PDF Oxu

Siyasət

  • 10

NATO-Azərbaycan əlaqələri uğurla inkişaf edir

NATO-Azərbaycan əlaqələri uğurla inkişaf edir

Məlum olduğu kimi, cənab Prezident İlham Əliyev Belçika Krallığında işgüzar səfəri ərəfəsində fevralın 15-də NATO-nun baş katibi Anders Foq Rasmussen ilə görüşmüşdür. Görüş çərçivəsində regional və qlobal təhlükəsizlik problemləri ətrafında ciddi müzakirələr aparılmışdır. Avropa və Asiyanın kəsişmə nöqtəsində, tarixi İpək Yolu üzərində yerləşən Azərbaycan, əlbəttə ki, NATO üçün əhəmiyyətli bir ölkədir. Təsadüfi deyildir ki, bir neçə gün əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 10-da NATO-nun baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayı qəbul etməsi və Azərbaycan ilə NATO arasında mövcud proqramlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsinin də aparılması davamlı inkişaf və genişləyən əlaqələrin bariz nümunəsidir.

Belə ki, Ceyms Appaturay Azərbaycanın gələcəkdə də tranzit məsələsində NATO-nun etibarlı tərəfdaşı olacağını, yaxın 2-3 il ərzində alyansın təkcə Əfqanıstana yük daşımaq yox, oradan yükləri daşınmasının lazım gələcəyini bildirərək, Azərbaycanın bu məsələdə NATO-nu dəstəkləyəcəyini ifadə etmişdir. Məhz bu görüşün səmərəli keçməsi nəticəsində dövlət başçımız NATO qərargahında NATO-nun baş katibi Anders Foq Rasmussen ilə görüşərək, əlaqələrimizin daha da güclənməsi və inkişaf etməsi üçün müzakirələr aparmışdır. Bu kontekstdə Azərbaycan-NATO tərəfdaşlığını yüksək qiymətləndirən baş katib ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə Prezident İlham Əliyevi təbrik etmişdir. Digər tərəfdən NATO-nun Fərdi Tərəfdaşlığın Əməliyyat Planının təsdiq olunmasının Azərbaycan-NATO əməkdaşlığının genişləndirilməsi baxımından əhəmiyyətini qeyd edən baş katib ölkəmizin antiterror koalisiyası çərçivəsində Əfqanıstanda sülhyaratma əməliyyatlarında fəal iştirakına görə təşəkkür etmişdir: "NATO Azərbaycan ilə tərəfdaşlığını yüksək dəyərləndirir. Biz, Əfqanıstanda Azərbaycanın verdiyi töhfəsinə görə olduqca minnətdarıq. Bizim bir çox siyasi prioritetlərimiz və təhlükəsizlik sahəsində maraqlarımız üst-üstə düşür. Uzun illər ərzində əməkdaşlığımızı və dialoqumuzu qurmuşuq. Münasibətlərimiz Avropa və Avroatlantik təhlükəsizliyinə töhfə verir. Əlaqələrimizi eyni qaydada inkişaf etdirmək əzmindəyik".

Digər tərəfdən Münhen konfransı çərçivəsində cənab Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının dövlət katibi Hillari Klinton ilə görüşməsi, Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişafı barəsində müzakirələr aparılaraq, onun bundan sonra da genişlənəcəyinə əminliyin artması və Azərbaycanın antiterror koalisiyasının tərkibində Əfqanıstandakı sülhyaratma əməliyyatlarında iştirakının yüksək qiymətləndirilməsi də NATO-Azərbaycan əlaqələrinin müvəffəqiyyətli nəticələrindəndir.

NATO ilə inkişaf edən əlaqələrimiz və ordunun NATO standartlarına uyğunlaşdırılması uğurla həyata keçirilir.

Cənab Prezident İlham Əliyev yanvar ayının 25-dən etibarən İsveçrənin Davos şəhərində 42-ci Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etdikdən sonra Münhen Təhlükəsizlik Konfransında Azərbaycanın iqtisadi və xüsusilə də, siyasi cəhətdən təhlükəsizlik parametrləri kontekstində funksional rolunu uğurla təhlil edərək konfrans iştirakçılarına çatdırmışdır. Məhz qeyd olunan bu iki mühüm tədbirdə Azərbaycan bir daha dövlət başçısının rəhbərliyi altında müvəffəqiyyətlə təmsil olunmuşdur. "Enerji, ehtiyatlar və ətraf mühit: yeni təhlükəsizlik parametrləri" mövzusunda cənab Prezident yüksək analitik təhlil qabiliyyəti ilə Azərbaycanın geopolitik mövqeyinə işarə edərək, qlobal inteqrasiya prosesində oynadığı rola işarə etmişdir. Məhz qlobal siyasi kurs nəticəsində 1990-cı illərin ortalarından etibarən ölkəmizin təşəbbüsü ilə həyata keçirilən layihələr, faktiki olaraq, Qafqaz və Xəzər regionları və Avropanın da enerji xəritəsini dəyişmişdir. Bu kontekstdə qeyd olunmalı ən vacib məqamlardan biri də Azərbaycan Ordusunun NATO standartlarına müvafiq vəziyyətə gətirilməsidir. Məhz belə bir siyasi-hərbi strategiya nəticəsində regiondakı təhlükəsizlik məsələlərində funksional rola malik olmaq olar. Bəllidir ki, bütün iqtisadi layihələr və investisiyalar, eyni zamanda, bu faktoru da nəzərə alaraq inkişaf etdirilir. Bu baxımdan, Azərbaycan Ordusundakı modernləşdirilmə strategiyası əhəmiyyət kəsb edir. Digər tərəfdən Dağlıq Qarabağ problemi ilə əlaqədar olaraq da ordunun güclənməsi hər zaman dövlət başçımızın diqqət mərkəzindədir. Məhz cənab Prezident İlham Əliyevin 21 yanvar 2012-ci ildə Gəncə və Goranboya səfərləri zamanı söylədiyi fikirlər ordunun modernləşdirilməsi baxımından da başa düşülməlidir: "Bu gün də dünya birliyi Dağlıq Qarabağı Azərbaycan torpağı kimi qəbul edir, tanıyır və bu, belə də olmalıdır. Çünki Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır. "Qarabağ" sözü Azərbaycan sözüdür. Mən şübhə etmirəm ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Həm hazırda Dağlıq Qarabağın inzibati hüdudlarından kənarda işğal edilmiş torpaqlarda Azərbaycan dövlətinin suverenliyi bərpa edilməlidir və ediləcəkdir. Eyni zamanda, Dağlıq Qarabağda Azərbaycan bayrağı dalğalanmalıdır və dalğalanacaqdır. Mən buna şübhə etmirəm. Bizim artan siyasi gücümüz, hərbi potensialımız o müqəddəs günü yaxınlaşdırır".

Hal-hazırda hərbi gücümüzün dəfələrlə Ermənistan Respublikasının büdcəsindən çox olması və aparılan hərbi modernizasiya işləri, eyni zamanda, qarşı tərəfi dialoqa məcbur edən faktorlardan biri kimi başa düşülməlidir. Bütün bunlar daxildə aparılan sosial-iqtisadi islahatlar və xarici siyasətin də tarazlı bir şəkildə həyata keçirilməsi ilə birbaşa bağlıdır. Məhz keçən il Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olaraq seçilməsi də bu kontekstdə anlaşılmalıdır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu, 155 ölkənin dəstəyini də alaraq əldə olunan siyasi bir qələbədir və Ermənistan buna cəhd edə bilməmişdir.

Əlbəttə ki, cənab Prezidentin NATO qərargahında baş katib Anders Foq Rasmussen və NATO-nun Şimali Atlantika Şurasında üzv dövlətlərin NATO yanında daimi nümayəndələri ilə görüşməsi və müzakirələrin aparılması Azərbaycanın hərbi gücünün inkişafı baxımından çox böyük əhəmiyyəti vardır. Məhz dövlət başçımız bütün bu mövzulara analitik tərzdə öz nitqində toxunmuşdur: "NATO ilə Azərbaycan arasında münasibətlərin çox yaxşı tarixi vardır. Bu, uğurlardan ibarət tarixdir. 1990-cı illərin əvvəllərindən Azərbaycan Avratlantik strukturlara inteqrasiya olmaqda çox fəal idi. Bu baxımdan, biz nəzərəçarpan irəliləyişi əldə etmişik. Biz Silahlı Qüvvələrimiz daxilində islahatlar aparırıq və mən çalışıram onları NATO standartlarına uyğunlaşdırım. Buna görə də əməkdaşlığımızın bu hissəsinin Silahlı Qüvvələrimizə çox böyük təsiri vardır. Eyni zamanda, NATO-nun dünyanın müxtəlif yerlərində aparılan əməliyyatlarındakı iştirak hərbi qulluqçularımıza öz bacarıqlarını artırmaqda yardımçı olmuş və onlar NATO-dakı həmkarlarından bir çox məsələləri öyrənmişlər...Bu gün biz, həmçinin, regional təhlükəsizlik məsələləri, xüsusən də, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aparılan danışıqları müzakirə etdik. Mən cənab baş katibi bu danışıqların hazırkı durumu ilə tanış etdim və bir daha ümidvar olduğumuzu bəyan etdik ki, bu münaqişə mümkün qədər tez həll olunacaq və Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir. Bunun üçün yaxşı hüquqi əsas vardır. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Biz gözləyirik ki, erməni tərəfi bu qətnamələrə əməl edəcəkdir. Bu gün apardığımız müzakirələrin müəyyən hissəsi enerji təhlükəsizliyinə həsr olunmuşdu. Bu, bütün ölkələrin - həm hasilatçı, həm istehlakçı ölkələrin milli təhlükəsizliyinin olduqca mühüm elementidir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verən ölkəyə çevrilir və əminəm ki, çevriləcəkdir. Avropadakı istehlakçılarımız, həmçinin, NATO-nun üzvü olan dövlətlərdir. Bu mövzu müzakirələrimizin və məsləhətləşmələrimizin bir hissəsidir".

Cənab Prezident İlham Əliyevin yuxarıda qeyd olunan nitqində bir sıra əhəmiyyətli məqamları ön plana çıxmaqdadır. Bütün bunlara Azərbaycanın regional güc olaraq mövqeyi, neft-qaz istehsalında təhlükəsizlik məsələlərinin həlli, NATO-nun sülhyaratma əməliyyatlarında azərbaycanlı hərbçilərin iştirakı, NATO-ya üzv ölkələrin Dağlıq Qarabağ problemində Azərbaycanı dəstəkləmələri və s. mövzular daxildir.

Yeri gəlmişkən Azərbaycan Prezidenti İlham Əliyevin bir neçə gün əvvəl "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununun tətbiqi barədə Fərmanı imzalayaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması da ölkədə aparılan uğurlu hərbi islahatların və bu sahənin NATO standartlarına cavab verməsi istiqamətində həyata keçirilən reformaların bariz nümunəsidir. Ümumiyyətlə, ordu quruculuğu və NATO-Azərbaycan əlaqələrinin uğurlu inkişafı Azərbaycanın dünya miqyasında günbəgün artan iqtisadi, siyasi və hərbi nüfuzunu daha da artırır".


Rəşad İlyasov,

fəlsəfə doktoru

Digər xəbərlər