PDF Oxu

Siyasət

  • 6

DÖVLƏTİN ƏSAS VƏZİFƏLƏRİNDƏN BİRİ DƏ UŞAQLARA OLAN QAYĞIDIR

DÖVLƏTİN ƏSAS VƏZİFƏLƏRİNDƏN BİRİ DƏ UŞAQLARA OLAN QAYĞIDIR

Hər bir dövlətin əsas öhdəliklərindən biri də xalqın sağlam gələcəyini təmin etməkdən ibarətdir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də uğurla davam etdirilən sosial yönümlü siyasətin tərkib hissəsi olan uşaq hüquqlarının qorunması dövlətimizin rəhbərinin daim diqqət mərkəzindədir. Bu baxımdan, ölkəmizdə ənənəvi olaraq cəmiyyətin gələcəyi olan uşaqların sağlamlığına, təhsilinə və yaşayış şəraitinə xüsusi əhəmiyyət verilir.

Xüsusilə də, Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkədə qanunun aliliyinə əməl olunan demokratik, dünyəvi dövlətin qurulması, ümumbəşəri insan dəyərlərinə, insan hüquqlarına hörmət edilməsini prioritet məsələlər sırasında elan etməklə yanaşı, beynəlxalq müqavilələrə tərəfdaş çıxdı. 20 noyabr 1989-cu ildə qəbul edilmiş BMT-nin Uşaq Hüquqları Konvensiyası Azərbaycan Respublikasının müstəqillik əldə etdikdən sonra insan hüquqlarına dair qoşulduğu ilk beynəlxalq sənədlərdən biridir. Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə isə uşaqlara qayğı dövlət əhəmiyyətli bir işə çevrilərək, möhkəm hüquqi baza yaradılmış oldu. Ölkənin əsas qanununda, konstitusiyada nəzərdə tutulan uşaqların maraqları daha sonra, yəni 1998-ci ildə "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun qəbulu ilə milli qanunvericilikdə ayrıca olaraq öz rəsmi təsbitini tapdı.


Dövlət-uşaq siyasəti sahəsində əsaslı dəyişikliklər və yeniliklər


Ölkə Prezidenti İlham Əliyev cənablarının 22 dekabr 2008-ci il tarixli Sərəncamı ilə 2009-cu ilin ölkəmizdə "Uşaq ili" elan olunması və tədbirlər planının təsdiqlənməsi uşaqların inkişafı naminə yeni fəaliyyət istiqamətləri müəyyənləşdirmiş oldu. Məhz bunun nəticəsidir ki, ötən iki il dövlət uşaq siyasəti sahəsində əsaslı dəyişikliklər, yeniliklərlə yadda qaldı. Prezident İlham Əliyevin davamlı şəkildə uşaq müəssisələrinə ziyarət etməsi, Onun həmin ziyarətlər ərəfəsində körpələrə, uşaqlara diqqət və qayğı göstərməsi nəticəsində istər paytaxtda, istərsə də regionlarda yeni-yeni müəssisələrin açılması ilə nəticələnir. Ölkə rəhbərini tapşırıqlarına əsasən, demək olar ki, bütün bölgələrimizdə uşaq evləri, internatlar təməlli şəkildə təmir edilmiş, yeni müəssisələr tikilərək istifadəyə verilmişdir. Eyni zamanda, dövlət başçısı mütəmadi olaraq uşaq bağçaları və körpələr evlərinin müasir tələblərə uyğun şəkildə fəaliyyət göstərməsi ilə maraqlanır, tapşırıqlarını verir ki, bütün bunların nəticəsində həmin müəssisələr ən son müasir texnologiyalarla təchiz edilir.

Bu günlərdə ölkə Prezidenti İlham Əliyev Bakının Nərimanov və Suraxanı rayonlarında yerləşən körpələr evi-uşaq bağçalarının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub. Prezidentə məlumat verilərək bildirilib ki, Nərimanov rayonundakı 305 və Suraxanı rayonunun Əmircan qəsəbəsindəki 313 nömrəli körpələr evi-uşaq bağçasının əsaslı təmir və yenidənqurma işləri aparılıb. Qeyd edək ki, dövlət başçısının tapşırıqlarına əsasən, hər iki müəssisə qısa vaxt ərzində yüksək standartlara uyğun olaraq əsaslı şəkildə yenidən qurulub, müasir avadanlıq və mebel dəstləri ilə təmin edilib. Bu isə, bir daha onu deməyə əsas verir ki, ölkədə aparılan çoxşaxəli inkişaf amilləri özünü bu sahədə də yüksək səviyyədə göstərir.


Heydər Əliyev Fondunun dövlət-uşaq siyasətinə göstərdiyi dəstək


Bu sahədə Heydər Əliyev Fondu tərəfindən məktəblərin, uşaq evləri və bağçalarının inşası, onların yenidən müasir tələblərə uyğun şəkildə qurulması, həmçinin, digər sahələrdə də görülən işlər, gerçəkləşdirilən layihələr, proqramlar isə özünün uğurlu nəticələri ilə hamıda böyük sevinc və razılıqla qarşılanıb. Heydər Əliyev Fondunun sədri, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva uşaqlarla bağlı çoxsaylı layihələr həyata keçirib. Qeyd etmək lazımdır ki, ölkəmizdə uşaq hüquqlarının müdafiəsi təkcə müvafiq qanunvericilik aktlarının qəbul edilməsi ilə yekunlaşmayıb, konkret tədbirlərin həyata keçirilməsi yolu ilə reallaşmaqdadır. Mehriban xanım Əliyevanın bilavasitə rəhbərliyi ilə tikilib istifadəyə verilən Talassemiya Mərkəzinin açılışı səhiyyənin ən ağrılı problemlərinin həlli yönündə görülən əvəzsiz işdir. Çünki yaradılmış belə bir mərkəzin, orada quraşdırılan avadanlıqların, onun bu gün və gələcəkdə malik olduğu imkanların bölgədə analoqu yoxdur. Bundan başqa, valideyn himayəsindən məhrum olan uşaqlara alternativ qayğı-deinstitusionalizasiya proqramı valideynini itirmiş, yaxud da valideyn himayəsindən uzaqda olan körpələrin ailələrə verilməsi-deinstitusionalizasiya proqramının təsdiq edilməsi və 2015-ci ilə qədər davam etdirilməsi Azərbaycanda uşaqlara qayğının ən bariz nümunəsidir.


R.HÜSEYNOVA

Digər xəbərlər