Martın 6-da Azərbaycan Respublikasına rəsmi səfərə gələn Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyev Gürcüstan Prezidenti Mixeil Saakaşvilini qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Gürcüstan Prezidentinə raport verib.
Gürcüstanın və Azərbaycanın dövlət himnləri səslənib.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Gürcüstan Prezidenti Azərbaycan əsgərlərini salamlayıb. Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Mixeil Saakaşviliyə, Gürcüstan nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olunub. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib. Prezidentlər rəsmi foto çəkdiriblər. Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin təkbətək görüşü olub. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişafından məmnunluq ifadə olundu. Yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti qeyd edildi və bu səfərlərin əməkdaşlığımızın daha da möhkəmləndirilməsi işinə xidmət etdiyi vurğulanıb.
Əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunduğu görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparılıb.
Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Prezident İlham Əliyev Gürcüstan dövlətinin başçısını Azərbaycanda bir daha salamladı. "Biz tez-tez həm Azərbaycanda, həm Gürcüstanda, həm də digər ölkələrdə görüşürük və müzakirələr aparırıq", - deyən dövlətimizin başçısı bildirib ki, həmişə ikitərəfli münasibətlərin cari məsələləri ilə bağlı fikir mübadiləsinə ehtiyac vardır. Görüşdə regiondakı vəziyyət və ikitərəfli layihələrlə bağlı fikir mübadiləsinin aparıldığını, ölkələrimiz arasında əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd edən Prezident İlham Əliyev bütün istiqamətlər üzrə, o cümlədən siyasi, iqtisadi, energetika sahələrində ölkələrimiz arasında tam anlaşmanın, əlaqələndirmənin və qarşılıqlı dəstəyin mövcud olduğunu vurğulayıb. Azərbaycan dövlətinin başçısı əmin olduğunu bildirib ki, budəfəki səfər əlaqələrimizin inkişafına, dostluq və qardaşlıq münasibətlərinin gələcək inkişaf yollarını müəyyənləşdirməyə imkan verəcək.
"Doğrudan da hər dəfə Bakıya gəldikdə nəinki tərəqqiyə, Azərbaycanın sıçrayışlı inkişafına heyran qalırsan", - deyən Prezident Mixeil Saakaşvili bildirib ki, o, hələ Azərbaycana ilk səfəri zamanı Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin inkişaf yolunda olduğunu görmüşdü. Azərbaycanın dünyanın 155 dövlətinin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasına üzv seçildiyini deyən Gürcüstan Prezidenti bunu mütləq rekord və dünya səviyyəli nailiyyət kimi xarakterizə edib. "Bu, iqtisadi çəkisi, siyasi mövqeyi və inkişaf nümunəsi olması baxımından Azərbaycanın böyük regional lider kimi həm ölkə daxilində, həm də beynəlxalq arenada keçdiyi yolu göstərir", - deyən Prezident Mixeil Saakaşvili Bakı ilə yanaşı, Azərbaycanın regionlarının, ölkə iqtisadiyyatının, o cümlədən qeyri-neft sektorunun inkişafının həsəd doğurduğunu vurğulayıb. "Bu, bizi məmnun edir", - deyən Gürcüstan Prezidenti Mixeil Saakaşvili Azərbaycan Prezidenti İlham Əliyevin sayəsində ölkələrimizin əməkdaşlığının nümunəvi xarakter daşıdığını diqqətə çatdırıb.
Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin iştirakı ilə Azərbaycan-Gürcüstan sənədlərinin imzalanması mərasimi olub. "Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Ümumi hüququn hüquqi şəxsi - Gürcüstanın Milli Statistika Xidməti arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev və Gürcüstanın Milli Statistika İdarəsinin icraçı direktoru Zaza Çelidze imzalayıblar. "Azərbaycan Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında idman sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Gürcüstanın idman və gənclər ilə iş üzrə naziri Vladimir Vardzelaşvili imzalayıblar.
Azərbaycan və Gürcüstan Prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstan Prezidenti Mixeil Saakaşvili mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan dövlətinin başçısı bildirib ki, Gürcüstan Prezidenti ilə apardığı danışıqlar ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu göstərir və bu səfər əlaqələrin daha da inkişafına təkan verəcək. Ölkələrimiz və xalqlarımız arasında əlaqələrin zəngin tarixə malik olduğunu deyən Azərbaycan Prezidenti vurğulayıb ki, bu ənənə bu gün də davam edir. Azərbaycanın və Gürcüstanın müstəqil dövlətlər kimi bir-biri ilə uğurlu əməkdaşlıq etdiyini qeyd edən Prezident İlham Əliyev Gürcüstanda həyata keçirilən uğurlu islahatlardan danışıb, dost və qardaş ölkə kimi Azərbaycanın bu inkişafa sevindiyini deyib. "Tariximizdə oxşar məqamlar var, ölkələrimizin müstəqillik tarixi də eynidir. Bu illər ərzində ölkələrimiz böyük uğurlara nail olub", - deyən dövlətimizin başçısı birgə təşəbbüslərdən danışdı və Azərbaycan-Gürcüstan əməkdaşlığının başqa regionlara da müsbət təsir göstərdiyini bildirib.
Azərbaycanın və Gürcüstanın birgə səylərlə Avropanın enerji təhlükəsizliyi məsələsindəki mühüm rolunu qeyd edən Prezident İlham Əliyev deyib ki, ölkəmiz Gürcüstanın enerji təhlükəsizliyinə töhfəsini verir. Danışıqlarda nəqliyyat, tranzit, humanitar və digər məsələlərlə bağlı fikir mübadiləsinin aparıldığını bildirən dövlətimizin başçısı vurğulayıb ki, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətləri reallıqdır.
"Mən heç şübhə etmirəm ki, bundan sonra da uzun illər ərzində Gürcüstan və Azərbaycan iki dost və qardaş ölkələr kimi birlikdə olacaqlar. Bizim gələcəyimiz birlikdədir. Biz yalnız birlikdə istədiyimizə nail ola bilərik və ölkələr qarşısında duran vəzifələri yalnız birlikdə icra edə bilərik", - deyən Prezident İlham Əliyev Bakı ilə Tbilisinin beynəlxalq arenada da bir-birinə göstərdiyi dəstəyi yüksək qiymətləndirib, bunun səmimi və əhəmiyyətli olduğunu vurğulayıb.
Gürcüstan Prezidenti Mixeil Saakaşvili isə bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişaf edir və bölgədə lider dövlətə çevrilib. Ölkəmizin beynəlxalq təşkilatlarda da uğurla təmsil olunduğunu deyən Prezident Mixeil Saakaşvili vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə sürətlə inkişaf edən Azərbaycan bir çox ölkələrə nümunədir.
Gürcüstan Prezidenti Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini mühüm hadisə adlandırıb.
Bütün məsələlərdə Azərbaycanın Gürcüstana dəstəyini xüsusi qeyd edən Prezident Mixeil Saakaşvili ölkəsinin Azərbaycan ilə əlaqələrə çox böyük önəm verdiyini diqqətə çatdırıb. "Mən Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməkdən həmişə məmnunam", - deyən Gürcüstan Prezidenti görüşdə bir çox məsələlər üzrə məsləhətləşmələrin aparıldığını vurğulayıb.
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin əhəmiyyətindən və perspektivindən danışan Prezident Mixeil Saakaşvili ölkələrimizin enerji sahəsində uğurlu və çoxşaxəli əməkdaşlıq qurduğunu, Azərbaycanın Gürcüstana sərmayə yatırmasının rəsmi Tbilisi üçün çox əhəmiyyətli olduğunu bildirib. Poti və Kulevi arasında yeni zavodun tikilməsi ilə bağlı razılığın əldə olunduğunu deyən Prezident Mixeil Saakaşvili Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstana sərmayə yatırmasından məmnunluğunu ifadə edib, gələcəkdə həyata keçiriləcək birgə nəqliyyat layihələrindən danışıb. Gürcüstan Prezidenti yüksək qonaqpərvərliyə görə Azərbaycan dövlətinin başçısına bir daha minnətdarlığını bildirib.
Gürcüstan Prezidenti Mixeil Saakaşvili Heydər Əliyev Fondunda olub
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Gürcüstan Prezidenti Mixeil Saakaşvili martIn 6-da Heydər Əliyev Fondunda olub. Gürcüstan dövlətinin başçısını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşılayıb.
Ali qonağa Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, Fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial-iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir.
Gürcüstan Prezidenti Mixeil Saakaşvili ulu öndər Heydər Əliyevin arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə, habelə müxtəlif eksponatlarla tanış olub. Fondla tanışlıq zamanı Gürcüstan Prezidentinə məlumat verilib ki, ümummilli liderin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu gün beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz ümummilli liderin fəaliyyətinin bəhrələridir.
Ali qonaq fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış olub, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxıb. Gürcüstan Prezidenti Mixeil Saakaşvili Fondla tanışlıqdan sonra Xatirə kitabına ürək sözlərini yazıb. Ali qonağa xatirə hədiyyəsi təqdim olunub.
Prezident Mixeil Saakaşvili Heydər Əliyev Fondundan zəngin təəssüratla ayrılıb.