PDF Oxu

Siyasət

  • 9

Bakıda xalq qəhrəmanı Koroğlunun abidəsi ucaldılıb

Bakıda xalq qəhrəmanı Koroğlunun abidəsi ucaldılıb

Dünən Bakıda xalq qəhrəmanı Koroğlunun xatirəsinə ucaldılmış abidənin açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Azərbaycan Dövlət simfonik orkestri dahi bəstəkar Üzeyir Hacıbəylinin "Koroğlu" operasının uvertürasını ifa etdi. Dövlətimizin başçısı abidənin üzərindəki örtüyü götürdü. Azərbaycan Prezidenti abidənin önünə əklil qoydu. Dövlətimizin başçısı Azərbaycanın elm, təhsil və mədəniyyət ictimaiyyətinin tanınmış nümayəndələri ilə görüşdü. Prezident İlham Əliyev mərasimdə çıxış edərək bildirdi ki, bütün dövrlərdə Koroğlunun xalq qarşısında etdiyi xidmətlər Azərbaycan xalqının xatirəsində yaşamışdır və bu gün də yaşayır:

"Əziz dostlar! Bu gün şəhərimizin tarixində çox əlamətdar və unudulmaz bir gündür. Bu gün Bakının mərkəzində, şəhərimizin gözəl guşəsində biz böyük şəxsiyyət, Azərbaycan xalqının qəhrəman oğlu Koroğlunun abidəsinin açılışına toplaşmışıq. Bu gözəl hadisə münasibətilə sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Koroğlu bizim xalq qəhrəmanımızdır. Koroğlu vətənpərvərlik, igidlik rəmzidir. Azərbaycan xalqının qəlbində Koroğlu daim yaşamışdır. Bütün dövrlərdə Koroğlunun xalq qarşısında etdiyi xidmətlər Azərbaycan xalqının xatirəsində yaşamışdır və bu gün də yaşayır.

Koroğlu obrazı vətənpərvərlik, igidlik, mərdlik, şücaət obrazıdır. Koroğlu Azərbaycan xalqına xas olan bütün gözəl xüsusiyyətləri özündə əks etdirir. Vətənpərvərlik kimi bu gün də çox vacib olan amil Koroğlu obrazında bariz şəkildə özünü göstərir. Müxtəlif dövrlərdə bizim böyük sənətkarlarımız "Koroğlu" mövzusuna müraciət etmişlər. Dahi bəstəkarımız Üzeyir Hacıbəylinin 1930-cu illərdə yazdığı "Koroğlu" operası bu gün də yaşayır və əbədi yaşayacaqdır. Bütün təntənəli mərasimlərdə "Koroğlu" operasının uvertürası səslənir. Bu, bizim dövlət himnimizlə bərabər Azərbaycan xalqının ayrılmaz böyük dəyəri kimi bu gün də yaşayır.

Ölkəmizin müxtəlif şəhərlərində Koroğlu abidələri ucaldılmışdır. Ancaq Bakıda Koroğlu abidəsi yox idi və bu boşluğu biz indi aradan qaldırdıq. Mən 2009-cu ildə Bakıda Koroğlu abidəsinin ucaldılması haqqında müvafiq Sərəncam imzalamışam. Bizim istedadlı heykəltəraşımız Tokay Məmmədov gözəl və əzəmətli əsər yaratmışdır. Koroğlu abidəsi üçün müvafiq yerin seçilməsi prosesi başlanmışdı. Mən çox istəyirdim ki, şəhərimizin gözəl yerində gözəl, əzəmətli abidə ucaldılsın və bu gün biz bu tarixi hadisənin şahidiyik.

Gənc nəslin tərbiyə edilməsində "Koroğlu" dastanı çox mühüm bir vasitədir. Çünki gənc nəslimiz vətənpərvərlik ruhunda böyüməli, tərbiyə almalıdır. Müstəqil Azərbaycanın vətəndaşları öz Vətənini, xalqını sevməlidirlər. Koroğlu xalq içərisindən çıxmış, xalq üçün yaşamış gözəl insan, böyük sərkərdə idi. Koroğlu, eyni zamanda, istedadlı insan idi - həm şair, həm aşıq idi. Bir daha demək istəyirəm ki, Azərbaycan xalqının ən gözəl xüsusiyyətləri onda var idi və bizim gənclərimiz keçmişimizdə olan müsbət obrazları da bilməlidirlər, yaxından, dərindən tanımalıdırlar. Biz keçən il müstəqilliyimizin 20 illiyini qeyd etmişik. Ancaq bizim çox böyük, zəngin tariximiz, mədəniyyətimiz vardır. Şifahi xalq yaradıcılığımız vardır. Gözəl əsərlərimiz, dahi şəxsiyyətlərimiz vardır. Bizim vətəndaşlar, xüsusilə gənclər o dahi şəxsiyyətləri tanımalıdırlar. Koroğlu abidəsinin ucaldılması bir tərəfdən tarixi ədaləti əks etdirir, digər tərəfdən Koroğlu abidəsi bir daha Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu əyani şəkildə göstərir.

Sovet dövründə də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə xalqımızın görkəmli şəxsiyyətlərinin şərəfinə abidələr ucaldılmışdır. Bu gün bu siyasət davam etdirilir. Bu abidələr bir daha onu göstərir ki, Azərbaycan xalqı nə qədər böyük, nə qədər istedadlı xalqdır, bizim nə qədər böyük tarixi şəxsiyyətlərimiz olmuşdur. Onların fəaliyyəti, həyatı, xalqa bağlılığı bizim üçün də bir nümunədir, örnəkdir. Onlar bu yolu bizə göstərdilər. Bu yol ədalət yoludur."

Abidənin müəllifi, Azərbaycanın Xalq Rəssamı, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü, SSRİ və Azərbaycan Respublikası Dövlət mükafatları laureatı, professor Tokay Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Milli Məclisin mədəniyyət komitəsinin sədri, professor Nizami Cəfərov və Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar çıxış edərək bildirdilər ki, Koroğlu Azərbaycan xalqının ruhunu, igidliyini, qəhrəmanlığını ifadə edən bir şəxsiyyətdir. Bakıda onun heykəlinin ucalması vətənpərvərlik ruhunun daha da inkişafına yardım edəcəkdir. Əfsanəvi Qıratın belində Koroğlunun Misri qılıncı qaldırması bizi torpaqlarımızı azad etməyə çağırır, bizi qəhrəmanlığa, Koroğlu ruhunu yaşatmağa çağırır.

X X X

Sonra Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya abidə və onun yerləşdiyi Koroğlu parkı haqqında ətraflı məlumat verildi. Bildirildi ki, geniş abadlıq və yaşıllaşdırma işləri aparılmışdır. Ümumi sahəsi 1,3 hektar olan parkın 4620 kvadratmetrlik ərazisinə qranit plitələr döşənmişdir. Burada əhalinin istirahəti üçün nümunəvi şərait yaradılmışdır. Diqqətə çatdırıldı ki, abidənin yerdən hündürlüyü 23 metrdir. Qəhrəman koroğlunun Qıratın belində əzəmətli abidəsi Ukraynada bürüncdən tökülmüşdür. Prezident İlham Əliyev Koroğlu parkında görülmüş işlərdən razılığını bildirdi.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

Digər xəbərlər