İlham Əliyev cənub bölgəsinə səfəri çərçivəsində Salyan rayonunda olub.
Dövlətimizin başçısı əvvəlcə Salyan şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında ümummilli liderin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin abidəsi ətrafında aparılan abadlıq-quruculuq işləri ilə tanış oldu. Dövlətimizin başçısı son bir ildə rayonda həyata keçirilən abadlıq-quruculuq işlərini əks etdirən stendlərə baxdı.
Prezident İlham Əliyevə il ərzində görülmüş işlər barədə məlumat verilərək bildirildi ki, dövlətimizin başçısının 2011-ci il 19 aprel tarixli Sərəncamı ilə ayrılan 2 milyon manat vəsait hesabına çoxmərtəbəli kommunal evlərin fasadları müasir memarlıq üslubunda təmir edilmiş, milli ornamentlərlə bəzədilmiş, küçələrdə 630 işıqlandırma dirəyi quraşdırılmışdır. Daxili imkanlar hesabına Ələt-Astara magistral avtomobil yolunun Salyan şəhəri ərazisindən keçən hissəsində 5 min metrdən çox istinad divarı tikilmiş və "Gülbax" daşla üzlənmişdir. Küçələr abadlaşdırılmış, geniş ərazidə yaşıllaşdırma işləri görülmüşdür.
Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Salyan Rayon İcra Hakimiyyəti və Heydər Əliyev Mərkəzi bina kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanış olub.
Kompleksin texniki göstəricilərini əks etdirən stendlərə və eskiz layihələrinə baxan Prezident İlham Əliyevə məlumat verildi ki, Salyan Rayon İcra Hakimiyyəti və Heydər Əliyev Mərkəzi müasir memarlıq üslubunda, orijinal layihə əsasında inşa olunur. Kompleksin tikintisinə ötən ilin dekabrında başlanılmışdır. Üçmərtəbəli binanın qarşısında ulu öndərin əzəmətli abidəsi ucaldılacaqdır. Abidənin ətrafında fəvvarə kompleksləri tikiləcəkdir. Diqqətə çatdırıldı ki, Heydər Əliyev Mərkəzində ümummilli liderin həyat və fəaliyyətinə həsr olunan stendlərdə ulu öndərin Salyana səfərlərini əks etdirən fotolar, dahi şəxsiyyətə məxsus sənəd və materiallar, imzaladığı məktub, qərar və sərəncamlar toplanacaqdır. Mərkəzin kitabxanasında ümummilli lider haqqında yazılmış kitablar və digər mətbu nəşrlər saxlanılacaqdır.
Rayon İcra Hakimiyyətinin yeni inzibati binasında 78 xidməti otaq olacaqdır. Burada əməkdaşların səmərəli fəaliyyəti üçün lazımi şərait yaradılacaqdır. Prezident İlham Əliyev tikinti işlərinin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.
Martın 13-də Azərbaycan Prezidenti İlham Əliyev Salyan rayonuna səfəri çərçivəsində "Kür" otelinin əsaslı yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub.
Dövlətimizin başçısına məlumat verildi ki, oteldə əsaslı yenidənqurma işlərinə 2009-cu ildə başlanılıb. Dördmərtəbəli oteldə 57 nömrə vardır. Nömrələr yüksək xidmət standartlarına cavab verir. Diqqətə çatdırıldı ki, otelin nəzdində şadlıq sarayı, restoran, bar-kafe və mağaza tikilib.
Qeyd edildi ki, oteldə quraşdırılmış liftlər "Gilan" MMC-nin Qəbələ lift zavodunda istehsal olunub. Burada mərkəzləşdirilmiş havalandırma sistemi, transformator quraşdırılmış, su hovuzu tikilib. Otelin ətrafı abadlaşdırılıb.
Prezident İlham Əliyev həmçinin Salyanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilmiş Uşaq Texniki Yaradıcılıq Mərkəzinin açılışında iştirak edib. Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, Salyan Uşaq Texniki Yaradıcılıq Mərkəzi 1985-ci ildən uyğunlaşdırılmamış binada fəaliyyət göstərirdi. Ötən ilin martından Heydər Əliyev Fondunun təşəbbüsü ilə Mərkəz üçün yeni binanın tikintisinə başlanılmışdır. Bütün lazımi infrastrukturun yaradıldığı Mərkəzin yerləşdiyi ərazidə genişmiqyaslı abadlıq işləri görülmüş, ağac və gül kolları əkilmişdir.
Mərkəzin foyesində ulu öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətlərini, həmçinin ümummilli liderin və dövlətimizin başçısının Salyan rayonuna səfərlərini əks etdirən fotoguşələr yaradılmışdır.
Prezident İlham Əliyev mərkəzin əvvəlki və indiki vəziyyətini əks etdirən fotostendə baxdı, sərgi salonunda uşaqların əl işləri ilə tanış oldu.
Qeyd edildi ki, birinci mərtəbədə kitabxana, emalatxana və xidməti otaqlar vardır. Burada iki otaq rayon uşaq kitabxanası üçün nəzərdə tutulmuşdur. İkinci mərtəbədə Mərkəzin fəaliyyətinə həsr olunan fotolar və uşaqların müxtəlif müsabiqələrdə qazandıqları diplomlar nümayiş etdirilir. Əyləncəli fizika, gənc şahmatçılar, modelçilik, ibtidai texniki modelləşdirmə, bacarıqlı əllər, gənc dizayner, ingilis dili dərnəkləri də uşaqların intellektual inkişafı üçün nəzərdə tutulmuşdur. Ümumilikdə Mərkəzdə 1772 uşaq 10 dərnəkdə məşğul olacaqdır. Mərkəz müasir avadanlıqla təchiz edilmişdir. Mərkəzdə yaradılmış şəraitdən məmnunluğunu bildirən Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.
Prezident İlham Əliyev həmin gün Salyan rayonuna səfəri çərçivəsində əsaslı təmir və bərpa edilmiş Cümə məscidi ilə tanış olub. Dövlətimizin başçısına məscidin ərazisində aparılan abadlıq və yenidənqurma işləri barədə məlumat verildi. Prezident İlham Əliyev bu dini ocağın əvvəlki və indiki vəziyyətini əks etdirən stendlərə baxdı.
Dövlətimizin başçısı Babazanan dağında aparılan arxeoloji qazıntılar zamanı aşkar edilən müxtəlif dövrlərə aid əmək alətləri, bəzək əşyaları və digər tapıntılarla tanış oldu.
Sonra Prezident İlham Əliyev Cümə məscidində yaradılmış şəraitlə tanış oldu. Bildirildi ki, tarixi abidə olan Cümə məscidi 1865-ci ildə tikilmişdir. Sovet hakimiyyəti illərində məscidin 21 günbəzindən 6-sı sökülmüş və dini məbəddən anbar kimi istifadə olunmuşdur. Sonralar məsciddə rayon rəsm qalereyası yerləşmişdir. 1992-ci ildən isə yenidən məscid kimi fəaliyyət göstərir.
Diqqətə çatdırıldı ki, 2003-cü ildə Kür çayının daşması ilə əlaqədar yaranan qrunt sularının təsiri nəticəsində daha 9 günbəzi uçmuş məscid yararsız vəziyyətə düşmüşdür. 2010-cu ilin fevralından Mədəniyyət və Turizm Nazirliyi tərəfindən məsciddə təmir-bərpa işlərinə başlanılmış, ötən ilin iyununda başa çatdırılmışdır. Hazırda məscid 18 günbəz, 12 sütun və bir minarədən ibarətdir. Məsciddə ibadət üçün hər cür şərait yaradılmışdır. Yeraltı sulardan mühafizə məqsədi ilə abidənin ətrafında drenaj sistemi quraşdırılmışdır.
Bildirildi ki, Cümə məscidi Nazirlər Kabinetinin qərarı ilə 2001-ci ildən yerli əhəmiyyətli tarixi abidə kimi dövlət tərəfindən mühafizə olunur. Məsciddə yaradılmış şəraitlə tanış olan Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi.
Martın 13-də Azərbaycan Prezidenti İlham Əliyev Salyan rayonuna səfəri çərçivəsində Kürsəngi-Yolüstü kəndarası avtomobil yolunun açılışında iştirak etmişdir. Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.
Azərbaycan Prezidentinə Kürsəngi-Yolüstü kəndarası avtomobil yolunda görülən işlər barədə məlumat verildi. Bildirildi ki, bu yol Kürsəngi, Birinci Varlı, Yolüstü və Yeni Uluxanlı kəndlərinin ərazisindən keçir. Bundan başqa, bu yol daha iki kəndin - Peyk və İkinci Varlı kəndlərinin 10 mindən çox əhalisinin yol probleminin həllinə də təsir göstərəcəkdir. Yolun ümumi uzunluğu 23,5 kilometr, eni 10 metrdir.
Dövlətimizin başçısına məlumat verildi ki, Kürsəngi-Yolüstü yolu Prezidentin ehtiyat fondundan ayrılan vəsait hesabına təmir edilmişdir.
Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşərək, yeni yolun açılışı münasibətilə onları ürəkdən təbrik edib: "Çox gözəl yoldur, beş kəndi birləşdirir. Bu kəndlərdə on mindən çox əhali yaşayır. Rayon icra hakimiyyəti məsələ qaldırmışdı ki, bu yolun tikintisinə ehtiyac vardır. Dərhal göstəriş verdim, vəsait ayrıldı və gözəl yol tikilib.
Əminəm ki, siz bu yoldan rahat istifadə edəcəksiniz. Çünki yol tikintisi əsas məsələlərdən biridir. İndi magistral yollar tikilir. Salyan-Bakı, əslində, Bakı-Astara magistral yolu, eyni zamanda, kənd yolları yenidən qurulur. Bu da çox vacibdir. Son müddət ərzində, keçən il, bu il və gələn il kənd yollarına böyük vəsait qoyulur və qoyulacaqdır.
Yaxşı yaşamaq üçün yol, işıq, qaz, içməli su, yaşayış şəraiti, iş yerləri lazımdır. Biz bütün bu işlərlə məşğuluq. Bundan sonra da məşğul olacağıq. Əminəm ki, "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın ikinci mərhələsi gələn ilin sonuna qədər uğurla başa çatacaqdır və bütün sosial-iqtisadi məsələlər öz həllini tapacaqdır.
Salyan rayonu da inkişaf edir. Rayon mərkəzi, şəhər gözəlləşir, abadlaşır. Mən keçən il Salyanda olmuşam. Əvvəlki dövrlərdə də olmuşam. Bu mənim Prezident kimi Salyana deyəsən beşinci, ya altıncı səfərimdir. Bu gün gördüklərim məni sevindirir. Gözəl binalar, gözəl yollar, iş yerləri, ticarət yerləri. Şəhərin abadlaşması əlbəttə ki, çox müsbət haldır. Kəndlər də abadlaşmalıdır. Kəndlərdə insanlar yaxşı yaşamalıdırlar. Qazlaşdırma prosesi gedir. Yəqin ki, gələn ilin sonuna qədər Salyan rayonunun bütün kəndləri qazlaşdırılacaqdır. İçməli su layihələri icra edilir. Elektrik enerjisi ilə bağlı problemlər yoxdur. Kənd yollarının tikintisi gedir. Salyanda əvvəlki dövrdə Mərkəzi Rayon Xəstəxanası yenidən qurulmuşdur. Olimpiya İdman Kompleksi, böyük elektrik yarımstansiyası tikilmişdir. Növbəti illərdə rayonun uğurlu inkişafı üçün əlavə tədbirlər görüləcəkdir.
Mən istəyirəm ki, Salyan Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilsin. Buna imkan vardır. Burada abadlıq-quruculuq işləri gedir. Bu, çox sevindiricidir. Bununla paralel olaraq bütün infrastruktur layihələri icra edilməlidir.
Bu gün biz qədim məscidin bərpasından sonra açılışını qeyd etdik. Mənə Salyanın qədim şəhər olduğunu təsdiqləyən tapıntılar göstərildi. Bildiyiniz kimi, burada böyük arxeoloji ekspedisiya işləyibdir. Aşkara çıxarılan tapıntılar alimlərin dediyinə görə 2800 il bundan əvvəlki dövrə aiddir və burada yaşayış yerinin olmasını təsdiqləyir. Mən göstəriş verdim ki, Salyanda gözəl muzey kompleksi yaradılsın. Bu tapıntılar, bu eksponatlar orada nümayiş etdirilsin. Beləliklə, Salyan, eyni zamanda, turizm mərkəzi və tarixi yaşayış yeri kimi yeni inkişaf dövrünü yaşamağa başlasın.
Əvvəlki dövrdə turizmin inkişafı ilə bağlı burada tədbirlər görülmürdü. Ancaq bu tapıntıların aşkarlanması əminəm ki, bizə bu sahədə də işlərin görülməsinə imkan yaradacaqdır.
Salyan məsafə baxımından Bakıya yaxın olan şəhərdir. Bakıdan geri qalmamalıdır. Bakı bu gün dünyanın ən gözəl şəhərlərindən biridir. Salyan da hər cəhətdən Bakıya yaxın olmalıdır. Məsafə baxımından elədir və abadlıq, gözəllik baxımından da elə olmalıdır. Mən Tahir Kərimovu bu rayona təyin edəndə bu göstərişi vermişəm. Əminəm ki, o, salyanlıların və mənim etimadımı bundan sonra doğruldacaqdır.
Salyanın gələcək inkişafı ilə bağlı gözəl planlar vardır. Bu gün Tahir Kərimov mənə təqdimat göstərdi. O təqdimatda şəhərin inkişafı, Salyanın müasir şəhərə çevrilməsi planları çox böyükdür, çox təsirlidir. Mən əminəm ki, biz salyanlıların dəstəyi ilə bütün bu məqsədlərə çatacağıq. Salyan Azərbaycanın, bu bölgənin ən gözəl şəhərlərindən birinə çevriləcəkdir. Bakı artıq dünya gözəlidir. Dünya miqyasında seçilən bir şəhərdir. Bütün şəhərlərimiz gözəlləşməlidir. Bütün şəhərlərdə, kəndlərdə yaxşı yaşayış şəraiti, iş yerləri olmalı, infrastruktur layihələri icra edilməlidir. Azərbaycan xalqı daha da yaxşı yaşamalıdır. Hər bir kəndin sakinləri də yaxşı yaşamalıdır. Mən bir neçə dəfə demişəm, bir daha demək istəyirəm ki, əgər hər bir kəndin problemləri həll edilərsə, ölkə qarşısında duran bütün problemlər həll olunacaqdır. Çünki Azərbaycan əhalisinin təxminən yarısı kəndlərdə yaşayır. Biz kənd camaatının rahat yaşaması, kəndlərdə iş yerlərinin açılması üçün böyük işlər görürük. Fermerləri dəstəkləyirik və dəstəkləyəcəyik. Kreditlər, güzəştli şərtlərlə texnika, gübrələr verilir, yollar çəkilir. Gələcək illər üçün də bizim böyük planlarımız vardır. Mən əminəm ki, belə gözəl görüşlər Salyan rayonunda hələ çox olacaqdır. Çünki açılışlar gözlənilir. Biz böyük uğurlara nail ola bilmişik. Gələcəkdə də bizi böyük uğurlar gözləyir."