PDF Oxu

Siyasət

  • 9

Prezident İlham Əliyev milli təhlükəsizliyin qarantıdır

Prezident İlham Əliyev milli təhlükəsizliyin qarantıdır

Müasir qloballaşan dünyada hər bir dövlətin hərtərəfli şəkildə təhlükəsizliyinin təmin olunması məsələsi olduqca aktual xarakter alıb. Bütövlükdə, ölkə əhalisini ektremistlərin, terrorçuların, müxtəlif qərəzli dairələrin antimilli fəaliyyətlərindən müdafiə etmək, dövlətin informasiya-kommunkasiya təhlükəsizliyini təşkil etmək hər bir sistemin qarşısında duran öncül vəzifələrdəndir.

Azərbaycan dövləti də total inteqrasiya dövrünü yaşayan dünyanın vacib bir hissəsi kimi öz təhlükəsizliyini mükəmməl şəkildə qurub. Bu mənada, banisi Ümummilli Liderimiz Heydər Əliyev olan milli təhlükəsizlik sistemimizin fəaliyyəti olduqca yüksək qiymətləndirilməlidir. Xüsusilə, qeyd olunmalıdır ki, 93 illik yubileyini qeyd edən milli təhlükəsizlik orqanları, məhz 1964-cü ildən sonra Ulu Öndər Heydər Əliyevin ilk azərbaycanlı kimi Azərbaycan Sovet Sosialist Respukblikasının Dövlət Təhlükəsizlik Komitəsinə rəhbər seçilməsi ilə milliləşdi. Hər zaman bir qorxu, xof kimi təqdim edilən milli təhlükəsizlik orqanlarının məhz dövlətin, millətin təhlükəsizliyinin təminatçısı olduğu cəmiyyətə izah edildi. Məhz həmin dövrdən artıq xalq öz təhlükəsizliyinin, milli mənafeyinin özünə məxsus olan bir qurum tərəfindən qorunduğuna inandı.


Xalq Cümhuriyyəti dövrünün təhlükəsizlik orqanları...


Azərbaycan təhlükəsizlik orqanlarının tarixi hələ ilk müstəqillik dövrünə - 1918-20-ci illərə gedib çıxır. Mürəkkəb və ziddiyyətli dövr olan həmin 23 ay ərzində dövlət quruculuğu sahəsində bir sıra işlər görüldü. Azərbaycan Demokratik Respublikasının təhlükəsizliyinin təmin edilməsi missiyasını da ilk zamanlar Səməd bəy Mehmandarovun yaratdığı ordu öz üzərinə götürdü və bölmə (hərbi nazirliyin baş qərargahının general-kvartirmeystr şöbəsinin kəşfiyyat və əks-kəşfiyyat bölməsi) halında bu işi həyata keçirdi. Azərbaycanın əlverişli geosiyasi mövqeyi, daxili və xarici vəziyyət ayrıca kəşfiyyat və əks-kəşfiyyat xidmətlərinin yaradılması zərurətini doğururdu. Ölkənin xarici müdaxilə təhlükəsi qarşısında qalması hərbi aspektlərə xüsusi diqqət yetirməyi, hətta başlıca məsuliyyəti bu strukturlara tapşırmağı tələb edirdi.

1919-cu il mart ayının 28-də hərbi nazir Səməd bəy Mehmandarovun və baş qərargah rəisi Məmməd bəy Sulkeviçin imzaladıqları 157 saylı əmrlə hərbi nazirliyinin baş qərargahının general-kvartirmeystr şöbəsində kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradıldı. Bu əmrdən sonra bölmənin komplektləşdirilməsi, əsas fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi sahəsində xeyli iş görüldü.

1919-cu il aprelin 13-də dövlət hakimiyyətinin bütün strukturları Azərbaycan hökumətinin ixtiyarına keçdikdən sonra mərkəzləşdirilmiş kəşfiyyat və əks-kəşfiyyat haqqında məsələnin müzakirəsi mümkünləşdi. Ölkə parlamentinin qərarı ilə iyun ayının 9-da Vətəni müdafiə sahəsində fövqəladə səlahiyyətlərə malik olan xüsusi orqan - Dövlət Müdafiə Komitəsi yaradıldı.

Göründüyü kimi, Azərbaycanın milli təhlükəsizlik orqanlarının formalaşdırılması prosesi sürətlə getməsə də, artıq əməli işlər görülməkdə idi. Lakin 1920-ci ildən sonra imperialist bolşevik-daşnakların işğalı ilə bu proses 30-40 il ləngidi.


Təhlükəsizlik orqanlarının inkişafının Heydər Əliyev epoxası...


1950-ci illərin sonlarından etibarən respublika təhlükəsizlik orqanlarında milliləşmə və tarixi ədalətin bərpa edilməsi, repressiyaya məruz qalmış bir çox insanların hüquqi və mənəvi bəraət alması istiqamətində xeyli işlər görüldü. Bu proses bilavasitə ömrünün böyük bir hissəsini təhlükəsizlik orqanlarına həsr etmiş görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Onun Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində əks-kəşfiyyata rəhbərlik etdiyi illər ərzində, xüsusilə də, komitə rəhbərliyinə irəli çəkildiyi 1964-ci ildən sonrakı dövrdə orqana milli kadrların cəlb olunması, onların yetişdirilib, həlledici iş sahələrində rəhbər vəzifələrə təyin olunması nəzərəçarpacaq şəkildə geniş vüsət almağa başladı. Ümummilli Lider Heydər Əliyev respublika və ittifaq rəhbərliyində çalışdığı müddətdə belə, Azərbaycanın xüsusi xidmət orqanlarının fəaliyyətini daim diqqətdə saxlayaraq, öz qayğısını bu təsisatlardan əsirgəmədi. Milli kökə və yaddaşa bağlı bir şəxs kimi o, 1950-ci illərdən başladığı azərbaycanlılaşdırma prosesini səlahiyyətləri çərçivəsində daha da inkişaf etdirdi. Məhz Onun səyi nəticəsində təhlükəsizlik orqanlarında azərbaycanlı kadrların sayı xeyli artırıldı. Bununla da, azərbaycanlılaşmanın əsası qoyuldu.

Azərbaycan xüsusi xidmət orqanlarında milliyyətcə azərbaycanlı olan kadrların yerləşdirilməsi prosesi Ulu Öndər Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi olan zaman da davam etdirilirdi. 1981-82-ci illərdə Sov. İKP MK Siyasi Bürosuna getmə ərəfəsində belə Ulu Öndər milliləşməyə xüsusi fikir verirdi. Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycanın vilayət, şəhər, rayonlarından siyasi və işgüzar keyfiyyətlərinə görə seçilən gənclərin DTK-ya yerləşdirilməsi məqsədilə Azərbaycan təhlükəsizlik orqanlarının rəhbərliyinə göstəriş verirdi ki, onlarla azərbaycanlı DTK-ya işə götürülsün və əməliyyat işinin sirlərinə dərindən yiyələnmək üçün SSRİ DTK-nın ali məktəblərinə göndərilsin. Xüsusilə, vurğulanmalıdır ki, Heydər Əliyev siyasətində milliləşmə sadəcə azərbaycanlılaşdırma deyil. Dahi Öndər öz çıxışlarında azərbaycanlılaşdırma ilə milliləşdirmənin sədlərini və sərhədlərini də dəqiq müəyyənləşdirmişdi. Azərbaycanlılaşdırmanın mahiyyətində statistika, quru rəqəm, kəmiyyət, milliləşmənin ideya-siyasi fəlsəfi kökündə isə milli təfəkkür, milli şüur, milli düşüncə, milli əxlaq, milli xarakter, milli-genetik kod, milli-mənəvi sərvət, müstəqil ana torpaq və nəhayət, Azərbaycançılıq məfkurəsi dayanır.

Bəli, Ümummilli Lider Heydər Əliyev şərəfli və mənalı ömrünün 30 ilə yaxınını Dövlət təhlükəsizlik orqanlarında xidmətə həsr etdi və bununla da, təhlükəsizlik orqanlarının əməkdaşlarının hər zaman bəhrələnə biləcəyi bir məktəb formalaşdırdı.


İnkişafın yeni mərhələsi...


1991-ci ilin oktyabr ayında dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi də təsis edildi. Qısa müddət ərzində digər millətlərin nümayəndələri nazirliyi və respublikanı tərk etdilər, orqanın ancaq milli kadrlardan komplektləşdirilməsi dövrü başlandı. Lakin dəyişən yalnız təhlükəsizlik orqanının adı və şəxsi heyəti deyildi, ilk növbədə, nazirliyin qarşısında duran vəzifələrin məzmunu və mahiyyəti idi.

Ulu Öndər 1997-ci ildə təhlükəsizlik orqanlarının əməkdaşları ilə görüşündə bildirmişdi ki, sovetlər dönəmində bəlkə də Kənd Təsərrüfatı Nazirliyində milliləşməyə o qədər ehtiyac yox idi, amma dövlət təhlükəsizlik orqanlarında bu, çox vacib məsələ idi. İmperiyanın mövcudluğu dövründə milliləşmənin nə qədər çətin olduğunu görən Ümummilli Lider Heydər Əliyev bu xüsusda deyirdi: "DTK-da işləyərkən çox şey görmüşdüm. Moskvanın təktərəfli türk millətlərini əsarətdə saxlamaq siyasəti olduğunun ilk gündən şahidi oldum. Daxilən buna qarşı üsyan etsəm də, həyatda buna imkan yox idi. Azərbaycan KP MK-nın birinci katibi işləyərkən Moskvaya qarşı çıxmağım, toqquşmağım mümkün deyildi. Yavaş-yavaş mən də xalqımın, doğma millətimin milli hisslərini, milli şüurunu oyatmağa başladım. Xalqın milli istəklərini, Azərbaycan türklüyünün milli oyanışını, silkələnməyini reallaşdırmaq arzusunda idim. Bu işləri Moskvaya hiss etdirmədən, onu narahat etmədən, onu ayıq və oyaq salmadan görmək istəyirdim".

Qeyd edək ki, 1993-cü ildən başlayaraq, ölkədə dövlət quruculuğunun möhkəmləndirilməsi, sosial-psixoloji tənəzzülün və siyasi gərginliyin tədricən aradan qaldırılması, geniş demokratik-hüquqi dövlət quruculuğu istiqamətində mühüm tədbirlər həyata keçirildi. Ulu Öndər Heydər Əliyev yalnız dövlətin hərbi, siyasi, ekoloji, iqtisadi, informasiya təhlükəsizliyini təmin etməklə kifayətlənmədi, eyni zamanda, tarixi dövlətçilik ənənələrinin bərpası və onun inkişafı işini paralel apardı və beləliklə də, Azərbaycanın bütöv təhlükəsizlik sistemini yaratdı.

Möhtərəm Prezidentimiz İlham Əliyev, öz növbəsində, Heydər Əliyevin çoxillik siyasi təcrübəsinin məhsulu olan bu sistemi "Milli təhlükəsizlik haqqında", "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" qanunları, "Azərbaycan Respublikasının milli təhlükəsizlik konsepsiyası" və sair bu kimi vacib hüquqi-normativ aktlarla daha da inkişaf etdirdi və zənginləşdirdi. Həmçinin, MTN-in, onun akademiyasının maddi-texniki bazasının gücləndirilməsi, xüsusi orqan əməkdaşlarının peşəkarlığının artırılması, nazirliyin əməkdaşlarının sosial problemlərinin daim diqqət mərkəzində saxlanılması və s. Azərbaycanın təhlükəsizlik orqanlarının inkişafını keyfiyyətcə yeni mərhələyə çıxarıb.

"Sabitlik, təhlükəsizlik Azərbaycanda bütün məsələlərin həlli üçün başlıca şərtdir və Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədədir, sabitlik qorunub saxlanılır" - deyən ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin bu inamı bütün milli təhlükəsizlik orqanları işçiləri üçün birbaşa proqram, vəzifə, həm də böyük məsuliyyətdir.

İnanırıq ki, milli dəyərlərə sadiq olan, ölkənin maraqlarının keşiyində ayıq-sayıq dayanan Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları öz fəaliyyətlərini bundan sonra da gücləndirəcək və Azərbaycan xalqının, dövlətinin qarşısında duran böyük, taleyüklü vəzifələrin həyata keçirilməsində fəal iştirak edəcək.

Digər xəbərlər