Bu gün aparılan uğurlu idman siyasətinin məntiqi nəticəsi olaraq ölkəmiz dünyanın idman ictimaiyyəti, eləcə də, nüfuzlu federasiyalar tərəfindən ciddi tərəfdaş, əzmkar və qələbə ruhu ilə cilovlanmış idmançılarımız isə əsas rəqib kimi qəbul edilirlər. 20 illik müstəqillik tariximizdə idmançılarımızın beş mindən artıq medala layiq görülməsi, həmçinin, Olimpiya oyunlarında əldə edilmiş 4 qızıl, 3 gümüş, 9 bürünc medal Azərbaycan üçün böyük və tarixi nailiyyətdir. Məhz bu önəmli hadisələri özündə cəmləşdirən tendensiyalar nəticəsində Prezident İlham Əliyev 2012-ci ili ölkəmizdə "İdman ili" elan etdi.
QISA ZAMANDA QƏT EDİLMİŞ YOL
Hələ müstəqilliyin ilk illərində ölkəmizin düşdüyü böhranlı vəziyyət və laqeyd münasibət, digər sahələr kimi, idman komplekslərinin dağılmasına, tanınmış idmançılarımızın başqa dövlətlərin bayraqları altında beynəlxalq yarışlarda iştirakına, ölkənin idman potensialının məhvinə gətirib çıxarmışdı. Ulu Öndər Heydər Əliyevin vaxtilə xalqına bəxş etdiyi möhtəşəm idman kompleksləri baxımsızlıq, etinasızlıq üzündən dağıdılmış, vaxtilə dünyaya səs salan idmanımız taleyin ümidinə buraxılmışdı. Məhz bütün bu acınacaqlı vəziyyətlərdən sonra Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkədə idmana da münasibət köklü surətdə dəyişdi. Belə ki, idmanın inkişafı və tərəqqisi dövlət siyasətinin əsas prioritetinə çevrildi. Çox qısa zamanda həyata keçirilən mühüm tədbirlərin nəticəsi olaraq idmançılarımız tədricən möhtəşəm qələbələrə imza atdılar. İlk dəfə 1996-cı il Atlanta Olimpiadasına 23 nəfər idmançı ilə qatılan Azərbaycanın 197 ölkə arasında 61-ci yeri tutması idmanımızın beynəlxalq olimpiya hərəkatında ilkin nailiyyəti idi.
"AZƏRBAYCANIN HİMNİ SƏSLƏNİR, DÖVLƏT BAYRAĞI QALDIRILIR"
Ulu Öndər Azərbaycan idmanının dövlətimizin imicinin möhkəmlənməsində, dünyada tanınmasında müstəsna rolunu önə çəkərək deyirdi: "İdman, bədən tərbiyəsi xalqın sağlamlığı ilə bağlı olan mühüm sosial sahədir. Azərbaycan bayrağı dünyada, demək olar ki, iki dəfə qaldırılır. Bu, bir Azərbaycanın dövlət başçısı hər hansı ölkəyə gələrkən və bir də idmançılarımız beynəlxalq yarışlarda çempion adını qazanarkən baş verir. Azərbaycan himni səslənir, dövlət bayrağı qaldırılır".
Ulu Öndər Heydər Əliyevin ölkədə bədən tərbiyəsi və idmanın inkişafı sahəsində gördüyü genişmiqyaslı tədbirlər Azərbaycanı dünyaya idman ənənələri olan ölkə kimi də tanıtdırdı. Bu istiqamətdə görülən işlərin yeni mərhələdə Prezident İlham Əliyev tərəfindən daha da genişləndirilməsi uğurlarımızı artırmaqdadır.
"AZƏRBAYCANIN İDMAN İMKANLARI DAHA DA GENİŞLƏNİR"
Dövlət başçısı bu siyasətin həm də mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını təmin edib. "Bizim idmançılarımız göstərdilər ki, onlar həm fiziki cəhətdən, həm də mənəvi cəhətdən güclüdürlər, möhkəmdirlər və doğma Vətənin üçrəngli bayrağının dalğalanması üçün onlardan nə asılı idisə, onu etdilər. Yəni bütün bu amillər bizi idman dövləti kimi daha da gücləndirir, Azərbaycanın nüfuzu artır, Azərbaycanın idman imkanları daha da genişlənir." Ölkəmizin qısa müddətdə idman sahəsində əldə etdiyi nailiyyətlər Beynəlxalq Olimpiya Komitəsinin və Avropa Olimpiya Komitəsinin rəhbərliklərinin diqqətindən yayınmayıb. Məhz beynəlxalq idman təşkilatlarının istəyi ilə Azərbaycanda onlarla olimpiya lisenziyalı beynəlxalq turnirlər, mötəbər yarışlar, dünya və Avropa çempionatları keçirilib. Prezident İlham Əliyevin Olimpiya oyunları və Bakıda keçirilən beynəlxalq turnirlər zamanı idmançılarımızın çıxışlarını birbaşa zalda izləməsi isə onlara göstərilən ən böyük mənəvi dəstəkdir. Ümumiyyətlə, ölkənin gənclər və idman siyasətinin əsas məqsədi, ilk növbədə, güclü iqtisadi-siyasi əsaslara söykənən dövlətin möhkəm əllərdə qorunub saxlanılmasına və mövcud təməl üzərində inkişafın pik nöqtəsinə doğru getməsinə aparan, vətənpərvərlik ruhunda böyüyən sağlam gənc nəsil yetişdirməkdir. İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, tikilmiş müasir Olimpiya kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilmişdir.
Bakı şəhərində bədii gimnastika, güləş və boks üzrə dünya çempionatlarının keçirilməsi, voleybol və futzal üzrə beynəlxalq turnirlərin baş tutması, qızlar arasında paytaxtımızda keçiriləcək futbol üzrə dünya çempionatının hazırlıqları, paytaxtımızın 2020-ci ilin Yay Olimpiya Oyunlarına ev sahibliyi üçün namizədliyinin irəli sürülməsi də bu gerçəkliyi özündə ehtiva edir.
RÖVŞƏN NURƏDDİNOĞLU