PDF Oxu

Siyasət

  • 9

İkinci Dövlət Proqramı uğurla icra edilir

İkinci Dövlət Proqramı uğurla icra edilir

Ölkənin regionların iqtisadi inkişafı üçün bu günə qədər 2 dövlət proqramı qəbul olunub. Birinci Dövlət Proqramı 2004-2009-cu illəri, İkinci Dövlət Proqramı isə 2009-2013-cü illəri əhatə edir. Birinci mərhələdə qarşıya qoyulan bütün məsələlər çox yüksək səviyyədə həyata keçirilib və öz həllini tapıb. Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş "2004-2008-ci illər Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın uğurlu icrası nəticəsində beş il ərzində 766 mindən çox yeni iş yeri açılmış, bunun 548 minə yaxını daimi olub. Yaradılmış yeni iş yerlərinin 80 faizdən çoxu regionların payına düşüb. Dövlət Proqramının qəbulundan ötən dövr ərzində ölkədə 26,6 mindən çox yeni müəssisə yaradılmışdır ki, bunun da təxminən 40 faizi regionlarda fəaliyyət göstərir. Bir sözlə, 2004-cü ildə qəbul edilmiş Proqram, ümumilikdə, ölkənin iqtisadi inkişafına təkan verib.

İkinci Dövlət Proqramı

çərçivəsində vəzifələr

artıqlaması ilə icra edilir


Dövlət başçısının tapşırığına əsasən, 2009-2013-cü illər üzrə yeni Dövlət Proqramında isə sahələr və regionlar üzrə bu vaxta qədər həll olunmamış məsələlərin, o cümlədən, bütün bölgələrdə əhalini narahat edən problemlərin əks olunması prioritet məqsəd kimi qarşıya qoyulub. Dövlət Proqramının layihəsində 2009-2013-cü illərdə bütün regionlarda, eləcə də, ölkə paytaxtında mövcud potensialdan daha səmərəli istifadə etməklə qeyri-neft sektorunun inkişafı, yeni istehsal və emal müəssisələrinin yaradılması, mövcud müəssisələrdə istehsal fəaliyyətinin genişləndirilməsi, kommunal xidmət və digər infrastruktur obyektlərinin, rabitə və informasiya texnologiyalarının tətbiqinin sürətləndirilməsi, sosial infrastrukturun yaxşılaşdırılması, o cümlədən, müasir standartlara uyğun təhsil, elm, səhiyyə, mədəniyyət və idman obyektlərinin inşası, yenidən qurulması, əlillər və şəhid ailələri üçün yaşayış binalarının tikintisi üzrə kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Regionların inkişafı üzrə Dövlət Proqramının icrasının üçüncü ilinin yekunlarını qiymətləndirən Prezident İlham Əliyev görülən işləri, əldə olunan uğurları yüksək nəticə kimi dəyərləndirib və Azərbaycanın dünyada ən sürətlə inkişaf edən ölkə olduğunu vurğulayıb: "Artıq üç ildir ki, İkinci Dövlət Proqramı icra edilir. Deyə bilərəm ki, bütün vəzifələr artıqlaması ilə icra edilir".


Dövlət Proqramının icrası

nəticəsində 241 min yeni

iş yeri yaradılıb


Dövlət başçısının da vurğuladığı kimi, ölkənin sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilmiş məqsədyönlü siyasət nəticəsində, ümumilikdə, 2009-cu ildən ötən müddət ərzində Dövlət Proqramının icrası nəticəsində ölkə üzrə 14,7 min müəssisə fəaliyyətə başlamış və 241 min yeni iş yeri yaradılmışdır ki, bunun 180 mini daimidir. Yoxsulluğun səviyyəsi 7,6 faizə enib.

Ötən il regionların sosial-iqtisadi inkişafının infrastruktur təminatının gücləndirilməsi mühüm istiqamət kimi diqqət mərkəzində saxlanılıb, ötən il regionların inkişafı üçün əsas kapitala 6 milyard manatdan çox vəsait yönəldilib.

Əhalinin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədi ilə 2011-ci ildə 310 transformator və 25 yarımstansiya quraşdırılıb istifadəyə verilib.

Yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində işlər davam etdirilib, 5 min kilometrdən çox qaz kəməri çəkilərək əlavə 148 yaşayış məntəqəsi qazlaşdırılıb, 1537 kilometr qaz kəməri əsaslı təmir edilib.

Proqram çərçivəsində 690 kilometrədək respublika və yerli əhəmiyyətli avtomobil yolları, o cümlədən, 220 kilometr kənd yolları tikilmiş və təmir olunub, 25 yeni körpü və tunel inşa edilib.

Dövlət Proqramında əhalinin su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması ilə bağlı nəzərdə tutulmuş işlər 2011-ci ildə də davam etdirilmiş, ölkənin 36 şəhər və rayonunun su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərinə başlanılıb.


Regionların sosial-iqtisadi inkişafı kənd təsərrüfatı məhsullarının istehsalını artırıb


Aqrar sektorda intensiv metodların tətbiqinin genişləndirilməsi, dövlət dəstəyi tədbirlərinin davam etdirilməsi, quşçuluq və heyvandarlıq komplekslərinin, intensiv bağçılıq təsərrüfatlarının, istixanaların və məhsulların saxlanılması üçün anbar infrastrukturunun yaradılması regionların sosial-iqtisadi inkişafını sürətləndirməklə, kənd təsərrüfatı məhsullarının istehsalını artırıb, bir sıra əsas ərzaq məhsulları üzrə tələbatın yerli istehsal hesabına təmin olunmasına, ərzaq mallarının qiymətlərinin sabitləşməsinə, qeyri-neft ixracının artırılmasına imkan verib.

Əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə 54 səhiyyə obyekti, o cümlədən, yeni müalicə və diaqnostika mərkəzləri, xəstəxanalar, ambulatoriya-poliklinika müəssisələri tikilmiş və ya əsaslı təmir olunub.

Ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması və aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində nəzərdə tutulmuş tədbirlər Dövlət Proqramına uyğun olaraq, ardıcıllıqla davam etdirilib. Əlil və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə 6 rayon və şəhərin hər birində 36 mənzilli yaşayış binası tikilib, 33 şəhid ailəsi yeni mənzillə təmin olunub.

Məcburi köçkünlərin yaşayış səviyyəsinin və mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədi ilə ötən il Ağcabədi rayonu ərazisində 560 məcburi köçkün ailəsi üçün 10 yaşayış binasının və Taxtakörpü ərazisində 552 məcburi köçkün ailəsi üçün yeni qəsəbənin, Goranboy rayonu ərazisində 525 ailəlik 9 yaşayış binasının tikintisi başa çatdırılıb.


2014-2018-ci illəri əhatə edən beşillik proqram qəbul ediləcək


"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransındakı çıxışı zamanı 2013-cü ilə qədər ikinci Dövlət Proqramı icra ediləcəyini diqqətə çatdıran dövlət başçısı 2009-cu ildə qəbul edilmiş Proqramın artıqlaması ilə icra ediləcəyinə əmin olduğunu söyləyib: "Beləliklə, 2013-cü ilin sonuna qədər ölkəmizdə əsas infrastruktur məsələləri öz həllini tapmalıdır və tapacaq. Çünki icrası davam edən və bitmək üzrə olan böyük infrastruktur layihələri artıq bu inamı yaradır. Əlbəttə, mən hesab edirəm ki, gələcək 2 il ərzində biz hamımız çox fəal işləməliyik ki, Dövlət Proqramını vaxtından əvvəl və böyük həcmdə icra edək, ölkəmizin uğurlu inkişafını təmin edək".


Prezident İlham Əliyev əsas hədəfin növbəti 10 ildə Azərbaycan əhalisini yüksək gəlirli ölkəyə çevirmək olduğunu bildirib: "Növbəti 10 il ərzində qarşıya hədəf qoymalıyıq ki, ümumi daxili məhsul 2 dəfə artsın.

Əlbəttə, biz Dövlət İnkişaf Proqramımızı qəbul edəcəyik. 2014-2018-ci illəri əhatə edən beşillik proqram qəbul ediləcəkdir. Amma eyni zamanda, dövlət və özəl qurumların birgə fəaliyyəti üzrə strateji istiqamətləri yenidən işlənməlidir".

CABİR

Digər xəbərlər