Sekulyarizm (dünyəvilik) modern cəmiyyətlə birlikdə inkişaf edən siyasi prinsip olaraq ictimai həyatın dini hökmlərdən asılı olmadan tənzimlənməsidir. Məhz bu mənada sekulyarizm dini dəyərlərin ictimai və müəyyən mənada fərdi həyatdan çıxarılması kimi modernləşmə prosesinə paralel olaraq müşahidə olunur. Modern cəmiyyətin dünyəvi-hüquqi prinsiplər kontekstində dini dəyərlərdən müstəqil şəkildə formalaşması iki cəhətdən özünü büruzə verir. İlkin olaraq siyasi hakimiyyət özünü dini rəmz və dəyərlərə istinad etmədən öz hüquqi-siyasi statusunu təşkil edir. İkinci olaraq isə ictimai həyatı tənzimləyən prinsiplər dini hökmlərə istinad etməz. Bu kontekstdə dinin ictimai həyatda yer alması fərqli bir məsələdir və dinin ictimai həyatda yer alması demokratik prinsiplə paradoks təşkil etmir. Demokratik prosesə tərs olan isə dinin və ya başqa bir dini sektanın təzyiq ünsürü halına gəlməsidir. Bunun xaricində hər bir etiqad və düşüncə cəmiyyət həyatında, həm düşüncə həm də həyat tərzi olaraq öz yerini ala bilər.
Tarix, insanın şüurlu bir varlıq olaraq həyatı anlaması və gələcəyinə yön verməsi baxımından əhəmiyyətli bir fenomendir. Məhz canlı varlıqlar arasında insan öz davranışları və hərəkətləri nəticəsində rasional bir tərzdə tarixi qiymətləndirərək, bu dünyadakı var olmalarını təhlil edə bilir. Bu mənada, varlıq-zaman kontekstində insan keçmişini, indisini və gələcəyini düşünərək qərarlar verir. Nəticədə tarixi anlama refleksiv olaraq insanın özünü anlamasına səbəb olur və beləcə insan tarixlə iç-içə öz mahiyyətini yüksək səviyyədə dərk edir. Məşhur mütəfəkkir İbn Xəldunun da qeyd etdiyi kimi, metafizik nöqteyi-nəzərdən baxıldıqda, keçmiş və gələcək suyun suya bənzəməsindən daha çox bir-birinə bənzəyir.
Bu mənada, tarixdən məlumdur ki, müxtəlif dinə mənsub insanlar arasında yaranan konfliktlər dialoqdan çox müharibələrlə nəticələnmişdir. Çünki hər bir din Mütləq Həqiqətin öz dini sistemində olduğunu iddia edərək, məsələyə bu rakursdan baxır. Orta əsrlərdə dini plüralizm (Religious Pluralism), yəni Mütləq Həqiqətin müxtəlif cəhətlərdən təcrübə edilə biləcəyi və hər bir dinin Mütləq Həqiqəti öz məfhum və terminləri ilə izah etdiyi düşüncəsi mövcud deyildi. Digər tərəfdən isə islam dinin yayılması ilə tarix səhnəsində qanlı çarpışmaların olduğunu görürük. Belə ki, bu savaşlar və işğallar din altında aparılır və din adı altında Mütləq Həqiqət uğuruna insanlar qətl edilirdilər. Avropanın özündə də orta əsrlərin başlanğıcından etibarən müxtəlif xristian məzhəbləri arasında qanlı çarpışmalar getmişdir. Dini hökmlər, qanunlar və şərhlərin cansıxıcı hakimiyyəti altında insanlar müstəqil, rasional qərarlar verə bilmirdilər. İslam dünyası ilə xristian dünyasının qarşı-qarşıya gəldikləri xaçlı (səlib) səfərlərini və müharibələrini də burda qeyd edə bilərik. Bütün bu müharibələr dini ad altında, iqtidar istəklərinə və torpaqların işğal edilməsi üçün məsələyə dini don geyindirilib ``Tanrı Dövləti`` məfhumuna istinad edilərək aparılırdı. Həm bəzi Türk imperiyaları, həm də Xilafət dövründə islami məzhəblər və təriqətlər arasında da qanlı vuruşmalar olmuşdur. Bütün bunlar dini həqiqət və ya Mütləq Həqiqətə dair müxtəlif görüşlərin, plüralizmin qəbul edilməməsindən irəli gəlirdi. Bütün bu mülahizələr əsasında deyə bilərik ki, tarixə nəzər saldıqda, hakimiyyət və iqtidar məqsədilə din fərqli görüş sahiblərinin əlində alətə çevrilə bilmişdi. Bu kontekstdə Ümummilli Lider Heydər Əliyevin ifadələri sekulyarizm və din-dövlət münasibətləri baxımından çox əhəmiyyətlidir:
"Dinə, dinin mənəvi-əxlaqi dəyərlərinin təbliğinə, bu dəyərlərin yardımıyla insanlara vətənsevərlik və dözüm duyğularının aşılanmasına dövlətin də ehtiyacı var. Biz milli-mənəvi dəyərlərimizi dini dəyərlərdən ayrı düşünmürük. Ancaq dövlət-din münasibətləri şəffaf, başa düşülən olmalıdır. Azərbaycan dövlətinin qanunları Azərbaycan xalqının və dövlətinin maraqlarına uyğun olmalıdır. Dindən siyasi proseslərdə istifadə olunma cəhdlərinə qarşı ciddi mübarizə edilməlidir. Din siyasi və ideoloji mübarizələrdən kənarda qalmalıdır. Din hər bir insanın fərdi-mənəvi ehtiyacını ödəyən bir dəyərlər sistemi kimi qəbul olunmalıdır".
Möhtərəm Prezident İlham Əliyev, Ümummilli Liderin yuxarıda qeyd olunan fikirlərini əsas götürərək, cəmiyyətimizdə etnik-mədəni müxtəlifliyin qorunub saxlanmasının, multikulturalizmin dəstəklənməsinin və təşviq edilməsinin müasir mərhələdə həyata keçirilən dövlət siyasətinin başlıca məqsədlərindən biri olduğunu özünün müxtəlif çıxışlarında ifadə etmişdir. Bu mənada, Prezident İlham Əliyev hazırda ölkədə tolerantlığın və dini etiqad azadlığının təminatçısıdır. Onun böyük tarixə malik dini məbədlərimizin bərpası və xalqımızın istifadəsinə verilməsi sahəsində ardıcıl, operativ tədbirlər həyata keçirməsi dövlətimizin məqsədyönlü siyasətinin tərkib hissəsidir.
Cənab Prezident İlham Əliyev Azərbaycanda həyata keçirilən liberal iqtisadi siyasətin, siyasi islahatlarsız mümkün olmadığını söyləyərək, siyasi islahatların da, din sahəsində aparılan islahatlarsız qeyri-mümkünlüyünü vurğulamaqdadır. Bu sistemli düşüncə tərzinə görə bütün bu istiqamətlər bir-birini tamamlayır və uğurlu inkişafımızı şərtləndirir.
Din-dövlət münasibətlərində tolerantlıq və mədəniyyətlərarası dialoq
Qloballaşma nəzəriyyələrinin ən təməl iddialarından birini qarşılıqlı əlaqə tezisinə istinad edən bir dünya ilə əlaqədar arqument təşkil edir. Qlobal bir sistem daxilində cərəyan edən hadisələr qarşılıqlı təsir və nəticələr zəncirini hasil edir. Bilik, əmtəə, informasiya, maliyyə, sərmayə və imiclərin sərhəd tanımaz şəkildə sürət və axın qazanması nəticəsində yer kürəsində müstəqil və məhdud bir mövcudiyyətin mümkün olmadığı diqqəti özünə cəlb edir. "Zaman-məkan fərqi" (Giddens), "zaman-məkan kompresiyası" (Harvey), "dünyanın kiçilməsi" və "ortaq dünya şüuru" (Robertson) adıyla kateqoriyalaşıdırlan nümunələr qarşılıqlı əlaqənin nəzəri şəbəkəsini ortaya çıxarır. Dövrümüzdə artıq qloballaşmadan bəhs edərkən, qlobalın lokal ilə qurduğu yeni əlaqə şəkilləri və aralarındakı qarşılıqlı təsir mexanizmini mərkəzə alan yeni bir analiz çərçivəsi başa düşülür.
Qlobal inteqrasiya prosesində Azərbaycanın tolerant bir ölkə kimi tanınması aparılan xarici siyasət kursunun və mədəniyyət diplomatiyamızın uğurlu nəticələrindəndir. Dövlət başçısının təşəbbüsü və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın da dəstəyi ilə keçən il keçirilən mədəniyyətlərarası dialoq forumu və s. fəaliyyətlər bunun bariz örnəklərindəndir. Məhz bu mötəbər forumda cənab Prezident çıxış edərək, Azərbaycanın mədəniyyətlərarası dialoq fəaliyyətinə çoxşaxəli töhfələr verəcəyini iftixarla bildirmişdir. Möhtərəm Prezidentə görə bu, bizim tarixə istinad edən dünya görüşümüzdür: "Biz belə yaşayırıq və belə yaşamağımızla özümüzə, bölgəyə və dünyaya sübut edirik ki, multikulturizm yaşayır. Multikulturizm nisbətən yeni bir anlayışdır. Əslində, bu, müxtəlif mədəniyyətlərə, müxtəlif dinlərə mənsub olan insanların birgə yaşaması deməkdir. Yəni, əsrlər boyu Azərbaycanda bu anlayış yaşayıb, bu gün də yaşayır və möhkəmlənir. Azərbaycan xalqı müxtəlif dövrlərdə müxtəlif ictimai-siyasi quruluşlar çərçivəsində yaşayıb. Buna baxmayaraq, bütün dövrlərdə və xüsusilə, ən sevindirici hal ondan ibarətdir ki, müstəqillik dövründə bu müsbət meyillər daha da güclənir. Bizim uğurlu inkişafımızı gücləndirən amillər məhz bunlardır. Azərbaycan burada yaşayan bütün xalqların doğma vətənidir. Hər bir xalqın nümayəndəsi bizim dəyərli vətəndaşımızdır. Biz bütün dinlərin nümayəndələrinə böyük hörmət və rəğbətlə yanaşırıq. Bu gün Azərbaycanda məscidlərlə yanbayan xristian, katolik kilsələri, yəhudi sinaqoqları yanbayan dayanır. Budur, Azərbaycanın reallıqları və bizim dünya xəzinəsinə verdiyimiz töhfələr".
Heç şübhəsiz ki, mədəniyyətlərarası dialoqda böyük peşəkarlıq və ciddi təşkilatçılıqla reallaşdırılan layihə və proqramlar, xüsusilə də, mədəniyyət diplomatiyası sahəsindəki uğurlar Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili və ictimai-siyasi xadim Mehriban xanım Əliyevanın müstəsna və möhtəşəm xidmətləri sayəsindədir. Məhz hörmətli Mehriban xanım Əliyeva 2011-ci ildə Bakıda keçirilən mədəniyyətlərarası dialoq forumunda dini dəyərlər, tolerantlıq və dinin siyasiləşdirilməsi mövzularına toxunaraq, müxtəlif ekstremist qüvvələr və şüarlar altında gündəmə gətirilən dini siyasətin təhlükəli olduğunu vurğulamışdır. Belə hərəkətlər, belə hallar dialoqa, normal münasibətlərə zidd olan hərəkətlərdir və yalnız yeni qarşıdurmalar üçün zəmin yaradır.
Nəticədə cənab Prezident İlham Əliyevin dünyəvi dövlət quruculuğu siyasəti və mədəniyyətlərarası dialoq fəaliyyətləri, eyni zamanda, Azərbaycanda din-dövlət münasibətlərinin düzgün şəkildə tənzimlənməsinə də müsbət cəhətdən təsir etməkdədir. Belə ki, tolerantlıq və mədəniyyətlərarası dialoq fəaliyyətləri Azərbaycanın milli dəyərlərinin qlobal arenaya inteqrasiyası kimi başa düşülməlidir. Məhz bu kontekstdə tolerantlıq və mədəniyyət diplomatiyası adına əldə olunan strateji nəticələr, eyni zamanda, dünya miqyasında artan iqtisadi-siyasi gücümüzün genişlənməsinə də təkan verməkdədir.
Rəşad İlyasov,
fəlsəfə doktoru