Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının prezidenti Dmitri Medvedev və Ermənistan Respublikasının prezidenti Serj Sarkisyan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair Soçidə 23 yanvarda növbəti görüş keçirmişlər.
Görüşdə tərəflər konkret mürəkkəb mövzularla bağlı fikir mübadiləsi apardılar və bu qənaətə gəlindi ki, işi davam etdirmək lazımdır. Görüş iştirakçıları ümumi prinsiplər üzərində işi davam etdirmək və daha sonra bu baza əsasında sülh sazişinə dair hüquqi sənədin hazırlanmasına keçmək barədə razılığa gəldilər.
Bu kontekstdə qeyd olunmalıdır ki, Rusiya Federasiyasının prezidenti Dmitri Medvedevin açıqlamaları Rusiyanın, ümumiyyətlə, Qafqaz regionu, xüsusilə, Dağlıq Qarabağ problemi ilə bağlı siyasətini açıq-aydın bir şəkildə ortaya qoyur. Məhz Medvedevə görə, Rusiya Qafqazla çox sıx bağlı olan dövlətdir. Bu səbəblə də, Rusiya Qafqaz regionunda, eləcə də, dünyanın yaxın olan bəzi başqa regionlarında baş verən hadisələrə laqeyd deyildir və öz köməkliyini göstərməyə hazırdır.
Prezidentlərin növbəti keçirilən bu görüşlərində bəyanatda qəbul edildi. Siyasi mahiyyət daşıması baxımından cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bəyanatda da vurğulandığı üzrə problemlə bağlı nikbin irəliləyişlər mövcuddur: "Azərbaycan Respublikasının, Rusiya Federasiyasının və Ermənistan Respublikasının prezidentləri Rusiya Federasiyasının prezidentinin dəvəti ilə 2012-ci il yanvarın 23-də Soçidə görüşmüş və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin gedişini və perspektivlərini müzakirə etmişlər.
Üç ölkənin dövlət başçıları 2008-ci il noyabrın 2-də onların görüşündə Moskva Bəyannaməsinin qəbul edildiyi vaxtdan keçən dövr ərzində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair böyük həcmdə iş görüldüyünü qeyd etmişlər. Prezidentlər bəyan etmişlər ki, intensiv danışıqlar nəticəsində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin Əsas Prinsiplərinin razılaşdırılması məsələsində irəliləyiş əldə edilmişdir. Prezidentlər təsdiqləmişlər ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi baxımından etimadın möhkəmlənməsi tədbirlərindən biri tərəflər arasında humanitar əlaqələrin inkişaf etdirilməsidir. Bununla əlaqədar, Azərbaycan Respublikasının və Ermənistan Respublikasının prezidentləri ziyalıların, elmi və ictimai dairələrin nümayəndələri arasında dialoqun daha da möhkəmlənməsinə hazır olduqlarını bəyan etmişlər".
Cənab Prezident İlham Əliyev problemin həll olunmasında Rusiya Federasiyasının prezidenti Dmitri Medvedevin səylərini yüksək qiymətləndirərək, bu görüşlərdə bədbinlik hissini gücləndirən məqamlar kimi ümidverici məqamların da olduğunu qeyd etmişdir. Bu səbəblə də Medvedevin bu səyləri davam etdirməsi əlavə nikbinlik hissi aşılaması baxımından əhəmiyyətlidir. Məhz möhtərəm Prezident İlham Əliyev regionda sülhün bərqərar olması üçün Azərbaycanın bu münaqişənin tezliklə tənzimlənməsində maraqlı olduğunu bir daha qeyd etmişdir.
Tarixi yaddaş və siyasi kursun ontoloji əlaqəsi
Tarix, insanın şüurlu bir varlıq olaraq həyatı anlaması və gələcəyinə yön verməsi baxımından əhəmiyyətli bir fenomendir. Məhz canlı varlıqlar arasında insan öz davranışları və hərəkətləri nəticəsində rasional bir tərzdə tarixi qiymətləndirərək, bu dünyadakı varlığını təhlil edə bilir. Varlıq-zaman kontekstində insan keçmişini, indisini və gələcəyini düşünərək qərarlar verir. Nəticədə tarixi anlama refleksiv olaraq insanın özünü anlamasına səbəb olur və beləcə insan tarixlə iç-içə öz mahiyyətini yüksək səviyyədə dərk edir. Məşhur mütəfəkkir İbn Xəldunun da qeyd etdiyi kimi metafizik nöqteyi-nəzərdən baxıldığında keçmiş və gələcək suyun suya bənzəməsindən daha çox bir-birinə bənzəyir. Məhz cənab Prezident İlham Əliyevin 21 yanvarda Soçiyə getmədən əvvəl Gəncə və Goranboya səfərləri zamanı söylədiyi fikirlər tarixi yaddaşımızla bərabər Azərbaycanın Dağlıq Qarabağ probleminə baxışı və xarici siyasət kursu ilə birbaşa əlaqədar mahiyyətdədir. Belə ki, cənab Prezident yüksək analitik təhlil qabiliyyəti ilə ontoloji mənada tarixi yaddaşımızla Dağlıq Qarabağ problemini və siyasət kursunu belə səciyyəndirmişdir: "Bu gün də dünya birliyi Dağlıq Qarabağı Azərbaycan torpağı kimi qəbul edir, tanıyır və bu, belə də olmalıdır. Çünki Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır. "Qarabağ" sözü Azərbaycan sözüdür. Mən şübhə etmirəm ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Həm hazırda Dağlıq Qarabağın inzibati hüdudlarından kənarda işğal edilmiş torpaqlarda Azərbaycan dövlətinin suverenliyi bərpa edilməlidir və ediləcəkdir. Eyni zamanda, Dağlıq Qarabağda Azərbaycan bayrağı dalğalanmalıdır və dalğalanacaqdır. Mən buna şübhə etmirəm. Bizim artan siyasi gücümüz, hərbi potensialımız o müqəddəs günü yaxınlaşdırır".
Dağlıq Qarabağ problemi ilə bağlı növbəti dəfə keçirilən Soçi görüşü bir çox cəhətdən əhəmiyyətlidir. İlkin olaraq Əsas Prinsiplər üzərində irəliləyişlərin olması problemin həllində aktuallıq kəsb edir. Məhz qarış-qarış da olsa siyasi görüşlər və dialoqlar nəticəsində problemin həlli labüddür. Çünki yaddan çıxarılmamalıdır ki, bütün müharibələr dialoq və sülh sazişləri ilə nəticələnmişdir. Hal-hazırda hərbi gücümüzün dəfələrlə Ermənistan Respublikasının büdcəsindən çox olması və aparılan hərbi modernizasiya işləri, eyni zamanda, qarşı tərəfi dialoqa məcbur edən faktorlardan biri kimi başa düşülməlidir. Digər tərəfdən belə görüşlərin keçirilməsi dünya ictimaiyyətinə və beynəlxalq aləmə bir daha göstərir ki Azərbaycan tərəfi problemin həllini sülh yolunda görür. Bütün bunlar daxildə aparılan sosial-iqtisadi islahatlar və xarici siyasətin də tarazlı bir şəkildə həyata keçirilməsi ilə birbaşa bağlıdır. Məhz keçən il Azərbaycanın BMT-ni Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olaraq seçilməsi də bu kontekstdə anlaşılmalıdır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu, 155 ölkənin dəstəyini də alaraq, əldə olunan siyasi bir qələbədir və Ermənistan buna cəhd edə bilməmişdir.
Görüş zamanı Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan ziyalılarının, ictimai və elm xadimlərinin dialoqunun da təşkil olunması müzakirə edilmiş və bunun təşkilinin problemin həllinə müsbət təsir göstərəcəyi bildirilmişdir. Məhz prezidentlər arasında aparılan bu dialoqun daha genişləndirilmiş şəkildə ictimai və elm xadimləri tərəfindən dəstəklənərək aparılması günümüzdə dünyada gedən qlobal inteqrasiya prosesi baxımından əhəmiyyətlidir. Çünki bunun nəticəsində Azərbaycan Dağlıq Qarabağla bağlı öz tarixi və mədəni faktlarını daha geniş arenada təqdim edə biləcəkdir. Məhz belə bir siyasi gedişlər beynəlxalq münasibətlər müstəvisində "ictimai-mədəni diplomatiya" terminalogiyasına istinad edilərək, izah olunur. Nəticədə Azərbaycan belə bir fürsətdən istifadə edərək, öz həqiqətlərini daha geniş şəkildə dünya ictimaiyyətinə və beynəlxalq aləmə çatdıraraq, problemin həllinə öz təsirini göstərə bilər.
Rəşad İlyasov,
fəlsəfə doktoru