Ölkəmizin sosial-iqtisadi inkişafı getdikcə sürətlənir. Son səkkiz ildə həyata keçirilən məqsədyönlü islahatlar, bir sıra ümummilli proqramlar, mühüm infrastruktur layihələrin uğurla reallaşdırılması ölkəmizin sosial-iqtisadi mənzərəsini xeyli dərəcədə dəyişmiş, tarazlı inkişaf və davamlı yüksəliş üçün möhkəm əsas yaratmışdır. Təkcə onu demək kifayətdir ki, ötən illər ərzində Azərbaycanda həyata keçirilən uğurlu neft strategiyası və iqtisadi islahatlar nəticəsində iqtisadiyyatımız 3 dəfəyə yaxın artaraq, ölkənin ümumi valyuta ehtiyatları 40 milyard dolları ötübdür. Azərbaycanda baş verən iqtisadi artım genişmiqyaslı islahatlar, mühüm dövlət proqramlarının reallaşdırılması, yeni iş yerlərinin yaradılması, yoxsulluğun minimal həddə endirilməsi və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması ilə müşayiət olunubdur. Ən başlıcası isə keçid iqtisadiyyatı dövrünü uğurla başa çatdıran Azərbaycan Respublikası artıq dünyanın sürətlə inkişaf edən dövlətləri sırasına daxil olubdur.
Dövlət proqramları tarazlı inkişafın təminatını sürətləndirir
Respublikamızın son səkkiz ildəki sosial-iqtisadi tərəqqisini təmin edən ən başlıca amillərdən biri də, ölkə regionlarının davamlı və tarazlı inkişafına nail olunması ilə bağlıdır. Bunun əsası isə səkkiz il əvvəl - 2004-cü il fevralın 11-də dövlət başçısı İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2009-cu illər)" ilə qoyulubdur. Ölkənin davamlı və tarazlı inkişafına yönəldilmiş bu ümummilli proqramın icrasına başlanılması ilə Azərbaycanda regional inkişafın təməli qoyuldu, bölgələrdə iqtisadi fəallıq xeyli dərəcədə canlandı, insanlarda təşəbbüskarlıq hissi gücləndi. Birinci regional inkişaf proqramı uğurlu başa çatdırıldıqdan sonra 2009-cu il aprelin 14-də Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə daha bir analoji sənəd qəbul olundu. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasına başlanılması ilə ölkəmizin davamlı və tarazlı inkişafı yeni, daha sürətli mərhələyə qədəm qoydu.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlətimizin iqtisadi siyasətinin prioritet istiqamətlərindən biri kimi xüsusi diqqət mərkəzində saxlanılır. Təsadüfi deyil ki, dövlət başçısı İlham Əliyev bu məqsədlə ölkənin bütün şəhər və rayonlarına müntəzəm səfərlər edir, görülən işlərlə şəxsən maraqlanır, yeni müəssisə və obyektlərin təməlqoyma və açılış mərasimlərində iştirak edir. Təkcə onu qeyd etmək kifayətdir ki, ikinci regional inkişaf proqramının icrasını daim diqqət mərkəzində saxlayan dövlət başçısı ötən müddətdə ölkənin 34 rayon və şəhərində müxtəlif təyinatlı 300-ə yaxın infrastruktur obyektinin və yeni müəssisənin açılış və təməlqoyma mərasimlərində iştirak etmiş, istehsal təyinatlı müəssisələrin fəaliyyəti ilə tanış olmuşdur. Bununla yanaşı, Prezident yerlərdə ictimaiyyətin nümayəndələri ilə keçirilən görüşlərdə qaldırılan məsələlərə də xüsusi həssaslıqla yanaşmış, onların həlli məqsədilə 140 milyon manat vəsait ayırmışdır.
Bütün bunlardan məqsəd, heç şübhəsiz, Azərbaycan Respublikasının dünyanın ən davamlı və sürətli inkişaf edən ölkələri sırasındakı mövqeyini bir qədər də möhkəmləndirmək, vətəndaşlarımızın həyat səviyyəsini daha da yaxşılaşdırmaqdan ibarətdir. Təsadüfi deyil ki, ötən ayın 29-da "Regionların 2009-2013 cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunları ilə bağlı keçirilmiş konfransda Prezident İlham Əliyev demişdir: "Müasir dövrdə ölkəmizin sürətli inkişafına nail olmaq üçün kifayət qədər geniş proqramlar icra edilir. Bu proqramların içində, əlbəttə ki, ən önəmlisi və ən vacibi 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramıdır. Bu proqramın qəbul edilməsindən sonra ölkəmizin bölgələri çox sürətlə inkişaf etməyə başlamışdır... İndi də məhz belə mənzərə müşahidə olunur. Biz bu proqramı daha da böyük həcmdə icra edirik və beləliklə, inkişafımıza davam edirik".
Ardıcıl səfərlər nəzərdə tutulan planların reallaşmasına təkan verir
Martın 13-də dövlət başçısı İlham Əliyevin ölkənin cənub regionuna səfəri zamanı regionların inkişafına bundan sonra da xüsusi diqqət yetiriləcəyini vurğulayaraq demişdir: "Ölkəmiz hətərəfli inkişaf edir. Biz indi ölkə iqtisadiyyatının şaxələndirilməsi ilə məşğuluq və bu sahədə də uğurlar əldə edə bilmişik. Bütün bölgələrdə canlanma, inkişaf vardır. Ən ucqar bölgələrdə, ən ucqar kənddə inkişaf vardır. Hər bir rayonun inkişafı, əslində, ölkəmizin inkişafını gücləndirir. Ölkəmizin inkişafı bölgələrin inkişafı olmadan mümkün deyildir".
Beləliklə də, dövlət başçısının bölgələrə səfərləri bir daha göstərir ki, ölkə rəhbəri regionların inkişafına, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına daim diqqət göstərir, mövcud problemlərin qısa müddətdə aradan qaldırılması ilə bağlı bütün lazımi tədbirləri görür. Eyni zamanda, ardıcıl səfərlər nəzərdə tutulan planların reallaşmasına təkan verir. Bu isə son nəticədə ölkəmizin daha da inkişaf etməsinə, sosial rifahın yüksək səviyyəyə çatdırılmasına, iqtisadiyyatımızın güclənməsinə geniş imkanlar yaradır...
RƏFİQƏ HÜSEYNOVA