Prezident İlham Əliyev martın 26-da Koreya Respublikasının paytaxtı Seulda işə başlayan Nüvə Təhlükəsizliyi Sammitində iştirak edib.
Nüvə təhlükəsizliyi Sammiti XXI əsrdə beynəlxalq birlik üçün ciddi təhlükə yaradan nüvə terrorçuluğunun qarşısını almağa həsr olunan yüksək səviyyəli zirvə görüşüdür. Əllidən çox ölkənin dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdikləri Sammitdə nüvə təhlükəsizliyinin əsas məsələləri, o cümlədən nüvə terrorçuluğuna qarşı mübarizə, nüvə materiallarının və nüvə qurğularının mühafizəsi, nüvə materiallarının qanunsuz dövriyyəsinin qarşısının alınması, həmçinin Fukusima Atom Elektrik Stansiyasında baş verən hadisə fonunda nüvə təhlükəsizliyi problemləri müzakirə olunmuşdur. Cənubi Qafqazın əsas dövləti olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu Sammitdə iştirakı ölkəmizə beynəlxalq aləmdə verilən dəyərin göstəricisidir.
Sammit çərçivəsində martın 26-da Koreya Respublikasının Prezidenti Li Men Bak adından nümayəndə heyətləri başçılarının şərəfinə qəbul təşkil olunmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. Sonra nümayəndə heyətləri başçılarının işçi naharı olmuşdur. Günün sonunda Koreya Respublikasının xarici işlər və ticarət nazirinin adından nümayəndə heyətlərinin üzvlərinin şərəfinə işçi nahar verilmişdir.
Seul şəhərində keçirilən Nüvə Təhlükəsizliyi Sammiti martın 27-də öz işini davam etdirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sammitdə çıxış edib.
Sammitin ikinci günü nüvə təhlükəsizliyi sahəsində milli tədbirlərin təhlilinə və fiziki nüvə təhlükəsizliyinin möhkəmləndirilməsində beynəlxalq əməkdaşlığa həsr olundu. Zirvə görüşündə dünya liderləri nüvə terrorizminin qarşısının alınması üzrə uzunmüddətli və səmərəli beynəlxalq əməkdaşlıq məsələsində yeni səylər haqqında fikir mübadiləsi apardılar. Çıxışlarda bildirildi ki, ölkələrin rəhbərlərinə elə bir qurumun təşkili vacibdir ki, burada ən yaxşı təcrübəni bölüşmək və götürülən öhdəliklərin reallaşmasına kömək göstərmək mümkün olsun. Sammit iştirakçıları məsələ ilə bağlı son iki ildə əldə edilən irəliləyişə baxmayaraq, nüvə terrorizmi təhlükəsinin hələ də mövcud olduğunu və bu təhlükənin qarşısının alınması üçün dünyanın düzgün istiqamətdə irəlilədiyini bildirdilər.
Sammitin birinci plenar iclasında çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev nüvə təhlükəsizliyinin bu gün dünya üçün, o cümlədən Azərbaycan üçün mühüm məsələ olduğunu dedi. Dövlətimizin başçısı ölkəmizin nüvə təhlükəsizliyi ilə bağlı dünyada qəbul edilən qərarlara hörmətlə yanaşdığını diqqətə çatdırdı. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan bu qərarları yerinə yetirir, beynəlxalq birliyin bu istiqamətdə səylərini dəstəkləyir və bundan sonra da dəstəkləyəcəkdir. Dövlətimizin başçısı regionda nüvə təhlükəsizliyi məsələsinə toxunaraq bildirdi ki, 1976-cı ildə Ermənistanda tikilən Atom Elektrik Stansiyası köhnəlib, müasir standartlara cavab vermir və seysmik zonada yerləşir. Bütün bunlar Ermənistandakı Atom Elektrik Stansiyasını təhlükə mənbəyinə çevirmişdir.
Prezident İlham Əliyev Sammitin müasir dünyada nüvə təhlükəsizliyinə dair çağırışlarla bağlı müzakirələrin aparılması baxımından səmərəli nəticələr verəcəyinə əminliyini vurğuladı.
Zirvə görüşündə nüvə terrorizmi təhlükəsinin qarşısının alınması üçün daha ciddi tədbirlərin görülməsi və yeni öhdəliklərin götürülməsi niyyəti ilə 50-dən çox ölkənin dövlət və hökumət rəhbərinin Seulda danışıqlar masası arxasında bir araya gəlməsinin bu sahədə yeni, daha real addımların atılacağına ümidlər yaratdığı və bunun nəticəsi kimi dünya əhalisinin özünü nüvə terrorizmindən təhlükəsiz hiss edəcəyi vurğulandı. Müzakirələrdə atom energetikası obyektlərində terror təhlükəsinin qarşısının alınması, yüksək zənginləşdirilmiş uran və plutonium kimi xammalın istifadəsini minimuma endirməklə bağlı məsələlər də müzakirə olundu. Diqqət yetirilən əsas məsələlərdən biri də nüvə enerjisindən və radioaktiv materiallardan məkrli məqsədlərlə istifadənin qarşısının əvvəlcədən alınması oldu. İclasın yekununda liderlər birgə foto çəkdirdilər. Sonra dövlət və hökumət başçılarının şərəfinə işçi nahar verildi. Azərbaycan Prezidenti İlham Əliyev naharda iştirak etdi.
Günün ikinci yarısında Sammitin ikinci qapalı plenar iclası keçirildi. Sammitdə yekun kommunike qəbul olundu və növbəti nüvə təhlükəsizliyi sammitinin 2014-cü ildə Niderlandda keçirilməsi qərara alındı. Daha sonra Koreya Respublikasının Prezidenti Li Men Bakın və xanımı Kim Yun-Okun adından nümayəndə heyətlərinin başçıları və onların xanımlarının şərəfinə nahar verildi. Prezident İlham Əliyev naharda iştirak etdi.