Dövlətin ictimai müqavilədən irəli gələrək öz üzərinə götürdüyü ən mühüm funksiyalardan biri də pensiya təminatıdır. Pensiya sistemi özü-özlüyündə bir çox əhəmiyyətli funksiyanı yerinə yetirir. Bunun birincisi cəmiyyətin yaşlı nəslinin sosial statusunun təmin edilməsidir. İkincisi, cəmiyyətin layiqli həyat səviyyəsinin təmin olunmasına dəstək göstərilməsidir. Pensiya sistemi, eyni zamanda, cəmiyyətdə vətəndaş həmrəyliyini möhkəmləndirən əhəmiyyətli vasitələrdən biridir.
NÖVBƏTİ ƏHƏMİYYƏTLİ SƏRƏNCAM
2012-ci il fevralın 8-də Prezident İlham Əliyev tərəfindən imzalanmış "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında" Sərəncamı da bu deyilənləri təsdiq edən əhəmiyyətli amillərdəndir.
Belə ki, ölkəmizdə 20 il ərzində dayanıqlı pensiya sistemi formalaşıb. Bu yaşlı əhalinin layiqli həyat səviyyəsinin və sosial statusunun təmin edilməsinə özünün töhfəsini verir. Bununla yanaşı, həyatımızın inkişafından irəli gələrək, bütün sahələrdə islahatların həyata keçirilməsinə ciddi ehtiyacların yarandığı kimi sosial müdafiə və pensiya sistemində də çox ciddi dəyişikliklərin aparılmasına zərurət duyulur. Bu gün dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında uğurlu islahatlar həyata keçirilir. Bu islahatlar bu günədək pensiya sistemində həyata keçirilən dəyişikliklərin yeni mərhələsini özündə ehtiva edir.
Bütün sahələrdə olduğu kimi, sığorta-pensiya sistemində də həyata keçirilən islahatlar heç də ayrı-ayrılıqda atılan addımlar xarakteri daşımır. Bunlar kompleks şəkildə aparılır. Ulu Öndər Heydər Əliyevin bu tezisi dövlətimizin siyasətinin əsasında dayanır - "Dövlətimizin siyasəti iqtisadiyyatı inkişaf etdirməklə yanaşı, birinci növbədə, sosial problemləri həll etməkdən ibarətdir." İqtisadi siyasətin yaratdığı baza əsasında uğurlu sosial siyasət həyata keçirilir. Prezident İlham Əliyev bildirmişdir: "Son illər ərzində maaşlar və pensiyalar bir neçə dəfə artırılmışdır. Bu da, onu göstərir ki, Azərbaycan özünü dünyaya sosial dövlət kimi təqdim edir. Bizim siyasətimiz məhz bundan ibarətdir."
TƏMƏLİ ULU ÖNDƏR HEYDƏR ƏLİYEV TƏRƏFİNDƏN QOYULMUŞ PENSİYA İSLAHATLARI
Xatırlatmaq yerinə düşərdi ki, islahatlar 2001-ci ilin 17 iyulunda Ulu Öndər Heydər Əliyev tərəfindən "Azərbaycan Respublikasında pensiya islahatları konsepsiyası"nın təsdiq olunması ilə başladı. O zaman Ümummilli Lider Heydər Əliyev bildirirdi ki, bizdə bu prosesə bəlkə də digər respublikalardan gec başlanılıb: "Amma bunun özünün xüsusi mənası var. Çünki biz heç də bu islahatları pərakəndə şəkildə, heç bir iqtisadi bazaya əsaslanmadan apara bilməzdik. İlk növbədə, bu islahatların həyata keçirilməsi üçün iqtisadi baza yaradılmalı idi. Məhz buna görə də, 2001-ci ildə bu konsepsiyanın təsdiq olunması ilə həmin prosesə start verildi".
Prezident İlham Əliyevin 2008-ci il 30 dekabr tarixli Sərəncamı ilə təsdiqlənən "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"nda da ötən dövr ərzində sığorta-pensiya sistemində aparılan islahatlar və onların uğurlu nəticələri öz əksini tapıb. Vətəndaşların pensiya təminatının qabaqcıl beynəlxalq təcrübə əsasında yenidən qurulması ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin strateji istiqamətlərindəndir. Məhz ötən dövrdə sığorta-pensiya sisteminin müasir standartlara uyğunlaşdırılması istiqamətində zəruri addımlar atılmış, vətəndaşların pensiya təminatında sığorta prinsiplərinin tətbiqinə istiqamətlənmiş tədbirlər həyata keçirilmişdir. Sığorta-pensiya və sosial yardım sistemlərinin biri-birindən ayrılması və ödənilən sosial sığorta haqları ilə təyin olunan pensiya məbləğlərinin əlaqələndirilməsi bu tədbirlərin başlıca istiqamətini təşkil edir.
UĞURLU ÜÇPİLLƏLİ STRUKTUR
2006-cı ildən etibarən ölkəmizdə yeni, beynəlxalq təcrübədə özünü doğrultmuş üçpilləli struktura (baza, sığorta və yığım hissələrindən ibarət) əsaslanan əmək pensiyaları sistemi fəaliyyətdədir. Artıq əldə olunmuş ilkin təcrübə yeni sistemin yüksək sosial səmərəliliyini göstərir. Yeni sistemin fəaliyyəti dövründə əmək pensiyalarının istər minimal məbləği, istərsə də orta aylıq məbləği əhəmiyyətli şəkildə artmışdır. Bütövlükdə, pensiyaların artım mexanizminin bazar iqtisadiyyatının tələblərinə uyğun şəkildə həyata keçirilməsi mövcud maliyyə imkanlarının pensiyaçılar arasında daha ədalətli bölgüsünə şərait yaratmışdır. Məcburi dövlət sosial sığortada fərdi uçot sistemi yaradılmış, vətəndaşların pensiya təminatının fərdi uçotun məlumatları əsasında aparılması həyata keçirilmiş və beləliklə də, pensiya təminatında sığorta prinsiplərinə keçid təmin edilmişdir. Həmçinin, bu dövrdə məcburi dövlət sosial sığortası sahəsində idarəetmə, sığortaolunanların fərdi uçotunun təşkili və pensiya təminatı məsələləri vahid pensiya qurumunda cəmləşdirilmiş və bu sahələrin mütərəqqi texnologiyalar əsasında təkmilləşdirilməsi və yenidən qurulması əməli həyata keçirilmişdir. Əmək pensiyalarının plastik kartlarla ödənilməsi sistemi müvəffəqiyyətlə tətbiq edilmişdir. Bütün bunlarla yanaşı, hazırda sığorta-pensiya sisteminin dayanıqlı və müstəqil inkişafına nail olunması, bu baxımdan əsas məqsəd və vəzifələrin, həyata keçiriləcək tədbirlərin müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.
KOMPLEKS HƏLLƏ YÖNƏLMİŞ DÖVLƏT PROQRAMLARI
"2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı" mövcud problemlərin kompleks həllinə yönəlmiş və dövlət başçısı İlham Əliyevin 2008-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nda müəyyən olunmuş strateji məqsəd, hədəf və göstəricilər nəzərə alınmaqla, ölkəmizdə sığorta-pensiya sistemində həyata keçirilən islahatların növbəti mərhələsini müəyyənləşdirir.
Dövlət Proqramının təsdiqlənməsindən sonra görülən işlərə diqqət yetirək. 2010-cu il yanvarın 1-dən yeni təyin olunan pensiyalar üzrə 2006-cı il yanvarın 1-dək qazanılmış pensiya hüquqlarının əmək stajı göstəricisinə əsasən müəyyənləşdirilməsi həyata keçirilməyə başladı. 2011-ci ildə yeni pensiya təyinatında tətbiq olunan əmək stajı göstəricisi əsasında hesablama qaydasının əvvəldə təyin olunmuş bütün pensiyaçılara şamil edilməsi barədə qanun qəbul edilib. Bununla da pensiya təyinatının sistemin bütün iştirakçıları üçün vahid prinsiplə aparılması təmin edilmiş oldu. Bu islahatların müsbət nəticələri göz qabağındadır.
Bu gün müstəqil dövlətimizin artan iqtisadi imkanları əhalinin sosial rifah halının yaxşılaşdırılmasına xidmət edən addımların miqyasının daha da genişləndirilməsinə stimul verir.
RƏFİQƏ KAMALQIZI