PDF Oxu

Siyasət

  • 14

Uğurlu inkişaf nəticəsində Azərbaycan daha da güclü dövlətə çevriləcək

Uğurlu inkişaf nəticəsində Azərbaycan daha da güclü dövlətə çevriləcək

Dünən "Baku Expo" Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib. Mərkəzdə Dövlət Proqramın üçüncü ilinin yekunları ilə bağlı təqdimat olub. Təqdimatda ölkəmizin son illərdə sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi uğurlar əksini tapıb.

2011-ci ildə ölkəmizdə həyata keçirilən sosial müdafiə tədbirləri, o cümlədən tikilən və əsaslı təmir olunan təhsil və səhiyyə müəssisələri və digər sosial obyektlər barədə ətraflı məlumatların yer aldığı təqdimatda əhalinin elektrik enerjisi və təbii qazla təchizatının yaxşılaşdırılması, yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində görülən işlər müxtəlif cədvəl və diaqramlarla diqqətə çatdırılıb. Təqdimatda Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizdə inşa olunan təhsil və səhiyyə müəssisələri haqqında da göstəricilər ətraflı şəkildə əks olunub. Naxçıvan Muxtar Respublikasına həsr olunan bölmədə ötən il muxtar respublikada sosial-iqtisadi sahədə əldə edilən uğurlardan söhbət açılır.

Prezident İlham Əliyev konfransda giriş nitqi söyləyib. Prezident çıxışında bildirib ki, ölkəmizin uğurlu inkişafı artıq reallıqdır. Bunu Azərbaycan əhalisi bilir və görür. Dünya ictimaiyyəti də Azərbaycanın uğurları haqqında kifayət qədər dolğun məlumat əldə edir. Uğurlarımızın təməlində düşünülmüş siyasət, ölkəmizdə mövcud olan ictimai-siyasi sabitlik və uğurlu iqtisadi islahatlar dayanır:

"İctimai-siyasi sabitlik Azərbaycanda 1990-cı illərdə təmin edilmişdir. 1990-cı illərin əvvəllərində ölkəmizdə hökm sürən xaos, anarxiya ölkəmizi uçuruma aparırdı. Ölkəmiz üçün həlledici illərdə bütün xoşagəlməz hallara ulu öndər Heydər Əliyevin rəhbərliyi altında son qoyuldu və Azərbaycanın uğurlu inkişafı təmin edildi. Məhz o illərdə yaradılmış və bu gün daha da möhkəmlənən ictimai-siyasi sabitlik ölkəmizə investisiyaların gətirilməsinə şərait yaratmışdır və ölkəmizin uğurlu inkişafına imkan vermişdir. Eyni zamanda, bizim əsas iqtisadi islahatlarımız da 1990-cı illərin ortalarında başlamışdır. Bu gün bu islahatlar davam edir və keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Ölkəmizin müasir inkişaf dövrü də çox uğurludur. İnkişafımızın təməlində, bir daha demək istəyirəm ki, siyasətimiz dayanır. Ölkəmizdə siyasət həm ictimai, həm də iqtisadi sahədə bir məqsədi güdür: Azərbaycan xalqının maraqlarını təmin etmək, ölkəmizi gücləndirmək, regionda mövqelərimizi möhkəmləndirmək! Bizim əsas istiqamətimiz bundan ibarətdir."

Prezident İlham Əliyev bildirib ki, müasir dövrdə ölkəmizin sürətli inkişafına nail olmaq üçün kifayət qədər geniş proqramlar icra edilir. Bu proqramların içində əlbəttə ki, ən önəmlisi və ən vacibi 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramıdır. Dövlət başçısı diqqətə çatdırıb ki, bu proqramın qəbul edilməsindən sonra ölkəmizin bölgələri çox sürətlə inkişaf etməyə başlayıb:

"Proqramın qəbul edilməsi 2004-cü ilə təsadüf edir. Ancaq Proqram haqqında mən ondan əvvəlki illərdə də fikirləşirdim və 2003-cü ilin prezident seçkiləri ərəfəsində bildirmişdim ki, əgər xalq mənə etimad göstərərsə qəbul edilmiş proqramlar nəticəsində beş il ərzində - yəni, 2008-ci ilə qədər ölkəmizdə 600 minə qədər yeni iş yeri açılacaqdır. O vaxt bəziləri bu rəqəmlərə inanmırdı, bəziləri buna şübhə ilə yanaşırdı. Ancaq mən bilirdim ki, bunu etmək mümkündür. Çox şadam ki, qısa müddət ərzində - yəni, ondan da az dövrdə, təxminən dörd il ərzində 600 min yeni iş yeri yaradılmışdır. Bütövlükdə 2004-2008-ci illərdə ölkəmizdə 760 min yeni iş yeri açılmışdır ki, bu da həm işsizliyin aradan qaldırılması, həm də yoxsulluğun aşağı salınması üçün xüsusi əhəmiyyət kəsb edir. Beləliklə, 2004-cü ildə qəbul edilmiş Proqram bizim bütün iqtisadi inkişafımıza təkan vermişdir.

Əlbəttə, iqtisadiyyatımızın böyük hissəsi neft-qaz sektorunda formalaşır. Ancaq neft-qaz sektorunda böyük sayda iş yerlərinin yaradılması mümkün deyildir. Ona görə bizim əsas istiqamətimiz qeyri-neft sektoruna yönəldilmişdir. Bu sektorun inkişafı həm ölkə iqtisadiyyatının şaxələndirilməsinə, həm də işsizliyin aradan qaldırılmasına yönəldilməli idi və belə də oldu. Onu da qeyd etmək istəyirəm ki, bəzi hallarda bizim uğurlu iqtisadi inkişafımızı yalnız neft-qaz amili ilə bağlayırlar. Əlbəttə ki, neft-az amili mühüm rol oynayır və bundan sonra da oynayacaqdır. Ancaq demək istəyirəm ki, bizim əsas neft ixrac kəmərimiz - Bakı-Tbilisi-Ceyhan neft kəməri yalnız 2006-cı ilin yayında istifadəyə verilmişdir. Proqram isə 2004-cü ildə qəbul edilmişdir. Qəbul edildikdən dərhal sonra Proqram icra edilməyə başlanmışdır. Biz indi böyük transmilli layihələr üzərində işləyirik. Bu layihələr həyata keçirilərsə ölkəmizin uzunmüddətli uğurlu inkişafı təmin ediləcəkdir. Onsuz da təmin ediləcəkdir, amma bu layihələrlə Azərbaycan daha da güclü dövlətə çevriləcəkdir. Azərbaycanın sözü daha da əhəmiyyətli olacaqdır. Həm regionda, həm dünyada mövqelərimiz daha da təsirli olacaqdır. Mən bunu istəyirəm. Biz güclü dövlət yaradırıq. Güclü iqtisadiyyat və güclü siyasət əsasında güclü dövlət yaradırıq.

Bizim iqtisadi potensialımız, şaxələndirilmiş iqtisadiyyat, neft-qaz amili, tranzit imkanlarımız, - hansı ki, biz özümüz yaratmışıq, - çox böyük dəyərlərdir. Biz, yenə də deyirəm ki, öz gücümüzü bilirik. Sadəcə olaraq, bəzi hallarda bunu göstərmək istəmirik. Amma lazım gəldikdə göstəririk. Biz özümüzə çox arxayınıq. Azərbaycanın güclü olması, mən hesab edirəm ki, bölgə üçün, dünya üçün çox vacib olan məsələdir. Çünki bizim siyasətimiz xoşniyyətlidir. Bizim siyasətimiz əməkdaşlığa yönəldilibdir.



Bir sözlə, keçən dövr haqqında kifayət qədər məlumat vardır və bir də görülən bütün bu işlər göz qabağındadır. 2009-cu ilin əvvəlində Proqramın yeni dövrü başlamışdır. Artıq o proqram Dövlət İnkişaf Proqramı adlandırıldı. Ancaq bu Proqramın əsas istiqaməti yenə bölgələrin inkişafına yönəldilmişdir. Artıq üç ildir ki, ikinci Dövlət Proqramı icra edilir. Deyə bilərəm ki, bütün vəzifələr artıqlaması ilə icra edilir. Birinci Proqrama gəldikdə, orada nəzərdə tutulmuş məsələlər, təbii ki, öz həllini tapmışdır. Onda əlavə tədbirlər də görülmüşdür. İndi də məhz belə mənzərə müşahidə olunur. Biz bu Proqramı daha da böyük həcmdə icra edirik və beləliklə, inkişafımıza davam edirik.

Dünyada neftlə zəngin olan kifayət qədər çox ölkələr vardır. Bizdən qat-qat çox neft, qaz hasil edən, ixrac edən ölkələr vardır. Ancaq heç də hər bir ölkədə iqtisadi inkişaf bizdəki kimi sürətli deyildir. Ona görə, mən bir daha demək istəyirəm ki, uğurlarımızın təməlində düşünülmüş iqtisadi siyasətdir, iqtisadi islahatlardır. Bu islahatlar dünya birliyi tərəfindən qiymətləndirilir. Dünyanın aparıcı iqtisadi qurumları Azərbaycanda gedən prosesləri dəstəkləyir, qiymətləndirir və bəzi hallarda bizdə gedən prosesləri heyranlıqla müşahidə edir. Böyük reytinq agentlikləri inkişaf etmiş ölkələrin kredit reytinqlərini aşağı salırlar, Azərbaycanın kredit reytinqlərini qaldırırlar. Böhranlı illərdə ən aparıcı beynəlxalq maliyyə qurumları Azərbaycanda gedən islahatları yüksək qiymətləndirirlər. Yəni, bu da çox vacibdir. Əlbəttə, bizim üçün ən vacib olan məsələ odur ki, bildiyimizi edək, iqtisadi inkişafımızı, insanların yaxşı yaşamasını təmin edək. Ancaq görəndə ki, uğurlarımız mötəbər beynəlxalq qurumlar tərəfindən qeyd edilir, əlbəttə ki, bu, bizi daha da sevindirir.

2011-ci il də ölkəmizin inkişafı üçün uğurlu il olmuşdur. 2011-ci ilin xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, Azərbaycanda qeyri-neft sektoru sürətlə artmışdır. Əgər ümumi iqtisadi inkişaf təqribən 1 faiz ətrafında, bəlkə ondan da az idi, qeyri-neft iqtisadiyyatımızın inkişafı isə 10 faizdən çox olmuşdur. Bax, budur bizim vaxtilə qəbul etdiyimiz proqramların nəticəsi. Bizim məqsədimiz məhz bundan ibarətdir. Qeyri-neft sektorunun, qeyri-neft sənayesinin inkişafı. İndi bu ilin birinci ayının yekunları da onu göstərir - qeyri-neft sənayesi 10 faizdən çox artmışdır. Çox güclü sənayeləşmə prosesi gedir. Mən bu məsələ ilə bağlı bir neçə il əvvəl danışmışdım. Demişdim ki, Azərbaycanda sənayeləşmə prosesi sürətlə getməlidir və biz bunu görürük. Yaradılan və yaradılmaqda olan yeni sənaye müəssisələri bizim uzunmüddətli inkişaf strategiyamızı müəyyən edəcəkdir. Azərbaycan dövləti öz üzərinə düşən bütün vəzifələri icra edir və artıqlaması ilə icra edir. Azərbaycandakı kimi özəl sektora dəstək bəlkə heç bir ölkədə yoxdur. Bu dəstək, ilk növbədə siyasi dəstəkdir.

Sahibkarlarla mənim təkcə Bakıda deyil, bölgələrdə də mütəmadi görüşlərim olur. Mənim iştirakımla bölgələrdə 500-ə qədər sənaye müəssisəsi açılmışdır. Ancaq mənim iştirakım olmadan çoxlu müəssisələr açılmışdır. Bütövlükdə 40 mindən çox yeni müəssisə yaradılmışdır. Müəssisə yaradılması iş yerləridir, maaşdır, yerli istehsaldır, idxalı əvəzləmək üçün imkanlardır, ölkəmizin inkişafıdır, canlanmasıdır.

Azərbaycan dövləti sahibkarlara siyasi dəstəkdən başqa, iqtisadi dəstək də verir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə bu günə qədər, əgər 2012-ci ili də nəzərə alsaq, güzəştli şərtlərlə 900 milyon manat kredit verilmişdir. Onların mütləq əksəriyyəti bölgələrə və demək olar ki, hamısı iqtisadiyyatın real sektoruna yönəldilib. Beləliklə, bu kreditlərin hesabına böyük işlər görülür və mən çox şadam ki, sahibkarlar da dövlətin bu dəstəyinə çox böyük məsuliyyətlə yanaşırlar. Kreditlərin hamısı vaxtında qaytarılır və hazırda bu il üçün nəzərdə tutulmuş 200 milyon manat kreditin böyük hissəsini əvvəlki illərdə verilən və qaytarılan kreditlər təşkil edir. Yəni, bu, artıq böyük bir məbləğdir. Əlbəttə ki, sahibkarlara veriləcək kreditlərin həcmi ildən-ilə artacaq və hər bir sahibkara daha da böyük məbləğdə kreditin verilməsi mümkündür. Uğurlarımızın təməlində bir daha demək istəyirəm ki, həm iqtisadi siyasət, islahatlar, eyni zamanda, ölkədə mövcud olan ictimai-siyasi sabitlik, icra strukturlarındakı güclü nizam-intizam dayanır. Nizam-intizam olmadan, biz uğurlara nail ola bilməzdik. Mən bütün icra orqanlarının rəhbərlərinə demişdim, bu gün də deyirəm ki, sahibkarlarla bir yerdə olun, onlara kömək edin, onların işinə qarışmayın, onlara maneçilik törətməyin. Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır. Biz bu istiqaməti seçmişik və bu istiqamət bizə uğurlar gətirir. Ancaq bununla bərabər, indi böhran içində çabalayan inkişaf etmiş ölkələrin təcrübəsini öyrənərək və görərək bir daha yəqin edirik ki, sırf bazar iqtisadiyyatı prinsipləri bəzi hallarda işləmir. Avropada biz nəyi görürük? Dövlət öz üzərinə böyük öhdəliklər götürür. Bankları, böyük müəssisələri müflisləşmədən xilas etmək üçün dövlət tərəfindən vəsait qoyulur. Biz bu siyasəti 2004-cü ildən başlamışıq. Xatırlayıram, o vaxt biz bəzi hallarda daha çox beynəlxalq maliyyə qurumlarının kreditlərindən asılı idik. Bizə məsləhətlər, tövsiyələr verilirdi ki, dövlət bu işlərə qarışmasın, özəl sektor özü inkişaf etsin, dövlət kənarda dayansın. Necə ola bilər?

Bu, bizim ölkəmizdir. İstər dövlət, istər özəl şirkət olsun, bu, Azərbaycan şirkətidir. Necə ola bilər ki, biz ona kömək etməyək?!

Ona görə bizim dəstəyimiz vacibdir. Həm siyasi sahədə, həm ümumiyyətlə Azərbaycanda hökm sürən gözəl ictimai ab-hava bu dəstəyi gücləndirdi. Azərbaycan dövləti bundan sonra da ölkəmizin hərtərəfli inkişafı üçün əlindən gələni edəcəkdir. Bizim düşünülmüş proqramımız, siyasətimiz vardır. 2013-cü ilə qədər ikinci Dövlət Proqramı icra ediləcəkdir. Mən əminəm ki, 2009-cu ildə qəbul edilmiş Proqram artıqlaması ilə icra ediləcəkdir. Beləliklə, 2013-cü ilin sonuna qədər ölkəmizdə əsas infrastruktur məsələləri öz həllini tapmalıdır və tapacaq. Çünki icrası davam edən və bitmək üzrə olan böyük infrastruktur layihələri artıq bu inamı yaradır. Əlbəttə, mən hesab edirəm ki, gələcək 2 il ərzində biz hamımız çox fəal işləməliyik ki, Dövlət Proqramını vaxtından əvvəl və böyük həcmdə icra edək, ölkəmizin uğurlu inkişafını təmin edək.

Azərbaycana böyük həcmdə investisiya qoyulur. Bu, çox müsbət haldır. Biz xarici investisiyaları alqışlayırıq. Bizim uğurlu iqtisadi inkişafımız məhz xaricdən gələn investisiyalar hesabına başlamışdır. "Əsrin kontraktı"nın imzalanması Azərbaycanı dünyaya tanıtdırdı və birinci dövrdə əlbəttə ki, xarici şirkətlər qeyri-neft sektoruna vəsait qoymaq istəmirdilər. Onları məcbur etmək də mümkün deyildi. Ancaq biz neftin satışından əldə edilən gəlirləri qeyri-neft sektoruna istiqamətləndirdik və beləliklə, dövlət investisiya yükünü öz üzərinə götürmüşdür. Əgər neft-qaz sektorunda bu vaxta qədər əsas investisiyalar xaricdən gəlirdisə, - halbuki indi bu balans da dəyişilir, - qeyri-neft sektorunda əsas yük Azərbaycan dövlətinin üzərindədir. Keçən il ölkəmizə 20 milyard dollardan çox investisiya qoyulmuşdur və onlardan 13 milyardı daxili investisiyalardır. Builki Dövlət İnvestisiya Proqramı da çox böyükdür."

Daha sonra konfransda iqtisadi inkişaf naziri Şahin Mustafayev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, "ATENA" süd zavodu və heyvandarlıq kompleksi idarə heyətinin sədri Elşad Rəsulov, Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Niftəliyev, "AzMDF" zavodunun direktor müavini Vüqar Əliyev, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, "Naxçıvan" avtomobil zavodunun icraçı direktoru Polad Sadıxov, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış ediblər. Çıxış edənlər, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr barədə danışıblar.

Yekun nitqi ilə çıxış edən Prezident İlham Əliyev bildirib ki, həyata keçirilən uğurlu inkişaf siyasəti bundan sonra da davam etdiriləcək və diqqət mərkəzində olacaq. Ölkə Prezidenti əmin olduğunu bildirib ki, 2012-ci ildə Dövlət İnvestisiya Proqramında nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapacaq. Prezident qeyd edib ki, ölkəmiz üçün bu il də uğurlu olmalıdır, xüsusilə qeyri-neft sektorunda böyük inkişaf gözlənilir.

Digər xəbərlər