaşlar, pensiyalar artırılmış, ünvanlı sosial yardım alan ailələrin sayı 120 minə çatmışdır.
Cənab Prezident İlham Əliyevin iclasdakı nitqində ön plana çıxan əsas məqamlardan biri də dövlətin gənclərlə bağlı siyasi kursu idi. Möhtərəm Prezident bu siyasi kursun funksional mahiyyət daşıdığını qeyd edərək, gənclərin Azərbaycanın inkişafında önəmli rol oynadıqlarını qeyd etdi. Cənab Prezidentə görə sağlam cəmiyyət quruculuğunda gənclərin dinamik cəhdləri və təşəbbüsləri hər zaman siyasi kursun diqqət mərkəzindədir. Bunu həm daxili, həm də xarici siyasətin paralel xətt üzrə gedişində də görmək mümkündür. Məhz cənab İlham Əliyev öz nitqində dövlətin gənclərə dair siyasətinin funksional mahiyyət daşıdığını qeyd edərək, lazımi tədbirlərin hər an görülməkdə olduğunu ifadə etdi. Belə ki, möhtərəm Prezident öz nitqində gənclər siyasətini dolğun şəkildə belə izah etmişdir: "Vacib məsələlərdən biri də ondan ibarətdir ki, biz keçən il Azərbaycan Gəncliyi Proqramını qəbul etmişik. Bu, çox konkret proqramdır. Yəni, bu, sadəcə olaraq, formal xarakter daşımır. Proqramın bütün müddəaları konkret nəticələrə gətirib çıxaracaqdır. Gənclər Fondu yaradılıbdır. İndi orada təşkilatlanma prosesi gedir. Bu proses başa çatan kimi dövlət tərəfindən Gənclər Fonduna ilkin vəsaiti ayıracağıq ki, bu vəsaitdən səmərəli şəkildə istifadə edilsin, maksimum sayda gənclərimiz müxtəlif layihələrə cəlb olunsunlar. Bu fond qrantlar verəcək, müxtəlif proqramlar üzrə vəsait ayıracaqdır. Əlbəttə ki, bu fondun fəaliyyəti haqqında danışmaq bəlkə bir qədər tezdir. Ancaq əlbəttə, biz bilirik ki, əsas istiqamətlər hansılar olmalıdır. Bu fondun hesabına və əlbəttə ki, dövlət vəsaiti hesabına biz daha da böyük sayda gəncləri quruculuq işlərinə cəlb etməliyik. Gənclərdə çox böyük potensial, böyük enerji vardır, vətənpərvərlik hissləri çox yüksəkdir. Hər bir vətəndaş kimi, onlar da istəyirlər ki, ölkə üçün yaxşı işlər görsünlər. Bu fondun və digər formatların hesabına biz gəncləri quruculuq işlərinə daha da fəal cəlb edəcəyik. Qeyd etməliyəm ki, hazırda fəaliyyət göstərən Elmin İnkişaf Fondunun təcrübəsi də çox müsbətdir. Yəni bu fondun xətti ilə müxtəlif proqramların icrasında, o cümlədən, gənclər, gənc alimlər də çox fəal iştirak edirlər. Gənclər Fondu da fəaliyyətini bu səpkidə, yəni, bu istiqamətdə aparmalıdır ".
Azərbaycanda bütün sahələr üzrə qazanılan nailiyyətlər dövlətimizin iqtisadi-siyasi potensialını, ümumi inkişaf səviyyəsini əks etdirən əsas meyarlardandır. Ölkəmizdə gənc nəslin mənəvi-ideoloji tərbiyəsinə, onların sağlamlığının qorunmasına xüsusi qayğı ilə yanaşılır. Prezident İlham Əliyev gənclərə malik olduqları qabiliyyət və intellektual imkanlar müqabilində geniş meydan verməyin tərəfdarı kimi bu təbəqəyə daim böyük diqqət və qayğı göstərir. Ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərin imkanlarından daha dolğun istifadə edilməsi, həmçinin, bunun üçün əlverişli şəraitin yaradılması gənclər siyasətinin əsasını təşkil edir. Gənc nəslin fiziki, sosial və mənəvi inkişafını təmin edən fəaliyyət sahələrinin istiqamətləndirilməsi, gənclərin dünya dəyərlərinə yiyələnmələri və digər məsələlər qarşıda duran əsas vəzifələrdəndir. Ümummilli Lider Heydər Əliyev 1995-ci ilin martında ölkə gəncləri ilə görüşərək, onların sağlam ruhda tərbiyə almaları və əsil vətəndaş kimi yetişmələri naminə əlindən gələni əsirgəməyəcəyini bildirdi. 2 fevral 1996-cı ildən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə gənclərin forumlarının keçirilməsi, ölkədə gənclər gününün qeyd olunması, gənclərimizin problemlərinin həllinə yönələn fərman və sərəncamların verilməsi, onların dövlət quruculuğu prosesinə cəlb edilməsi, müvafiq qanunların qəbulu deyilənləri reallığa çevirdi.
İlham Əliyev Prezident Heydər Əliyevin gənclər siyasətinin həyata keçirilməsində misilsiz fədakarlıq göstərmişdir və bu sahədə fəaliyyətini indi də uğurla davam etdirir. 1997-ci ildə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin prezidenti təyin olunan İlham Əliyev az vaxt içərisində həmin sahədə də yüksək təşkilatçılıq istedadına malik olduğunu göstərmişdir. Onun yorulmaz və gərgin əməyi sayəsində, qısa müddət ərzində, Azərbaycan idmanı ayağa qaldırılmış, dünya şöhrətli qazanmışdır. Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandığı parlaq uğurlar İlham Əliyevin başçılıq etdiyi idman hərəkatının, hər şeydən əvvəl, böyük siyasi qələbəsidir.
İlham Əliyev uzaqgörən dövlət xadimi və siyasətçi kimi sağlam gənclik yetişdirmək, bununla da xalqımızın sağlam gələcəyini təmin etmək üçün idmanı ümumxalq hərəkatına çevirmək xətti yeridir. Onun təşəbbüsü ilə təkcə paytaxt Bakıda deyil, eyni zamanda, regionlarda (Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Quba) da olimpiya idman-sağlamlıq komplekslərinin tikilib istifadəyə verilməsi, idmanın müxtəlif sahələrinin inkişafı üçün güclü maddi-texniki baza yaradılması xalqın sağlam gələcəyinə yönəlmiş müdrik siyasətin parlaq təzahürləridir.
Gənclər siyasətinin funksional mahiyyəti
Ölkəmizdə gənclər siyasətinin əsasını Ümummilli Lider Heydər Əliyev qoyub. Ulu Öndər gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirirdi. Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması, müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 2 fevralın Azərbaycan gəncləri günü elan edilməsi, 5 Dövlət Proqramının qəbulu, "Dövlət gənclər siyasəti haqqında" Fərman və geniş fəaliyyət proqramının təsdiq edilməsi Heydər Əliyevin gənclərə böyük qayğısı idi. Bu, gənclərin respublikanın ictimai-siyasi həyatında daha fəal iştirakına şərait yaradır, habelə, dövlət orqanlarının diqqətini gəncliyin problemlərinin həllinə yönəldirdi.
2007-ci ildə cənab Prezident İlham Əliyev tərəfindən "Azərbaycan gənclərinin xaricdə təhsili 2007-2015", 2011-ci ildə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" dövlət proqramları qəbul olundu. Bundan əlavə, gənclərə ipoteka verilməsinin şərtlərinin asanlaşdırılması, gənclər mərkəzlərinin tikilməsi, gənclərlə bağlı tədbirlərin Bakıda keçirilməsi kimi sərəncamlar qeyd etdiyimiz funksional siyasi kursun nəticələridir.
Digər tərəfdən, qeyd olunan iclasda Prezident İlham Əliyev bildirdi ki, 2012-ci ildə Londonda Yay Olimpiya Oyunları keçiriləcəkdir. Ölkəmiz üçün də mühüm əhəmiyyət daşıyan bu beynəlxalq səviyyəli yarışın keçirildiyi ildə Azərbaycanda 10 Olimpiya İdman Kompleksi tikiləcək, Olimpiya stadionunun və Gimnastika Kompleksinin tikintisi fəal mərhələyə keçəcək, Tofiq Bəhramov adına Stadionun təmir-bərpası davam etdiriləcəkdir. Bütün bunları nəzərə alaraq Prezident İlham Əliyev 2012-ci ili "İdman ili" elan etdi və bununla bağlı müvafiq Sərəncamın imzalanacağını bildirdi.
Heydər Əliyev Fondu və gənclər siyasəti
Azərbaycan gənclərinin xarici ölkələrdə təşkilatlanması da uğurla gedir. Bu gün gənclərimiz Avropa və dünyanın otuzdan çox nüfuzlu beynəlxalq gənclər təşkilatında təmsil olunur və bununla da beynəlxalq gənclər hərəkatının fəal tərkib hissəsinə çevrilib. "Rusiyanın Azərbaycanlı gənclər təşkilatı" isə özünün çoxşaxəli fəaliyyəti ilə onlara əsil nümunə nümayiş etdirir. Qurumun sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşan layihələr Azərbaycan gəncliyinin Rusiya və dünyadakı maraqlarını layiqincə təmsil edir. Bu təşkilatın istər Azərbaycanda, istər ölkədən kənarda keçirdiyi tədbirlər Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında mühüm rol oynayır.
Məhz 2011-ci il oktyabrın 21-də "Hilton Baku" otelində Heydər Əliyev Fondu ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında "2012-ci ildə keçiriləcək Rio+20 konfransına hazırlıq məqsədilə Azərbaycan gənclərinin səfərbər edilməsi" adlı Anlaşma Memorandumu imzalanmışdır.
Cari il iyulun 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən irəli sürülən Ətraf Mühitin Mühafizəsi Fəaliyyəti üzrə Beynəlxalq Dialoq təşəbbüsü gənclərin dayanıqlı inkişaf üzrə qlobal hərəkata fəal qoşulması üçün platforma rolunu oynayır.
Heydər Əliyev Fondu və Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun birgə təşəbbüsü ilə Bakıda "İslam Əməkdaşlıq Təşkilatı Ölkələri - Gənc İş Adamları Şəbəkəsi"nin Təsis Qurultayı keçirilib. Qurultayda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib. Təsis qurultayında çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı Gənclər Forumunun Mədəniyyətlərarası dialoq üzrə Baş Koordinatoru Leyla Əliyeva təsis qurultayının təşkilini yüksək qiymətləndirib. Tədbir iştirakçılarını və gəncləri bu münasibətlə təbrik edən Leyla Əliyeva bildirib ki, gənclərin milli təbliğat məsələlərində yeri və rolu, həmçinin, müxtəlif istiqamətlərdə şəbəkələşmə prosesi bu gün ən aktual və qlobal mövzulardan biridir. O, İslam Əməkdaşlıq Təşkilatı Gənc İş Adamları Şəbəkəsinin dünyada müsəlman ölkələrini layiqli təmsil edən bacarıqlı gənclər üçün önəmli fəaliyyət qurumuna çevriləcəyini vurğulayıb.
Gənclər siyasəti ölkəmizin ən vacib istiqamət xətlərindən biridir. Gənclərin ictimai-siyasi və sosial proseslərdə iştirakı birbaşa dövlətimizin mövcud imkanları ilə əlaqəlidir. Çünki dövlətimiz günü-gündən inkişaf etdikcə, hər bir sahədə olduğu kimi, gənclərlə iş sahəsində də mühüm perspektivlər meydana çıxıb.
Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda gənclər siyasəti baxımından da lider dövlətə çevrilməkdədir.
Rəşad İlyasov,
fəlsəfə doktoru