PDF Oxu

Siyasət

  • 11

“Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası strateji dərinliyin nəticəsidir

“Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası strateji dərinliyin nəticəsidir

Məlum olduğu kimi, 29 noyabr 2011-ci ildə cənab Prezident İlham Əliyev "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması ilə əlaqədar Sərəncam imzalamışdır. Sərəncamın məzmun və məqsədi bir çox cəhətdən aktual problemlərin həllini özündə ehtiva etdiyinə görə, çox böyük əhəmiyyət kəsb edir. Məhz Sərəncamda qarşıya qoyulan məsələlər və onların həlli yollarının layihələşdirilərək, həyata keçirilməsi həm dövlətimiz, həm də xalqımız qarşısında duran ən ali vəzifələrdəndir. Bu baxımdan, Sərəncamda da qeyd olunduğu kimi, Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur.

Bu mərhələnin əsas hədəfi çoxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmin olunması və əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə, elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. Belə ki, İnkişaf Konsepsiyası layihəsinin 2012-ci ilin sonunadək hazırlanıb təsdiq olunmaq üçün Azərbaycan Prezidentinə təqdim edilməsi, layihənin hazırlanarkən, müvafiq dövlət orqanlarının, elmi təşkilatların və yüksək ixtisaslı mütəxəssislərin cəlb olunmasının təmin edilməsi, bu sahədə qabaqcıl dünya təcrübəsindən yararlanmaq məqsədi ilə BMT İnkişaf Proqramı və digər beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığın həyata keçirilməsi üçün zəruri tədbirlər görülməsi və vətəndaş cəmiyyəti təsisatlarının iştirakını, habelə,ı layihənin açıq müzakirəyə çıxarılması üçün müvafiq tədbirlərin görülməsinin təmin edilməsi belə bir strateji layihənin Azərbaycan üçün son dərəcə faydalı olacağını xəbər verir. Sərəncamda qeyd olunduğu kimi layihə çərçivəsində həyata keçiriləcək işlər çoxşaxəli olduğuna görə də əhəmiyyətlidir. Məhz dünya praktikasında, xüsusilə, elmi və iqtisadi düşüncədə hər hansı bir problemin həlli çox şaxəlilik prinsipinə müvafiq aparılır. Bu mənada, cənab Prezidentin imzaladığı bu Sərəncam müasir elmi və cəmiyyətin yenilənməsində tətbiq olunan meyarlar baxımından da son dərəcə zəngin mövzuları əhatə edir.


Dəyirmi masa və konfransların keçirilməsi layihənin

formalaşmasına təsir edəcəkdir


Bildiyimiz kimi, YAP-ın təşəbbüsü ilə "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının hazırlanması ilə əlaqədar "Milli təhsilimizin gələcəyi: əsas hədəflər və vəzifələr" mövzusunda dəyirmi masa keçirilmişdir. Sərəncamda da qeyd olunduğu kimi, uğurlu İnkişaf Konsepsiyasının əsas istiqamətlərindən də biri milli təhsilin gələcəyi və dünyadakı təhsilə inteqrasiyası ilə bağlı məsələlərin həllidir. Məhz İnkişaf Konsepsiyasına müvafiq olaraq, Azərbaycanın bu sahədə uğurlu inkişaf strategiyasına malik olması da gələcək nəsillər üçün əlverişli şərait yaradacaqdır. Bu kontekstdə YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədovun haqlı olaraq vurğuladığı kimi: "Azərbaycan sürətlə inkişaf edir və bu inkişafın çox vacib parametri bütövlükdə yüksəliş və tərəqqidə ifadə olunur. İnkişafın digər əhəmiyyətli bir parametri Azərbaycanın iqtisadiyyatından tutmuş həyatımızın bütün sferalarını əhatə edən sürətli yeniləşmə və modernləşmə prosesi ilə əlaqədardır".

Yeri gəlmişkən Azərbaycan Respublikası təhsil naziri M.Mərdanovun da bu kontekstdə söylədiyi fikirlər son dərəcə əhəmiyyətlidir. Belə ki, hörmətli nazir "dəyirmi masa"da məktəbəqədər təhsil, orta təhsil, texniki-peşə təhsili orta ixtisas və ali təhsilin inkişafı istiqamətində görülən işlər barədə ətraflı məlumat vermişdir. M.Mərdənov qeyd edib ki, aparılan siyasət Azərbaycanda təhsilin inkişafına xidmət edir və bu islahatlar müsbət nəticələr verir. Onun sözlərinə görə, 2004-2011-ci illərdə Azərbaycanda Heydər Əliyev Fondunun və digər təşkilatların dəstəyi ilə 550 min şagird üçün 2200 yeni məktəb binası tikilib, eləcə də, xeyli sayda məktəb binaları əsaslı təmir olunmuşdur. Bunun nəticəsində ikinövbəli məktəblərin sayı 73 faizdən 44 faizə enib. Bundan əlavə, qarşıda duran hədəflərdən biri də təhsildə inkişaf etmiş ölkələrin göstəricilərinə çatmaq nəzərdə tutulur. Eyni zamanda, orta məktəb məzunlarının ali məktəblərə qəbulunun 30 faizdən 40 faizədək yüksəldilməsi də əsas hədəflərdən biridir.

Qeyd olunmalıdır ki, 18 fevral 2012-ci ildə Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi "Qış məktəbi" layihəsi çərçivəsində Qəbələ rayonunda "Azərbaycan 2020: gəncliyin gələcəyə baxışı" mövzusunda konfrans keçirmişdir. Bu konfransda da qeyd olunan Sərəncamda göstərilən istiqamətlər və məsələlərin həllində atılacaq addımlar ətrafında ciddi müzakirələr getmişdir. Belə bir strateji layihənin hazırlanmasında gəncləri səfərbər etmək və onların intellektual və praktiki imkanlarından istifadə etmək həyata keçiriləcək layihənin uğurlarından hesab olunacaqdır.


Məqsədyönlü siyasi kurs çoxşaxəli strateji

dünyagörüşünü əks etdirir


Ümumiyyətlə, cənab Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan üçün həyata keçirtdikləri çoxşaxəli siyasi-mədəni strateji kurs hal-hazırda öz bəhrələrini verməkdədir. Belə ki, sadəcə, son bir neçə ildə Azərbaycanın dünya miqyasında əldə etdiyi uğurlar bu fikrin əsas arqumentlərini təşkil edir. cənab Prezident İlham Əliyevin siyasi kursunu təhlil etdikdə, qarşımıza çıxan əsas nəticələrdən biri də Azərbaycanın coğrafi, geopolitik və mədəni cəhətdən Şərqlə Qərb dəyərlərinin sintezi istiqamətində əldə etdiyi inkişafdır. Əlbəttə ki, bu siyasin kursun əsasları Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu mənada, "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası da uğurla aparılan daxili və xarici siyasi kursun nəticəsidir. Sərəncamı bütöv bir şəkildə, bir çox istiqamətdən təhlil etdikdə, görülən əsas məqamlardan biri, onda qoyulan məsələlərin və həlli yollarının müasir dünyada gedən qlobal inteqrasiya proseslərinə paralel şəkildə aparılma vacibliyinin vurğulanmasıdır. Məhz cənab Prezident həm daxildə, həm də xaricdəki bir sıra çıxışlarında Azərbaycanın müstəqil dövlət olaraq həyata keçirdiyi iqtisadi islahatlarla günbəgün inkişaf etdiyini vurğulayır. Dövlət başçımızın bu yaxınlarda təşkil olunan Davosdakı Dünya İqtisadi Forumunda və Münhen Təhlükəsizlik Konfransında vurğuladığı ən önəmli məqamlardan biri də neftdən gələn gəlirlərin insan kapitalına yönəldilməsi mövzusu idi. Ümumiyyətlə, bu fikri cənab Prezident dəfələrlə həm xaricdəki, həm də daxildəki görüşlərində vurğulayır və siyasi kursun bu istiqamətdə irəliləməsinin vacibliyini qeyd edir. Məhz neft sektorundan əldə olunan gəlirlərlə ixtisaslı kadrların hazırlanması və yetişdirilməsi sosial-iqtisadi siyasət cəhətindən ən başlıca vəzifələrdəndir. Belə ki, dövlət başçımızın başqa bir Fərmanı ilə Dövlət Gənclər Fondunun yaradılması da bu amala xidmət etməklə, bu prizmadan anlaşılmalıdır. Qeyd olunan İnkişaf Konsepsiyasında da bu mətləblərə toxunulmaqdadır.

Prezident tərəfindən layihələndirilməsi üçün Sərəncam şəklində verilən İnkişaf Konsepsiyasının, eyni zamanda, son zamanlarda elmi-akademik yazılarda bəhs olunan Davamlı İnkişaf Konsepsiyası ilə də müqayisə etmək olar. Çünki bu zaman mövzuya əhatəedici, bütöv (holistic) bir prizmadan yaxınlaşmaq mümkündür. Belə ki, Davamlı İnkişaf Konsepsiyası ətraf mühit, iqtisadi və sosio-siyasi telləri və münasibətləri bir sistemdə birləşdirir. Üstəlik, o, ağıl və mənəviyyat arasında qarşılıqlı əlaqənin vacibliyini diktə edir. Belə bir yanaşma tərzinə biz qeyd olunan Sərəncamın məzmununda da rast gəlirik.

Möhtərəm Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan-2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası adlı Sərəncamı Azərbaycanın iqtisadi-intellektual gücünün qlobal arenada müsbət şəkildə əks olunmasına, qlobal iqtisadi və siyasi güc balansından istifadə edərək, lokal, yəni milli dəyərlərin inkişaf etdirilməsini strateji dərinlik olaraq, dövlət və ictimaiyyətimiz önündə vəzifə kimi qoymaqdadır.


Rəşad İlyasov,

fəlsəfə doktoru

Digər xəbərlər