PDF Oxu

Siyasət

  • 6

Qırğız Respublikası ilə Azərbaycan arasındakı münasibətlər yeni mərhələyə daxil olur

Qırğız Respublikası ilə Azərbaycan arasındakı münasibətlər yeni mərhələyə daxil olur

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin martın 30-da rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevi və xanımı Raisa Atambayevanı qarşıladılar. Fəxri qarovul dəstəsinin rəisi Qırğız Respublikasının Prezidentinə raport verdi. Qırğız Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi. Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Qırğız Respublikasının Prezidenti Azərbaycan əsgərlərini salamladı. Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri Prezident Almazbek Atambayevə, Qırğız Respublikasının nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu. Prezidentlər və xanımları rəsmi foto çəkdirdilər.

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev və xanımı Raisa Atambayeva ilə birgə görüşü olub. Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin təkbətək görüşü keçirilib.Görüşdə Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu. Dövlətlərimiz arasında əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı potensialın olduğu qeyd edildi. Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin Azərbaycana rəsmi səfərinin ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından önəmi vurğulandı. Görüşdə ikitərəfli, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Qırğız Respublikasının Prezidentini ölkəmizdə salamlayan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu səfərin əlaqələrimizin və ikitərəfli münasibətlərimizin inkişafına verilən əhəmiyyətin çox yaxşı göstəricisi olduğunu vurğulayıb:

"Əminəm ki, münasibətlərimizin çox gözəl gələcəyi vardır. Biz bu gün artıq ikitərəfli münasibətlər, regional siyasət məsələləri barədə fikir mübadiləsi apardıq. Hesab edirəm ki, qarşılıqlı münasibətlərimizdə yol verilmiş vaxt itkisinin əvəzini tez bir zamanda çıxacağıq. Çünki bizim razılaşmaların konkret işlərə transformasiyası göz qabağındadır. Bu mənada Sizin səfərinizin müstəsna əhəmiyyəti vardır. Çünki bu, ilk səfərdir. Bizim iqtisadi, enerji və əlbəttə ki, siyasi sahələrdə qarşılıqlı münasibətlərin gələcək inkişafına dair böyük planlarımız mövcuddur. Mənə çox xoşdur ki, Siz bizim ölkəyə səfərə gəlmisiniz. Bu, uzun fasilədən sonra Azərbaycan ilə bir daha tanış olmaq üçün imkandır. Başlıcası isə, çox ümidverici mərhələyə qədəm qoyan ikitərəfli münasibətlərimizin inkişafı yollarını müəyyənləşdirməkdir. Buna görə bir daha Sizi və nümayəndə heyətinizin bütün üzvlərini salamlayıram. Ümid edirəm ki, səfərin nəticələri çox uğurlu olacaq, ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaqdır. Bir daha xoş gəlmisiniz." Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev münasibətlərimizin inkişafından çox müsbət nəticələr gözlədiyini söylədi. Ümidvar olduğunu bildirdi ki, münasibətlərin inkişafı baxımından itirilən 20 ili qarşıdakı iki ildə fəal işləməklə qaytarmaq mümkün olacaq: "Yadımdadır ki, hörmətli Heydər Əliyev "Manas" dastanının 1000 illik yubileyi ilə bağlı Bişkekdə olanda demişdir: "Dinimiz bir, dilimiz bir, kökümüz də birdir". Ona görə, əlbəttə ki, biz münasibətlərimizi tamamilə başqa səviyyəyə qaldırmalıyıq. Görürəm ki, biz bunu reallığa çevirə biləcəyik. Mən çox şadam və fəxr edirəm ki, Azərbaycan bu dərəcədə dəyişmişdir. Mən burada 21 il bundan əvvəl də olmuşam. Dünən və bu gün isə gördüm ki, əlbəttə, bu, tamamilə başqa Azərbaycandır. Ona görə ki, bizdən fərqli olaraq prezidentlər sarıdan Sizin bəxtiniz gətirmişdir. 1993-cü ildən başlayaraq yaxşı bünövrə qoyulmuşdur. Bu iş indi də davam edir. Ona görə də, Azərbaycan belə tərəqqi edir, yüksəlir." Qırğızıstan dövlətinin başçısı ölkəmizin beynəlxalq səviyyədə də böyük nüfuz qazandığını diqqətə çatdırdı.

Dünən Prezident İlham Əliyevin və Prezident Almazbek Atambayevin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub.

"Azərbaycan Respublikası Prezidentinin və Qırğız Respublikası Prezidentinin Birgə Bəyanatı"nı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev imzaladılar.

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Qırğız Respublikasının Narkotiklərə Nəzarət üzrə Dövlət Xidməti arasında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qeyri-qanuni dövriyyəsi ilə mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın daxili işlər naziri Ramil Usubov və Qırğızıstanın Narkotiklərə Nəzarət üzrə Dövlət Xidmətinin sədri Vitali Orozaliyev imzaladılar. "Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Azərbaycan Respublikasının Dünya Ticarət Təşkilatına qəbul olunması üzrə Protokol"u Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev imzaladılar. "Azərbaycan Respublikası Hökuməti və Qırğız Respublikası Hökuməti arasında vergi qanunvericiliyinə riayət edilməsi məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş"i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev imzaladılar. "Azərbaycan Respublikası Hökuməti və Qırğız Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev imzaladılar. "Azərbaycan Respublikası Hökuməti və Qırğız Respublikası Hökuməti arasında mülki müdafiə (mühafizə), fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev imzaladılar.

Sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğızıstan Respublikasının Prezidenti Almazbek Atambayevin mətbuat konfransı olub.

Prezident İlham Əliyev dedi ki, Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin ilk rəsmi səfərlərindən birini məhz Azərbaycana etməsi dostluq və qardaşlığın göstəricisidir. Bu səfərin ölkələrimiz arasında əlaqələrdə yeni səhifə açacağını vurğulayan dövlətimizin başçısı xalqlarımızın tarixi dostluğundan danışdı. "İndi müstəqil dövlətlər kimi əcdadlarımızın ənənəsinə sadiqik", - deyən Azərbaycan Prezidenti hazırda ikitərəfli münasibətlərin inkişafında dinamikanın müşahidə olunduğunu qeyd etdi. Prezident Almazbek Atambayev ilə bundan əvvəlki görüşünü xatırladan Prezident İlham Əliyev bunun münasibətlərin inkişafındakı rolunu vurğuladı. Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında humanitar sahədə əməkdaşlığın vacibliyindən danışan dövlətimizin başçısı ölkələrimiz arasındakı əlaqələrin tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə geniş imkanların olduğunu dedi.

İmzalanan sənədlərin əhəmiyyətini vurğulayan Azərbaycan Prezidenti qeyd etdi ki, bu sənədlərin sayı son 20 ildə iki ölkə arasında imzalanan sənədlərin sayından çoxdur.

"Ümid edirəm ki, bizim əlaqələrin gələcəyi böyükdür", - deyən Prezident İlham Əliyev ölkələrimiz arasında regional və ikitərəfli məsələlərdə fəal əməkdaşlığın qurulduğunu vurğuladı.

"Biz Türk xalqlarının birliyinin gələcəkdə daha da möhkəmlənməsi təşəbbüslərini dəstəkləyirik", - deyən dövlətimizin başçısı Prezident Almazbek Atambayevin bu sahədəki rolunu vurğuladı.

Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev isə dövlət başçısı kimi son 20 ildə Azərbaycana ilk rəsmi səfər etməkdən fəxr hissi duyduğunu qeyd etdi. Ali qonaq imzalanan sənədlərin ölkələrimiz arasında münasibətlərin gələcək inkişafına töhfə verəcəyini bildirdi. "Bizim ümumi tariximiz vardır", - deyən Prezident Almazbek Atambayev türkdilli ölkələrin birliyindən danışdı. Qırğız Respublikasının Prezidenti Azərbaycan ilə əlaqələrin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini vurğuladı. Paytaxtımızın gözəlləşdiyini qeyd edən Prezident Almazbek Atambayev dedi ki, Bakıya qibtə etmək lazımdır. Biz buradan çox şey öyrənməliyik. Qırğız Respublikasının Prezidenti Azərbaycanın "Eurovision" mahnı müsabiqəsində qalib gəlməsindən məmnun olduğunu da bildirdi.

Azərbaycanın prezidentlər sarıdan bəxtinin gətirdiyini deyən Almazbek Atambayev ölkəmizin inkişafında ulu öndər Heydər Əliyevin fəaliyyətini xatırladı. Bu siyasətin bu gün uğurla davam etdirildiyini dedi. Sonra dövlət başçıları jurnalistlərin suallarını cavablandırdılar.

Digər xəbərlər