Prezident İlham Əliyev: "Azərbaycanın uğurlu siyasəti, müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, etibarlı tərəfdaş kimi özümüzü təqdimetmə imkanlarımızı genişləndirir..."
Tarixə nəzər saldıqda, müxtəlif sivilizasiyalararası əlaqənin sintez yönlü təzahür formalarına rast gəlirik. Məşhur ərəbşünas alimimiz professor Aida İmanquliyeva bu sintez məsələsinə toxunaraq, Əndəlisdə yaranan ədəbiyyatın Qərbi Avropa və Şərq arasında vasitəçilikdə oynadığı rolun böyük bir əhəmiyyətə malik olduğunu vurğulayır:
"Ərəblərin mənimsədikləri antik, Qədim Şərq və ərəb-müsəlman ənənələri Əndəlis vasitəsilə Avropaya yayılırdı". Sivilizasiyalararası belə əlaqələr dünya tarixində müəyyən dövrlərə aiddir. Azərbaycanın bugünkü coğrafi, geosiyasi və mədəni mövqeyi, Şərqlə Qərb arasında bütün istiqamətlərdə həyata keçirilən uğurlu əlaqələrin müvəffəqiyyətli sintezlərlə nəticələndiyini göstərməkdədir. Bu kontekstdə qeyd olunmalıdır ki, Azərbaycan Şərq və Qərb mədəniyyətlərini özündə birləşdirən zəngin mədəni irsə malikdir. Bu zəngin irsin qorunması üçün isə dövlətimiz bütün imkanları səfərbər etməkdədir. Məhz cənab Prezident İlham Əliyevin uğurlu iqtisadi-siyasi kursu və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın mədəniyyət diplomatiyası strateji xətti sayəsində Azərbaycan Şərqlə Qərbin tarix boyunca əldə etdiyi nailiyyətlərindən istifadə edərək özünü müasir sivilizasiya nümunəsi kimi formalaşdırmaqdadır. Məhz Azərbaycanda bütün istiqamətlərdə aparılan islahatlar və yeniliklər də bunu arqumentlərlə sübut edir. Azərbaycan Prezidenti İlham Əliyev bütün çıxışlarında və əməli siyasi fəaliyyətində Azərbaycanın iqtisadi gücünün qlobal arenada müsbət şəkildə əks olunmasına, qlobal iqtisadi və siyasi güc balansından istifadə edərək lokal, yəni milli dəyərlərin inkişaf etdirilməsinə çalışmaqdadır. Məhz Prezident İlham Əliyevə görə qlobal inteqrasiya kontekstində coğrafi mövqe baxımından Azərbaycan İpək Yolunun üstündə Avropa ilə Asiyanın kəsişməsində çox əlverişli məkanda yerləşir. Belə ki, bu yaxınlarda Davosda Dünya İqtisadi Forumunda və Münhen Təhlükəsizlik Konfransında möhtərəm Prezident qlobal inteqrasiya prosesində Azərbaycanın geopolitik mövqeyinə işarə edərək ölkəmizin keçdiyi tarixi inkişaf yolundan, müstəqillik bərpa ediləndən sonra Azərbaycan xalqının öz sərvətlərinə sahib olmasından və 20 il ərzində Azərbaycanda əsasən enerji ehtiyatlarının səmərəli istifadəsi sayəsində şaxələndirilmiş iqtisadiyyata malik bir ölkəyə çevrilməsindən bəhs etmişdir. Məhz qlobal siyasi kurs nəticəsində 1990-cı illərin ortalarından etibarən ölkəmizin təşəbbüsü ilə həyata keçirilən layihələr, faktiki olaraq, Qafqaz və Xəzər regionları və Avropanın da enerji xəritəsini dəyişmişdir.
Uğurlu siyasi kurs Şərqlə Qərbin sintezinə istinad edir
Cənab Prezident İlham Əliyevin siyasi kursunu təhlil etdikdə qarşımıza çıxan əsas nəticələrdən biri də Azərbaycanın coğrafi, geopolitik və mədəni cəhətdən Şərqlə Qərb dəyərlərinin sintezi istiqamətində əldə etdiyi inkişafdır. Əlbəttə ki, bu siyasi kursun əsasları Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Məhz sivilizasiyalararası əlaqələrin gücləndiyi və inkişaf etdiyi tarixi zaman kəsiyində yaşadığımızı dünyada gedən qlobal proseslərdən anlamaq mümkündür. Belə bir zamanda dövlət başçımızın həyata keçirdiyi xarici və daxili siyasət də onun müasir dövrdə tarixi gedişatı dərindən anladığını və Azərbaycan üçün müəyyənedici qərarlar verdiyini göstərməkdədir. Məhz belə bir nəticəyə cənab Prezidentin Münhen Konfransındakı enerji təhlükəsizliyi barəsindəki nitqinin bir hissəsinə nəzər yetirməklə gəlmək olar: "Biz şaxələndirmə və enerji təhlükəsizliyi ilə bağlı çox danışırıq. Bu iki məsələ bir-biri ilə birbaşa bağlıdır. Amma biz avropalı istehlakçılar üçün şaxələndirmə və enerji təhlükəsizliyindən bəhs edəndə, mən belə düşünürəm ki, ilk növbədə, eyni mənbəli marşrutların şaxələndirilməsindən daha çox mənbələrin şaxələndirilməsindən danışmalıyıq. Baxmayaraq ki, marşrutların şaxələndirilməsi də əhəmiyyətlidir. Belə ki, Azərbaycan avropalı istehlakçılar üçün yeni mənbədir, böyük mənbədir, yaxındır, dostdur. Əgər biz, güclü "Cənub" dəhlizinin inşasında planlarımızın həyata keçirilməsinə müvəffəq olsaq, gələcək onilliklərdə enerji sahəsində çox məhsuldar və qarşılıqlı faydalı əməkdaşlıq mərhələsinə daxil olacağıq. Buna görə də, enerji təhlükəsizliyi artıq milli təhlükəsizliyin önəmli bir məsələsinə çevrilib. Biz istehsalçı kimi bunu başa düşürük və istəyirik ki, bütün tərəfdaşlarımız da məsələyə bu cür yanaşsınlar. Enerji təhlükəsizliyi və proqnozlaşdırma olmadan heç bir ölkə gələcək inkişafı ilə bağlı planlar qura bilməz. Biz, xüsusilə də, Fukusimadakı elektrik stansiyasında baş verən faciədən sonra müxtəlif enerji mənbələrinə münasibətdə dəyişikliklər və yanaşmalar haqqında bilirik. Beləliklə, tam aydındır ki, təbii qaza tələbat artacaqdır".
Digər tərəfdən siyasi arenada "Şərq tərəfdaşlığı" proqramının 2009-cu ildə təsis olunması ilə Avropa Birliyi və 6 tərəfdaş ölkə - Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Belarus ilə münasibətlərin gücləndirilməsi də yuxarıda qeyd olunan sivilizasiyalararası əlaqələrin gücləndirilməsi çərçivəsində başa düşülməlidir . Bu təşəbbüs demokratiya, qanunun aliliyi, insan hüquqlarına və əsas azadlıqlara hörmət, bazar iqtisadiyyatı və davamlı inkişaf kimi ümumi dəyərlərə əsaslanır. Tərəfdaş ölkələrin hər birinə siyasi və iqtisadi islahatların aparılmasına dair konkret planlar da təqdim olunub. Nəticədə Azərbaycanda "Şərq tərəfdaşlığı" proqramı daxilində bir sıra tədbirlər keçirilmişdir.
Azərbaycanın qlobal siyasi arenada artan nüfuzunun 2011-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi ilə birbaşa əlaqəsi vardır. Möhtərəm Prezidentin də ifadə etdiyi kimi bu böyük siyasi qələbədir və bu qələbə müstəqilliyimizin 20 illik yubileyinə təsadüf etmişdir: "Bu da rəmzi xarakter daşıyır. 20 il ərzində Azərbaycan dünya xəritəsində nəinki özünə layiq yerini tuta bilmişdir, dünya birliyinin mütləq əksəriyyətinin rəğbətini, hörmətini, inamını qazana bilmişdir. Əks təqdirdə heç vaxt 155 ölkə Azərbaycanın namizədliyini dəstəkləməzdi. 155 ölkənin etimadını, inamını qazanmaq çox çətin və eyni zamanda, məsuliyyətli işdir. Azərbaycanın uğurlu siyasəti, müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, etibarlı tərəfdaş kimi özümüzü təqdimetmə imkanlarımız bax, bu vəziyyətə gətirib çıxarmışdır. Biz bu qələbəni rəqabət şəraitində əldə edə bilmişik və növbəti iki il ərzində dünyanın bir nömrəli, ən mötəbər təşkilatında üzv kimi öz prinsipial mövqeyimizi göstərəcəyik. Mən bu barədə artıq demişəm, bir daha demək istəyirəm ki, biz bu qurumda, ilk növbədə, ədaləti müdafiə edəcəyik. Buna böyük ehtiyac vardır. Ədalət bəzi hallarda pozulur, beynəlxalq hüquq normalarına hörmətsizlik edilir, onlara riayət edilmir. Azərbaycan öz imkanları daxilində ədaləti və beynəlxalq hüququ bu mötəbər təşkilatda müdafiə edəcək, əlbəttə ki, bizim üçün ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini də daim gündəlikdə saxlayacaqdır. Bir daha demək istəyirəm ki, BMT Təhlükəsizlik Şurasına üzv olmağımız bizim tarixi qələbəmizdir. Biz haqlı olaraq fəxr edirik ki, bu qələbəyə nail ola bilmişik. Eyni zamanda, bu qələbə bizim məsuliyyətimizi də artırır və biz bu məsuliyyətə hazırıq. Qarşı tərəf də bunu bilir. Ona görə də bizdə olan məlumata görə, qarşı tərəfdə - Ermənistanda Azərbaycanın hərbi imkanları ilə əlaqədar böyük təlaş və təşviş vardır. Biz bu məlumatları müxtəlif mənbələrdən alırıq və bizim imkanlarımıza cavab vermək üçün onların heç bir imkanı yoxdur. Necə ki, BMT Təhlükəsizlik Şurasına seçkilərdə onlar döyüş meydanından qaçmışlar. Çünki bilirsiniz ki, vaxtilə, yəni əvvəlki dövrdə Ermənistan da orada namizəd idi. Sonra sakitcə oradan çəkildilər. Çünki bilirdilər ki, Azərbaycanla mübarizə apara bilməyəcəklər. Eləcə də biz əsil döyüş meydanından da onların qaçmalarını dəfələrlə görmüşük. Onlara aid olmayan torpaqlardan öz xoşları ilə çıxsınlar və beləliklə, sülh bərpa oluna bilər".
Əlbəttə ki, qəzet məqaləsi çərçivəsində möhtərəm Prezident İlham Əliyevin siyasi kursunu Şərqlə Qərb arasındakı sivilizasiyalararası əlaqələr və sintezlər kontekstində ciddi şəkildə təhlil etmək qeyri-mümkündür. Bütün bunlar bir neçə cildli kitab çərçivəsində analiz olunmalıdır. Mən buradakı yazı çərçivəsində daha çox qeyd olunan əlaqələr və əldə edilən sintezli nəticələr baxımından bəzi məqamlara işarə etmək istədim. Bu məqamlar son dərəcə önəmli və hal-hazırda siyasi kursun inkişafı aspektində aktuallıqlarını mühafizə edir.
Yeri gəmişkən, Heydər Əliyev Fondu Şərqlə Qərbin sivilizasiyalararası dialoqu fonunda mədəniyyət diplomatiyasına və mədəniyyətlərarası dialoqa töhfələr verən və Qafqazda və keçmiş sovet məkanında analoqu olmayan uğurlu layihələr həyata keçirməkdədir. Beləliklə, Heydər Əliyev Fondunun simasında Azərbaycanın mədəniyyət diplomatiyası təşkilatlanmış formada həyata keçirilməyə başlamışdır. Heydər Əliyev Fondunun əsas məqsədlərindən biri görkəmli siyasi xadimin irsinin və ideyalarının öyrənilməsi və təbliğidir. Əslində, bu məqsədi həyat keçirməklə Heydər Əliyev Fondu mədəniyyət diplomatiyası sahəsinə novatorluq etmiş olur: xalqın mədəni və mənəvi dəyərlərini özündə təcəssüm etdirən bir şəxsiyyəti təbliğ etməklə, əslində, bütünlükdə Azərbaycan xalqının dəyərlərini təbliğ edir. Çünki Heydər Əliyev elə bir şəxsiyyətdir ki, Azərbaycan xalqının bütün mədəni dəyərlərini öz şəxsiyyətində və fəaliyyətində əks etdirir, başqa sözlə, Heydər Əliyev Azərbaycan xalqının həm də mədəniyyət və mənəvi dəyərlərinin təcəssümüdür. Buna görə də Heydər Əliyev şəxsiyyətini təbliğ etmək həm də Azərbaycan mədəniyyətini təbliğ etmək, onu dünyada tanıtdırmaq və beləliklə, xalqın ölməz Ümummilli Liderinə olan beynəlxalq rəğbət və ehtiramdan ölkənin dünya birliyinə inteqrasiyasında və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında bəhrələnmək deməkdir. Bu fəaliyyətlər özü-özlüyündə sivilizasiyalararası dialoqun qurulmasında və inkişaf etdirilməsində çox əhəmiyyətli addımlardandır. Məhz son illərdə Bakıda keçirilən mədəniyyətlərarası dialoq forumu, dinlərarası dialoq konfransı, Bakı Beynəlxalq Forumu və s. beynəlxalq miqyaslı tədbirlər həyata keçirilən siyasi kursun yüksək səviyyədə əsaslandırılmış dünya görüşünün nəticəsi olduğunu göstərməkdədir. Əminik ki, möhtərəm Prezidentin yürütdüyü bu uğurlu siyasi kurs nəticəsində Azərbaycan, Şərqlə Qərb arasındakı əlaqələrin güclənməsi və inkişaf etməsi nəticəsində öz uğurlu sivilizasiya anlayışını model olaraq dünyaya təqdim edir və edəcəkdir.
Rəşad İlyasov,
fəlsəfə doktoru