Fevralın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qusar rayonuna səfərə gəlib. Dövlətimizin başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Qusar şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.
Prezident İlham Əliyevə abidənin ətrafında görülmüş işlər barədə məlumat verildi. Bildirildi ki, abidənin yerləşdiyi Heydər Əliyev Xatirə Kompleksində Heydər Əliyev Mərkəzi, uşaq əyləncə meydanı, ictimai iaşə obyekti inşa olunmuş, geniş abadlıq-quruculuq işləri aparılmış, yaşıllıq zolaqları salınmışdır. Abidənin yaxınlığında inşa olunmuş Heydər Əliyev Mərkəzi möhtəşəmliyi ilə kompleksin görkəminə xüsusi yaraşıq verir. Dövlətimizin başçısı görülmüş işləri yüksək qiymətləndirdi.
Prezident İlham Əliyev Qusarda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. Dövlətimizin başçısı Heydər Əliyev Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi.
Bildirildi ki, Heydər Əliyev Mərkəzinin ikimərtəbəli binasının tikintialtı sahəsi 1060, ümumi sahəsi 1420 kvadratmetrdir. Mərkəzdə yaradılan Heydər Əliyev Muzeyindəki fotoşəkillər və sənədlər ümummilli liderin həyatı və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əhatə edir. Muzeydə ulu öndərin büstü qoyulmuşdur. Buradakı fotolardan aydın görünür ki, ümummilli lider istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dövründə ölkəmizə rəhbərlik etdiyi illərdə gələcəyə hesablanan siyasət reallaşdırmış, Vətəninin və xalqının rifahı naminə mühüm işlər görmüşdür.
Dövlətimizin başçısına məlumat verildi ki, Heydər Əliyev Mərkəzində internet klub və kafe də fəaliyyət göstərir. Burada 12 kompyuter istifadəçilərin ixtiyarına verilmişdir. Mərkəzdə iclas zalı və elektron kitabxana yaradılmışdır. Bu kitabxana çoxlu sayda müxtəlif ədəbiyyatlarla zənginləşdirilmişdir. Kitabxanada quraşdırılan 16 kompyuterdən istifadə etməklə istənilən elektron kitabı oxumaq mümkündür. Mərkəzdə yaradılmış rəsm və xalçaçılıq dərnəkləri gənc nəslin qədim adət-ənənələrimizə bağlılığını artırır, onların rəsm və xalçaçılığın sirlərini öyrənmələrinə yardımçı olur. Prezident İlham Əliyev Mərkəzdəki 118 yerlik kinozal ilə tanış oldu.
Sonra dövlətimizin başçısı mərkəzin ikinci mərtəbəsindən ətrafı seyr etdi. Azərbaycan Prezidentinə kompleksin ərazisində görülmüş abadlıq-quruculuq işləri barədə məlumat verildi. Prezident İlham Əliyev mərkəzin xatirə kitabına ürək sözlərini yazdı. Daha sonra dövlətimizin başçısı kompleksin ərazisində inşa olunmuş kafedə yaradılan şəraitlə tanış oldu. Bildirildi ki, kafedə sakinlərin istirahəti üçün hər cür şərait vardır. Prezident İlham Əliyev kafenin yay meydançasından Qusar şəhərinin mənzərəsini seyr etdi. Dövlətimizin başçısına Qusarda görülmüş işlər, eləcə də gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə məlumat verildi. Kompleksin ərazisində yaradılmış şəraiti yüksək qiymətləndirən Prezident İlham Əliyev tövsiyə və tapşırıqlarını verdi.
Prezident İlham Əliyev Qusara səfəri çərçivəsində şahmat mərkəzinin açılışında iştirak edib. Dövlətimizin başçısı şahmat mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, şahmat mərkəzində yeniyetmələrin və gənclərin idmanın bu növü ilə məşğul olmaları üçün geniş imkanlar yaradılmışdır. İkimərtəbəli bina həm də rayonun ümumi görkəminə əlavə çalarlar qatır. Şahmat mərkəzinin ümumi həyətyanı sahəsi 1500 kvadratmetrdir. Binanın ətrafında geniş abadlıq işləri görülmüşdür.
Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, bina əvvəllər "Nizami" kinoteatrı kimi fəaliyyət göstərmişdir. 2009-cu ildə burada əsaslı təmir və yenidənqurma işləri aparılmış və müasir tələblərə cavab verən şahmat mərkəzi yaradılmışdır. Mərkəzin foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə idmanın müxtəlif sahələrinin, o cümlədən şahmatın inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotolardan ibarət stend quraşdırılmışdır. Burada şahmatı ayaqüstü oynamaq üçün iki lövhə quraşdırılmışdır. Mərkəzdə iki məşğələ otağı və turnir zalı idmançıların ixtiyarına verilmişdir. Turnir zalında həm respublika, həm də beynəlxalq əhəmiyyətli yarışların keçirilməsi üçün geniş imkanlar vardır. Zalda 40 şahmat stolu qoyulmuşdur ki, onlardan 10-u elektron lövhəlidir. Belə lövhəli stollarda keçirilən oyunları internet vasitəsilə izləmək və nəzarət etmək mümkündür. Mərkəzdə şahmat bölmələri ilə yanaşı, xarici dil və kompyuter kurslarının təşkili də nəzərə alınmışdır. Buradakı kompyuter otağında idmançılar internet vasitəsilə şahmat oynamaq imkanı əldə etmişlər. Otaqda 13 kompyuter quraşdırılmışdır. Mərkəzdə zəngin kitabxana da yaradılmışdır. Burada gənclər tanınmış şahmat ustalarının müəllifi olduğu kitablarla tanış olacaq, şahmatın sirlərini daha dərindən öyrənə biləcəklər. Prezident İlham Əliyev zalda gənc şahmatçıların məşq prosesini izlədi. Sonra dövlətimizin başçısı mərkəzin foyesində quraşdırılmış monitorlarda 2008-ci və 2011-ci illərdə Qusar rayonuna səfərlərini əks etdirən görüntülərə baxdı.
Şahmat mərkəzində yaradılmış şəraiti yüksək qiymətləndirən dövlətimizin başçısı tövsiyə və tapşırıqlarını bildirdi.
Prezident İlham Əliyev fevralın 16-da Qusara səfəri çərçivəsində Rayon Mərkəzi Xəstəxanasının açılışında iştirak edib. Dövlətimizin başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdi.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayev dövlətimizin başçısına məlumat verdi ki, 170 çarpayılıq Qusar Rayon Mərkəzi Xəstəxanasının təməli 2008-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə qoyulmuşdur. Tikintisi Dövlət Neft Şirkətinin vəsaiti hesabına həyata keçirilən xəstəxananın ümumi sahəsi 2,9 hektardır. Ərazidə əsas korpus, vərəm dispanseri və yoluxucu xəstəliklər şöbəsinin binalarından əlavə 12 müxtəlif yardımçı tikili və qurğu inşa olunmuşdur. Xəstəxana bütün lazımi inventar və avadanlıqla təchiz edilmişdir. Qeyd olundu ki, ölkəmizdə tibb müəssisələrinin ən son elmi-texniki yeniliklərə əsaslanan avadanlıqla təchiz olunması, ilk növbədə əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini yüksəltməyə xidmət edir. Bu, həm də dövlətimizin səhiyyə sahəsinin müasirləşdirilməsi istiqamətində gördüyü işlərin tərkib hissəsidir. Respublikamızda səhiyyə xidmətinin səviyyəsinin qaldırılması və bu sahənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində Heydər Əliyev Fondu xüsusi fəallıq göstərir. İndi Azərbaycanın bütün bölgələrində mürəkkəb cərrahiyyə əməliyyatları aparılır, istənilən xəstəliyin müalicəsi mümkündür. Son illərdə ölkəmizdə 400-dək səhiyyə müəssisəsi inşa olunmuş və ya əsaslı təmir edilmişdir. Ölkəmizdə dövlət səhiyyə müəssisələrində əhaliyə xidmət pulsuzdur. İndi dövlət tibb sahəsində təhsilin səviyyəsinin yüksəldilməsi, həkimlərin və tibbi heyətin beynəlxalq səviyyədə ixtisasartırmasına xüsusi diqqət yetirir. Azərbaycan dövləti yeni səhiyyə ocaqlarının yaradılması, tibbi xidmətin səviyyəsinin yüksəldilməsi və maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində tədbirləri daha da gücləndirir.
Dövlətimizin başçısı xəstəxananın dördüncü mərtəbəsindəki əməliyyat bloku ilə tanış oldu. Məlumat verildi ki, əməliyyat bloku ən son avadanlıqla təchiz olunmuşdur. Burada ekspress laboratoriya, reanimasiya zalı, palatalar və intensiv terapiya palataları vardır. Xəstəxanada quraşdırılan avadanlıq inkişaf etmiş ölkələrdə istehsal olunmuşdur. Bu avadanlıq səhiyyə sahəsində müasir tibbi əməliyyatlarda istifadə edilir.
Qusar Rayon Mərkəzi Xəstəxanasının bu cür müasir şəraitlə təmin edilməsi ilk növbədə burada tibbi müayinə və müalicə işinin ən yüksək səviyyədə təşkili və aparılması üçün hərtərəfli imkanlar verir. Bu xəstəxananın istifadəyə verilməsi həm də ölkədə səhiyyə sahəsinin ən müasir səviyyəyə çatdırılması istiqamətində Prezident İlham Əliyevin atdığı addımların növbəti uğurudur. Dövlətimizin başçısının təşəbbüsü ilə həyata keçirilən bu tədbirlər Azərbaycan səhiyyə sisteminin daha yaxşı təşkilinə geniş imkanlar açmışdır. Bu sahənin yenidən qurulmasını, əhalinin sağlamlığının daha yaxşı təşkilini, bu sahədə müasir texnologiyaların tətbiqini və yeni kadr potensialının hazırlanmasını özündə əks etdirən dövlət proqramları tibbi xidmətin səviyyəsini də yüksəldib. Qusar Rayon Mərkəzi Xəstəxanasında yaradılan şərait bütün bunları bir daha sübut edir.
Səhiyyə ocağında yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri və xəstəxananın kollektivi ilə görüşdü. Prezident İlham Əliyev mərasim iştirakçılarını salamlayaraq bildirdi ki, ölkəmiz bu gün düzgün istiqamətdə inkişaf edir, yolumuz açıqdır, niyyətlərimiz təmizdir:
"Biz ölkəmizi gücləndirəcəyik. Azərbaycan bu bölgədə sabitlik, təhlükəsizlik adasıdır, inkişaf məkanıdır. Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayırlar. Bu da bizim böyük üstünlüyümüzdür, böyük dəyərimizdir. Biz bunu qiymətləndirməliyik və ölkəmizdə yaşayan bütün xalqlar arasında bu qardaşlığı, dostluğu daha da möhkəmləndirməliyik. Bu, bəlkə də bizim ən böyük sərvətimizdir. Əsrlər boyu Azərbaycanda yaşayan bütün xalqlar bərabər hüquqlara malik idilər. Çox şadam ki, müstəqillik dövründə də, - birinci iki ili istisna etmək şərti ilə, - bu gözəl ənənələr yaşayır. Müstəqilliyimizin ilk illərində o vaxtkı iqtidar bütün sahələrdə, o cümlədən milli münasibətlər sahəsində çox böyük səhvlər buraxmışdır, deyə bilərəm ki, cinayətlər törətmişdir. Ulu öndər Heydər Əliyevin Azərbaycana qayıdışından sonra bütün məsələlər öz həllini tapdı və Azərbaycana xas olan dostluq, həmrəylik, qarşılıqlı dəstək meyilləri yenə də gücləndi. Hər bir vətəndaş dinindən, dilindən, millətindən asılı olmayaraq, Azərbaycanın qiymətli, dəyərli vətəndaşıdır. Bizi bəzi başqa ölkələrdən fərqləndirən məhz budur. Heç vaxt heç bir yerdə ayrı-seçkiliyə yol verilməyəcək və verilmir. Bunun qarantı mənəm - Azərbaycan Prezidenti!"
Xəstəxananın həkim-pediatrı Natəvan Xamedova ölkəmizdə, o cümlədən Qusarda bütün sahələr kimi, səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğıya görə qusarlılar adından dövlətimizin başçısına minnətdarlığını bildirdi. Sonda xatirə şəkli çəkdirildi. Fevralın 16-da Prezident İlham Əliyev Qusara səfəri çərçivəsində yolüstü Qubanın Qırmızı qəsəbəsində yəhudi icmasının nümayəndələri ilə görüşüb. Qəsəbə sakinləri, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.