PDF Oxu

Siyasət

  • 11

UĞURLU İDMAN SİYASƏTİ

UĞURLU İDMAN SİYASƏTİ

"2011-ci il Azərbaycan idmanı üçün uğurlu il olub. İdmançılarımız müxtəlif beynəlxalq yarışlarda böyük qələbələr əldə ediblər. 700-dən çox medal əldə etmişik və bu proses uğurla davam etdirilir. Mən ümid edirəm ki, 2012-ci il də idmanımız üçün uğurlu olacaq. 2012-ci ildə Olimpiya Oyunları keçiriləcək. Biz Olimpiya Oyunlarında idmançılarımıza qələbələr arzulayırıq".

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev ötən il Sumqayıt Olimpiya Mərkəzinin açılışındakı çıxışında qeyd etmişdi. Dövlət başçısı bildirmişdir ki, idman hər bir ölkənin inkişafı üçün çox vacib olan sahədir. Onun sözlərinə görə, Azərbaycanda idman uğurla inkişaf edir, Azərbaycan dünyada idman ölkəsi kimi tanınır və idmançılarımızın qələbələri hər kəsi ürəkdən sevindirir: "Azərbaycanın idman şöhrəti yüksək səviyyədədir. Birinci dəfə deyil ki, biz bu beynəlxalq yarışları Azərbaycanda keçiririk. Hər dəfə bütün qonaqlar qeyd edirlər ki, yarışlar yüksək səviyyədə keçirilir və bizim təşkilatçılıq imkanlarımız çox yüksək səviyyədədir".

Prezident, eyni zamanda qeyd etmişdir ki, Azərbaycanda çox gözəl gənc nəsil yetişir. Yeniyetmələr arasında Ümumdünya Olimpiya Oyunlarında Azərbaycan çox ləyaqətlə təmsil olunub: "Bu proses artıq uzun illərdir ki, aparılır. Azərbaycanda həm peşəkar idmançılar öz imkanlarını göstərirlər, Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırırlar, həm gənc idmançılar, uşaqlar yetişir. Bu sahədə kütləvilik təmin edilmişdir. Bu, çox gözəl hadisədir, bizi çox sevindirir. Bizim gənc nəsil sağlam olmalıdır. Həm fiziki cəhətdən sağlam olmalı, həm ölkə vətəndaşı kimi çox böyük mənəvi dəyərlərə malik olmalıdır".


2012- İDMAN İLİ VƏ QƏLƏBƏ SİMVOLU


Yanvarın 16-da Nazirlər Kabinetinin iclasındakı çıxışı zamanı da Prezident İlham Əliyev vurğulamışdır ki, Azərbaycan Respublikasında idmanın inkişafı ildən-ilə geniş vüsət alır. Bu baxımdan, 2012-ci ilin idman ili kimi qeyd olunmasına dair imzaladığı Sərəncamda vurğulanır ki, müstəqilliyimizi əldə etdiyimiz vaxtdan bu günə qədər Azərbaycan idmançılarının müxtəlif səviyyəli beynəlxalq yarışlarda beş mindən artıq medala layiq görülməsi bunun əyani sübutudur, Olimpiya oyunlarında qazanılan 4 qızıl, 3 gümüş və 9 bürünc medal isə böyük tarixi nailiyyətdir: "İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, tikilmiş müasir Olimpiya kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilmişdir. Bakı şəhərində bədii gimnastika, güləş və boks üzrə dünya çempionatlarının, habelə, bu il futbol üzrə qadınlar arasında dünya çempionatının keçirilməsi, paytaxtımızın 2020-ci ilin Yay Olimpiya Oyunlarına ev sahibliyi üçün namizədliyinin irəli sürülməsi bunu bir daha təsdiq edir".

Ölkəmizdə idmanın inkişaf etdirilməsi, Olimpiya hərəkatının genişləndirilməsi, gənclərin müntəzəm şəkildə idmana cəlb olunması, əhalinin bütün təbəqələri arasında sağlam həyat tərzinin formalaşdırılması, yeni idman və Olimpiya komplekslərinin tikilməsi zərurəti, eləcə də, idmançılarımızın London olimpiadasında, dünya və Avropa çempionatlarında, rəsmi beynəlxalq yarışlarda yüksək göstəricilərinin təmin edilməsi məqsədi ilə dövlət başçısı qərara alır ki, 2012-ci il Azərbaycanda "İdman ili" elan edilsin.

Bu amil isə bir daha onu deməyə əsas verir ki, Azərbaycan bütün sahələrlə yanaşı, idman sahəsində də öz uğurlu nailiyyətlərinə imza atır və qarşıdan gələn illərdə də atacaq. Bu isə bilavasitə, Prezident İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.


RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər