PDF Oxu

Siyasət

  • 10

Azərbaycanla Xorvatiyanın münasibətləri uğurla inkişaf edir

Azərbaycanla Xorvatiyanın münasibətləri uğurla inkişaf edir

Martın 12-də Azərbaycan Respublikasına rəsmi səfərə gələn Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviçin rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviçi və xanımı Tatyana Yosipoviçi qarşıladılar. Fəxri qarovul dəstəsinin rəisi Xorvatiya Respublikasının Prezidentinə raport verdi. Xorvatiyanın və Azərbaycanın dövlət himnləri səsləndi. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Xorvatiya Respublikasının Prezidenti Azərbaycan əsgərlərini salamladı. Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident İvo Yosipoviçə, Xorvatiya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi. Prezidentlər və xanımları rəsmi foto çəkdirdilər.

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviç və xanımı Tatyana Yosipoviç ilə birgə görüşü olub. Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviçin təkbətək görüşü keçirilib. Görüşdə Azərbaycan ilə Xorvatiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu. Dövlətlərimiz arasında əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu vurğulandı.

Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviçin Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti qeyd olundu.

Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviçin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Azərbaycan dövlətinin başçısı İlham Əliyev görüş iştirakçılarına müraciətlə deyib ki, siyasi münasibətlərimizin səviyyəsi əladır:

"Səfəriniz bunun yaxşı göstəricisidir. Lakin hesab edirəm ki, həyatımızın digər sahələrinə də nəzər yetirməliyik. Bu gün biz iqtisadi əməkdaşlığı, sərmayə imkanlarını müzakirə etdik. Fikrimcə, ikitərəfli münasibətlərimizin uğurlu inkişafı regionlarımız arasında da daha yaxşı əlaqələrin qurulmasına yardım edəcəkdir. Azərbaycan Xəzər dənizi regionunda olduqca mühüm rol oynayır. Siz öz regionunuzda aparıcı dövlətlərdən birisiniz. Bir sözlə, ölkələrimiz arasında sıx əlaqələr birmənalı olaraq regional əməkdaşlığa çox yaxşı təsir göstərəcəkdir. Əminəm ki, səfərinizin nəticələri uğurlu olacaq və ölkələrimiz bir-birinə daha yaxın olacaqdır.

Dəvətimizi qəbul etdiyinizə və Azərbaycana gəldiyinizə görə Sizə çox minnətdarıq. Bu haqda biz əvvəlki görüşlərimizin birində razılığa gəlmişdik. Ümidvaram ki, Sizin maraqlı və məhsuldar səfəriniz olacaqdır. Ölkəmizə xoş gəlmisiniz."

Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviç səmimi qəbul üçün minnətdarlığını bildirərək deyib ki, Cənub-Şərqi Avropa regionu ilə Qafqaz regionu arasında yaxşı əməkdaşlıq imkanları mövcuddur:

"Cənab Prezident, səmimi qəbula və qonaqpərvərliyə görə minnətdaram. Mən və nümayəndə heyətimiz burada olmağımızdan çox məmnunuq. Buna səbəb təkcə siyasi əməkdaşlıq deyil, o cümlədən iqtisadi və mədəni sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olmasıdır. Bir sözlə, nümayəndə heyətimiz gələcək iqtisadi əməkdaşlığımızı təfərrüatı ilə müzakirə etməyə hazırdır. Sizin regionda sərmayə qoymaqla bağlı böyük planlarınızdan məlumatımız vardır. Cənub-Şərqi Avropa regionu ilə Qafqaz regionu arasında yaxşı əməkdaşlıq imkanları mövcuddur. Ölkələrimizin kəşməkəşli tarixi olubdur. Tarixi baxımdan təcrübəmiz oxşardır. İkitərəfli münasibətlərimiz qarşılıqlı anlaşmaya əsaslanır. Bu gün biz üç saziş imzalayacağıq. Bu da vacibdir və iqtisadi əməkdaşlığımıza şərait yaradacaqdır. Qonaqpərvərliyinizə görə minnətdaram. Tam əminəm ki, nəinki bu görüş, o cümlədən bu gün keçirəcəyimiz digər görüşlər də səmərəli olacaqdır."

Prezidentlərin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Xorvatiya sənədləri imzalanıb.

"Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında minalara qarşı fəaliyyət və minalardan təmizləmə sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) direktoru Nazim İsmayılov və Xorvatiya Respublikası xarici və Avropa işləri üzrə nazirinin müavini Yoşko Klisoviç imzaladılar.

"Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələblərindən azad edilməsi haqqında Saziş"i Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Xorvatiya Respublikası xarici və Avropa işləri üzrə nazirinin müavini Yoşko Klisoviç imzaladılar. "Azərbaycan Respublikası və Xorvatiya Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş"i Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov və Xorvatiya Respublikası Baş nazirinin birinci müavini, iqtisadiyyat naziri Radimir Çaçiç imzaladılar. Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviçin mətbuat konfransı olub.

Dövlət başçıları əvvəlcə bəyanatlarla çıxış ediblər.

Prezident İlham Əliyev bəyanatında diqqətə çatdırıb ki, ölkələrimiz arasında əlaqələr çox uğurla inkişaf edir: "Bildirmək istəyirəm ki, mən artıq bu haqda Sizə öncədən məlumat verdim ki, məhz Sizin regionunuzda Xorvatiya birinci ölkədir ki, Azərbaycan öz səfirliyini açdı. Bu da onu göstərir ki, ölkələrimiz arasında münasibətlər yaxşı inkişaf edir. Şadam ki, münasibətlərimizin çox yaxşı dinamikası və potensialı mövcuddur. Siyasi münasibətlərimiz əladır. Biz beynəlxalq təsisatlar çərçivəsində əməkdaşlıq edirik. Azərbaycan NATO ilə həyata keçirilən proqramlarda fəal iştirak edir, Avropa İttifaqı ilə əməkdaşlıq edir. Mən Sizi Avropa İttifaqına üzvlük məsələniz münasibətilə təbrik etmək istərdim. Hesab edirəm ki, hətta Avropa İttifaqının üzvü olan Xorvatiya yenə də Azərbaycana, Azərbaycanın Avropa təsisatlarına inteqrasiyasında dəstəyini davam etdirəcəkdir.

Bu gün biz ikitərəfli münasibətlərimizə, siyasi və iqtisadi əlaqələrimizə aid olan məsələləri müzakirə etdik. İnanıram ki, bizim nümayəndə heyətləri bundan sonra da müzakirələri davam etdirəcəklər. Aramızda çox güclü münasibətlər mövcuddur. Qeyd edək ki, bu günə qədər iqtisadi əməkdaşlığımız kifayət dərəcədə olmamışdır. Həmçinin, bizim ticari dövriyyəmizin balansına gəldikdə də məhz bunu demək olar. Hesab edirəm ki, məhz enerji sektoru bizim qarşılıqlı ticari dövriyyəmizin də artmasına zəmin yaradır. Əminəm ki, biznes dairələri arasında bu məqsədlərə nail olmaqda bizə yardımçı olacaqdır. Biz, həmçinin bu baxımdan Azərbaycan şirkətlərini Xorvatiyada sərmayələr yatırmağa həvəsləndiririk. Hesab edirəm ki, nümayəndə heyətinin digər üzvləri ilə də bu məqsədlə məsləhətləşmələr aparılacaqdır.

Bizim çox geniş iqtisadi və siyasi əməkdaşlığımız mövcud olacaqdır. Bu, əsasən planlarımızın həyata keçirilməsindən sonra baş verə bilər. Bəzi ənənəvi fəaliyyət sahələrinə gəldikdə, biz müzakirə apardıq, Azərbaycanın Xəzər Dəniz Gəmiçilik Şirkəti Xorvatiyadan gəmilər almaq fikrindədir. Əslində öncədən bilirik ki, sizin belə imkanlarınız vardır. Bu da münasibətlərimizin yeni bir ölçüsüdür. Həmçinin, hesab edirəm, biz bundan sonra da düşünməliyik ki, səylərimizi hansı digər sahələrdə göstərə bilərik. Azərbaycan yeni sərmayə bazarlarını - istər dövlət sərmayəsi, istər özəl sərmayə bazarlarını axtarır. Biz, həmçinin Xorvatiya şirkətlərinin Azərbaycanda investorlar və podratçılar, bizim tərəfdaşlar qismində işləməsini alqışlayardıq. Bu gün keçiriləcək tədbirdə Azərbaycanın biznes imkanları da təqdim olunacaqdır. Burada məhz dövlət investisiya proqramının həyata keçirilməsinə dair məlumat veriləcəkdir.

Bir sözlə, bütün bu komponentlər bizim ümumi ideyalarımıza və ölkələrimiz arasındakı tərəfdaşlığa dəstək verəcəkdir. Bu tərəfdaşlıq, əslində nəinki ölkələrimiz, həmçinin yerləşdiyimiz regionlar üçün vacibdir. Qafqaz və Xəzər regionu, Balkanlar regionu sıx iqtisadi-siyasi əməkdaşlıq və inteqrasiya üçün yaxşı imkanlara malikdir. Bu baxımdan Azərbaycan çox mühüm rol oynaya bilər."

Prezident İvo Yosipoviç isə bəyanatında bəyan edib ki, biz iqtisadi əməkdaşlığımızı regional yanaşma baxımından inkişaf etdirməliyik: "Biz enerji, gəmi tikintisi, kənd təsərrüfatı, hərbi müdafiə sənayesi, istehkam əməliyyatları sahələrində və bir çox digər sahələrdə əməkdaşlıq edə bilərik.

Siz, həmçinin hazırkı dünyada münaqişələr məsələsinə də toxundunuz. Dağlıq Qarabağ münaqişəsi tək deyildir, bu münaqişələr çoxdur. Xorvatiyada da müharibə zamanı biz torpaqlarımızın zəbt olunması ilə üzləşdik. Mən çox şadam ki, məhz Sizin yanaşmanız məsələnin daha çox sülh yolu ilə həllinə yönəlib. Bilirəm ki, sülh olmadan yaxşı münasibətlər - ticari, iqtisadi münasibətlər mümkün deyildir. Nümayəndə heyətlərimiz, həmçinin fərdi qaydada bir çox məsələləri - nəinki iqtisadi əməkdaşlığı, digər məsələləri də müzakirə edəcəklər.

Bu gün imzaladığımız üç saziş gələcək əməkdaşlığımız üçün olduqca vacibdir. İnanırıq ki, onlar münasibətlərimizə töhfə verəcəkdir və biz turizm sahəsində əməkdaşlıqda çox maraqlıyıq. Bu gün nəinki Avropadan, həmçinin Şərqi Avropadan, Şərqdən turistlərin gəlişini müşahidə edirik. Biz çox şad olardıq ki, azərbaycanlı dostlarımızı da Xorvatiyada görək."

Sonra dövlət başçıları jurnalistlərin suallarını cavablandırıblar.


Xorvatiya Prezidenti Heydər Əliyev Fondunda olub


Azərbaycan Respublikasında rəsmi səfərdə olan Xorvatiya Respublikasının Prezidenti İvo Yosipoviç və xanımı Tatyana Yosipoviç martın 12-də Heydər Əliyev Fondunda olublar. Xorvatiya dövlətinin başçısını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva qarşıladılar. Ali qonağa və xanımına Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə məlumat verildi. Bildirildi ki, Fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial-iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir. Prezident İvo Yosipoviç və xanımı ulu öndər Heydər Əliyevin arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə, habelə müxtəlif eksponatlarla tanış oldular.

Fondla tanışlıq zamanı qonaqlara məlumat verildi ki, ümummilli liderin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu gün beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz ümummilli liderin fəaliyyətinin bəhrələridir. Qonaqlar fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldular, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxdılar. Prezident İvo Yosipoviç və xanımı Tatyana Yosipoviç Fondla tanışlıqdan sonra Xatirə kitabına ürək sözlərini yazdılar. Qonaqlara Fondun xatirə hədiyyəsi təqdim olundu. Sonda Xorvatiya Prezidenti və xanımı Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edən filmə tamaşa etdilər. Xorvatiya Prezidenti və xanımı Heydər Əliyev Fondundan zəngin təəssüratla ayrıldılar.

Digər xəbərlər