Bildiyimiz kimi, Almaniyada işgüzar səfərdə olan Prezident İlham Əliyev fevralın 3-də 48-ci Münhen Təhlükəsizlik Konfransının əsas tədbirlərindən olan "Enerji, ehtiyatlar və ətraf mühit: yeni təhlükəsizlik parametrləri" mövzusunda müzakirələrdə iştirak edib və orada əsas mühazirəçi kimi təqdim olunub. Belə ki, Prezident İlham Əliyev tədbir təşkilatçılarına və iştirakçılarına Azərbaycanın zəngin tarixi, irsi və müstəqillik dövründəki əsrarəngiz inkişafı barədə geniş və müfəssəl məlumatlar verib.
AZƏRBAYCANIN HƏYATA KEÇİRDİYİ LAYİHƏLƏR AVROPANIN ENERJİ XƏRİTƏSİNİ
DƏYİŞMƏKDƏDİR
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan müstəqil olduğu 20 il ərzində əsasən enerji ehtiyatlarının səmərəli istifadəsi sayəsində iqtisadiyyatı şaxələndirilmiş ölkəyə çevrilib: "1990-cı illərin ortalarında ölkəmizin təşəbbüsü ilə həyata keçirilən layihələr, faktiki olaraq, Qafqaz və Xəzər regionlarının enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişdi və Avropanın da enerji xəritəsini dəyişməkdədir".
Məhz bu mövzu ətrafında maraqlı və faktlara söykənən mülahizələr irəli sürən Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan indi həm də nəhəng qaz ehtiyatlarına malik ölkə kimi tanınır: " Bizim 1 trilyon kubmetrdən çox qaz ehtiyatı olan "Şahdəniz" yatağı dünyada ən böyük yataqlardan biridir. 2010-cu ildə və ötən il kəşf edilən yeni qaz yataqları Azərbaycanın qaz ehtiyatlarının 2,5 trilyon kubmetrdən çox olduğunu sübut edib. Aydındır ki, bu ehtiyatlar həm bizim, həm də tərəfdaşlarımız və istehlakçılarımız üçün yetərincə olacaq".
SİYASİ SAVADSIZLARA VERİLƏCƏK ƏN MÜKƏMMƏL DƏRS
Sirr deyil ki, bir sıra dövlətlərdə fəaliyyət göstərən bəzi siyasi dairələr Azərbaycanın apardığı uğurlu islahatlara, eləcə də, əsrarəngiz və davamlı tərəqqiyə fərqli münasibətlər bəsləməyə cəhdlər göstərirlər. Daha dəqiq desək, bu inkişafı həzm edə bilmirlər. Bu səbəbdən də, zaman-zaman həmin siyasi dairələrə işləyən sözdə demokratik media qurum və təmsilçiləri əldə edilmiş ölkə nailiyyətlərinə hər vəchlə mane olmağa çalışırlar. Belə ki, tədbir iştirakçılarından biri "Mən hiss edirəm ki, bizim sərmayə yatıra biləcəyimiz ölkələrdə siyasi vəziyyət və coğrafi dəhlizlə bağlı bir az çox danışırıq. Buna görə də mən sualımı birbaşa cənab Dikmana ünvanlamaq istəyirəm. Çünki gələcək biznes risqlərini müəyyən etmək və onun üzərində işləmək sizin səlahiyyətiniz çərçivəsindədir. Mən sizdən soruşmaq istərdim ki, bir il əvvəl Misir və Tunisdə baş verən iğtişaşların şahidi olduq. Sizin bu bir il ərzində enerji ilə zəngin ölkələrdə siyasi vəziyyətlə bağlı risqlərin qiymətləndirilməsindəki fəaliyyətinizdə dəyişiklik varmı? Misir kimi ölkələrin təcrübəsindən misal gətirərək, - burada Azərbaycan Prezidenti də iştirak edir - öz siyasi strukturuna görə Mübarəkin devrilməsindən əvvəlki Misirə çox bənzəyən Azərbaycan kimi ölkəyə sərmayə yatıracaqsınızmı?" deyə qərəzli və heç bir əsaslara söykənməyən savadsız sual edib.
Məhz həmin qərəzli suala cavab olaraq Azərbaycan Prezidenti İlham Əliyev qətiyyətlə vurğulayıb: "Mən, faktiki olaraq, Azərbaycandakı vəziyyəti Misirdəki vəziyyət kimi təqdim etməyə cəhd olunan suala şərh vermək istərdim. Düşünürəm ki, bu qəribə suala ən yaxşı cavab iştirakçıların reaksiyası oldu. Mən bayaqkı şəxsin savadından irəli gələrək, bilmədiyi bir neçə göstəricini diqqətə çatdırmaq istəyirəm. Mənim 8 illik prezidentlik dövrümdə Azərbaycanda ümumi daxili məhsul 3 dəfə - 300 faiz artıb. Yoxsulluğun səviyyəsi 50 faizdən 7,6 faizə enib. İnflyasiyanın səviyyəsi 5,4 faiz təşkil edir. Son 8 il ərzində 1 milyondan artıq iş yeri yaradılıb. Xarici borc bizim ümumi daxili məhsulumuzun 6 faizini təşkil edir. İqtisadiyyatın şaxələnməsi sabitdir. Siyasi vəziyyət sabitdir. Bizim çoxpartiyalı sistemimiz vardır. Bizim parlamentdə təmsil olunan 10-dan çox partiyamız vardır. Bizim azad mətbuatımız vardır. Bizdə söz azadlığı vardır. Bizdə din azadlığı vardır. Nəhayət, bizdə azad internet vardır. Qeyd etmək istərdim ki, bizim regionda heç də bütün ölkələrdə azad internet yoxdur. Azərbaycanda internet istifadəçilərinin sayı 50 faizdən artıqdır və bu rəqəm artmaqdadır.
Azərbaycanda müasir, sabit cəmiyyət vardır. Kimsə Azərbaycanda Misirdə baş verən hadisələr kimi nə isə görmək istəyirsə, sizi əmin edirəm ki, nəyisə arzu edib-etməməyinizdən asılı olmayaraq, bunu görməyəcəksiniz".
RÖVŞƏN NURƏDDİNOĞLU