PDF Oxu

Siyasət

  • 9

Ölkəmizdə sosial məsələlərin həlli çox uğurla aparılır

Ölkəmizdə sosial məsələlərin həlli çox uğurla aparılır

Martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Astara rayonuna səfərə gəlib. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Astara şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu. Məlumat verildi ki, ulu öndərin abidəsinin yerləşdiyi Heydər Əliyev parkında son dövrlərdə geniş abadlıq-quruculuq işləri aparılıb. Parkın ərazisi genişləndirilərək 2,5 hektara çatdırılıb. Burada sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb.

Martın 13-də Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası (YAP) Astara rayon təşkilatının inzibati binasının açılışında iştirak edib.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi. Məlumat verildi ki, ümumi sahəsi 700 kvadratmetr olan ikimərtəbəli binanın tikintisinə ötən ilin mayında başlanmışdır. Binada ümummilli lider Heydər Əliyevin büstü qoyulmuşdur. Burada, həmçinin ulu öndər Heydər Əliyevin və Azərbaycan Prezidenti, YAP-ın sədri İlham Əliyevin həyat və fəaliyyətini, Astara rayonuna səfərlərini əks etdirən fotolardan ibarət guşə yaradılmışdır. Binada müxtəlif tədbirlərin keçirilməsi üçün konfrans zalı və xidməti otaqlar da vardır. Qeyd edildi ki, hazırda YAP Astara rayon təşkilatının üzvlərinin sayı 5 min 831 nəfərdir.

Binada yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.

Həmin gün Prezident İlham Əliyev Astara Olimpiya İdman Kompleksinin açılışında iştirak edib. İdmançılar dövlətimizin başçısını hərarətlə qarşıladılar.

Prezident İlham Əliyevə məlumat verildi ki, son illər Astarada idmanın müxtəlif növlərinin inkişafına xüsusi diqqət göstərilir. Müasir olimpiya kompleksinin istifadəyə verilməsi isə gənclərin idmana olan maraq və həvəsini daha da artıracaqdır. Dövlətimizin başçısı Astara Olimpiya İdman Kompleksinin rəmzi açılışını bildirən lenti kəsdi. Azərbaycan Prezidenti kompleksdə yaradılan şəraitlə tanış oldu. Bildirildi ki, ərazisi 5 hektar olan kompleksin tikintisinə 2006-cı ildə başlanmış, inşaat işləri yüksək səviyyədə aparılmışdır. Burada ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, eyni zamanda, Prezident İlham Əliyevin idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edən fotoguşələr yaradılmışdır. Qeyd edildi ki, kompleksin 936 nəfərlik böyük idman zalında mini futbol, voleybol, basketbol, tennis yarışları keçirmək üçün hər cür şərait vardır. Məşq zalları, eləcə də 172 tamaşaçı yeri olan üzgüçülük hovuzu da beynəlxalq standartlara cavab verir.

Bildirildi ki, kompleksin daxilində yaradılan qonaq otağında və konfrans zalında müxtəlif tədbirlər keçirmək mümkündür. Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, rayonun idman məktəbinin yetirmələri Cəbrayıl Həsənov və Sona Əhmədli İstanbulda sərbəst güləş üzrə keçirilən dünya çempionatında bürünc medal qazanmışlar. Cəbrayıl Həsənov 2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanmışdır. Bundan başqa, Azərbaycan Şahmat Federasiyasının qərarı ilə rayonun şahmat məktəbində bir həftə ərzində 150 idmançı arasında respublika çempionatı keçirilmişdir. 2012-ci ilin "İdman ili" elan edilməsi ilə bağlı rayonda görüləcək işlər barədə geniş proqram hazırlanmışdır. Yeni tikilmiş Olimpiya İdman Kompleksi isə "İdman ili"nə ən böyük hədiyyədir. Dövlətimizin başçısı Olimpiya İdman Kompleksinin ərazisində inşa olunan 4 kottecdə yaradılan şəraitlə də tanış oldu. Bildirildi ki, ikimərtəbəli kotteclərdə eyni vaxtda 40 nəfər qala bilər.

Prezident İlham Əliyev kompleksin açılışı mərasimində çıxış edib. Prezident İlham Əliyev çıxışında bildirib ki, bu Olimpiya İdman Mərkəzində idmanla məşğul olmaq üçün bütün şərait vardır:

"Mən vaxtilə Olimpiya Mərkəzinin inşası ilə bağlı göstəriş vermişdim. Ondan sonra Astarada olarkən tikintinin gedişi ilə tanış olmuşdum. Keçən il də mən Astarada idim. Bu gün bu gözəl, möhtəşəm Olimpiya Mərkəzinin açılışında biz bərabər iştirak edirik. Əminəm ki, Astara idmançıları və Astara sakinləri bu imkanlardan səmərəli şəkildə istifadə edəcəklər. Çünki burada bütün şərait vardır. Gözəl idman zalları, açıq meydançalar, üzgüçülük hovuzu, trenajor zalları - bir sözlə, artıq Astarada da gözəl, müasir Olimpiya Mərkəzi yaradılıbdır. İdmana Azərbaycanda çox böyük diqqət göstərilir. Bizim dövlət siyasətimiz də idmanın inkişafına yönəldilibdir. Azərbaycan dövlətinin idmana münasibətini görmək üçün sadəcə olaraq uğurlarımıza fikir vermək kifayətdir. Son illər ərzində idmançılarımız bütün beynəlxalq yarışlarda böyük qələbələr qazanırlar. Dünya çempionatlarında, Olimpiya oyunlarında, Avropa çempionatlarında milli bayrağımız dalğalanır. Bu, çox sevindirici haldır. İldən-ilə idmançılarımızın uğurları, medalların sayı artır və ölkəmizin idman şöhrəti yüksəklərə qaldırılır.

Bu il Azərbaycanda "İdman ili" elan edilibdir. Bu da çox gözəl göstəricidir. Bu, onu göstərir ki, Azərbaycan dövləti idmanın inkişafına nə qədər diqqət yetirir. "İdman ili" çərçivəsində müxtəlif tədbirlər keçiriləcəkdir. Ancaq bu il ilk istifadəyə verilən olimpiya idman kompleksi Astara Olimpiya İdman Mərkəzidir. Əminəm ki, bu il idmançılarımız bizi yenə də öz uğurları ilə sevindirəcəklər. Azərbaycanda istənilən beynəlxalq idman yarışının keçirilməsi mümkündür. Avropa, dünya çempionatlarının keçirilməsi artıq bizim yaxşı ənənəmizdir və bütün bu böyük yarışlar yüksək səviyyədə keçirilir. Bu amili və bütövlükdə ölkəmizin uğurlu inkişafını nəzərə alaraq Azərbaycan 2020-ci ilin Olimpiya oyunlarının Bakıda keçirilməsi üçün müraciət etmişdir və bu müraciətə baxılır. Mən hesab edirəm ki, ölkəmizin paytaxtı Bakı Olimpiya oyunlarının keçirilməsi üçün də bütün imkanlara malikdir. Bizim gözəl infrastruktur imkanlarımız vardır. İnsanların Olimpiya oyunlarının Azərbaycanda keçirilməsinə böyük dəstəyi vardır. Beynəlxalq qurumlar tərəfindən keçirilmiş rəy sorğuları da bunu göstərir.

Azərbaycanda təhlükəsizlik tədbirləri çox yüksək səviyyədə təmin edilir. Ölkəmizdə hökm sürən sabitlik, ictimai-siyasi asayiş Olimpiya oyunlarının keçirilməsi üçün də mühüm amil kimi özünü göstərir. Bir sözlə, biz Bakıda Olimpiya oyunlarının keçirilməsi üçün tam hazırıq və deyə bilərəm ki, bizim bu istəyimiz, eyni zamanda, ölkəmizin gücünü göstərir.

Biz sadəcə olaraq 20 ildir ki, müstəqil ölkə kimi yaşayırıq. Bu 20 il ərzində Azərbaycan böyük və şərəfli yol keçibdir. İstənilən sahədə biz böyük uğurlara nail ola bilmişik. Biz iqtisadi sahədə dünyada misli görünməmiş inkişafı yaşayırıq və bu, bütün statistik göstəricilərdə özünü əks etdirir.

Ölkəmizdə sosial məsələlərin həlli çox uğurla aparılır. Sosial infrastrukturun yaradılması prosesi uğurla gedir. Biz bunu Astara rayonunun timsalında görə bilərik. Yəni, Azərbaycanda sosial məsələlərin həlli də çox müsbət istiqamətdə inkişaf edir. Bizim beynəlxalq mövqelərimiz möhkəmlənir. İyirmi il müstəqillik dövründə Azərbaycan özünü dünyaya etibarlı tərəfdaş və inamlı dost kimi təqdim edə bilmişdir. Məhz bunun nəticəsidir ki, dünya birliyi, dünya ictimaiyyəti Azərbaycana böyük etimad göstərərək bizi BMT Təhlükəsizlik Şurasına üzv seçdi. 155 ölkə gənc, ancaq qüdrətli və müstəqil Azərbaycan dövlətinə öz səsini verdi. Bu, beynəlxalq müstəvidə əldə edilmiş ən böyük uğurdur. Bu uğur bir də onu göstərir ki, bizim xarici siyasətimiz düzgün siyasətdir. Bizim xarici siyasətimiz həm ölkənin maraqlarının təmin edilməsi üçün aparılır, eyni zamanda, ölkəmizin beynəlxalq imici də çox müsbətdir. Əks təqdirdə 155 ölkə bizə səs verməzdi.

Bir sözlə, bu 20 il ərzində ölkəmizdə istənilən sahədə böyük nailiyyətlər vardır. Biz haqlı olaraq bu nailiyyətlərdən danışırıq. Ancaq, eyni zamanda, bizim bütün gələcək fikirlərimiz gələcək inkişafa istiqamətləndirilib. Biz əlavə nə etməliyik? Ölkəmizi bundan sonra necə inkişaf etdirməliyik? Bu məsələlərlə bağlı bizdə kifayət qədər dəqiq planlar, proqramlar və fikirlərimiz vardır. Bu barədə mən dəfələrlə müxtəlif tədbirlərdə fikirlərimi ifadə edirəm. Son müddət ərzində sahibkarlarla görüşdə ölkəmizin ümumi iqtisadi inkişafı, uzunmüddətli iqtisadi inkişafı və onun perspektivləri haqqında öz fikirlərimi söylədim.

Bir daha demək istəyirəm ki, ölkəmiz dinamik şəkildə inkişaf edir. Ölkəmizin çox gözəl beynəlxalq imici vardır. Ölkə hərtərəfli inkişaf edir. Biz indi ölkə iqtisadiyyatımızın şaxələndirilməsi ilə məşğuluq və bu sahədə də uğurlar əldə edə bilmişik. Bütün bölgələrdə canlanma, inkişaf vardır. Ən ucqar bölgələrdə, ən ucqar kənddə inkişaf vardır. Hər bir rayonun inkişafı, əslində ölkəmizin inkişafını gücləndirir. Ölkənin inkişafı bölgələrin inkişafı olmadan mümkün deyildir. Biz hazırda qeyri-neft sektorunun, kənd təsərrüfatının, turizmin, qeyri-neft sənayesinin inkişafı üçün çox əhəmiyyətli addımlar atırıq."

Yüngül atletika üzrə 16 qat Azərbaycan çempionu Fikrət Qafarov idmanın inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkür etdi.

Martın 13-də Azərbaycan Prezidenti İlham Əliyev Astara rayon mərkəzi xəstəxanasının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak edib. Dövlətimizin başçısı xəstəxananın təmirdən əvvəlki və sonrakı görüntülərini əks etdirən stendlərə baxdı. Məlumat verildi ki, 1983-cü ildə tikilən üçmərtəbəli xəstəxana binası sonralar yararsız hala düşmüşdü. Ayrılan dövlət vəsaiti hesabına 90 çarpayılıq xəstəxana əsaslı şəkildə təmir olunaraq yenidən qurulmuş və ən müasir tibbi avadanlıqla təchiz edilmişdir. Qeyd edildi ki, xəstəxananın birinci mərtəbəsində qəbul, mama-ginekologiya şöbələri, əməliyyat bloku, yeni doğulan uşaqların intensiv terapiya palatası, ultrasəs müayinə kabineti, 10 palata, mətbəx, bufet və xidməti otaqlar vardır. İkinci mərtəbədə cərrahiyyə, reanimasiya və intensiv terapiya şöbələri, əməliyyat bloku, iki əməliyyat zalı, iki intensiv terapiya palatası, 11 palata, mətbəx, bufet və xidməti otaqlar yerləşir. Üçüncü mərtəbədə isə terapiya şöbəsi, 13 palata, mətbəx, bufet və xidməti otaqlar fəaliyyət göstərir. Xəstəxananın ərazisi abadlaşdırılmış, 1,5 hektar sahədə müasir tələblərə cavab verən yeni istirahət parkı salınmış, yaşıllıq zolağı genişləndirilmişdir. Parkda yay istirahət yerləri quraşdırılmışdır. Dövlətimizin başçısı xəstəxananın kollektivi ilə görüşdü.

Kollektiv adından çıxış edən həkim Aliyə Həsənova ölkəmizdə səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq etdi. Sonda xatirə şəkli çəkdirildi. Astara rayonuna səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Kijəbə-Ojakəran və Kijəbə-Qəcimardə avtomobil yolunun açılışında iştirak edib.

Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi. Bildirildi ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə Kijəbə-Ojakəran və Kijəbə-Qəcimardə avtomobil yolunun 10 kilometrlik hissəsi əsaslı təmir olunmuşdur. Bu yoldan Kijəbə qəsəbəsinin və 9 kəndin 12 minə yaxın əhalisi, eyni zamanda, rayon mərkəzindən 25 kilometr məsafədə yerləşən Pəlikəş inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 13 kəndində yaşayan 7 minə yaxın sakini istifadə edir. Qəsəbənin girişində Bayraq Meydanı tikilmiş, dirəyinin hündürlüyü 25 metr olan dövlət bayrağı ucaldılmışdır. Ərazidə istirahət parkı da salınmışdır. Qəsəbəyə gedən yol genişləndirilmiş, yol boyu abadlıq işləri görülmüşdür.

Bildirildi ki, qəsəbədə dəfələrlə olan ulu öndər Heydər Əliyevin göstərişi ilə 1960-cı illərin sonunda burada kənd təsərrüfatı sahələrinin suvarılmasında müstəsna əhəmiyyət kəsb edən Lovayın su anbarı tikilib istifadəyə verilmişdir. Prezident İlham Əliyevin Sərəncamı ilə ayrılan vəsait hesabına isə həmin su anbarının təmirinə başlanmış və hazırda işlər davam etdirilir. Anbarın tutumu 6,3 milyon kubmetr, dərinliyi 17 metrdir. Burada yerləşən 4 aqreqatlı nasos stansiyasının köməyi ilə 1250 hektar əkin sahəsi suvarma suyu ilə təmin edilir. Prezident İlham Əliyev kənd sakinləri ilə görüşdü. Sonda xatirə şəkli çəkdirildi.

Martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Masallı rayonuna səfərə gəlib.

Dövlətimizin başçısı Masallı şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında ulu öndərin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu. Prezident İlham Əliyevə məlumat verildi ki, ümummilli liderin adını daşıyan park yenidən qurulub. Burada 2011-ci ildə Heydər Əliyev Muzeyinin bazasında Heydər Əliyev Mərkəzi yaradılmışdır. Parkda rayon sakinlərinin və qonaqların istirahəti üçün hər cür şərait vardır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 13-də "Milli su təchizatı və kanalizasiya xidmətləri" üzrə ikinci layihə çərçivəsində yenidən qurulacaq Masallı şəhər su-kanalizasiya sisteminin təməlqoyma mərasimində iştirak edib.

Dövlətimizin başçısı ikinci layihə çərçivəsində görülən işləri əks etdirən stendlərə baxdı.

"Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədr müavini Məmmədsadıq Quliyev Azərbaycan Prezidentinə məlumat verdi ki, Masallıda su təchizatı sisteminin təkmilləşdirilməsinə ciddi ehtiyac vardır. Tikintisi 1990-cı ildə dayandırılan kanalizasiya təmizləyici qurğu da yararsız vəziyyətdədir. Qeyd olundu ki, yeni layihə əsasında Masallı şəhərində adambaşına düşən suyun həcmi gün ərzində 180 litr hesablanmışdır. Bu isə 2030-cu il üçün supaylayıcı şəbəkəyə 24 saat ərzində su verməklə ildə 2 milyon 400 min kubmetr su tələbatı deməkdir. Masallı şəhərinin su təchizatını yaxşılaşdırmaq üçün Viləşçay su anbarı əsas mənbə kimi qəbul olunmuşdur. Yeni layihə çərçivəsində həcmi 5 min kubmetr olan su anbarının inşası da təklif edilmişdir. İçməli su Viləşçay anbarının çıxışından təxminən 400 metr məsafədə yerləşən təmizləyici stansiyaya öz axını ilə daxil olacaqdır. Həmin stansiyanın maksimal gücü gündəlik 22 min kubmetr təşkil edəcəkdir. Bu da Masallı və Cəlilabad rayonlarının içməli su ilə təchizatını təmin etmək üçün kifayətdir. Həmin qurğudan gündəlik 6 min 566 kubmetr su eyni ərazidə yerləşəcək yeni anbara veriləcəkdir və buradan su öz axını ilə boru xətti vasitəsilə supaylayıcı şəbəkəyə ötürüləcəkdir.

Bildirildi ki, içməli su şəbəkəsi 5 min kubmetrlik anbarı, uzunluğu 6,8 kilometr, diametri 630 millimetr olan magistral kəmərdən və 121,5 kilometr uzunluğunda, diametri 110-400 millimetrlik paylayıcı su xətlərindən ibarət olacaqdır. Masallı şəhərindəki bütün evlərin bu şəbəkəyə qoşulması təmin ediləcəkdir. Hazırda "Meliorasiya və Su Təsərrüfatı" ASC Masallıdan başqa, "Milli su təchizatı və kanalizasiya xidmətləri" üzrə ikinci layihə çərçivəsində Siyəzən, Şabran, Ağsu, İsmayıllı, Cəlilabad, Yardımlı və Lerikdə də müvafiq layihələr həyata keçirir.

Layihə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Masallı şəhərinin yeni su-kanalizasiya sisteminin təməlini qoydu.

Dövlətimizin başçısı gilizi təmələ buraxdı və beton qarışığı tökdü. Azərbaycan Prezidenti müvafiq tapşırıq və tövsiyələrini verdi.

Dünən Azərbaycan Prezidenti İlham Əliyev Masallı Mədəniyyət Evində aparılan yenidənqurma işləri ilə tanış olub. Dövlətimizin başçısı mədəniyyət evinin təmirdən əvvəlki vəziyyətini və təmir işlərinin gedişini əks etdirən stendə baxdı. Azərbaycan Prezidentinə məlumat verildi ki, 1956-cı ildə inşa olunmuş mədəniyyət evi əsaslı şəkildə təmir edilməmişdir. Rayonun bu əsas mədəniyyət ocağının təmirinə ötən ilin avqustunda başlanmışdır.

Qeyd edildi ki, 358 yerlik tamaşaçı salonundan və digər yardımçı otaqlardan ibarət üçmərtəbəli mədəniyyət evinin bütün infrastrukturu hazırda tamamilə yenidən qurulur. Mədəniyyət evi təmirdən sonra yenidən rayonun əsas mədəni-kütləvi tədbirlər mərkəzinə çevriləcəkdir. Mədəniyyət evində aparılan əsaslı təmir işlərinin gedişi ilə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi.

Prezident İlham Əliyev martın 13-də Masallı rayonuna səfəri çərçivəsində Gənclər Mərkəzinin açılışında iştirak edib.

Dövlətimizin başçısına məlumat verildi ki, mərkəzin tikintisinə 2011-ci ildə başlanmışdır. Binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin gənclərə diqqət və qayğısını əks etdirən fotoguşələr yaradılmışdır. Birinci mərtəbədə 3D formatlı 120 tamaşaçı yeri olan kino zalı, sərgi salonu, elektron və pnevmatik tir otaqları, pleysteyşn otağı və rəsm qalereyası vardır. İkinci mərtəbədə isə 30 nəfərlik konfrans zalı, xarici dil kursu, 15 nəfərlik kompyuter kursu, elektron və multimedia kitabxana, karaoke otağı və kafe yerləşir. Prezident İlham Əliyev Gənclər Mərkəzinin konfrans zalında Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Lerik və Yardımlı rayonundan olan gənclərinin nümayəndələri ilə görüşdü. Sonda xatirə şəkli çəkdirildi.

Prezident İlham Əliyev martın 13-də Masallıda "Masera" MMC-nin soyuducu anbar və istixana komplekslərinin açılışında da iştirak edib. Dövlətimizin başçısına məlumat verildi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Masallıda 1,2 min tonluq soyuducu anbar kompleksi və 2 hektar ərazidə illik 0,7 min ton tərəvəz məhsulları istehsal etmək gücünə malik olan istixana kompleksi tikilmişdir. Layihəyə 5 milyon manat investisiya qoyulmuşdur ki, bunun da 1 milyon manatını Sahibkarlığa Kömək Milli Fondunun güzəştli krediti təşkil edir.

Bildirildi ki, İtaliya avadanlığı ilə təchiz edilmiş soyuducu anbar kompleksi Masallı və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarların yetişdirdiyi meyvə-tərəvəz məhsullarının uzun müddət itkisiz saxlanmasına və digər mövsümlərdə daxili bazarın tələbatının təmin olunmasına imkan yaradacaq . "Masera" MMC-nin soyuducu anbar və istixana kompleksləri ilə tanış olan Prezident İlham Əliyev kənd təsərrüfatının daha da inkişaf etdirilməsi ilə bağlı müvafiq tapşırıqlarını verdi.

Digər xəbərlər