PDF Oxu

Siyasət

  • 9

QÜDRƏTLİ ÖLKƏ, LİDER DÖVLƏT

QÜDRƏTLİ ÖLKƏ, LİDER DÖVLƏT

"Hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə, elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır".


Prezident İlham Əliyevin "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanmasi

barədə Sərəncamından

Prezident İlham Əliyevin "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması barədə Sərəncamında xüsusilə vurğulanır ki, Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur və bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişafın təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə, elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. Azərbaycanın perspektiv inkişaf istiqamətlərinin müəyyən edilməsi məqsədilə İnkişaf Konsepsiyası hazırlanarkən BMT-nin İnkişaf Proqramı və digər nüfuzlu beynəlxalq təşkilatlarla da səmərəli iş biriyinin qurulması planlaşdırılıb.


BİR KƏLAMIN TƏCƏSSÜMÜ


Artıq inamla, qətiyyətlə söyləmək mümkündür ki, Ulu Öndər Heydər Əliyevin 2003-cü ilin 1 oktyabrında "Mən ona özüm qədər inanır, gələcəyinə böyük ümidlər bəsləyirəm" - tarixi kəlamını deyərək xalqa layiqli siyasi varisi kimi təqdim etdiyi cənab İlham Əliyev ölkə vətəndaşlarının birmənalı rəyi əsasında Prezident seçkilərində layiqli qələbə əldə etdikdən sonra Azərbaycanın yeni, müasir dövr üçün iqtisadi siyasət prioritetlərini açıqlamış, çevik və işlək mexanizmlər üzərində proqressiv islahatları təmin etmiş, hər bir azərbaycanlının layiqli Prezidenti olduğunu əməli işi ilə sübuta yetirmişdir. 2003-2011-ci illər ərzində Prezident İlham Əliyevin qəbul etdiyi fundamental qərarlar, imzaladığı Sərəncamlar Onun daim xalqın mənafeyindən çıxış etdiyini, habelə, verdiyi vədlərin əməli fəaliyyətə, praqmatizmə söykəndiyini təsdiqləmişdir.

Dövlət başçısı İlham Əliyev siyasi Lider olaraq insanları öz ideya və baxışları ətrafında toplamaq, onların iradələrinə, qərarlarına təsir göstərmək iqtidarında olduğunu qətiyyətli fəaliyyəti ilə sübuta yetirmişdir. Məhz bu mühüm keyfiyyətləri sayəsində ölkə rəhbəri idarəçilikdə yüksək uğurlara imza atmış, cəmiyyətin əsas və həlledici hissəsini öz arxasınca aparmağa müvəffəq olmuşdur.

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" ölkədə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət edir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında da bildirmişdir ki, regionlarda da, həmişə olduğu kimi, uğurlu investisiya layihələri icra edilmişdir və regionlarda iş yerlərinin açılması ilə bağlı əlavə tədbirlər görülmüşdür. Ötən ilin 9 ayında 74 min yeni iş yeri açılmışdır ki, onlardan 50 mini daimi iş yeridir. Beləliklə, son 8 ildə Azərbaycanda 950 minə yaxın yeni iş yeri açılmışdır.


ƏHƏMİYYƏTLİ KONSEPSİYA VƏ TƏRƏQQİYƏ APARAN NÖVBƏTİ UĞUR YOLU


Azərbaycanın zəngin təbii sərvətlərindən səmərəli istifadə edilməsinin, respublikanın investisiya cəlbediciliyinin yüksəldilməsinin və digər konseptual əhəmiyyətli tədbirlərin nəticəsi olaraq ölkədə dinamik inkişaf müşahidə edilmişdir. Bölgələrin tarazlı və davamlı inkişafının təmini, yeni iş yerlərinin açılması, infrastrukturun yeniləşdirilməsi, mövcud problemlərin aradan qaldırılması məqsədilə imzaladığı dövlət proqramlarının, fərman və sərəncamların icrası vəziyyəti ilə yerindəcə tanış olmaq, sıravi vətəndaşlarla birbaşa ünsiyyət quraraq mövcud çətinliklər barədə informasiyaları ilkin mənbədən almaq üçün vaxtaşırı Azərbaycanın müxtəlif rayonlarına etdiyi səfərlər də cənab İlham Əliyevin son 8 il ərzində Prezidentlik dövrünün əsas istiqamətlərindən biri kimi diqqəti çəkir. Azərbaycanın, demək olar ki, bütün rayonlarına səfərlər edən cənab İlham Əliyevin insan amilinə necə yüksək dəyər verdiyini görməmək mümkün deyildir. Əldə olunan makroiqtisadi nəticələr milli iqtisadiyyatın davamlı inkişaf etdiyini bir daha təsdiqləyir. İqtisadi və sosial sahələrdə aparılan ardıcıl islahatlar vətəndaşlarımızın daha yaxşı yaşamasını təmin etməklə qarşıda yeni imkanlar açır.

Ölkə başçısının hazırlanmağı ilə bağlı qərar verdiyi "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası da Azərbaycanın perspektiv inkişaf və hədəflərinin müəyyən edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.


RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər