PDF Oxu

Siyasət

  • 11

Vətəndaşların ölkə Prezidentinə müraciətlərinin artması... Xalqın Ona olan böyük inamından irəli gəlir

Vətəndaşların ölkə Prezidentinə müraciətlərinin artması... Xalqın Ona olan böyük inamından irəli gəlir

Prezident İlham Əliyevin ölkədə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi barədə tövsiyə və tapşırıqlarından, vətəndaşlara qarşı olan neqativ hallar barədə birbaşa Prezidentə və Prezident Administrasiyasına olan vətəndaş müraciətləri müntəzəm və hərtərəfli təhlil olunur. Demək olar ki, ümumiyyətlə heç bir müraciət və ərizələr diqqətdən kənarda qalmır. Vətəndaşlar tərəfindən olan müraciətlərin hər biri coğrafi əhatə dairəsi, müəlliflərin sosial tərkibi və sair parametrlər üzrə təhlil edilir. Təhlillər təkcə Prezident Administrasiyasına daxil olan müraciətləri deyil, respublikanın mərkəzi və yerli icra hakimiyyəti orqanlarına daxil olan müraciətləri də əhatə edir. Bu barədə açıqlama verən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə əlaqədar iş şöbəsinin müdiri Süleyman İsmayılov qeyd edib ki, bunların nəticələri barədə respublika ictimaiyyətinə vaxtaşırı məlumatlar verilir: "Bu təhlillər hər günün, hər ayın, hər ilin yekunlarına görə aparılır və məqsədimiz odur ki, vətəndaşları narahat edən problemlər ətraflı öyrənilsin, onların heç bir müraciəti cavabsız qalmasın, hər bir vətəndaşın haqlı tələbi yerinə yetirilsin, ən başlıcası, vətəndaşların konstitusiya hüquqları qorunsun, sosial ədalət prinsipləri bərqərar olsun, bu işdə tam şəffaflıq təmin olunsun. Bunu bizdən dövlətimizin başçısı tələb edir. Bu tələb hər bir dövlət qulluqçusuna, hər bir vəzifəli şəxsə aiddir. Hər bir məmur, hər bir vəzifəli şəxs bu tələbləri yerinə yetirməyə borcludur və bunu etməyə çalışır".


Vətəndaşlar müraciətlərinin müsbət həllinə görə Prezidentə minnətdarlıqlarını bildirmişlər

Bir sıra hallarda müraciətlərin bir qisminin qərəzli və əsassız yazıldığı da məlum olur. Ancaq müraciətlərdə, daha doğrusu, şikayətlərdə göstərilən faktlar təsdiqini tapanda, buna qarşı çox ciddi tədbirlər görülür və bu barədə ictimaiyyətə də məlumatlar verilir.

Təsadüfi deyildir ki, bu il yüzlərlə vətəndaş müraciətlərinin müsbət həllinə görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirmişlər. Bunların arasında kollektiv müraciətlər də az deyildir. Ölkə vətəndaşları ərizə və şikayətlərində göstərilən faktların araşdırılıb tədbir görülməsi ilə yanaşı, respublikada gedən böyük abadlıq və quruculuq işlərinə, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlərə, elm, mədəniyyət və incəsənət xadimlərinə, təhsil, səhiyyə, rabitə, nəqliyyat və digər sahələrin işçilərinə göstərilən qayğı və diqqətə, ölkə Prezidentinin sərəncamları ilə verilmiş təltiflərə və sair məsələlərə görə ürək sözlərini yazır, Prezident İlham Əliyevin daxili və xarici siyasətini dəstəklədiklərini qeyd edir və Ona öz minnətdarlıqlarını bildirirlər.


Böyük diqqət və ictimai nəzarət

"Vətəndaşların müraciətlərinə baxılmasını yaxşılaşdırmaq, bu işi təkmilləşdirmək bizim gündəlik işimizdir" deyə vurğulayan S.İsmayılov onu da qeyd edib ki, bu məsələlər bircə an da olsa unudulmur: "Azərbaycan Prezidenti İlham Əliyev vətəndaşların müraciətlərinə həmişə böyük diqqət yetirir və onları ictimai nəzarətin mühüm vasitəsi hesab edir. Buna görə də cənab Prezident vətəndaşlarla hər bir görüşündə onların rəyini öyrənməyə çalışır və bütün məsələlər barədə Prezident Administrasiyasına yazmağı tövsiyə edir". Xəzər rayonunun Mərdəkan qəsəbəsi sakinləri ilə görüşündə Prezident İlham Əliyev respublikada görülən işlərə ictimai nəzarətin artırılmasının vacibliyini qeyd edərək demişdir: "Əlbəttə ki, burada ictimai nəzarət də çox güclü olmalıdır. İctimai nəzarət də sizdən asılı olacaqdır. İndi işlər başlanacaq, yollar, su xətləri çəkiləcək, qaz xətləri yenidən çəkiləcəkdir. Elə etməliyik ki, keyfiyyətli olsun. Çünki dövlət vəsait ayırır və işlər görülür, bəzi hallarda görülmüş işlər bizi qane etmir. Nə üçün?! Çünki ictimai nəzarət zəif olubdur. İş icraçıları vəzifə borclarına məsuliyyətsiz yanaşmışlar. Ona görə ictimai nəzarət çox güclü olmalıdır". Bir daha qənaətə gəlmək mümkündür ki, vətəndaşlar tam əminliklə bilərlər ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq onların müraciətlərinə diqqət bundan sonra daha da artırılacaq, bu işdə laqeydliyə, biganəliyə və qanun pozuntularına yol verən şəxslərə qarşı daha yüksək tələbkarlıq göstəriləcəkdir.


RÖVŞƏN NURƏDDİNOĞLU

Digər xəbərlər