Məlum olduğu kimi, Almaniyada işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev fevralın 3-də 48-ci Münhen Təhlükəsizlik Konfransının əsas tədbirlərindən olan "Enerji, ehtiyatlar və ətraf mühit: yeni təhlükəsizlik parametrləri" mövzusunda müzakirələrdə iştirak etmişdir.
Cənab Prezident İlham Əliyev yanvar ayının 25-dən etibarən İsveçrənin Davos şəhərində 42-ci Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etdikdən sonra Münhen Təhlükəsizlik Konfransında Azərbaycanın iqtisadi və xüsusilə də, siyasi cəhətdən təhlükəsizlik parametrləri kontekstində funksional rolunu uğurla təhlil edərək, konfrans iştirakçılarına çatdırmışdır. Məhz qeyd olunan bu iki mühüm tədbirdə Azərbaycan bir daha dövlət başçısının rəhbərliyi altında müvəffəqiyyətlə təmsil olunmuşdur. "Enerji, ehtiyatlar və ətraf mühit: yeni təhlükəsizlik parametrləri" mövzusunda cənab Prezident yüksək analitik təhlil qabiliyyəti ilə Azərbaycanın geopolitik mövqeyinə işarə edərək qlobal inteqrasiya prosesində oynadığı rola işarə etmişdir. Belə ki, dövlət başçısı ölkəmizin keçdiyi tarixi inkişaf yolundan, müstəqillik bərpa ediləndən sonra Azərbaycan xalqının öz sərvətlərinə sahib olmasından və 20 il ərzində Azərbaycanda, əsasən, enerji ehtiyatlarının səmərəli istifadəsi sayəsində şaxələndirilmiş iqtisadiyyata malik bir ölkəyə çevrilməsindən bəhs etmişdir. Məhz qlobal siyasi kurs nəticəsində 1990-cı illərin ortalarından etibarən ölkəmizin təşəbbüsü ilə həyata keçirilən layihələr, faktiki olaraq, Qafqaz və Xəzər regionları və Avropanın da enerji xəritəsini dəyişmişdir. Bu kontekstdə cənab Prezident enerji təhlükəsizliyi baxımından Azərbaycanın iqtisadi-siyasi kursunu analitik şəkildə təsvir və təhlil edərək, iştirakçılara öz nitqində belə çatdırmışdır: "Biz hazırda daha geniş enerji dəhlizinin yaradılması üzərində işləyirik. Bu, təkcə neft sahəsini deyil, qaz sahəsini də əhatə edəcəkdir. Biz indi regionumuzun enerji təhlükəsizliyinə əhəmiyyətli dərəcədə təsir edəcək mühüm qərarların qəbul edildiyi enerji layihələrimizin çox vacib və çətin mərhələsindəyik. Azərbaycan, əlbəttə ki, öz enerji təhlükəsizliyini təmin edib. Ancaq bazarlar olmadan biz, əlbəttə ki, layihələrimizi tam şəkildə həyata keçirə bilməyəcəyik. Bu gün biz şaxələndirilmiş boru kəmərləri şəbəkəsinə malikik. Azərbaycanın açıq dənizə birbaşa çıxışı yoxdur. Şaxələndirilmiş boru kəməri şəbəkəsi bizə neft və qazımızı müxtəlif istiqamətlərə nəql etməyə imkan verir. Buna görə də, şaxələndirmə istehsalçı ölkə kimi bizim üçün çox böyük əhəmiyyətə malikdir. Biz başa düşürük ki, bu, istehlakçılar üçün də əhəmiyyət kəsb edir. Biz istehsalçı ölkə olan Azərbaycan ilə istehlakçılar arasında enerji təhlükəsizliyi məsələsində düzgün balans tapmalıyıq və düşünürəm ki, tapırıq. Tranzit ölkələrin də maraqlarını unutmaq olmaz. Buna görə də, bu maraqların balansı və tərəfdaşlarımızın maraqlarına adekvat yanaşma layihələrimizin uğurla reallaşması üçün əsas səbəbdir ".
Prezident İlham Əliyevin bu kontekstdə ifadə etdiyi fikirlər, istehsalçı ölkə olaraq, Azərbaycanın şaxələndirilmiş neft-qaz iqtisadiyyatı və tranzit ölkələrdən keçəcək şaxələndirilmiş boru kəmərləri strategiyasının uğurla həyata keçirilməsindən xəbər verməkdədir. Məhz belə iqtisadi-siyasi - strateji nəticələr vasitəsilə Azərbaycanda bütün sahələr üzrə qazanılan nailiyyətlər dövlətimizin iqtisadi-siyasi potensialını, ümumi inkişaf səviyyəsini əks etdirən əsas meyarlardandır. Təsadüfi deyildir ki, cənab Prezident İlham Əliyev konfransdakı nitqində Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafını, eyni zamanda, xarici siyasət rakursundan da nəzərə alaraq qiymətləndirmişdir.
Enerji ehtiyatları və qlobal təhlükəsizlik
İqtisadi siyasətin, eyni zamanda, regional və təhlükəsizlik problemlərini də ehtiva etdiyini qeyd etməliyik. Bu baxımdan Azərbaycanın zəngin enerji ehtiyatlarına malik olduğunu vurğulayan dövlət başçısı bu gün respublikamızın Avropanın enerji təhlükəsizliyinin təmin olunması işində fəal iştirak etdiyini və bu sahədə böyük nailiyyətlər qazanıldığını, həmçinin, əlverişli coğrafi-siyasi məkanda yerləşən ölkəmizin beynəlxalq aləmdə regional əməkdaşlığa mühüm töhfələr verdiyini də bildirdi. Bu çərçivədə möhtərəm Prezident İlham Əliyev neft-qaz istehsalının milli və qlobal təhlükəsizlik məsələsi ilə birbaşa əlaqədar olduğunu vurğulamışdır. Belə ki, artan istehsal və bazarlar nəticəsində, ölkəmizin neft-qaz siyasəti qlobal xarakter daşıdığı kimi, milli təhlükəsizliyimizin də əhəmiyyətli parçasına çevrilmişdir. Mövzu ilə bağlı cənab Prezident yüksək bir rakursdan məsələni belə təhlil etmişdir: "Biz şaxələndirmə və enerji təhlükəsizliyi ilə bağlı çox danışırıq. Bu iki məsələ bir-biri ilə birbaşa bağlıdır. Amma biz avropalı istehlakçılar üçün şaxələndirmə və enerji təhlükəsizliyindən bəhs edəndə, mən belə düşünürəm ki, ilk növbədə, eyni mənbəli marşrutların şaxələndirilməsindən daha çox mənbələrin şaxələndirilməsindən danışmalıyıq. Baxmayaraq ki, marşrutların şaxələndirilməsi də əhəmiyyətlidir. Belə ki, Azərbaycan avropalı istehlakçılar üçün yeni mənbədir, böyük mənbədir, yaxındır, dostdur. Əgər biz, güclü "Cənub" dəhlizinin inşasında planlarımızın həyata keçirilməsinə müvəffəq olsaq, gələcək onilliklərdə enerji sahəsində çox məhsuldar və qarşılıqlı faydalı əməkdaşlıq mərhələsinə daxil olacağıq. Buna görə də, enerji təhlükəsizliyi artıq milli təhlükəsizliyin önəmli bir məsələsinə çevrilib. Biz istehsalçı kimi bunu başa düşürük və istəyirik ki, bütün tərəfdaşlarımız da məsələyə bu cür yanaşsınlar. Enerji təhlükəsizliyi və proqnozlaşdırma olmadan heç bir ölkə gələcək inkişafı ilə bağlı planlar qura bilməz. Biz, xüsusilə də, Fukusimadakı elektrik stansiyasında baş verən faciədən sonra müxtəlif enerji mənbələrinə münasibətdə dəyişikliklər və yanaşmalar haqqında bilirik. Beləliklə, tam aydındır ki, təbii qaza tələbat artacaqdır".
Qeyd olunan nitq mətnindən də göründüyü kimi, cənab Prezident İlham Əliyev yüksək iqtisadi-siyasi peşəkarlıqla enerji ehtiyatları və qlobal təhlükəsizlik məsələlərini şaxələndirilmiş iqtisadi model çərçivəsində qiymətləndirərək, qaz ehtiyatına olan tələbatın daha da artacağını bildirmişdir. Bu, eyni zamanda, Azərbaycanın əhəmiyyətini konfrans iştirakçılarına çatdırmaq mənasına da gəlməkdədir.
Ətraf mühit problemi
XXI əsrin başlanğıcında, insanın təbiətlə olan münasibətinin meydana gətirdiyi çox ciddi həyati problemlərlə qarşı-qarşıyayıq. İnsan üçün ekoloji sistemin bir parçası olaraq ətraf mühitə diqqətlə yanaşma, ekoloji mədəniyyət anlayışını aktual hala gətirir. Ətraf mühit problemləri insan olaraq nəyə dəyər verdiyimiz, necə bir varlıq olduğumuz, təbiətdəki yerimizin nə olduğu, necə inkişaf edə biləcəyimiz haqqında bir çox əsaslı suallara cavab verilməsini vacib hala gətirir. Nəticə olaraq cənab İlham Əliyevin iqtisadi siyasət kursunun əsas istiqamətlərindən biri də ölkədə həyata keçirilən ətraf mühitin təmizlənməsinə dair aparılan islahatlardır. Məhz bütün bu fəaliyyətlər və əldə olunan nəticələr xalqımızda ekoloji mədəniyyətin inkişaf etməsinə təsir göstərməkdədir. Aparılan bu dövlət siyasəti iki səviyyəyə diqqətləri cəlb etməkdədir. Birincisi, nə etməyimiz, necə yaşamağımıza dair qərar verilən təcrübi səviyyə; ikincisi də, necə qərar verdiyimiz və nələrə dəyər verdiyimizə dair düşünməni ehtiva edən daha nəzəri və akademik bir səviyyə. Bu mənada, möhtərəm Prezident, Münhen Konfransındakı nitqi çərçivəsində Azərbaycanda bir əsrdən artıqdır ki, istehsal olunan neft ehtiyatlarının ətraf mühitə bir çox zərərlər vurduğunu bildirmişdir: "Bizim keçmişimizdə "ətraf mühit" anlayışı faktiki olaraq, bir o qədər də lazımınca qiymətləndirilməyib. Bu gün bizim öhdəliyimiz onilliklər boyunca suda və quruda neft istehsalından qalan bütün o "miras"ı təmizləmək və həmçinin, qlobal ətraf mühitin mühafizəsi işinə öz töhfəmizi verməkdir. Buna görə də, baxmayaraq ki, neftimiz, qazımız və bazarlarımız var, biz indi bərpa olunan enerji sahələrinə sərmayə yatırırıq. Biz düşünürük ki, bu, bizim öhdəliyimizin bir hissəsidir. Biz su enerjisinə sərmayə yatırırıq. Biz keçən ildən başlayaraq, günəş və külək enerjisinə sərmayə qoymağa başlamışıq. Ona görə yox ki, bizim bu alternativ mənbələrə kəskin şəkildə ehtiyacımız vardır. Xeyr. Ona görə yox ki, bu, bizim enerji balansımızın əhəmiyyətli hissəsidir. Ona görə ki, biz buna keçmiş və gələcək nəsillərimiz qarşısında öhdəlik kimi yanaşdıq. Buna görə də, mən çox şadam ki, bu gün biz ekoloji mühafizə ilə bağlı məsələlərlə yanaşı, enerji təhlükəsizliyi, enerji ehtiyatlarını birlikdə müzakirə edirik. Azərbaycan öz rolunu oynamağa, enerji təhlükəsizliyini təmin etməyə, şaxələndirməyə və təbiətimizi mühafizə etməyə hazırdır".
"Cahilin sualı" və aldığı tutarlı cavab
Konfrans zamanı cahil bir iştirakçı tərəfindən məntiqsiz tərzdə verilən suala möhtərəm Prezidentin iqtisadi göstəricilərə istinad edərək verdiyi cavab siyasi-analitik cəhətdən yerində bir cavab oldu. Məhz dövlət başçımızın da ifadə etdiyi kimi, ilkin olaraq, zaldakı iştirakçıların suala qarşı göstərdikləri mənfi reaksiyalar məşhur bir ərəb atalar sözündə deyildiyi kimi, "cahilə cavab verməməyin özü də bir cavabdır" kəlamına müvafiq idi. Digər tərəfdən möhtərəm Prezidentin Misir ilə Azərbaycanın müqayisə olunması fonunda verdiyi cavab da "Kimsə Azərbaycanda Misirdə baş verən hadisələr kimi nə isə görmək istəyirsə, sizi əmin edirəm ki, nəyisə arzu edib-etməməyinizdən asılı olmayaraq, bunu görməyəcəksiniz" Azərbaycanın inkişaf edən iqtisadi və siyasi gücünə paxıllıqla baxanlara verilən ən tutarlı cavablardan biridir. Belə ki, Prezident İlham Əliyevin həm öz məruzəsində, həm də suala verilən cavabda göstərdiyi arqumentlər Münhen Konfransında Azərbaycanın bir daha iqtisadi və siyasi gücünün qlobal arenada gün keçdikcə artdığını göstərməkdədir. Nəticədə Münhen Konfransı Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar və uzaqgörən, məqsəqyönlü xarici siyasət kursunun funksional və praqmatik olduğunu bir daha göstərdi.
Rəşad İlyasov,
fəlsəfə doktoru