PDF Oxu

Siyasət

  • 13

Azərbaycan dünya birliyi üçün önəmli tərəfdaşa çevrilib

Azərbaycan dünya birliyi üçün önəmli tərəfdaşa çevrilib

Yanvarın 26-da Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "UBS Global" şirkətinin direktorlar şurasının sədri Kaspar Villiger ilə görüşü olub.

Görüşdə İsveçrənin hazırda ən böyük banklarından olan "UBS" bankı ilə Azərbaycan arasında əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məsələləri müzakirə olundu. Bundan başqa, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə maliyyə əməkdaşlığı sahəsində əlaqələrin qurulması barədə fikir mübadiləsi aparıldı. Azərbaycana səfərlərini, ulu öndər Heydər Əliyev ilə görüşlərini xatırladan Kaspar Villiger Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin sürətlə inkişaf etdiyini dedi. Həmin gün Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger ilə görüşü olub.

Görüşdə "Cənub qaz dəhlizi" layihəsinin inkişafı və perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Avropanın Azərbaycan qazına böyük ehtiyacının olduğu qeyd edilən görüşdə qarşıdakı dövrdə mavi yanacağın ölkəmizdən Avropaya nəql olunması məsələsinin həllinin vacibliyi vurğulandı.

Görüşdə 2011-ci ilin yanvarında Bakıda Prezident İlham Əliyevin və Avropa Komissiyasının sədri Xose Manuel Barrozunın imzaladıqları "Cənub qaz dəhlizi haqqında Birgə Bəyannamə"nin enerji sahəsindəki əlaqələrin inkişafında rolu qeyd edildi. Bundan başqa, Azərbaycan ilə Avropa İttifaqı arasında enerji əməkdaşlığında 2011-ci ildə əldə olunan nailiyyətlərin bu il də real həyatda əksini tapmasının əhəmiyyəti vurğulandı.

Yanvarın 26-da Davosda Prezident İlham Əliyev Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvab ilə görüşüb.

Azərbaycanın Dünya İqtisadi Forumunda iştirakının və ildən-ilə artan fəallığının əhəmiyyətinin qeyd edildiyi görüşdə son illərdə Azərbaycan iqtisadiyyatının bütün sahələrində gedən inkişafla bağlı fikir mübadiləsi aparıldı.

Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvab qeyd etdi ki, Azərbaycanın bu inkişafı dünyanın və Avropanın bir sıra nüfuzlu və böyük şirkətlərinin ölkəmizə marağını daha da artırır.

Görüşdə gələcəkdə yeni layihələr üzərində işləməyin əhəmiyyətini vurğuladılar. Prezident İlham Əliyev həmin gün həmçinin Gürcüstanın Baş naziri Nika Gilauri ilə də görüşüb. Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin inkişafından məmnunluq ifadə olundu, əlaqələrimizin gələcəkdə daha da inkişaf etdirilməsi ilə bağlı firkir mübadiləsi aparıldı.

Prezident İlham Əliyevin Almaniyanın "Deutsche Bank"ının Mərkəzi və Şərqi Avropa ölkələri üzrə icraçı direktoru Peter Tils və idarə heyətinin üzvü Yürgen Figen ilə görüşündə, regionun aparıcı ölkəsi olan Azərbaycanda gedən sürətli iqtisadi inkişaf proseslərinin önəmi vurğulanıb, respublikamız ilə Almaniyanın "Deutsche Bank"ı arasında əməkdaşlıq əlaqələrinin qurulmasının əhəmiyyəti qeyd olunub. Həmçinin, görüşdə Azərbaycan ilə "Deutsche Bank" arasında əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Dünən həmçinin Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenberger ilə görüşü olub.

Görüşdə humanitar əməkdaşlığa dair fikir mübadiləsi aparıldı, əsir və itkin düşmüş, girov götürülmüş şəxslərlə bağlı məsələlərdə Beynəlxalq Qızıl Xaç Komitəsinin rolu qeyd edildi.

Azərbaycan Prezidenti İlham Əliyevin və Ukrayna Prezidenti Viktor Yanukoviçin görüşündə isə, Azərbaycan ilə Ukrayna arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, enerji sektorunda əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.

Ölkələrimiz arasında əməkdaşlığın daha da genişlənməsi üçün yaxşı potensialın olduğu bildirilən görüşdə Azərbaycan-Ukrayna əlaqələrinin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu. Yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin münasibətlərimizin daha da genişlənməsində əhəmiyyəti qeyd edildi.

Dünən Davosda RWE şirkətinin baş icraçı direktoru Yurgen Qrossman ilə görüşüb.

Görüşdə Azərbaycan ilə RWE şirkəti arasında uğurlu əməkdaşlığın davam etdiyi bildirildi və əlaqələrin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı. Energetika sahəsində əməkdaşlığın önəminin qeyd olunduğu görüşdə "Şahdəniz" qaz yatağının işlənilməsi ilə bağlı məsələlər müzakirə edildi.

Yanvarın 26-da Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Sayed Yusuf Raza Gilani ilə görüşü olub.

Sayed Yusuf Raza Gilani Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə Prezident İlham Əliyevi təbrik etdi.

Görüşdə əlaqələrimizin yüksək səviyyədə olmasından məmnunluq ifadə edildi və bunun çox böyük əhəmiyyətə malik olduğu vurğulandı. Azərbaycanın və Pakistanın bir-birini həm ikitərəfli müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində daim dəstəklədiyi bildirildi və bu dəstəyin bundan sonra da davam etdirilməsinin önəmi qeyd olundu.

Görüşdə ölkələrimiz arasında neft-qaz, infrastruktur, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ətrafında fikir mübadiləsi aparıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev daha sonra "Holcim Group" şirkətinin idarə heyətinin sədri Markus Akerman ilə görüşüb. Görüşdə "Holcim Group" şirkətinin Azərbaycandakı fəaliyyətindən, ölkəmizə investisiya qoymasından və bu şirkətin Qaradağ sement zavodunun tikintisində iştirakından məmnunluq ifadə olundu.

Azərbaycanda birlikdə təməli qoyulan yeni sement zavodunun bu il istifadəyə veriləcəyinin vurğulandığı görüşdə bunun iqtisadi əlaqələrimizin genişlənməsində önəmli hadisə olduğu bildirildi.

Yanvarın 26-da Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Microsoft International" şirkətinin prezidenti, "Microsoft" Korporasiyasının vitse-prezidenti Jan Kurtua ilə görüşü olub. Jan Kurtua ölkəmiz ilə əməkdaşlığın səviyyəsindən razılığını bildirdi, qeyri-qanuni proqram təminatının qarşısının alınmasında, piratçılığa qarşı mübarizədə Azərbaycanın regionda nümunə olduğunu vurğuladı. Bildirdi ki, təmsil etdiyi şirkət informasiya təhlükəsizliyinin təmin olunmasında Azərbaycan ilə əməkdaşlığa hazırdır.

Prezident İlham Əliyev Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafına böyük əhəmiyyət verildiyini, bu sahənin inkişafının ölkəmizdə prioritet elan edildiyini vurğuladı.

Görüşdə "Microsoft"un böyük regional informasiya-hesablama mərkəzinin Azərbaycanda yaradılması məsələsi bir daha müzakirə edildi və bununla bağlı işlərin sürətləndirilməsi qərara alındı.

Yanvarın 26-da Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmçinin "Edisson" şirkətinin baş icraçı direktoru Bruno Leskör ilə görüşüb. Görüşdə Cənubi Avropa regionunun təbii qazla təmin edilməsi ilə bağlı müzakirələr aparıldı.

Digər xəbərlər