PDF Oxu

Siyasət

  • 10

Azərbaycanın bölgələrində sənayeləşmə

Azərbaycanın bölgələrində sənayeləşmə

Ölkəmizdə həyata keçirilən iqtisadi siyasət Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu daha da artırıb. Enerji ehtiyatlarının səmərəli istifadəsi sayəsində ölkədə sənayeləşmə sürətləndirilib, bu isə yeni istehsal müəssisələrinin yaranmasına səbəb olub.


Sənayeləşmə prosesi sürətlə gedir


Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, ölkədə çox güclü sənayeləşmə prosesi gedir: "Mən bu məsələ ilə bağlı bir neçə il əvvəl danışmışdım. Demişdim ki, Azərbaycanda sənayeləşmə prosesi sürətlə getməlidir və biz bunu görürük.

Yaradılan və yaradılmaqda olan yeni sənaye müəssisələri bizim uzunmüddətli inkişaf strategiyamızı müəyyən edəcək. Azərbaycan dövləti öz üzərinə düşən bütün vəzifələri artıqlaması ilə icra edir. Azərbaycandakı kimi özəl sektora dəstək bəlkə heç bir ölkədə yoxdur. Bu dəstək, ilk növbədə, siyasi dəstəkdir".

Regionların sosial-iqtisadi inkişafında diqqət yetirilən önəmli məqamlardan biri də yeni iş yerlərinin açılmasıdır. Yeni iş yerləri üçün isə yeni müəssisələr yaradılmalıdır və bu istiqamətdə də önəmli addımlar atılıb. Təkcə ötən il regionlarda müasir texnologiyalara əsaslanan 110-dan çox müəssisə tikilərək istifadəyə verilib. Cari ildə də bu istiqamətdə görülən işlər davam etdirilir. Hazırda bölgələrdə 200-dən çox istehsal müəssisəsi inşa olunur. Bu müəssisələrin istifadəyə verilməsi həm bölgələrin, eyni zamanda, ölkənin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq.


Sənayeləşmə siyasəti regionların inkişafına güclü təkan verib


Dövlət başçısı regionların inkişafını, hər zaman olduğu kimi, diqqət mərkəzində saxlayır. 34 rayon və şəhərdə 300-ə yaxın müxtəlif təyinatlı infrastruktur obyektlərinin və yeni müəssisələrin açılışı və təməlqoyma mərasimlərində cənab Prezident şəxsən iştirak edib, istehsal təyinatlı müəssisələrin fəaliyyəti ilə yaxından tanış olub.

Sənayeləşmə siyasəti regionların dinamik inkişafına gücü təkan verib. Sumqayıt Texnologiyalar Parkında ağır maşınqayırma və sənaye qazları, Qaradağda müasir tikinti materialları, Abşeronda mebel və MDF istehsalı, Naxçıvanda biskvit və şokolad, tikiş, dam örtüyü və qarışıq yem fabrikləri, İmişlidə yem və bitki yağları, Samuxda meyvə qurudulması və emalı, Oğuzda qlükoza istehsalı, Ağcabədidə və Tovuzda süd emalı, Qəbələdə limonad, Ağsuda və Şəkidə şirə və şərab, Xaçmazda kondensator zavodları və digər sənaye müəssisələri istifadəyə verilib. Hazırda yeni istehsal və emal sənayesi müəssisələrinin, o cümlədən, gəmiqayırma zavodunun, Qaradağ və Ağstafa rayonlarında yeni sement zavodlarının, Qaradağ sement zavodunda yeni quru texnologiyalı sobanın, Günəş panelləri zavodunun, Hacıqabulda kafel-metlax, Sumqayıtda kağız emalı, bitki yağları zavodları, xovlu iplik, parça və boya fabriklərinin, gübrə zavodunun, eləcə də, müxtəlif regionlarda süd və ət emalı, konserv, çörək zavodlarının, quşçuluq fabriklərinin və digər sənaye müəssisələrinin tikintisi davam etdirilir.


Sahibkarlıq fəaliyyəti üçün imkanlar daha da genişlənib


Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən istifadə etməklə, hazırda 23 quşçuluq fabrikinin, 5 heyvandarlıq kompleksinin, 14 soyuducu və taxıl anbarının, 13 istixana kompleksinin, 5 süd emalı, 3 ət emalı, 4 konserv, 8 çörək zavodlarının və digər müəssisələrin tikintisi aparılır.

Ümumilikdə, 2011-ci ildə fondun vəsaitləri hesabına 1643 sahibkara 138 milyon manat güzəştli kredit verilmiş və bu kreditlər hesabına 6 min 500-dək yeni iş yerinin yaradılması nəzərdə tutulub. Verilmiş kreditlərin 75 faizi isə regionların payına düşür.

İl ərzində güzəştli kreditlər hesabına maliyyələşdirilmiş 33 istehsal, emal, infrastruktur müəssisələri istifadəyə verilmiş, 96 müəssisənin bu il istifadəyə verilməsi gözlənilir. Bir sözlə, ölkəmizdə həyata keçirilən iqtisadi-siyasi tədbirlər nəticəsində sahibkarlıq fəaliyyəti üçün imkanlar daha da genişlənib, bölgələrdə sənayeləşmə sürətlənib və investisiya cəlbediciliyi artıb. Bu da regionlarda rəqabət qabiliyyətli və ixrac yönümlü məhsullar istehsal edən, müasir texnologiyalara əsaslanan müəssisələrin fəaliyyətinə şərait yaradıb. Hətta regionlarda istehsal olunan bir çox məhsullarımız artıq Avropa və Amerika bazarlarına da ixrac olunur. Bu da ixrac yönümlü müəssisələrə dövlət dəstəyinin genişləndirilməsi və ixrac imkanlarının daha da artırılması istiqamətində işlər davam etdirilir.


CABİR

Digər xəbərlər