Hər bir ölkənin etibarlı ərzaq təminatı onun iqtisadi sabitliyinin və sosial dayanıqlılığının əsas şərtidir. Bunun üçün də ölkənin hər bir vətəndaşının əsas ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi üçün davamlı olaraq müvafiq tədbirlərin həyata keçirilməsi çox vacibdir.
Milli ərzaq təhlükəsizliyi prioritet məsələdir
Ölkə Prezidentinin daim diqqət mərkəzində saxladığı ən mühüm prioritet sahələrdən biri də milli ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Prezident İlham Əliyevin Sərəncamı ilə "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda da xüsusi olaraq qeyd edilir ki, dövlət əhalinin ərzaqla tam təminatını ödəmək üçün 2015-ci il üçün dənli bitkilərin əkin sahələrini 900 min hektara çatdırmalı və proqramda göstərilən 2015-ci ildə 2,8 milyon ton dənli bitkilər istehsal edilməlidir. Ət istehsalı 340 min ton, süd və süd məhsulları istehsalı 2,4 milyon ton olmalıdır. Sənaye üsulu ilə illik quş əti istehsalı 80 min tona, yumurta istehsalı isə 1,3 milyard ədədə çatdırılmalıdır. Ölkədə ikinci çörək kimi qəbul edilən kartof 1,12 milyon ton, tərəvəz və bostan bitkilərinin istehsalı 1,72 milyon ton, meyvə 800 min ton olmalıdır. Yağlı bitkilərin əkin sahələrinin 135 min hektara, şəkər çuğundurunun əkin sahəsini isə 20 min hektara, yem bitkilərinin əkin sahələrini 500 min hektar olmaqla yüksək keyfiyyətli, balanslaşdırılmış qarışıq yem istehsalını ildə 2 milyon tona çatdırmaq ayrı-ayrı bənd göstəriciləri ilə bir proqram olaraq qarşıya qoyulur.
Ərzaq məhsulları ilə özümüzü 100 faiz təmin edəcəyik
Bütün bunları nəzərə alan dövlət başçısı İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransında çıxışı zamanı bildirib ki, 2015-2016-cı illərdə bizim çox böyük həcmdə ixracyönümlü kənd təsərrüfatı məhsulumuz olacaqdır: "Biz onları ixrac etməsək, onda kənd təsərrüfatının inkişafını təmin edə bilmərik. Çünki daxili bazar dolacaq, - düzdür, əhali artır, tələbat artır, amma o qədər də böyük həcmdə artmır".
Prezident İlham Əliyev konfransda, həmçinin, ölkənin ərzaq təhlükəsizliyi məsələsinə də toxunaraq, bildirib ki, ərzaq təhlükəsizliyi məsələsi tam həll olunmalı, hər bir sahədə tələbatımızı daxili imkanlar hesabına təmin etməliyik: "Ümid edirəm ki, 2015-ci ilə qədər əsas ərzaq məhsulları ilə özümüzü 100 faiz təmin edəcəyik. Biz yeni bazarlar axtarmalıyıq, yeni bazarlar tapmalıyıq və ənənəvi bazarlara daha da böyük həcmdə öz məhsullarımızı çıxarmalıyıq. Mən artıq İqtisadi İnkişaf Nazirliyinin qarşısında belə vəzifə qoydum ki, yeni bazarların araşdırılması prosesi indidən başlanmalıdır. Gərək biz indidən hazırlıqlı olaq".
Keyfiyyətli məhsul sərfəli şərtlərlə dünya bazarlarına çıxmaq üçün imkan verir
Azərbaycan dünyanın ənənəvi kənd təsərrüfatı mərkəzlərindən biridir. Ölkənin iqlim rəngarəngliyi müxtəlif növ kənd təsərrüfatı bitkilərini becərməyə imkan verir. Kənd təsərrüfatı və bu sektora yaxın olan sahələr ölkədə əsas məşğulluq mənbələridir. Bu sahənin, demək olar ki, tam özəlləşdirilməsindən sonra respublika hökuməti fermerlərə, habelə, emal edilmiş kənd təsərrüfatı məhsullarının istehsalçılarına kömək etmək üçün bir sıra tədbir həyata keçirib. Yerli meyvə, tərəvəz, şərab və konyaklar isə regionda Azərbaycanı tanıdan əmtəə nişanlarıdır.
Azərbaycanın ərazisi nisbətən kiçik olsa da, mürəkkəb relyefi və coğrafi mövqeyi sayəsində rütubətli subtropik iqlimdən tutmuş yarım-arktik iqlimə qədər bir neçə fərqli iqlim zonasını əhatə edir. Bu isə kənd təsərrüfatının inkişafı üçün nadir imkanlar yaradır. Azərbaycan kənd təsərrüfatı sahələrinin əksəriyyəti ilə bağlı tələbatı bütövlüklə özü ödəyir. Bundan başqa, ölkənin coğrafi mövqeyi istehsal olunan keyfiyyətli məhsulu sərfəli şərtlərlə nəinki qonşu Rusiya, İran, Türkiyə və Gürcüstan bazarlarına, habelə, dünya bazarlarına ixrac etməyə imkan verir. Azərbaycan Rusiyaya kənd təsərrüfatı məhsullarının və onların emalı məhsullarının əsas ixracatçısıdır. May ayının 15-17-də Bakıda keçiriləcək 6-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi də kənd təsərrüfatı məhsullarının yeni bazarlara çıxarılması istiqamətində atılan addımlardan biridir.
Dövlət Proqramının uğurları
Qeyd edək ki, sözügedən Dövlət Proqramı çərçivəsində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində 2011-ci il ərzində 967,0 min ha taxıl sahəsindən hər hektardan orta hesabla 25,4 sentner olmaqla 2458,5 min ton dənli və dənli paxlalı məhsul toplanıb. 2011-ci ildə 938,5 min ton kartof, 765,8 min ton meyvə və giləmeyvə, 478,0 min ton bostan məhsulları, 1214,8 min ton tərəvəz, 534,1 ton yaşıl çay yarpağı istehsal olunub. 2010-cu illə müqayisədə 458,0 min ton və ya 22,9 faiz çox dənli və dənli paxlalılar, 44,4 min ton və ya 10,3 faiz çox bostan məhsulları, 25,3 min ton və ya 2,1 faiz çox tərəvəz, 36,3 min ton və ya 5,0 faiz çox meyvə və giləmeyvə məhsulları yığılıb.
Həmçinin, 2011-ci il ərzində diri çəkidə 458,9 min ton ət, 1622,3 min ton süd, 16,2 min ton yun və 1008,1 milyon ədəd yumurta istehsal edilmişdir. 2010-cu illə müqayisədə ət istehsalı 4,3 faiz, süd istehsalı 5,6 faiz və yun istehsalı 3,7 faiz artıb.
CABİR