Ölkəmizdə bütün sahələrdə gedən davamlı inkişaf və bu istiqamətdə müəyyənləşdirilmiş uğurlu siyasi-iqtisadi strategiya Azərbaycanı nəinki regionda, eləcə də, Avrasiya məkanında lider dövlətə çevirmişdir. Və sözsüz ki, hazırkı tərəqqi Prezident İlham Əliyevin qətiyyətli, dönməz və prinsipial siyasi iradəsinin, eləcə də, uzaqgörənliyinin və gələcək perspektivləri öncədən müəyyənləşdirməsinin, zamanında düzgün qərarlar qəbul edə bilməsinin bariz nümunəsidir. Təbii ki, Azərbaycan xalqının da Onun praqmatik siyasətini birmənalı şəkildə dəstəkləməsi bu tərəqqidə mühüm və həlledici rol oynayır. Burada isə ən diqqətçəkici faktor ondan ibarətdir ki, dövlət başçısı öz uğurlu fəaliyyət sistemində milli mənafeni, siyasi və iqtisadi müstəqillik prinsipini qorumağı əsas tutur. Nəticədə, Azərbaycanın sosial-iqtisadi inkişafı dayanıqlı və rəqabətə davamlı şəkildə inkişaf edir.
"Ümumi iqtisadi inkişaf təqribən 1 faiz ətrafında, bəlkə ondan da az idi, qeyri-neft iqtisadiyyatımızın inkişafı isə 10 faizdən çox olmuşdur"
Azərbaycan Prezidenti İlham Əliyev regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışında ölkədəki tərəqqi barədə fikirlərini bildirərkən, vurğulamışdır ki, ölkəmizin uğurlu inkişafı artıq bir reallıqdır: "Bu reallıqlar uğurlarımızın təməlində düşünülmüş iqtisadi siyasətdir, iqtisadi islahatlardır. Bu islahatlar dünya birliyi tərəfindən qiymətləndirilir... 2011-ci il də ölkəmizin inkişafı üçün uğurlu il olmuşdur. 2011-ci ilin xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, Azərbaycanda qeyri-neft sektoru sürətlə artmışdır. Ümumi iqtisadi inkişaf təqribən 1 faiz ətrafında, bəlkə ondan da az idi, qeyri-neft iqtisadiyyatımızın inkişafı isə 10 faizdən çox olmuşdur".
Prosesləri məhz bu baxımdan təhlil edərkən, bir daha məlum olur ki, regionların inkişafı Dövlət Proqramının növbəti - 2012-ci ili də uğurla başlayıb. Belə ki, cari ilin ilk ayında 4,1 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,2 faiz çox ümumi daxili məhsul istehsal olunmuşur. Qeyri-neft sektorunda isə əlavə dəyərin həcmi 5,9 faiz artaraq, ÜDM-in 42,9 faizini təşkil etmişdir. Sənaye sahəsində proqnozlar 100 faiz yerinə yetirilmişdir. Diqqəti cəlb edən ən mühüm göstərici, təbii ki, qeyri-neft sənayesindəki artımdır-14,4 faiz. Kənd, meşə və balıqçılıq təsərrüfatlarında da inkişaf davamlı olmuşdur-2,9 faiz Xarici ticarət dövriyyəsi isə 3,9 faiz çox olmuşdur.
"İnkişafımızın təməlində, bir daha demək istəyirəm, siyasətimiz dayanır"
Prezident İlham Əliyevin vaxtaşırı olaraq bölgələrə etdiyi səfərləri, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına şəxsən nəzarət etməyi bu tərəqqinin əldə edilməsində, hər bir məmurun və icraçının vəzifə borcunu vicdanla yerinə yetirməsində mühüm rol oynayır. Artıq bu gün qlobal inkişaf xarakteri almış ölkəmiz nəhəng tikinti meydanını xatırladır. Hər şəhərdə, hər bölgədə, hətta hər kənddə belə quruculuq və abadlıq işləri böyük vüsət alır, modern standartlara cavab verən müasir infrastrukturlar yaradılır. Dövlət başçısı İlham Əliyev Azərbaycanın gələcək perspektivlərini aydın görür və ölkəni də məhz həmin istiqamətə doğru yönəldir: "Ölkəmizin müasir inkşafı dövrü də çox uğurludur. İnkişafımızın təməlində, bir daha demək istəyirəm, siyasətimiz dayanır".
Eyni zamanda, ölkəmizdə uğurla həyata keçirilmiş neft və qeyri-neft sektoruna aid müxtəlif müasir layihələr geniş regional əməkdaşlıq üçün möhkəm əsas yaradıb. İxrac olunan karbohidrogen ehtiyatları Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır və qitə ölkələri də bunu etiraf edirlər. Lakin Azərbaycanın real iqtisadiyyatına aid layihələrin icrasının sürətlənməsi və genişlənməsi bu sahələrdə də əməkdaşlığı daha yüksək mərhələyə çatdırmaqdadır ki, bu da iqtisadiyyatın şaxələndirilməsinə, ixrac potensialının beynəlxalq iqtisadi dövriyyəyə qoşulmasına və nəticədə, bu sahələrin inkişafının davamlılığına əhəmiyyətli səbəb olur. Bununla bərabər, daim güclənən beynəlxalq əməkdaşlıq həm də bölgədə sülhün, sabitliyin qorunmasının qarantı olduğunu da sübut etməkdədir. Həmçinin, Azərbaycanın Avropanın enerji təhlükəsizliyində etibarlı tərəfdaş, mühüm tranzit ölkə olması, iqtisadiyyatın müxtəlif sahələrinə investisiya yatırılması üçün lazımi hüquqi bazanın, etibar və etimadın mövcudluğu digər maraqlı dövlətləri də bu qarşılıqlı-səmərəli əməkdaşlığa cəlb etməkdədir. Bu gün Azərbaycanın həyata keçirdiyi beynəlxalq siyasət şəffafdır, açıqdır, səmimidir və qarşılıqlı maraqlara əsaslanır. Dünyada sülhün, sabitliyin qorunmasına və sosial-iqtisadi inkişafa xidmət edir. Buna sübut kimi deyə bilərik ki, Azərbaycanda həyata keçirilən nəhəng beynəlxalq iqtisadi layihələr, yaradılan nəhəng infrastruktur təkcə bizim ölkənin maraqlarına xidmət etmir. O, həm də bu infrastrukturla bağlı digər dövlətlərin də iqtisadiyyatının dirçəldilməsinə və sabit tərəqqisinə xidmət edir. Bu layihələr sosial-iqtisadi inkişafı təmin etməklə bərabər, həmin region dövlətlərinin də bir-biri ilə siyasi bağlantılarının güclənməsinə və strateji tərəfdaşlığına səbəb olur, sülh, əmin-amanlıq şəraitində yaşamasına zəmin yaradır. Ona görə də Azərbaycan rəhbərliyi regional əməkdaşlığın güclənməsində öz fəaliyyətini əsirgəmir və bütün dövlətləri də bu istiqamətdə səylərini əsirgəməməyə çağırır.
"Müəssisə yaradılması iş yerləridir, maaşdır, yerli istehsaldır, idxalı əvəzləmək üçün imkanlardır, ölkəmizin inkişafıdır, canlanmasıdır"
Ötən il ölkəmizdə 94 min iş yeri açılıb və ümumilkdə isə, 8 ildə bir milyondan çox adam işlə təmin olunub. Dövlətin iqtisadi gücünün daim artması üçün ölkə bölgələrində mövcud potensialın aşkara çıxarılması və dövriyyəyə qoşulması və yeni layihələrin hazırlanıb reallaşdırılması həlledici dərəcədə zəruridir. Reallaşdırılan bütün layihələr dünya standartlarına uyğun, istehsal və emal sahələri kompleks şəkildə, biri digərini tamamlamaqla həyata keçirilir. Bu gün ölkədə iqtisadiyyatın hər bir sahəsində - kənd təsərrüfatı, ağır, yüngül, yeyinti, emal sənayesində iri layihələr reallaşdırılıb və yeniləri icra olunmaqdadır. Sevindirici haldır ki, investisiya qoyuluşunda yerli şirkətlərin, Sahibkarlığa Kömək Milli Fondunun və Azərbaycan Dövlət İnvestisiya Şirkətinin kapital payı daim artır. Təsadüfi deyil ki, "2004-2008-ci illər üçün nəzərdə tutulmuş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çox böyük uğurla yerinə yetirilib, ikinci Dövlət Proqramı da müvəffəqiyyətlə icra olunmaqdadır. 2009-2013-cü illər üçün nəzərdə tutulmuş Dövlət Proqramının üç ili də artıq uğurla icra edilib, dördüncü ilin ilk ayı da iqtisadi artımla yekunlaşıb. Dövlət səviyyəsində mütəmadi olaraq milli maraqlara uyğun təmkinli, düşünülmüş, müdrik, operativ, çevik, qabaqlayıcı siyasi-iqtisadi tədbirlər həyata keçirilir, qarşıya çıxan hər bir maneə operativ surətdə aradan götürülür.
Prezident İlham Əliyev digər bir mühüm məsələyə - özəl sektora və sahibkarlığın inkişafı perspektivlərinə də toxunarkən, qeyd edib ki, Azərbaycandakı kimi özəl sektora dəstək bəlkə heç bir ölkədə yoxdur. Bu dəstək isə, ilk növbədə, siyasi dəstəkdir: "Sahibkarlarla mənim təkcə Bakıda deyil, bölgələrdə də mütəmadi görüşlərim olur. Mənim iştirakımla bölgələrdə 500-ə qədər sənaye müəssisəsi açılmışdır. Ancaq mənim iştirakım olmadan çoxlu müəssisələr açılmışdır. Bütövlükdə, 40 mindən çox yeni müəssisə yaradılmışdır. Müəssisə yaradılması iş yerləridir, maaşdır, yerli istehsaldır, idxalı əvəzləmək üçün imkanlardır, ölkəmizin inkişafıdır, canlanmasıdır. Azərbaycan dövləti sahibkarlara siyasi dəstəkdən başqa, iqtisadi dəstək də verir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə bu günə qədər, əgər 2012-ci ili də nəzərə alsaq, güzəştli şərtlərlə 900 milyon manat kredit verilmişdir... Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır".
Təbii ki, bütün bu önəmli hadisələrə şərh verərkən, bir daha əminliklə vurğulamaq mümkündür ki, iqtisadiyyatın artan qüdrəti Azərbaycanın beynəlxalq aləmdə güclü, balanslaşdırılmış siyasi iradə nümayiş etdirməsinə səbəb olmaqdadır. Azərbaycan Prezidenti İlham Əliyev iqtisadiyyatın siyasətə və milli maraqlara təsiri və bağlılığı barədə bildirərkən, xüsusilə qeyd etmişdir ki, ölkəmizdə siyasət həm ictimai, həm də iqtisadi sahədə bir məqsədi güdür: Azərbaycan xalqının maraqlarını təmin etmək, ölkəmizi gücləndirmək, regionda mövqelərimizi möhkəmləndirmək: "Bizim əsas istiqamətimiz bundan ibarətdir".
"Səs" qəzetinin analitik qrupu