Azərbaycanın bugünkü coğrafi, geosiyasi və mədəni mövqeyi, Şərqlə Qərb arasında bütün istiqamətlərdə həyata keçirilən uğurlu əlaqələrin müvəffəqiyyətli sintezlərlə nəticələndiyini göstərməkdədir. Bu kontekstdə qeyd olunmalıdır ki, Azərbaycan Şərq və Qərb mədəniyyətlərini özündə birləşdirən zəngin mədəni irsə malikdir. Məhz bu istiqamət qardaş ölkə olan Türkiyə Respublikası ilə olan əlaqələrimizdə də öz əksini tapır. Gündən-günə artan iqtisadi-siyasi əlaqələrimiz regionda nüfuzlu və güclü dövlətlərə çevrilməyimizi zəruri hala gətirməkdədir.
Ümummilli Lider Heydər Əliyevin yuxarıda qeyd olunan kəlamı belə bir strateji xəttin həyata keçirilməsinin vacibliyinə işarə edir. Digər tərəfdən Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün " Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir" kəlamı strateji xəttin və qardaşlığın əsasını təşkil edən sütunlardandır. Məhz cənab Prezident İlham Əliyevin uğurlu iqtisadi-siyasi kursu və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın mədəniyyət diplomatiyası qeyd olunan bu strateji xəttin inkişaf etdirilməsinə böyük töhfələr verir. Belə bir kontekstdə dövlət başçımızın həyata keçirdiyi xarici və daxili siyasət də onun müasir dövrdə tarixi gedişatı dərindən anladığını və Türkiyə-Azərbaycan əlaqələrinin inkişafı üçün müəyyənedici qərarlar verdiyini göstərməkdədir.
Qlobal inteqrasiya prosesində müasir dünyada beynəlxalq münasibətlərin həyata keçirilməsi ilə bağlı iki aparıcı yanaşma tərzi mövcuddur: "sərt güc"(hard power) və "yumşaq güc"(soft power). Politoloq-alim Josef Nye "sərt güc" və "yumşaq gücü" bir-birindən belə fərqləndirir: "yumşaq güc mədəniyyət, dəyərlər və ideyalar vasitəsilə yola gətirmək qabiliyyətidir, sərt güc isə hərbi qüvvə vasitəsi ilə fəth etmək və ya məcbur etməkdir. Məhz Türkiyə-Azərbaycan əlaqələri də beynəlxalq münasibətlərdə istifadə olunan bu istiqamətə müvafiq olaraq uğurla həyata keçirilir. Belə ki, Türkiyə və Azərbaycan region və dünyada sülhün əldə olunması, beynəlxalq terrorizmə qarşı və mədəniyyət diplomatiyasının uğurla tətbiq olunma sahəsində "sərt güc" (hard power) və "yumşaq güc" (soft power) çərçivəsində müvəffəqiyyətli nəticələr əldə edirlər. Məhz Azərbaycan ilə olan əlaqələri baxımından da, qeyd etməliyəm ki, Türkiyənin dünya miqyasında güclü bir siyasi nüfuza malik olma istəyinin siyasi-strateji təhlili hal-hazırda Türkiyə xarici işlər naziri olan prof. Əhməd Davudoğlunun "Strateji Dərinlik" adlı kitabında öz əksini təfərrüatı bir şəkildə tapmışdır.
Güclü iqtisadiyyat, qüdrətli dövlətin təminatıdır
Ümummilli Lider Heydər Əliyev tərəfindən Türkiyə-Azərbaycan münasibətləri sahəsində atılan təməllər Prezident İlham Əliyev siyasi kursu nəticəsində də uğurla inkişaf etdirilir. Belə ki, Türkiyə və Azərbaycan arasında iqtisadi və siyasi əlaqələrin gücləndirilməsi Qafqaz bölgəsində sabitliyin təmin edilməsinə yönəldilərək, düşünülmüş siyasətin bir parçasıdır. Məhz bu istiqamət üzrə Türkiyə və Azərbaycan arasında iqtisadi göstəricilərin əsaslandığı investisiyalar günü-gündən daha da artmaqdadır. Belə bir nəticəyə dövlət başçımızın yüksək analitik təhlillərlə "Petkim" şirkətinin "Star" neft emalı zavodunun, Heydər Əliyev adına Peşə Təhsili Liseyinin təməlqoyma, AYPE-T zavodunun açılış mərasimlərində iştirak edərək söylədiyi nitqini sitat gətirərək, əsaslandıraq bilərik:" Cəmi 5 il bundan əvvəl əziz qardaşım, hörmətli Baş nazir Rəcəb Tayyib Ərdoğanla bərabər Ceyhanda Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismara verilməsini qeyd edirdik. Bu, böyük tarixi bir nailiyyət, böyük, gözəl bir mərasim idi. Aralıq dənizinin kənarında gözəl mərasim idi. Bu gün Bakı-Tbilisi-Ceyhan neft kəməri, demək olar ki, tam gücü ilə işləyir və xalqlarımızı daha da birləşdirir. Ondan bir il sonra - 2007-ci ilin əvvəlində əziz qardaşım Tayyib Ərdoğanla bərabər Gürcüstanda Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə bağlı sənədlərə qol çəkdik. O layihə də indi uğurla icra edilir və ümid edirəm ki, yaxın zamanlarda, bir ildən sonra biz yeni gözəl mərasimdə iştirak edəcəyik.
2007-ci ildə, əziz qardaşım dediyi kimi, Bakı-Ərzurum qaz kəməri istismara verildi. Bu kəmərin istismara verilməsi ilə qardaş ölkədən - Azərbaycandan Türkiyəyə, ilk dəfə olaraq, təbii qazın nəqlinə nail olduq. Əminəm ki, növbəti illərdə biz bu qazın həcmini də böyük dərəcədə artıracağıq.
2008-ci ildə SOCAR TURKAS ilə bərabər "Petkim"in alınması üçün müraciət etmişdir. Mən çox şadam və bir daha əziz qardaşıma minnətdaram ki, müraciətimizə çox müsbət reaksiya verildi, müsbət baxıldı və SOCAR-ın burada gələcək investisiyasının qoyuluşu üçün imkanlar yarandı. Bu gün - 2011-ci ildə biz yeni layihənin başlanğıcındayıq. Yəni, bu qısa tarixçə özlüyündə bir göstəricidir. Güclü siyasi iradə, ölkələrin arasında səmimi münasibətlər olduğu halda, biz bütün məsələləri həll edə bilərik. Biz doğrudan da, dünya çapında çox böyük və önəmli layihələri icra edirik. Bu layihələrin icrası, ilk növbədə, dostluğumuza, qardaşlığımıza söykənir. Bizim bütün uğurlarımızın təməlində dostluğumuz və qardaşlığımızdır ".
Azərbaycan ilə Türkiyə arasında güclü iqtisadi əlaqəni və eyni zamanda, Azərbaycan iqtisadiyyatının artan gücünü göstərməsi baxımından SOCAR-Turcas birgə müəssisəsinin icraçı direktoru və Petkim neft-kimya kompleksinin idarəedici direktoru Kənan Yavuzun sözlərinə görə, Azərbaycan ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) simasında Türkiyədə investisiyaların həcminə müvafiq olaraq birinci yeri tutur və bu artan xətt üzrə də inkişaf etməkdədir.
Yeri gəlmişkən qeyd olunmalıdır ki, yaxın zamanlarda siyasi, hərbi, iqtisadi münasibətlərin gələcək inkişafı Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin rəhbərlik etdiyi Strateji Əməkdaşlıq Şurasının iclasında yenidən müzakirə olunacaqdır.
Digər tərəfdən, bir neçə gün əvvəl Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Nejdət Özəlin ölkəmizə səfəri çərçivəsində Cənab İlham Əliyev və bir sıra səlahiyyətli şəxslərlə görüşməsi Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyinin bariz nümunəsidir.
"Qondarma Soyqırımı" və təhlükəli ssenarilərə qarşı yekdil olmaq
Fransa Senatı tərəfindən bu qanun layihəsinin qəbul edilməsi ilkin olaraq tarix elmi baxımından ciddi mübahisələrə səbəb olan bir mövzu olaraq bilinir. Mövzu ilə bağlı tarixçilər arasında kifayət qədər yekdil bir görüşün olmamasına baxmayaraq, Fransa Senatının bu tarixi məsələni həqiqət kimi qanun şəkilində qəbul etməsi elmi meyar və paradiqmaya uyğun gəlmir. Məhz Fransa kimi intellektual və elmi səviyyəsi güclü olan bir ölkə parlamentinin belə bir tarixi mövzuda məhkəmə hökmü mahiyyətində qərar verməsi qeyri- ciddi və irrasional siyasi düşüncənin məhsuludur. Bu kontekstdə həm Azərbaycan dövləti, həm də ictimaiyyət hər zaman Türkiyənin belə ssenarilərlə ləkələnməsinə mənfi reaksiyalar verməkdədir. Bu mövzu ilə bağlı və ümumiyyətlə, Türkiyə-Azərbaycan əlaqələrinin bütün istiqamətlər üzrə inkişaf etməsinə dair yüksək səviyyəli rakursdan qiymətləndirilməsini cənab Prezident İlham Əliyevin İzmirdə "Star" neft emalı zavodunun təməlinin qoyuluşunda ifadə etdiyi sözlərə istinadən verə bilərik: "Hər zaman olduğu kimi, bu gün də Azərbaycan Türkiyənin yanındadır, Azərbaycan xalqı türk xalqının yanındadır. Biz yaxşı günlərdə də, pis günlərdə də daim bir yerdəyik. Çünki birliyimiz həm bugünkü əlaqələrimizi gücləndirir, həm də tarixi əsaslara söykənir. Əsrlər boyu xalqlarımız bir yerdə olmuşlar. Biz bir dildə danışırıq. Biz bir millətə mənsubuq və bu gün Azərbaycan müstəqilliyinin 20 illiyini qeyd edərkən yenə də öz yanında Türkiyəni görür. Bəlkə də dünyada ikinci belə ölkələr yoxdur ki, bir-birinə bu qədər bağlı, bu qədər yaxın olsunlar. Xoşbəxtliyimiz ondan ibarətdir ki, biz tarixi ədalətə, keçmişimizə, əcdadlarımızın vəsiyyətlərinə sadiqik".
Fransa parlamentinin "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunu qəbul etməsi Azərbaycanda da böyük rezonans doğurmuşdur. Həm siyasətçilər, həm də ictimaiyyət belə bir qanunun qəbul olunmasını birmənalı şəkildə rədd edir. Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov belə bir qanunun qəbul olunmasının "düşüncə və söz azadlığına ciddi zərbə vurduğunu və müasir Fransa tarixində qara bir ləkə" olduğunu bildirmişdir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov da Azərbaycanın Türkiyə ilə dost deyil, qardaşlıq münasibətində olduğunu qeyd edərək, "İstənilən qüvvə bilməlidir ki, Azərbaycan və Türkiyə hər zaman gücü bir yerə vuracaq" demişdir.
Son günlərdə isə Azərbaycan Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva Fransa-Qafqaz dostluq qrupunun sədr müavini, Fransa-Azərbaycan işçi qrupunun rəhbəri, Fransa Senatında Mərkəzçi və Respublikaçı Birlik siyasi qrupunun üzvü, senator xanım Natali Qulenin başçılıq etdiyi parlament nümayəndə heyətini qəbul edərək, Fransa Senatında müzakirə olunan bu qanunu tarixi təhrif edən, demokratiyaya, söz azadlığına zidd olan, yalan və saxta məlumatlara əsaslanan təşəbbüs kimi dəyərləndirərək onun qüvvəyə minməyəcəyinə ümüdvar olduğunu bildirmələri də Türkiyə və Azərbaycan əlaqələri baxımından yekdil birliyimiz adına atılan ən böyük addımlardan biridir.
Rəşad İlyasov,
fəlsəfə doktoru