PDF Oxu

Siyasət

  • 13

Prezident İlham Əliyev: “Ölkənin gələcəyini və uğurlu inkişafını təmin edən təbii resurslar deyil, humanitar amildir...”

Prezident İlham Əliyev: “Ölkənin gələcəyini və uğurlu inkişafını təmin edən təbii resurslar deyil, humanitar amildir...”

Qlobal inteqrasiya prosesində müasir dünyada beynəlxalq münasibətlərin həyata keçirilməsi ilə bağlı iki aparıcı yanaşma tərzi mövcuddur: "sərt güc"(hard power) və "yumşaq güc"(soft power). Politoloq-alim Josef Nye "sərt güc" və "yumşaq gücü" bir-birindən belə fərqləndirir: "yumşaq güc mədəniyyət, dəyərlər və ideyalar vasitəsilə yola gətirmək qabiliyyətidir, sərt güc isə hərbi qüvvə vasitəsi ilə fəth etmək və ya məcbur etməkdir."

Ənənəvi olaraq, beynəlxalq münasibətlərdə sərt güc dominant mövqeyə malik olmuşdur. Lakin soyuq müharibənin bitməsi, Sovet İttifaqının dağılması və dünyadakı kommunist rejimlərinin çökməsindən sonra, yumşaq güc yanaşması tədricən öz mövqelərini möhkəmləndirir. Xüsusən də, Avropa Birliyi və digər Avropa təşkilatları yumşaq gücün təbliğatçıları kimi çıxış edirlər. Belə bir şəraitdə yumşaq gücün bir forması kimi Azərbaycanın son zamanlarda mədəniyyətimizin təbliği və qlobal arenaya inteqrasiya prosesində əldə etdiyi uğurlar beynəlxalq münasibətlərdə önəmli rola malikdir. Məhz Cənab Prezident İlham Əliyevin keçənilki Bakı Humanitar Forumunda söylədiyi fikir: "Ölkənin gələcəyini və uğurlu inkişafını təmin edən təbii resurslar deyil, humanitar amildir " ciddi şəkildə müasir elmi paradiqmanın və mədəniyyət diplomatiyamızın ən aktual mövzularından hesab olunur. Dövlət başçımızın bu yaxınlarda təşkil olunan Davosdakı Dünya İqtisadi Forumunda və Münhen Təhlükəsizlik Konfransında vurğuladığı ən önəmli məqamlardan biri də neftdən gələn gəlirlərin insan kapitalına yönəldilməsi mövzusu idi. Ümumiyyətlə, bu fikri Cənab Prezident dəfələrlə həm xaricdəki, həm də daxildəki görüşlərində vurğulayır və siyasi kursun bu istiqamətdə irəliləməsinin vacibliyini qeyd edir. Məhz neft sektorundan əldə olunan gəlirlərlə ixtisaslı kadrların hazırlanması və yetişdirilməsi sosial-iqtisadi siyasət cəhətindən ən başlıca vəzifələrdəndir. Belə ki, Azərbaycan bu ilki Davosda Dünya İqtisadi Forumunda uğurla təmsil olunması və dünyanın iqtisadi güc mərkəzlərinin forumda iştirak edən nümayəndələrinin Azərbaycan hökuməti adından verilən naharda iştirakı da bunu təsdiqlədi. Forumun keçirildiyi əsas zalda Azərbaycan mədəniyyəti nümunələrinin, Azərbaycan xalçaçılıq məktəbinin bütün istiqamətlərinin təmsil olunması və mətbəxinin sərgilənməsi ölkəmizə olan marağı bir daha göstərdi və qonaqlarda xoş təəssüratlara səbəb oldu.

Digər tərəfdən, tədbirdə son illərdə Azərbaycanın keçdiyi inkişaf yolu, reallaşdırılan uğurlu layihələr, əhalinin sosial rifahının yaxşılaşdırılmasından bəhs edən filmin nümayiş olunması, incəsənət ustalarımız maraqlı konsert proqramı ilə çıxış etməsi iqtisadi siyasətimizin mədəniyyət diplomatiyası ilə sintez şəklində təqdim olunmasına şərait yaratdı. Bütün bunlar Azərbaycanın zəngin mədəniyyətinin dünyada təbliği baxımından mühüm hadisədir və ölkəmizin iqtisadi siyasətinin mədəniyyət diplomatiyası vasitəsilə dünya ölkələri tərəfindən layiqincə qəbulundan xəbər verir.

Cənab Prezident İlham Əliyevin siyasi kursunu təhlil edərkən, qarşımıza çıxan əsas nəticələrdən biri də Azərbaycanın coğrafi, geopolitik və mədəni cəhətdən Şərqlə Qərb dəyərlərinin sintezi istiqamətində əldə etdiyi inkişafdır. Əlbəttə ki, bu siyasi kursun əsasları Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Məhz sivilizasiyalararası əlaqələrin gücləndiyi və inkişaf etdiyi tarixi zaman kəsiyində yaşadığımız dünyada gedən qlobal proseslərdən anlamaq mümkündür. Belə bir zamanda dövlət başçımızın həyata keçirdiyi xarici və daxili siyasət də onun müasir dövrdə tarixi gedişatı dərindən anladığını və Azərbaycan üçün müəyyənedici qərarlar verdiyini göstərməkdədir.


Mədəniyyət diplomatiyasındakı yeni uğurlar Azərbaycanın qlobal arenaya inteqrasiyasını gücləndirir


Heç şübhəsiz ki, mədəniyyətlərarası dialoqda böyük peşəkarlıq və ciddi təşkilatçılıqla reallaşdırılan layihə və proqramlar, xüsusilə də, mədəniyyət diplomatiyası sahəsindəki uğurlar Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın Birinci Xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili və ictimai-siyasi xadim Mehriban xanım Əliyevanın müstəsna və möhtəşəm xidmətləri sayəsindədir. Ulu Öndərin vəfatından sonra onun doğum günündə 10 may 2004-cü ildə Ümummilli Lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi, Azərbaycan xalqının Ümummilli Liderinin zəngin irsinin öyrənilməsi və həmçinin, Heydər Əliyevin yaratdığı milli dövlətçilik ideyalarını yeni nəsillərə daim aşılamaq məqsədi ilə Heydər Əliyev Fondu yaradıldı. Fond yarandığı vaxtdan bəri böyük uğurlara imza atmaqdadır. Fond həm də Azərbaycanın mədəniyyət diplomatiyasını uğurla həyata keçirir. Azərbaycanda mədəniyyət diplomatiyasını mütəşəkkil surətdə həyata keçirən ilk və ən böyük təşkilatdır. Heydər Əliyev Fondu qısa müddət ərzində mədəniyyət diplomatiyasına və mədəniyyətlərarası dialoqa töhfələr verən və Qafqazda və keçmiş sovet məkanında analoqu olmayan uğurlu layihələr həyata keçirməkdədir. Beləliklə, Heydər Əliyev Fondunun simasında Azərbaycanın mədəniyyət diplomatiyası təşkilatlanmış formada həyata keçirilməyə başlamışdır. Heydər Əliyev Fondunun əsas məqsədlərindən biri görkəmli siyasi xadimin irsinin və ideyalarının öyrənilməsi və təbliğidir. Əslində, bu məqsədi həyata keçirməklə Heydər Əliyev Fondu mədəniyyət diplomatiyası sahəsinə novatorluq etmiş olur: xalqın mədəni və mənəvi dəyərlərini özündə təcəssüm etdirən bir şəxsiyyəti təbliğ etməklə, əslində, bütünlükdə Azərbaycan xalqının dəyərlərini təbliğ edir. Heydər Əliyev Fondunun həyata keçirdiyi bütün fəaliyyətlər Azərbaycanın milli dəyərlərinin qlobal arenaya inteqrasiyası kimi başa düşülməlidir. Məhz bu kontekstdə mədəniyyət diplomatiyamızın strateji nəticələr əldə etməsi, eyni zamanda, dünya miqyasında artan iqtisadi-siyasi gücümüzün genişlənməsinə də təkan verməkdədir.

Məhz bir neçə gün əvvəl İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, Rusiya Tibb Elmləri Akademiyasının müxbir üzvü, tibb elmləri doktoru, professor Pyotr Qlıboçkonun məktubu Mehriban xanım Əliyevanın əməli fəaliyyətləri sayəsində mədəniyyət diplomatiyamızın ən yeni və böyük uğurlarından hesab olunmalıdır: "İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rəhbərliyi Azərbaycanın Birinci Xanımı Mehriban Arif qızı Əliyevanın xüsusi xidmətlərinin etirafı əlaməti və onun səhiyyə, ətraf mühitin, sülhün və humanizmin qorunması ilə bağlı qlobal problemlərin həllinə sanballı töhfəsinə görə ona İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin fəxri professoru adı verilməsi haqqında qərar qəbul etmişdir. Mehriban Xanım Əliyevanın xeyriyyəçilik fəaliyyəti Rusiya Federasiyasında yüksək qiymətləndirilir. Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı ilə birlikdə bir sıra mühüm layihələr, o cümlədən, "Xərçəng xəstəliyinin milləti yoxdur", "Gənclər QİÇS-in və narkomaniyanın əleyhinədir", "Sağlam olmağını yəqin et" kimi layihələr, habelə, xəstəxanalarda, uşaq evlərində və veteranlar üçün evlərdə digər xeyriyyə aksiyaları həyata keçirir. Mehriban Xanım Əliyevanın ana və uşaqların mühafizəsinə, talassemiya, uşaq diabeti və digər xəstəliklərə qarşı mübarizəyə yönəlmiş həyati əhəmiyyətli proqramlarda iştirakı olduqca qiymətlidir. Bizim üçün, xüsusilə, əhəmiyyətli və xoşdur ki, ali məktəbimizin məzunu olan xanım Mehriban Arif qızı Əliyeva öz fəaliyyəti ilə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetini beynəlxalq miqyasda tanıdır və onun nüfuzunu artırır".

Mədəniyyət diplomatiyamız adına digər müvəffəqiyyətli nailiyyət Fransa Milli Komitəsinin Beynəlxalq Ticarət Palatasının fransız dilində nəşr olunan "Echanges internationaux" (Beynəlxalq mübadilələr) jurnalının Azərbaycana həsr olunmuş "Azərbaycan: sürətli inkişafda olan iqtisadiyyat" adlı xüsusi buraxılışı (yanvar 2012, N 93) sayılmalıdır. Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı, Azərbaycan-Fransa parlamentlərarası dostluq qrupunun rəhbəri Mehriban Əliyevanın 2011-ci il sentyabrın 16-da Avropa Parlamentinin Parisdəki ofisində "Azərbaycan: Avropanın enerji təhlükəsizliyi üçün strateji tərəfdaş" mövzusunda keçirilən beynəlxalq konfransda "Azərbaycan Avropanın etibarlı tərəfdaşıdır" adlı çıxışının tam mətni də fotoşəkillərin müşayiəti ilə jurnalda verilmişdir. Birinci xanım Mehriban Əliyeva bu çıxışında Azərbaycanda neft sənayesinin tarixindən, keçdiyi inkişaf yolundan, ilk neft bumu dövründə xarici şirkətlərin ölkəmizdə fəaliyyətindən, Azərbaycan neftçilərinin faşizm üzərində qələbəyə töhfəsindən söhbət açaraq, iyirminci əsrin axırlarında müstəqilliyini bərpa edəndən sonra, Azərbaycanda əlverişli investisiya mühitinin yaradıldığını və dünyanın bir çox aparıcı enerji şirkətlərinin milli neft və qaz sektorumuza sərmayə yatırmalarından danışmışdır.

Yeri gəlmişkən ölkəmizdə "Eurovision-2012" Mahnı Müsabiqəsinə hazırlıq işlərinə start verilməsi, Prezident İlham Əliyevin Sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsinin yaradılması və bu sahədə sürətlə görülən işlər də mədəniyyət diplomatiyamızın daha da şaxələnərək, inkişaf etməsini göstərməkdədir.

Bütün bu fəaliyyətlər özü-özlüyündə mədəniyyət diplomatiyamızın inkişaf etdirilməsində çox əhəmiyyətli addımlardandır. Məhz son illərdə Bakıda keçirilən mədəniyyətlərarası dialoq forumu, dinlərarası dialoq konfransı, Bakı Beynəlxalq Forumu və s. beynəlxalq miqyaslı tədbirlər həyata keçirilən siyasi kursun yüksək səviyyədə əsaslandırılmış dünya görüşünün nəticəsi olduğunu göstərməkdədir. Əminik ki, Möhtərəm Prezidentin yürütdüyü bu uğurlu siyasi kurs və Mehriban xanım Əliyevanın xoş məramlı səfir olaraq həyata keçirdiyi mədəniyyət diplomatiyası nəticəsində Azərbaycan, qlobal arenaya uğurlu inteqrasiya prosesinə və sivilizasiyalararası dialoqun inkişafına öz töhfələrini verməyə davam edəcəkdir.


Rəşad İlyasov,

fəlsəfə doktoru

Digər xəbərlər