AzərTAc xəbər verir ki, aprelin 10-da Prezident İlham Əliyev görkəmli Azərbaycan yazıçısı, şair, dramaturq, publisist və ictimai xadim Məmməd Səid Ordubadinin 140 illik yubileyi haqqında Sərəncam imzalayıb.
Sərəncamda vurğulanır ki, 2012-ci ildə görkəmli yazıçı Məmməd Səid Ordubadinin anadan olmasının 140 ili tamam olur. Məmməd Səid Ordubadi Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisidir. Çoxşaxəli ədəbi fəaliyyət göstərən və bir çox məşhur operaların librettosunun müəllifi olan sənətkar, həmçinin dövrün mühüm ictimai-siyasi hadisələrini zəngin faktlar, sənədlər əsasında dolğun əks etdirən əsərləri ilə tanınır. Prezident İlham Əliyev Azərbaycan ədəbiyyatının inkişafında təqdirəlayiq xidmətlər göstərmiş Məmməd Səid Ordubadinin 140 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Milli Elmlər Akademiyası və Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Məmməd Səid Ordubadinin 140 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırıb.