Dünən "Hilton Baku" otelində Azərbaycan Prezidenti İlham Əliyevin və Xorvatiya Prezidenti İvo Yosipoviçin iştirakı ilə Azərbaycan-Xorvatiya biznes forumu keçirilib. Dövlətimizin başçısı Xorvatiya Prezidenti İvo Yosipoviçi qarşıladı. Forum iştirakçıları dövlət başçılarını hərarətlə qarşıladılar. Azərbaycan Prezidenti İlham Əliyev biznes forumda çıxış edərək dedi ki, bu gün keçirilən biznes forumu əslində biznesi birgə aparmaq üçün bir çox imkanlar açır.
Prezident diqqətə çatdırıb ki, Azərbaycan hələ Sovet İttifaqı vaxtlarında iqtisadiyyatını inkişaf etdirib, müstəqillikdən sonra məhz adambaşına düşən birbaşa xarici sərmayələrin həcminə görə birinci yeri tutub: "Son bir il ərzində Azərbaycan 20 milyard ABŞ dolları həcmində sərmayə cəlb etmişdir. Onun 7 milyard dollarını xarici sərmayələr təşkil edir. Bu, onu göstərir ki, Azərbaycan sərmayə baxımından hələ də cəlbedici bir məkandır. Son illər ərzində əsas sərmayələr məhz neft və qaz sektoruna yatırılmışdır. Bütün bunlar maliyyə vəsaitlərini toplamaq imkanı yaratdı. İndi isə biz sərmayələri artıq qeyri-neft sektoruna qoymağı planlaşdırırıq. Bir sözlə, bizim bu şaxələndirmə işimiz Azərbaycanda davamlı inkişafın təmin edilməsinə yönəlibdir.
Təbii ki, bizim biznes imkanlarımız sosial problemlərin də həllinə imkan yaradır. Çünki bunun nəticəsində birincisi, maliyyə vəsaitləri formalaşır və ikincisi isə iş yerləri açılır. Təbii ki, işsizliyin və yoxsulluğun azaldılması iqtisadi siyasətimizin əsas hədəflərindən biridir. Biz yoxsulluğu 5 dəfə - 7,6 faizə qədər azaltmağa nail olmuşuq. Hazırda işsizlik səviyyəsi 5,6 faiz səviyyəsindədir. Təbii ki, özəl sektorumuza və biznes strukturumuza gəldikdə, biz onlara imtiyazlı kreditlər ayırırıq. Bütün bunlar iqtisadiyyatımızın şaxələndirilməsi məqsədini daşıyır. Qeyd etdiyim kimi, müstəqilliyimizin ilk illərində əsas ümidlərimiz məhz enerji sektoru ilə, neft və qazla bağlı idi. Azərbaycan neft və qaz hasil edən ölkə kimi, bu sahədə bir çox səylər göstərdi və bu, bizə iqtisadiyyatımızı şaxələndirmək imkanı yaratdı. Bir neçə il bundan öncə biz iqtisadi siyasətimizdə yeni bir istiqaməti - "qara qızıl"ın insan kapitalına çevrilməsi"ni özümüz üçün strategiya kimi seçdik və hazırda bu sahədə artıq uğurlar müşahidə olunur. İndi biz informasiya texnologiyaları sahəsinin inkişafı üçün sərmayələr qoyuruq. Biz kosmos sənayesi yaradırıq. Ümid edirik ki, biz cari ilin sonuna qədər ilk telekommunikasiya peykimizi buraxacağıq.
İqtisadiyyatımızın mühüm bir hissəsini hələ ki, neft və qaz təşkil edir və bu, gələn illər ərzində də belə qalacaqdır. Lakin on il əvvəlki vəziyyətlə müqayisədə indi biz bu sektordan daha az asılıyıq. İndi biz neftin qiymətlərinə o qədər bağlı deyilik. İqtisadiyyatımız son 8 il ərzində sürətlə inkişaf edib, 3 dəfədən çox artıb. Biz artıq 3 dəfə artmış ümumi daxili məhsulumuzu 2023-cü ilə qədər - bundan sonrakı 10 il ərzində qeyri-neft sektoru hesabına daha 2 dəfə artırmaq fikrindəyik. "
Ölkəmizə səfərindən məmnun qaldığını deyən Xorvatiya Prezidenti İvo Yosipoviç hazırda Azərbaycan ilə Xorvatiya arasında yaxşı siyasi münasibətlərin olduğunu dedi. Bu münasibətlərin iqtisadi əməkdaşlığımıza da şamil olunmasının vacibliyini vurğulayan Xorvatiya Prezidenti məhz iqtisadi əlaqələrin güclənməsinin bütün sahələrdəki əlaqələrə müsbət təsir göstərəcəyinə əminliyini ifadə etdi. Ölkəmizə səfəri çərçivəsində iqtisadi əməkdaşlığa dair üç sazişin imzalandığını önə çəkən Prezident İvo Yosipoviç, Xorvatiyanın Azərbaycan sərmayəsinə hər zaman açıq olduğunu bildirib:
"Xorvatiya sizin enerji daşıyıcılarını, daha doğrusu, neftinizi böyük bir həcmdə idxal edir. Hesab edirəm ki, siz bu baxımdan sərmayələrinizi qoya bilərsiniz. Bu baxımdan Xorvatiya isə həm Azərbaycanda, həm də digər ölkələrdə xidmətlər sahəsində çalışır. Qeyd edirəm ki, burada böyük firmaların təmsilçiləri vardır. Onlar nəinki yerli, hətta beynəlxalq səviyyədə böyük uğurlar əldə ediblər.
Bu gün səhər biz gəmi tikintisi məsələsini nəzərdən keçirdik. Qeyd etmək istəyirəm ki, Puladan gəlmiş nümayəndə Azərbaycan ilə bu sahədə əməkdaşlığı genişləndirmək fikrindədir. Biz Aralıq dənizinə çıxan ölkəyik. Biz çox maraqlı turizm məkanıyıq. Nəinki Avropadan, Asiyadan, dünyanın bütün ölkələrindən Xorvatiyaya turistlər gəlir. Nəyə görə məhz sizin ölkədən də bizə daha çox adam gəlməsin?!"
Azərbaycanda olmaqdan məmnun qaldığını vurğulayan Xorvatiya Prezidenti İvo Yosipoviç göstərilən qonaqpərvərliyə görə bir daha minnətdarlığını bildirərək ölkələrimiz arasında bütün sahələrdə mövcud əməkdaşlığın inkişaf etdiriləcəyinə əmin olduğunu dedi.