PDF Oxu

Siyasət

  • 16

Azərbaycan xalqını sarsıtmaq hər hansı qüvvənin gücü xaricindədir

Azərbaycan xalqını sarsıtmaq hər hansı qüvvənin gücü xaricindədir

XX əsrin faciəsi kimi bəşər tarixinin qara səhifəsinə yazılmış Xocalı soyqırımı artıq bu gün demək olar ki, bütün dünyada, beynəlxalq təşkilatlarda anılmaqdadır. Prezident İlham Əliyevin bununla bağlı imzaladığı Sərəncama əsasən "Xocalıya ədalət", "Xocalını tanı" və bu kimi geniş tədbirlərin beynəlxalq səviyyədə keçirilməsi, xüsusilə, Heydər Əliyev Fondunun bu istiqamətdə ardıcıl fəaliyyət göstərməsi deyilənlərin bariz nəticəsidir.

Bütün bu əhəmiyyətli tədbirlər çərçivəsində Prezident İlham Əliyevin Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciəti də bir çox mühüm məqamları özündə əks etdirir.

Son iki əsrdə erməni millətçilərinin tarixi Azərbaycan torpaqları hesabına "böyük Ermənistan" ideyasını gerçəkləşdirmək məqsədilə dəfələrlə xalqımıza qarşı terror, kütləvi qırğın, deportasiya və etnik təmizləmə kimi bəşəri cinayətlər törətdiyini vurğulayan dövlət başçısı, onu da qeyd edib ki, XX əsrin sonunda dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə fərqlənən Xocalı soyqırımı bu təcavüzkar siyasətin ən qanlı səhifəsidir: "Bu ağır cinayətə görə siyasi-hüquqi məsuliyyət birbaşa Ermənistanın o zamankı və indiki rəhbərliyinin, Dağlıq Qarabağdakı separatçı rejimin üzərinə düşür".

Prezident İlham Əliyev, həmçinin, qeyd etmişdir ki, Azərbaycan dövləti erməni faşistlərinin törətdiyi Xocalı faciəsi haqqındakı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və beynəlxalq aləmdə soyqırımı kimi tanıdılması istiqamətində iyirmi ilə yaxındır ki, məqsədyönlü və sistemli iş aparır. Belə ki, son illərdə "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində soydaşlarımızı təmsil edən çoxsaylı vətəndaş cəmiyyəti institutları, gənclər təşkilatları və diaspor qurumları bu sahədə hakimiyyət strukturları ilə birgə səmərəli fəaliyyət göstərirlər. Və bununla ıda ermənilərin mifləri və yalanları ifşa olunur: "Artıq yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü ifşa olunur və dünya ictimai fikri Xocalı həqiqətlərini qəbul etməyə başlayır. İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı bu faktı "insanlığa qarşı törədilmiş kütləvi cinayət" hadisəsi kimi tanımış və üzv dövlətləri həmin faciəyə müvafiq siyasi-hüquqi qiymət verməyə çağırmışdır. Pakistan və Meksikanın parlamentlərində bu qətliamın soyqırımı aktı kimi tanınması barədə qətnamə qəbul edilmişdir".

Ölkə başçısı respublikamızın hazırda dünya təhlükəsizlik sistemində və beynəlxalq terrorizmə qarşı mübarizədə mühüm rol oynadığını bildirib və vurğulayıb ki, harada baş verməsindən asılı olmayaraq, Azərbaycan dövləti hər cür irqi ayrı-seçkiliyi, etnik və dini zəmində düşmənçiliyi bütövlükdə bəşər cəmiyyətinə qarşı cinayət hesab edir: "Dövlətimiz bundan sonra da Xocalı soyqırımına, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına obyektiv qiymət verilməsi və tarixi-hüquqi ədalətin bərpası üçün öz fəaliyyətini davam etdirəcək, bütün siyasi və hüquqi vasitələrlə belə hallara qarşı barışmaz mübarizə aparacaqdır".

Bu gün heç bir qüvvə Azərbaycanın artan qüdrətinin, inkişafının qarşısını almaq gücündə deyil. Xüsusilə, Ermənistanın bu mövqeyi hər dəfə iflasa uğramaqdadır. Prezident İlham Əliyev bildirmişdir ki, Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi Azərbaycan xalqını sarsıtmaq, suverenlik və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirmək və torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirmiş, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etmişdir: "Bu ümummilli hüzn günündə bir daha Xocalı faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Sizi əmin etmək istəyirəm ki, Xocalı soyqırımını həyata keçirənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək, layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaqdır".

R.HÜSEYNOVA

Digər xəbərlər