PDF Oxu

Siyasət

  • 10

İlham Əliyev: “Mən istəyirəm ki, ümumiyyətlə, Azərbaycanda yoxsul və işsiz olmasın”

İlham Əliyev: “Mən istəyirəm ki, ümumiyyətlə, Azərbaycanda yoxsul və işsiz olmasın”

İqtisadi tərəqqinin sürətlənməsi xalqın həyat səviyyəsinin yüksəlməsi, sosial müdafiə sisteminin qabaqcıl dünya ənənələri əsasında təkmilləşdirilərək yenidən qurulması üçün möhkəm bünövrə formalaşdırıb. Davamlı iqtisadi inkişaf həm də yoxsulluqla ardıcıl mübarizəyə geniş imkan yaradıb. Ölkəmizdə sosial məsələlərin həllinin daim ölkə rəhbərinin diqqət mərkəzində olması, sosialyönümlü layihələrin gerçəkləşdirilməsinin iqtidarın fəaliyyətində prioritet təşkil etməsi bu sahədə böyük nailiyyətlərə yol açıb.


Bir tərəfdən yeni yaradılan iş yerləri işsizliyin aradan qaldırılması prosesini sürətləndirir, digər tərəfdən dövlət büdcəsindən sosial sahəyə ayrılan xərclərin xüsusi çəkisi ilbəil artır. Bu yolla əmək qabiliyyətlilər işlə təmin olunur, obyektiv səbəblərdən işləyə bilməyənlərə ünvanlı sosial yardımlar verilir. Bir sözlə, ölkəmiz artan iqtisadi gücünü məhz yoxsulluqla mübarizəyə yönəldib. Bu məsələ Prezident İlham Əliyevin də fəaliyyətinin prioritetləri sırasındadır. Dövlətimizin başçısı 8 il öncə Prezidentlik dövründə əhalinin bir qisminin yoxsulluq səviyyəsində yaşamasının yolverilməz olduğunu söyləyərək, bu məsələnin həlli üçün bütün müvafiq tədbirlərin görüləcəyini söyləmişdi: "Şübhə etmirəm ki, biz qısa müddət ərzində Azərbaycanda yoxsulluğun aradan qaldırılmasına nail olacağıq. Azərbaycanda bir nəfər də yoxsul adam olmamalıdır və olmayacaqdır".


Azərbaycanda

yoxsulluq son 8 ildə 49 faizdən 7,6 faizə enib


Nazirlər Kabinetinin ötən 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında da ölkə başçısı bu istiqamətdə müvafiq tədbirlərin həyata keçirildiyini bildirib. Azərbaycanda işsizliyin səviyyəsi 2011-ci ildə daha da aşağı düşüb ki, bu rəqəm 5,4 faiz təşkil edir. Həmişə işsizliklə bərabər gedən yoxsulluğun səviyyəsi isə yenə də aşağı düşərək, 7,6 faiz təşkil edib. Yoxsulluq həddi 2003-cü ildəki 35,8 manatdan 3 dəfə artırılaraq, 2011-ci ildə 106,9 manata çatdırılıb. Yoxsulluq səviyyəsi isə bu müddətdə 49 faizdən 2011-ci ildə 7,6 faizə enib. Qeyd edək ki, 2010-cu ilin yekunlarına görə, Azərbaycanda yoxsulluq 9,1 faiz səviyyəsində idi. Ölkədə aparılan quruculuq işləri, iqtisadi islahatlar, sosial proqramlar bu problemin həlli üçün geniş imkanlar açır. Bununla bərabər, bütün regionlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra edilir. Qeyd edək ki, "Yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın 2011-2015-ci illəri əhatə edən Tədbirlər Planında müəyyənləşdirilən tədbirlərin həyata keçirilməsi yoxsulluq səviyyəsinin daha da azaldılmasında mühüm rol oynayacaq.

Lakin inkişaf etmiş Avropa dövlətlərində isə yoxsulluğun səviyyəsi durmadan artmaqdadır. Faizlərə müraciət etsək, deyilənləri daha aydın müşahidə edərik.


Evsizlərin ən çox

olduğu ölkə Fransadır


Yoxsulluq müxtəlif ölkələrdə yayılmaqla yanaşı, özünü fərqli şəkildə göstərir. Belə ki, hesablamalara görə, 2015-ci ildə dünyada yoxsul insanların sayı 900 milyona çatacaq. Təkcə Hindistanda yoxsul insanların sayı 300 milyon olacaq. Planetdə əhalinin sürətli artımı ərzağa olan tələbatı daha da artıracaq.


Dünyadakı 7 insandan biri acdır


BMT Baş Katibliyinin hazırladığı hesabata əsasən, dünyada iqlim dəyişikliyi gəlirləri aşağı olan milyonlarla insanın vəziyyətini daha da ağırlaşdıracaq. Temperaturun dəyişməsi artıq inkişaf etməkdə olan ölkələrdə, xüsusilə də, Afrikanın cənubunda yerləşən ölkələrdə məhsuldarlığın azalmasına səbəb olub. Bu isə iqtisadi itkilərə və ərzaq təhlükəsizliyinə ciddi təsir edib. Beynəlxalq cəmiyyət bu tendensiyanın azalması və gündəlik gəliri 1 dollar 25 sent olan insanların sayının 2 dəfə azaldılması üçün səyləri gücləndirməyi tövsiyə edir. BMT-nin Ticarət və İnkişaf Konfransı tərəfindən açıqlanan hesabatda bildirilir ki, son 30 ildə dünyada yoxsul ölkələrin sayı 2 dəfə artıb. Hazırda dünyanın 49 ölkəsi yoxsul və az inkişaf etmiş hesab olunur. BMT-nin Minilliyin İnkişaf Məqsədlərində görə, üzv dövlətlər 2015-ci ilədək bir sıra vəzifələri yerinə yetirməlidirlər ki, burada ilk yerdə ifrat yoxsulluğu və aclığı aradan qaldırmaq durur.

Yoxsulluğun mövcud olduğu ölkələr sırasında son illər adıçəkilən ölkələrdən biri ABŞ-dır. ABŞ hökumətinin məlumatına görə, 2010-cu il ərzində 44 milyon, 2011-ci ildə isə Amerikada yoxsulluq səviyyəsində yaşayanların sayı 50 milyona yaxınlaşıb.

Çində isə yoxsulluq kateqoriyasının müəyyən edilməsi üçün standartların beynəlxalq standartlara uyğunlaşdırılması yoxsulluq siyahısına daha 100 milyon insanın daxil olmasına səbəb olub. Beləliklə, Çindəki yoxsulların sayı 26,88 milyondan 128 milyona çatıb.

Beləliklə, bu gün dünyadakı 7 insandan biri acdır və bu vəziyyət getdikcə pisləşir. Bu isə, onu deməyə əsas verir ki, bir çox ölkələrlə müqayisədə Azərbaycanda istər yoxsulluq səviyyəsinin azalması, istərsə də xalqın rifah halının daha da yaxşılaşdırılması yüksək templə davam olunmaqdadır. Bu amil həm də ölkəmizin iqtisadi gücünün ali göstəricisi kimi dəyərlədirilə bilər.


Aytən Səmədova

Digər xəbərlər