PDF Oxu

Siyasət

  • 4

Antitürk qüvvələrin cəhdləri hər zaman iflasa məhkumdur

Antitürk qüvvələrin cəhdləri hər zaman iflasa məhkumdur

Qloballaşan və dəyişən dünya nizamında coğrafi yaxınlıq, mədəniyyət, din və dil birliyi kimi sarsılmaz mənəvi tellərlə bir-birinə bağlı olan türk xalqlarının və dövlətlərinin daha sıx və səmərəli əməkdaşlığı, birlik nümayiş etdirmələri çox vacibdir. Və bu gün Azərbaycan Respublikası türk cümhuriyyətləri ilə əlaqələrində məhz belə mövqedən çıxış edir və daim bu prinsiplərə sadiq qalır. Ölkəmiz hər zaman ortaq milli, mədəni və mənəvi dəyərlərin bəxş etdiyi imkanların türk dövlətlərin ümumi mənafeyinə səfərbər olunmasına, münasibətlərin etibarlı təməllər üzərində inkişaf etdirilməsinə böyük töhfələr verir.


Damarlarda axan eyni qan: Azərbaycan-Türkiyə!


Bu gün bütün türk dövlətləri arasında sıx əlaqələr var. Bunların arasında Azərbaycan-Türkiyə münasibətləri xüsusi özəlliyi ilə diqqəti daha çox cəlb edir. Bir soydan qaynaqlanan etnik ortaqlıqla, dil və mədəniyyət kimi mənəvi dəyərlərlə bir-birinə bağlı olan Azərbaycan və Türkiyə dövlətləri yalnız mehriban qonşuluq münasibətlərini deyil, ölkələrimizin daha da yaxınlaşmasını şərtləndirən mənəvi amilləri də rəhbər tutaraq, tarixən mövcud olmuş əlaqələrin daha yüksək səviyyəyə çatdırılması üçün qarşılıqlı olaraq bütün zəruri addımları daim atmışlar. Türk dünyasının öncülləri olan bu iki ölkə arasındakı münasibətlərdə, demək olar ki, boşluq qalmamışdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: "Azərbaycan-Türkiyə əlaqələrinin dünyada analoqu yoxdur".

Elə buna görə də Azərbaycan-Türkiyə əlaqələrindən söz açdıqda, diqqəti cəlb edən əsas məsələ əməkdaşlığın genişləndirilməsi və ya dərinləşdirilməsi deyil, bu iki türk dövləti arasındakı dostluq və qardaşlıq münasibətlərinin özünün ən yüksək zirvəsinə çatmasının əsas müzakirə mövzusu olmasıdır. Əlbəttə, Azərbaycan-Türkiyə qardaşlığı və bundan irəli gələn və strateji səviyyəyə qədər yüksələn əlaqələr iki ölkənin maraqlarına nə qədər cavab verirsə, türk düşməni olan dairələr bu münasibətlərə son dərəcə qısqanclıqla yanaşır. Ötən 20 ildə iki qardaş xalqın arasına nifaq salmaq üçün kifayət qədər cəhdlər olmuşdur. Lakin istər erməni lobbisinin, istərsə də anti-Azərbaycan və anti-Türkiyə şəbəkələrin heç bir cəhdi fayda verməmiş, əksinə, Azərbaycanla Türkiyə arasında münasibətlər daim yüksələn xətt üzrə inkişaf etmişdir.


Azərbaycanın dəstəyi

davamlı və əbədidir!


Fransa Senatında qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanunun qəbulundan sonra antitürk düşmənləri də fəallaşmışdılar. Azərbaycanın bu məsələdə guya Türkiyəyə dəstək olmadığını, Fransaya etiraz etmədiyini Türkiyədə dərc olunan bəzi qəzetlər vasitəsilə iddia edən həmin dairələr bununla iki qardaş ölkə arasında təfriqə salmağa növbəti dəfə cəhd göstərdilər. Azərbaycan hakimiyyətinin və ictimaiyyətinin ünvanına saysız-hesabsız ittihamlar səsləndirildi. Türkiyədə "Həpimiz erməniyiz, həpimiz Hrantız" şüarı ilə nümayişlərin təşkil olunması da bu planın tərkib hissəsi idi.

Şübhəsiz, bu cür şüar altında nümayişlərin keçirilməsi, qardaş ölkənin mətbuatında Azərbaycana qarşı əsassız ittihamların yer alması, bu zərərli xəttin Türkiyədə və Azərbaycanda bəzi siyasi qüvvələr və media mənsubları tərəfindən dəstəklənməsi göstərir ki, bu proses bir antitürk mərkəzi tərəfindən təşkil olunub və idarə edilir. Əsas məqsədləri isə Azərbaycanla Türkiyəni vahid siyasi xətdən yayındırmaq, onların arasında fikir ayrılığı yaratmaq, imkan daxilində ziddiyyətlərə, narazılıqlara yol açmaq, həmçinin, ermənilərin maraqlarına uyğun olaraq yenidən Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması və diplomatik əlaqələrin qurulması məsələsini gündəmə gətirmək idi.

Lakin tarix sübut edir ki, Azərbaycanla Türkiyə arasında münasibətləri gərginləşdirməyə yönəlmiş istənilən cəhd nəticəsiz qalır, iflasa uğrayır. Əslində, bu münasibətlərə kölgə salmaq mümkün deyil. Çünki söhbət bir millətin qurduğu iki dövlətin münasibətlərindən gedir. İstənilən halda iki ölkənin siyasi dairələri vahid və qətiyyətli mövqe nümayiş etdirərək antitürk düşmənlərin planlarını alt-üst edirlər. Erməni lobbisinin və türk düşmənlərinin son vaxtlarda, yəni Fransa Senatında bədnam qanunun qəbulundan sonra başlamış olduqları planların iflasa uğraması da göstərdi ki, Azərbaycan-Türkiyə münasibətlərini pozmağa göstərilən istənilən cəhd əbəsdir.


Yalan ayaq tutar, yeriməz


Qeyd edək ki, Azərbaycan ictimaiyyəti Fransada qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılmasını qəbul edən qanun layihəsinin müzakirə olunduğu ilk günlərdən bu məsələyə sərt reaksiya verib. Siyasi əqidəsindən asılı olmayaraq, hər kəs belə bir qanunun qəbulunun yolverilməz olduğunu və Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi fəaliyyətinə kölgə saldığını bildirib. Lakin elə özümüzdən olan bəzi siyasət dəllalları Fransanı tənqidin ardınca antitürk şəbəkənin sifarişlərini yerinə yetirərək Azərbaycan hakimiyyətinin ünvanına yersiz və məntiqsiz ittihamlar səsləndirdilər.

Lakin "yalan ayaq tutar, yeriməz". İstər həm Azərbaycanda, həm də Türkiyədə iki qardaş ölkənin münasibətlərinə nifaq salmağa yönəlmiş cəhdlərə, istərsə də Azərbaycan hakimiyyətinə qarşı yersiz ittihamlara ilk ciddi cavab elə qardaş Türkiyədən gəldi. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bu məsələ ilə bağlı "Son günlər bəzi qəzetlərdən oxuyuram ki, Azərbaycan Türkiyəyə dəstək vermir. Bəsdir, yetər. Bizə qardaş Azərbaycanın dəstəyi lazımdır və bu dəstək var. İncidici ifadələr işlətməkdənsə, birləşmək lazımdır. Azərbaycan və Türkiyənin millət vəkilləri çalışacaqlar ki, Xocalı soyqırımı dünyada tanınsın. Düşmənlərimiz həmişə yetərincə olub. Azərbaycan bizim qardaşımızdır və qardaş çiyni həmişə bizimlədir", - deyə bildirdi.

Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov fevralın 1-də parlamentin iclasında deyib ki, qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması ilə bağlı qanunun ləğvi həm də Azərbaycan üçün prinsipial məsələdir. Azərbaycan dövləti bu məsələ ilə bağlı səmimi şəkildə mövqe nümayiş etdirib: "Bilirsiniz ki, Fransa parlamentində sözügedən qanunun ləğv olunması üçün 77 senator Konstitusiya Məhkəməsinə müraciət edib və onun nəticəsini gözləməliyik. Azərbaycan rəhbərliyi, Milli Məclis öz imkanları daxilində bu qanunun qəbul olunmaması üçün bütün vasitələrə əl atıb".

Bütün bunlar Azərbaycanla Türkiyə arasında münasibətlərə xələl gətirməyi qarşısına məqsəd qoymuş qüvvələrə layiqli cavablardır. Erməni lobbisinin, antitürk qüvvələrin Azərbaycanla Türkiyə arasında siyasi, iqtisadi, mədəni, strateji tərəfdaşlıq əlaqələrinin güclənməsindən narahat olaraq iki qardaş xalq arasında münasibətləri zəiflətmək cəhdləri, əvvəllər olduğu kimi, indi də iflasa uğradı.


R.NURƏDDİNOĞLU

Digər xəbərlər