Tarixə nəzər saldıqda, müxtəlif sivilizasiyalararası əlaqənin sintez yönlü təzahür formalarına rast gəlirik. Məşhur ərəbşünas alimimiz professor Aida İmanquliyeva sintez məsələsinə toxunaraq, Əndəlisdə yaranan ədəbiyyatın Qərbi Avropa və Şərq arasında vasitəçilikdə oynadığı rolun böyük bir əhəmiyyətə malik olduğunu vurğulayır: "Ərəblərin mənimsədikləri antik, qədim Şərq və ərəb-müsəlman ənənələri Əndəlis vasitəsilə Avropaya yayılırdı". Sivilizasiyalararası belə əlaqələr dünya tarixində müəyyən dövrlərə aiddir.
Azərbaycanın bugünkü coğrafi, geosiyasi və mədəni mövqeyi, Avropa və Asiya arasında bütün istiqamətlərdə həyata keçirilən uğurlu əlaqələrin müvəffəqiyyətli sintezlərlə nəticələndiyini göstərməkdədir. Bu kontekstdə qeyd olunmalıdır ki, Azərbaycan Şərq və Qərb mədəniyyətlərini özündə birləşdirən zəngin mədəni irsə malikdir. Bu zəngin irsin qorunması üçün isə dövlətimiz bütün imkanları səfərbər etməkdədir. Məhz Prezident İlham Əliyevin uğurlu iqtisadi-siyasi kursu və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın mədəniyyət diplomatiyası strateji xətti sayəsində Azərbaycan Avropa dəyərlərini də mənimsəməklə, tarix boyunca əldə etdiyi nailiyyətlərindən istifadə edərək, özünü müasir sivilizasiya nümunəsi kimi formalaşdırmaqdadır. Məhz Azərbaycanda bütün istiqamətlərdə aparılan islahatlar və yeniliklər də bunu arqumentlərlə sübut edir. Prezident İlham Əliyev bütün çıxışlarında və əməli siyasi fəaliyyətində Azərbaycanın iqtisadi gücünün qlobal arenada müsbət şəkildə əks olunmasına, qlobal iqtisadi və siyasi güc balansından istifadə edərək lokal, yəni milli dəyərlərin inkişaf etdirilməsinə çalışmaqdadır. Məhz Prezident İlham Əliyevə görə qlobal inteqrasiya kontekstində coğrafi mövqe baxımından Azərbaycan İpək Yolunun üstündə Avropa ilə Asiyanın kəsişməsində çox əlverişli məkanda yerləşir. Belə ki, bu yaxınlarda Davosda Dünya İqtisadi Forumunda və Münhen Təhlükəsizlik Konfransında Prezident qlobal inteqrasiya prosesində Azərbaycanın geopolitik mövqeyinə işarə edərək, ölkəmizin keçdiyi tarixi inkişaf yolundan, müstəqillik bərpa ediləndən sonra Azərbaycan xalqının öz sərvətlərinə sahib olmasından və 20 il ərzində Azərbaycanda əsasən enerji ehtiyatlarının səmərəli istifadəsi sayəsində şaxələndirilmiş iqtisadiyyata malik bir ölkəyə çevrilməsindən bəhs etmişdir. Məhz qlobal siyasi kurs nəticəsində 1990-cı illərin ortalarından etibarən ölkəmizin təşəbbüsü ilə həyata keçirilən layihələr, faktiki olaraq, Qafqaz və Xəzər regionları və Avropanın da enerji xəritəsini dəyişmişdir. Məhz belə bir nəticəyə Prezidentin Münhen Konfransındakı enerji təhlükəsizliyi barəsindəki nitqinin bir hissəsinə nəzər yetirməklə gəlmək olar: "Biz şaxələndirmə və enerji təhlükəsizliyi ilə bağlı çox danışırıq. Bu iki məsələ bir-biri ilə birbaşa bağlıdır. Amma biz avropalı istehlakçılar üçün şaxələndirmə və enerji təhlükəsizliyindən bəhs edəndə, mən belə düşünürəm ki, ilk növbədə, eyni mənbəli marşrutların şaxələndirilməsindən daha çox mənbələrin şaxələndirilməsindən danışmalıyıq. Baxmayaraq ki, marşrutların şaxələndirilməsi də əhəmiyyətlidir. Belə ki, Azərbaycan avropalı istehlakçılar üçün yeni mənbədir, böyük mənbədir, yaxındır, dostdur. Əgər biz güclü "Cənub" dəhlizinin inşasında planlarımızın həyata keçirilməsinə müvəffəq olsaq, gələcək onilliklərdə enerji sahəsində çox məhsuldar və qarşılıqlı faydalı əməkdaşlıq mərhələsinə daxil olacağıq. Buna görə də, enerji təhlükəsizliyi artıq milli təhlükəsizliyin önəmli bir məsələsinə çevrilib. Biz istehsalçı kimi bunu başa düşürük və istəyirik ki, bütün tərəfdaşlarımız da məsələyə bu cür yanaşsınlar. Enerji təhlükəsizliyi və proqnozlaşdırma olmadan heç bir ölkə gələcək inkişafı ilə bağlı planlar qura bilməz. Biz, xüsusilə də, Fukusimadakı elektrik stansiyasında baş verən faciədən sonra müxtəlif enerji mənbələrinə münasibətdə dəyişikliklər və yanaşmalar haqqında bilirik. Beləliklə, tam aydındır ki, təbii qaza tələbat artacaqdır".
Digər tərəfdən siyasi arenada "Şərq tərəfdaşlığı" proqramının 2009-cu ildə təsis olunması ilə Avropa İttifaqı və 6 tərəfdaş ölkə - Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və Belarus ilə münasibətlərin gücləndirilməsi də yuxarıda qeyd olunan sivilizasiyalararası əlaqələrin gücləndirilməsi çərçivəsində başa düşülməlidir . Bu təşəbbüs demokratiya, qanunun aliliyi, insan hüquqlarına və əsas azadlıqlara hörmət, bazar iqtisadiyyatı və davamlı inkişaf kimi ümumi dəyərlərə əsaslanır. Tərəfdaş ölkələrin hər birinə siyasi və iqtisadi islahatların aparılmasına dair konkret planlar da təqdim olunub. Nəticədə, Azərbaycanda "Şərq tərəfdaşlığı" proqramı daxilində bir sıra tədbirlər keçirilmişdir.
Davamlı inkişaf edən və genişlənən əlaqələr
Azərbaycan Avropa Enerji Cəmiyyəti üçün əsas strateji tərəfdaş olma istiqamətində uğurlu addımlar atır. Məhz iqtisadi əməkdaşlıq davamlı enerji siyasətinin həyata keçirilməsində və enerji təhlükəsizliyinin təmin edilməsində böyük potensial yaratmışdır. Belə ki, son günlərdə Avropa Xalqları Partiyası (AXP) tərəfindən Brüsseldə keçirilmiş "Avropa İttifaqı-Azərbaycan: tərəfdaşlıq üçün yeni üfüqlər" adlı konfransda Avropa Parlamentinin sabiq sədri Yeji Buzekin fikirləri də bunu təsdiq edir: "Azərbaycan Avropa İttifaqı üçün təkcə əsas tərəfdaş olmaqla kifayətlənmir. Bu ölkə bizim üçün Avropa və Asiya arasında körpü, dünyanın əksər dövlətləri üçün isə Avropaya qapıdır".
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da NATO-nun baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayı qəbul etməsi və Azərbaycan ilə NATO arasında mövcud proqramlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsinin də aparılması davamlı inkişaf və genişləyən əlaqələrin bariz nümunəsidir. Belə ki, Ceyms Appaturay Azərbaycanın gələcəkdə də tranzit məsələsində NATO-nun etibarlı tərəfdaşı olacağını, yaxın 2-3 il ərzində alyansın təkcə Əfqanıstana yük daşımaq yox, oradan yükləri daşınmasının lazım gələcəyini bildirərək, Azərbaycanın bu məsələdə NATO-nu dəstəkləyəcəyini ifadə etmişdir.
Digər tərəfdən, Münhen konfransı çərçivəsində Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klinton ilə görüşməsi,
Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişafı barəsində müzakirələrin aparılaraq, bundan sonra da genişlənəcəyinə əminliyin artması və Azərbaycanın antiterror koalisiyasının tərkibində Əfqanıstandakı sülhyaratma əməliyyatlarında iştirakı yüksək qiymətləndirilmişdir.
Qloballaşma nəzəriyyələrinin ən təməl iddialarından birini qarşılıqlı əlaqə tezisinə istinad edən bir dünya ilə əlaqədar arqument təşkil edir. Qlobal bir sistem daxilində cərəyan edən hadisələr qarşılıqlı təsir və nəticələr zəncirini hasil edir. Bilik, əmtəə, informasiya, maliyyə, sərmayə və imiclərin sərhəd tanımaz şəkildə sürət və axın qazanması nəticəsində Yer kürəsində müstəqil və məhdud bir mövcudiyyətin mümkün olmadığı diqqətləri özünə cəlb edir. "Zaman-məkan fərqi" (Giddens), "zaman-məkan kompresiyası" (Harvey), "dünyanın kiçilməsi" və "ortaq dünya şüuru" (Robertson) adıyla kateqoriyalaşdırılan nümunələr qarşılıqlı əlaqənin nəzəri şəbəkəsini ortaya çıxarır. Dövrümüzdə artıq qloballaşmadan bəhs edərkən, qlobalın lokal ilə qurduğu yeni əlaqə şəkilləri və aralarındakı qarşılıqlı təsir mexanizmasını mərkəzə alan yeni bir analiz çərçivəsi başa düşülür. Məhz bu kontekstdə Azərbaycanda həyata keçirilən iqtisadi siyasətin, eyni zamanda, regional və təhlükəsizlik problemlərini də ehtiva etdiyini qeyd etməliyik. Bu baxımdan, Azərbaycanın zəngin enerji ehtiyatlarına malik olduğunu vurğulayan dövlət başçısı bu gün respublikamızın Avropanın enerji təhlükəsizliyinin təmin olunması işində fəal iştirak etdiyini və bu sahədə böyük nailiyyətlər qazanıldığını, həmçinin, əlverişli coğrafi-siyasi məkanda yerləşən ölkəmizin beynəlxalq aləmdə regional əməkdaşlığa mühüm töhfələr verdiyini də bildirdi.
Yeri gəlmişkən beynəlxalq səviyyədə Azərbaycanın günbəgün artan əlaqələrini də burada qeyd etməliyik. Bu mənada, dövlət başçımızın rəhbərliyi ilə həyata keçirilən təşəbbüslərimizin çoxu beynəlxalq birlik tərəfindən dəstəklənir. Məhz bu dəstəyin ən yaxşı göstəricisi Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzv seçilərkən özünü göstərdi. Bu, asan məsələ deyildi. Mühüm məsələ ondan ibarət idi ki, bu seçkilərdə 155 dövlət Azərbaycana səs vermişdir. Bu qlobal arenada həm siyasi, həm də iqtisadi cəhətdən Azərbaycanın davamlı inkişafını göstərməkdə və artan inkişaf tempinə təkan verməkdədir.
Nəticə olaraq Azərbaycanın Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşməsi, geopolitik cəhətdən qlobal arenaya inteqrasiya prosesində əhəmiyyətlidir. Belə ki, hal-hazırda da Prezident İlham Əliyevin apardığı uğurlu siyasi kurs Azərbaycanın dünya miqyasında etibarlı tərəfdaş kimi tanınmasına səbəb olur.
RƏŞAD İLYASOV,
fəlsəfə doktoru