PDF Oxu

Siyasət

  • 11

Davos Forumu: İqtisadi siyasət və mədəniyyət diplomatiyamızın uğurlu sintezi

Davos Forumu: İqtisadi siyasət və mədəniyyət diplomatiyamızın uğurlu sintezi

Məlum olduğu üzrə yanvarın 27-də İsveçrənin Davos şəhərində "Avrasiyanın gələcəyi" adlı sessiya keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sessiyada iştirak edərək çoxşaxəli çıxış etməsi geosiyasi, iqtisadi və mədəniyyətlərarası dialoq aspektindən əhəmiyyətlidir. Çünki " Avrasiya"çılıq düşüncəsi, iqtisadi cəhətdən olduğu kimi, siyasi cəhətdən də beynəlxalq münasibətlər kontekstində funksional rola malikdir.

Qeyd etmək olar ki, regionun bütün nüfuzlu ölkələri Avrasiyanın gələcəyi haqqında müxtəlif görüşlərə malikdir. Mövzu ilə bağlı cənab Prezident yüksək analitik təhlil qabiliyyəti ilə ontoloji mənada tarixi yaddaşımızı da dəyərləndirərək, Azərbaycanın Avrasiyanın gələcəyində oynadığı yerə işarə etmişdir. Belə ki, dövlət başçısı ölkəmizin keçdiyi tarixi inkişaf yolundan, demokratik ənənələrə söykənən dövlətçilik tarixindən danışaraq bildirmişdir ki, Şərqdə ilk demokratik respublika məhz Azərbaycan 1918-ci ildə yaradılmışdır. Bu, tarixi yaddaşımızın Prezident tərəfindən hər zaman canlı tutularaq və ən yüksək forumlarda dilə gətirilməsinin bir daha bariz nümunəsidir. Məhz bu kontekstdə Prezident İlham Əliyev ölkəmizin XX əsrin sonlarında müstəqilliyini yenidən bərpa etdiyini bildirdi, 20 il ərzində Azərbaycanda dövlət quruculuğu, demokratiyanın təmin olunması, siyasi-iqtisadi sahələrdə görülən işlərə, ictimai-siyasi sabitlik və digər məsələlərə toxundu. Azərbaycan Prezidenti diqqətə çatdırdı ki, son illər ölkəmizdə ictimai-siyasi sabitliyin təmin olunması və demokratiyanın inkişafında böyük addımlar atılıb. Prezident İlham Əliyevin bu kontekstdə ifadə etdiyi fikirlər daxili sabitlik və sosial-iqtisadi inkişafın xarici siyasət kursu ilə əlaqəsi baxımından çox əhəmiyyətlidir. Azərbaycanda bütün sahələr üzrə qazanılan nailiyyətlər dövlətimizin iqtisadi-siyasi potensialını, ümumi inkişaf səviyyəsini əks etdirən əsas meyarlardandır. Təsadüfi deyildir ki, cənab Prezident İlham Əliyev sessiyadakı nitqində Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafını, eyni zamanda, xarici siyasət rakursundan da ələ alaraq qiymətləndirmişdir.

İqtisadi siyasətin regional və təhlükəsizlik problemlərini də ehtiva etdiyini qeyd etməliyik. Bu baxımdan Azərbaycanın zəngin enerji ehtiyatlarına malik olduğunu vurğulayan dövlət başçısı bu gün respublikamızın Avropanın enerji təhlükəsizliyinin təmin olunması işində fəal iştirak etdiyini və bu sahədə böyük nailiyyətlər qazanıldığını, həmçinin, əlverişli coğrafi-siyasi məkanda yerləşən ölkəmizin beynəlxalq aləmdə regional əməkdaşlığa mühüm töhfələr verdiyini də bildirdi.

Prezident İlham Əliyev haqlı olaraq vurğulamışdır ki, dünyada baş verən maliyyə böhranına baxmayaraq, Azərbaycanda dinamik inkişafın və iqtisadiyyatın çox şaxəliliyinin təmin olunmasında böyük işlər görülmüşdür.

Bu kontekstdə Azərbaycana həsr olunan interaktiv sessiyada cənab Prezident Azərbaycanın regiondakı funksional yeri və roluna işarə edərək, bəzi həqiqətləri arqumentlərlə əsaslandırmışdır. Məhz tarix və müasirlik ilə iç-içə keçən bu fikirlər Azərbaycanın keçmişi, indisi və gələcəyi baxımından önəmlidir: Azərbaycan 20 ildir ki, müstəqil dövlətdir. Hamıya məlumdur ki, Azərbaycan müstəqil siyasətə və strategiyaya malikdir. Bizim bütün siyasi təşəbbüslərimiz, xüsusilə, regional əməkdaşlıqla bağlı təşəbbüslərimiz çox müsbət zəmin əsasında qurulub. Bizim məqsədimiz xeyli sayda regional dövlətlərin iştirak etdiyi layihələr və əməkdaşlıq vasitəsilə tərəfdaşlıq qurmaqdır. Coğrafi mövqe baxımından Azərbaycan İpək Yolunun üstündə Avropa ilə Asiyanın kəsişməsində çox əlverişli məkanda yerləşir. Qeyd etdiyim kimi, bizim təşəbbüslərimiz regional dövlətləri əhatə edir və onlar da Azərbaycanın inkişafından və fəaliyyətindən bəhrələnirlər. Beynəlxalq səviyyədə bizə çox böyük dəstək göstərilir. Biz bunu daim hiss edirik. Belə ki, təşəbbüslərimizin çoxu beynəlxalq birlik tərəfindən dəstəklənir. Lakin bu dəstəyin ən yaxşı göstəricisi Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzv seçilərkən özünü göstərdi. Bu, asan məsələ deyildi. Mühüm məsələ ondan ibarət idi ki, bu seçkilərdə 155 dövlət Azərbaycana səs verdi.

İnsan kapitalı və mədəniyyət diplomatiyası


Cənab Prezidentin həm Avrasiyanın gələcəyi, həm də Azərbaycana həsr olunan interaktiv sesiyada vurğuladığı ən önəmli məqamlardan biri də neftdən gələn gəlirlərin insan kapitalına yönəldilməsi mövzusu idi. Ümumiyyətlə, bu fikri cənab Prezident dəfələrlə həm xaricdəki, həm də daxildəki görüşlərində vurğulayır və siyasi kursun bu istiqamətdə irəliləməsinin vacibliyini qeyd edir. Məhz neft sektorundan əldə olunan gəlirlərlə ixtisaslı kadrların hazırlanması və yetişdirilməsi sosial-iqtisadi siyasət cəhətindən ən başlıca vəzifələrdəndir. Sessiyada möhtərəm Prezident bu mövzunu ətraflı şəkildə təhlil edərək iştirakçılara çatdırmışdır.

Beynəlxalq münasibətlərə dair elmi ədəbiyyatda ``mədəniyyət diplomatiyası`` siyasi strategiyasına müvafiq olaraq da Azərbaycanın xarici siyasətində əhəmiyyətli addımlar atılmaqdadır. Məhz builki Davos İqtisadi Forumunda da bunun bariz nümunəsinə rast gəlirik. Yeri gəlmişkən Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın da bu istiqamətdə həyata keçirdiyi layihələr mədəniyyət diplomatiyamızın müvəffəqiyyətli işlərindəndir. Belə ki, Azərbaycan bu ildə Dünya İqtisadi Forumunda uğurla təmsil olundu. Bunu dünyanın iqtisadi güc mərkəzlərinin forumda iştirak edən nümayəndələrinin Azərbaycan hökuməti adından verilən naharda iştirakı da təsdiqlədi. Forumun keçirildiyi əsas zalda Azərbaycan mədəniyyəti nümunələrinin və mətbəxinin sərgilənməsi ölkəmizə olan marağı bir daha göstərdi. Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətlərinin təmsil olunduğu bu sərgi qonqlarda böyük maraq və xoş təəssüratlar yaratdı.

Azərbaycan Şərq və Qərb mədəniyyətlərini özündə birləşdirən zəngin mədəni irsə malikdir. Bu zəngin irsin qorunması üçün isə dövlətin üzərinə çox böyük məsuliyyət düşür. Məhz builki Davos İqtisadi Forumu bir daha Azərbaycanda aparılan sosial-iqtisadi siyasətin mədəniyyətlərarası dilaoq perspektivindən də inkişaf etdirildiyini nümayiş etdirdi.

Davosda keçirilən Dünya İqtisadi Forumu Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsədyönlü xarici siyasət kursunun funksional və praqmatik olduğunu bir daha göstərdi. Məhz forumda dilə gətirilən fikirlər və nümayiş etdirilən mədəniyyət nümunələri iqtisadi siyasətin mədəniyyət diplomatiyası vasitəsi ilə uğurlu sintezindən ibarətdir.


Rəşad İlyasov,

fəlsəfə doktoru

Digər xəbərlər