PDF Oxu

Siyasət

  • 8

AZƏRBAYCANIN DÜNYA ENERJİ SİYASƏTİNDƏ ROLU ARTIR

AZƏRBAYCANIN DÜNYA ENERJİ SİYASƏTİNDƏ ROLU ARTIR

Azərbaycanın bu gün Avropanın enerji təhlükəsizliyi sisteminin əsas təminatçısı qismində çıxış etməsi danılmaz faktdır. Nəzərə almaq lazımdır ki, enerji təhlükəsizliyi hazırda dünyanın inkişaf etmiş ölkələrinin xüsusi diqqət yetirdiyi və intensiv müzakirə edilən məsələdir. Bu problem bir çox halda, ölkələrin müstəqilliyini təhdid edən, müstəqil dövlətlərin demokratik inkişafına maneçilik yaradan çox ciddi əngələ çevrilir. Azərbaycan isə, nəinki belə problemlərdən uzaqdır, üstəlik respublikamız Avropa regionunun enerji təhlükəsizliyinin təminatında əsas söz sahiblərindən biri kimi çıxış edir.

Azərbaycanda qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin uğurla gerçəkləşdirilməsi, Avropanın enerji təhlükəsizliyinin təminatında ölkəmizin rolunun yüksəldilməsi, neft strategiyasının milli mənafelərə uyğun davam etdirilməsi, qeyri-neft sektorunun ümumi daxili məhsuldakı çəkisinin artırılması, regionların tarazlı və davamlı inkişafı, yeni istehsal müəssisələrinin açılması, işsizlik probleminin, yoxsulluğun aradan qaldırılması, əhalinin sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi məsələləri Prezident İlham Əliyevin iqtisadi siyasətinin əsasını təşkil edir.


UĞURLU ENERJİ SİYASƏTİ AZƏRBAYCANIN BEYNƏLXALQ ARENADAKI ÇƏKİSİNİ ARTIRIR


Uğurlu enerji siyasəti Azərbaycanın beynəlxalq arenadakı çəkisini artırır. Bu il yanvarın 26-da İsveçrənin Davos şəhərində keçirilən 42-ci Dünya İqtisadi Forumunda bildirilmişdir ki, hazırda enerji təhlükəsizliyi dünya gündəminin ən mühüm məsələlərindən biridir. Avropanın enerji təhlükəsizliyi baxımından Azərbaycanın bölgədə yürütdüyü qarşılıqlı əməkdaşlıq siyasəti böyük əhəmiyyət kəsb edir. "Nabukko", İTGİ, TAP kimi layihələr Azərbaycanın enerji resurslarından faydalanmaq istiqamətində mühüm layihələrdir. Bu sahədə bir çox imkanlar mövcuddur.

Dövlət başçısı İlham Əliyevin 48-ci Münhen Təhlükəsizlik Konfransının əsas tədbirlərindən olan "Enerji, ehtiyatlar və ətraf mühit: yeni təhlükəsizlik parametrləri" mövzusunda müzakirələrdə də bu barədə ətraflı danışılmışdır. Dövlət başçısı demişdir ki, Azərbaycan neft istehsal edən ən qədim ölkələrdəndir. Burada sənaye üsulu ilə ilk neft XIX əsrin ortalarında istehsal edilib. Amma o vaxtdan bəri çox şeylər dəyişib. Müstəqilliyin bərpasından sonra xalqımız öz sərvətlərinin sahibi oldu. Bu 20 il ərzində Azərbaycan əsasən enerji ehtiyatlarının səmərəli istifadəsi sayəsində iqtisadiyyatı şaxələndirilmiş ölkəyə çevrildi. 1990-cı illərin ortalarında ölkəmizin təşəbbüsü ilə həyata keçirilən layihələr, faktiki olaraq, Qafqaz və Xəzər regionlarının enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişdi və Avropanın da enerji xəritəsini dəyişməkdədir.

Azərbaycan Prezidenti daha sonra demişdir: "Xəzər dənizindən Aralıq dənizinə neft nəql edən böyük boru kəməri kimi tərəfimizdən inşa edilən enerji dəhlizi indi təkcə Azərbaycan xalqı və tərəfdaşlarımız üçün faydalı olmaqla yanaşı, gələcək layihələrimiz üçün də çox səmərəlidir. Azərbaycan indi həm də nəhəng qaz ehtiyatlarına malik ölkə kimi də tanınır. Bizim 1 trilyon kubmetrdən çox qaz ehtiyatı olan "Şahdəniz" yatağı dünyada ən böyük yataqlardan biridir. 2010-cu ildə və ötən il kəşf edilən yeni qaz yataqları Azərbaycanın qaz ehtiyatlarının 2,5 trilyon kubmetrdən çox olduğunu sübut edib. Aydındır ki, bu ehtiyatlar həm bizim, həm də tərəfdaşlarımız və istehlakçılarımız üçün yetərincə olacaqdır".



AZƏRBAYCAN ÖZ ENERJİ TƏHLÜKƏSİZLİYİNİ TƏMİN EDƏN ÖLKƏDİR


Prezident İlham Əliyev "Cənub qaz dəhlizi"nin gələcəyi ilə bağlı daha nikbin olduğunu vurğulayıb. O, bu nikbinliyi bir neçə səbəblə izah edib ki, onlardan ən əsası da yeni yataqların kəşf edilməsi ilə bağlıdır: "Bu gün - 2012-ci ilin əvvəlində bu konfransda çıxış edərək mən "Cənub qaz dəhlizi"nin gələcəyi ilə bağlı daha nikbinəm. Nikbinliyi artıran bir neçə səbəb vardır. Hər şeydən öncə, əvvəl dediyim kimi, yeni qaz yataqlarının kəşfi, artıq mövcud olan nəqletmə infrastrukturu, baxmayaraq ki, bunun sayı elə də çox deyildir. İkincisi, Avropada bizim enerji ehtiyatlarımıza artan tələbat, o cümlədən, Avropa institutları və Azərbaycan arasındakı olduqca məhsuldar əməkdaşlıq son bir neçə ildə əsil tərəfdaşlıq münasibətlərinə çevrilib. Avropa Komissiyası prezidentinin 2011-ci ildə Azərbaycana səfəri və "Cənub qaz dəhlizi" ilə bağlı Bəyannamənin imzalanması və hörmətli Ottingerin həmsədrlik etdiyi işçi qrupunun yaradılması. Bütün bu amillər gələcək planlarımızla bağlı çox müsbət mənzərə yaradır".

Azərbaycan daxili enerji təhlükəsizliyinə tam şəkildə nail olan, o cümlədən, alternativ, yaxud bərpa edilən enerji hesabına qeyd olunan sahə üzrə məcmu istehsalını davamlı şəkildə artıran azsaylı ölkələr sırasına daxildir. Təqdirəlayiq haldır ki, ölkəmiz qeyd edilənlərə paralel olaraq qlobal enerji təhlükəsizliyinin təmin olunması sahəsində xüsusi çəkisini mütəmadi artıran və əsas söz sahiblərindən olan dövlətlər cərgəsindədir. Elə bunun nəticəsidir ki, təkcə MDB yox, daha böyük coğrafi məkanı əhatə edən məkanda yeni transmilli layihələrin reallaşmasında əsas iştirakçı dövlətlərdən biri qismində məhz Azərbaycanın adı çəkilir.


R.HÜSEYNOVA

Digər xəbərlər