PDF Oxu

Siyasət

  • 5

Azərbaycanın bölgələrində uğurlu inkişaf siyasəti həyata keçirilir

Azərbaycanın bölgələrində uğurlu inkişaf siyasəti həyata keçirilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də respublikamızın şimal-qərb bölgəsinə səfəri çərçivəsində Qazax rayonuna gəlib. Dövlətimizin başçısı əvvəlcə Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov Prezident İlham Əliyevə ulu öndərin adını daşıyan parkda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verdi.

Bildirildi ki, dörd hektar ərazini əhatə edən parkda tikinti işləri bu ilin yanvar-aprel aylarında aparılmışdır. Ərazinin yenidən qurulan iki hektar sahəsinə dekorativ daşlar, qranit plitələr döşənmiş və asfalt örtük salınmışdır. Burada 10 min kvadratmetr sahədə yaşıllıq zolağı salınmış, dekorativ ağac və gül kolları əkilmişdir. Müasir memarlıq üslubunda inşa olunmuş iki fəvvarə Heydər Əliyev parkını daha da gözəlləşdirmişdir. Görülmüş işləri yüksək qiymətləndirən Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi. Prezident İlham Əliyev aprelin 12-də şimal-qərb bölgəsinə səfəri çərçivəsində Qazax Gənclər Mərkəzinin açılışında iştirak edib.

Dövlətimizin başçısı əvvəlcə mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi. Azərbaycan Prezidentinə məlumat verildi ki, Gənclər Mərkəzinin tikintisinə bu ilin yanvarında başlanılmış, apreldə sona çatdırılmışdır. Mərkəzin ikimərtəbəli binasının ümumi sahəsi 1160 kvadratmetrdir. Binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Qazax rayonuna səfərlərini, ölkəmizdə idmanın inkişafına göstərdikləri diqqət və qayğını, gənclərlə görüşlərini əks etdirən fotolardan ibarət guşələr yaradılmışdır. Burada, həmçinin ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Bütün lazımi avadanlıqla təchiz edilən konfrans zalında müxtəlif mədəni-kütləvi tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Mərkəzdə yaradılan rəsm qalereyasında gənc rəssamların sərgiləri təşkil olunacaqdır.

Mərkəzlə tanışlıqdan sonra dövlətimizin başçısı tapşırıq və tövsiyələrini verdi.

Aprelin 12-də Prezident İlham Əliyev inşası davam etdirilən Qazax sement zavodu ilə tanış olub. Məlumat verildi ki, dövlətimizin başçısının imzaladığı "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın uğurla həyata keçirilməsi nəticəsində ölkəmizdə bütün sahələrdə olduğu kimi, inşaat işlərinin də həcmi ilbəil genişlənir. Bu səbəbdən inşaat materiallarına, xüsusilə sementə olan tələbat durmadan artır. Hazırda respublikamızda sement istehsalı bu məhsula olan tələbatı ödəmir. Bunu nəzərə alaraq dövlətimizin başçısının tapşırığı əsasında 2007-ci ildən Qazax rayonu ərazisində yeni sement zavodunun layihələndirmə işləri aparılmış, 2010-cu ilin martından isə tikintisinə başlanılmışdır.

Bildirildi ki, "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC və "Azərbaycan Beynəlxalq Bankı" ASC tərəfindən inşa edilən, ümumi ərazisi 56 hektar olan Qazax sement zavodunda işlərin xeyli hissəsi artıq başa çatdırılmışdır. Zavodun gündəlik istehsal gücü 2500 ton, illik gücü isə bir milyon ton olacaqdır. Burada sementin istehsalı müasir texnologiya əsasında quru üsulla aparılacaqdır. Prezident İlham Əliyev zavodun idarəedilməsində istifadə olunan yüksək texnologiya əsasında hazırlanmış aparatlara baxdı. Məişət və istehsal sularının emalı məqsədi ilə gündəlik gücü 100 kubmetr olan müasir Bakterioloji Təmizləyici Kompleks quraşdırılır. İnşaat planına əsasən, zavod 2012-ci ilin sentyabrında sement, 2013-cü ilin aprelində isə klinker istehsalına hazır olacaq və tikinti işləri tamamlanacaqdır. Prezident İlham Əliyev Qazax sement zavodunun tikintisi ilə bağlı görülmüş işlərdən razılığını bildirdi, müvafiq tapşırıq və tövsiyələrini verdi. Prezident İlham Əliyev aprelin 12-də kənd təsərrüfatı məhsulları emal edən "Azərsun-Holdinq" MMC-nin Qazax konserv zavodunun açılışında iştirak edib. Dövlətimizin başçısı ölkəmizin digər bölgələrində "Azərsun-Holdinq" tərəfindən istifadəyə verilmiş müəssisələrin əks olunduğu stendə baxdı.

Məlumat verildi ki, illik məhsul istehsal gücü 21,5 min ton olan zavodun ümumi dəyəri 14 milyon manatdır. Layihənin həyata keçirilməsi üçün İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 6,8 milyon manat güzəştli kredit verilmişdir. Zavod meyvə-tərəvəzin dondurulması, çoxçeşidli kartof məhsullarının istehsalı sexləri, soyuducu anbar və digər yardımçı binalardan ibarətdir. Ümumi sahəsi 4,7 hektar olan müəssisədə bütün infrastruktur, mühəndis qurğuları ən müasir səviyyədə qurulmuşdur. Zavodun fəaliyyətə başlaması respublikamızda meyvə-tərəvəz istehsalının artmasına, daxili bazarın yüksək keyfiyyətli məhsullarla təmin olunmasına şərait yaradacaqdır.

Dövlətimizin başçısı müəssisədə meyvələrin dondurulması sahəsi, avadanlığın yerləşməsi və kartof çipsi istehsalı layihələri ilə tanış oldu.

Qeyd edildi ki, hazırda zavodda on növ meyvə 18 dərəcədə dondurulmuşdur. İlkin mərhələdə müəssisədə 5 min ton dondurulmuş meyvə xammalı, 2 min ton turşu və tərəvəz istehsalı nəzərdə tutulmuşdur. İkinci mərhələdə 6 min tona yaxın kartof, 3 ton sirkəlik üzüm, 3 min ton turşu və üzüm yarpağı istehsalı üçün yeni xətlərin işə salınması planlaşdırılır. Sonra Prezident İlham Əliyev çipsi istehsalı və meyvə-tərəvəzin dondurulmasını əks etdirən qısa filmə baxdı. Azərbaycan Prezidenti dövlətin güzəştli krediti hesabına Gəncə-Qazax iqtisadi rayonu üzrə maliyyələşdirilən və maliyyələşdirilməsi nəzərdə tutulan investisiya layihələrini əks etdirən stendlə də tanış oldu.

Prezident İlham Əliyev laboratoriya ilə tanış olduqdan sonra müəssisəni işə saldı və istehsal prosesini izlədi. Məlumat verildi ki, istehsal olunacaq konserv məhsulları və dondurulan meyvələr daxili bazarla yanaşı, xarici ölkələrə də ixrac ediləcəkdir. Sonra Prezident İlham Əliyev zavodun işçiləri ilə söhbət etdi. İşçilər ölkəmizdə son illərdə bütün sahələrdə əldə olunmuş inkişafa görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildirdilər. Dövlətimizin başçısı müəssisə ilə tanışlıqdan sonra kollektivə uğurlar arzuladı, tapşırıq və tövsiyələrini verdi.

Qazax rayonuna səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də Qazaxbəyli-Aşağı Salahlı yolunun açılışında iştirak edib.

Əvvəlcə dövlətimizin başçısı inşaatçılarla görüşdü. Azərbaycan Prezidenti aprelin 10-da imzaladığı Sərəncamla fəxri adlara layiq görülmüş bir qrup inşaatçını təbrik etdi.

Sonra dövlətimizin başçısına Qazax rayonunda yolların yenidən qurulması sxemləri təqdim olundu. Nəqliyyat naziri Ziya Məmmədov Prezident İlham Əliyevə məlumat verdi ki, əsaslı şəkildə yenidən qurulmuş Qazaxbəyli-Aşağı Salahlı yolu 5 minə yaxın əhalisi olan 3 kəndi birləşdirir. Uzun müddət təmir olunmadığından yol istismara yarasız vəziyyətə düşmüşdü. Qısa müddətdə yenidən qurulan yol əhalinin gediş-gəlişini xeyli asanlaşdıracaq. Bildirildi ki, dövlətimizin başçısının tapşırığı ilə təmir olunan Yuxarı Salahlı-Kəmərli avtomobil yolundan isə 4 kəndin 13 minə yaxın əhalisi istifadə edəcəkdir. Burada da işlərin əsas hissəsi görülmüşdür.

Prezident İlham Əliyevə təqdim olunan üçüncü layihə Ağstafa-Poylu-Gürcüstan dövlət sərhədi avtomobil yolunun yenidən qurulması layihəsi oldu. Bildirildi ki, 53 kilometrlik yol ən müasir standartlar səviyyəsində qurulur. Yolun üzərində bir ötürücü əsaslı şəkildə təmir olunur, iki yeni körpü tikilir.

Sonra Prezident İlham Əliyev Qazaxbəyli-Aşağı Salahlı yolunun rəmzi açılışını bildirən lenti kəsdi. Burada Azərbaycan Prezidenti kənd sakinləri ilə görüşdü, əsaslı təmirdən sonra yolun istifadəyə verilməsi münasibətilə onları təbrik etdi.

Kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq etdilər. Sonda xatirə şəkli çəkdirildi.

Prezident İlham Əliyev aprelin 12-də Qazax rayonuna səfəri çərçivəsində Şahmat Mərkəzinin açılışında iştirak edib.

Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi. Prezident İlham Əliyevə məlumat verildi ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunmuş mərkəzin tikintisinə 2011-ci ilin dekabrında başlanılmışdır. Mərkəzin foyesində xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü ucaldılıb. Foyedə, həmçinin ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Qazax rayonuna səfərlərini, gənclərlə görüşlərini, həmçinin ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğını əks etdirən fotoşəkillərdən ibarət stendlər quraşdırılmışdır.

Diqqətə çatdırıldı ki, Qazax Şahmat Mərkəzi əvvəllər məşğələlərin keçirilməsi üçün lazımi şəraiti olmayan, ötən əsrin başlanğıcında tikilmiş 57 kvadratmetrlik köhnə binada yerləşirdi. Buna görə də mərkəz üçün şəhərin mərkəzində ümumi sahəsi 750 kvadratmetr olan yeni bina inşa edilmişdir.

Dövlətimizin başçısı gənc şahmatçıların oyunlarını izlədi.

Prezident İlham Əliyev mərkəzdə yaradılan şəraiti yüksək qiymətləndirdi, kollektivə uğurlar arzuladı.

Aprelin 12-də Prezident İlham Əliyev Ağstafa rayonuna səfərə gəlib. Dövlətimizin başçısı Ağstafa şəhərinin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Prezident İlham Əliyevə abidənin ətrafında aparılan yenidənqurma və abadlıq işləri barədə ətraflı məlumat verdi.

Prezident İlham Əliyev aprelin 12-də Ağstafaya səfəri çərçivəsində rayon mərkəzində tamamilə yenidən qurulmuş Heydər Əliyev adına mədəniyyət və istirahət parkında görülmüş işlərlə tanış olub. Dövlətimizin başçısına məlumat verildi ki, parkın ətrafında əsaslı yenidənqurma işləri görülüb. Parkın yerləşdiyi Hüseyn Arif küçəsinə asfalt döşənmiş, səkilər, məhəccərlər ən müasir səviyyədə yenilənib. Yol boyunca abadlıq və yaşıllaşdırma işləri görülmüş, ətrafdakı bütün binalar yenidənqurmadan sonra müasir görkəm almışdır.

Bildirildi ki, parkın ümumi ərazisi 4,8 hektardır. Burada hər birinin uzunluğu 12, eni isə 5 metr olan üç fəvvarə inşa edilmişdir. Fəvvarələrin ətrafında sakinlərin istirahətinin yüksək səviyyədə təmin olunması məqsədi ilə yarımkürə formasında mərmərlə üzlənmiş on oturacaq yaradılmışdır. Ərazidə simsiz internet şəbəkəsi də yaradılmışdır.

Heydər Əliyev adına mədəniyyət və istirahət parkında yaradılmış şəraiti yüksək qiymətləndirən Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi.

Prezident İlham Əliyev Ağstafa şəhərində Heydər Əliyev adına mədəniyyət və istirahət parkında inşa olunmuş Gənclər Mərkəzinin açılışında iştirak edib.

Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi. Prezident İlham Əliyevə məlumat verildi ki, ümumi sahəsi 450 kvadratmetr olan mərkəzin birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin gənclər siyasətinin uğurlarını, eləcə də Ağstafa rayonuna səfərlərini əks etdirən fotoguşələr yaradılmışdır. Bu mərtəbədə fəaliyyət göstərən karaoke-diskoteka salonunda ən müasir səs-akustika sistemi quraşdırılmışdır. İkinci mərtəbədə kafe, interaktiv və pnevmatik stend atıcılığı salonu yaradılmışdır. Ən son avadanlıqdan istifadə olunmuş salonda ümummilli liderimiz Heydər Əliyevin "Sərrast atıcı qələbənin təminatçısıdır" kəlamı başlıca meyar götürülərək gənclərin bu sahədə ibtidai hazırlıq keçmələrində və onların interaktiv, pnevmatik avtomat və tapançadan atəşaçma bacarıqlarının yüksəldilməsi üçün məqsədyönlü işlər aparılacaqdır. Gənclər Mərkəzində yaradılmış şəraiti yüksək qiymətləndirən Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi.

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də Ağstafa şəhərində yenidən qurulmuş Səməd Vurğun adına mədəniyyət və istirahət parkının açılışında iştirak edib. Parkda Xalq Şairi Səməd Vurğunun büstü qoyulmuşdur. Büstün fonunda görkəmli şairin yaradıcılığını əks etdirən möhtəşəm "Kitab abidəsi" kompleksi tikilmişdir. Dövlətimizin başçısı Səməd Vurğunun abidəsi önünə gül dəstəsi qoydu. Prezident İlham Əliyevə məlumat verildi ki, Heydər Əliyev prospektində yerləşən park 2,8 hektar sahəni əhatə edir. Parkın gəzinti sahəsinə 4,5 min kvadratmetr plitə döşənmişdir. Parkın ərazisi qarşı tərəfdən 140 metr uzunluğunda, fasadı ağlay daşı ilə üzlənmiş dekorativ hasarla əhatə olunmuşdur. Yanlardan və arxa hissədən isə parkı uzunluğu 300, hündürlüyü 3,5 metr olan qədim memarlıq nümunələrimizdən hesab edilən "qala divarları" dövrələmişdir. Burada yaraşıqlı fəvvarə quraşdırılmış, hər biri 4,5 metr uzunluğunda yarımkürə formasında doqquz, metaldan hazırlanmış 20 oturacaq qoyulmuşdur. Parkda dekorativ bəzək və gül kolları əkilmiş, işıqlandırma və yaşıllığın suvarılması sistemləri müasir standartlara uyğunlaşdırılmış, müasir tipli 73 işıq dirəyi quraşdırılmışdır. Parkda simsiz internet şəbəkəsi yaradılmış, "Yazıçılar evi" və "Vurğun kafesi" inşa edilmişdir. Parkla tanışlıqdan sonra dövlətimizin başçısı "Yazıçılar evi"ndə bölgə ziyalıları ilə görüşdü.

"Ağstafa" qəzetinin redaktor müavini Firdovsi Heydərli, Azərbaycan Yazıçılar Birliyinin Qazax bölgəsi filialının sədri Barat Vüsal, şairə Cığatel Qasımova, Milli Məclisin deputatı Nizami Cəfərov, Qazax şəhər 2 nömrəli orta məktəbin müəllimi, "İlin ən yaxşı müəllimi" müsabiqəsinin qalibi Samir Hüseynov və gənc şairə Şahinə Həsənzadə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

Barat Vüsal dövlətimizin başçısına Molla Vəli Vidadinin dövründən bu günədək Qazax mahalında yaşayıb yaradan şairlərin əsərlərinin toplusu olan "Şairlər vətəni - bizim tərəflər" poeziya antologiyasını hədiyyə etdi.

Prezident İlham Əliyev aprelin 12-də Ağstafa rayonuna səfəri çərçivəsində Poylu, Xətai, Yenigün və Aşağı Göyçəli kəndlərini birləşdirən avtomobil yolunun açılışında iştirak edib. Dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.Prezident İlham Əliyevə məlumat verildi ki, ümumi uzunluğu 7,5 kilometr olan yolun qısa müddətdə müasir tələblər səviyyəsində qurulması üçün bütün qüvvələr səfərbər olunmuşdur. Yolun əhatə etdiyi kəndlərdə 6 mindən çox əhali yaşayır. Yolun istifadəyə verilməsi onlar üçün həm rahatlıq, həm də təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıyır. Burada tikinti işləri zamanı abadlıq tədbirlərinə də xüsusi diqqət yetirilmiş, yolboyu görkəmsiz tikililər təmir olunmuş, yaşıllıq zolaqları salınmışdır. Burada, həmçinin üç müasir avtobus dayanacağı yaradılmış və çoxsaylı yol nişanları quraşdırılmışdır. Prezident İlham Əliyev kəndlərin sakinləri ilə görüşdü. Sakinlər göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər. Sonda xatirə şəkli çəkdirildi.

Aprelin 12-də Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi. Prezident İlham Əliyevə məlumat verildi ki, YAP Ağstafa rayon təşkilatının yeni inzibati binası şəhərin Heydər Əliyev prospektində inşa edilmişdir. Təşkilatın ikimərtəbəli binasının ümumi sahəsi 450 kvadratmetrdir. Binanın fasadı ağlay daşı ilə klassik üslubda üzlənmiş, milli ornamentli naxışlarla bəzədilmişdir. Binanın birinci mərtəbəsində partiyanın yaradıcısı ulu öndər Heydər Əliyevin və Prezident, YAP-ın sədri İlham Əliyevin fəaliyyətlərini, Ağstafa rayonuna səfərlərini əks etdirən fotoguşələr yaradılmışdır. Bildirildi ki, binanın ikinci mərtəbəsində müxtəlif tədbirlərin keçirilməsi üçün 50 yerlik konfrans zalı yaradılmışdır. Binanın inzibati bölməsində işçilərin səmərəli fəaliyyəti üçün geniş imkanlar vardır. Burada İKT-nin ən son nailiyyətlərindən istifadə edilmişdir.

YAP Ağstafa rayon təşkilatının yeni inzibati binasında yaradılmış şəraiti yüksək qiymətləndirən Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi.

Aprelin 12-də Azərbaycan Prezidenti İlham Əliyev "Ağstafa Aqroservis" MMC-nin açılışında iştirak edib.

Məlumat verildi ki, "Ağstafa Aqroservis" MMC-nin istifadəyə verilməsi rayonda aqrotexniki xidmətlərin müasir standartlara uyğun qurulmasına, məhsuldarlığın artırılması və torpaq ehtiyatlarından daha səmərəli istifadəyə imkan yaradacaqdır. Eyni zamanda, müəssisə kompleks aqrotexniki xidmətlər, o cümlədən əkilməsi məqsədəuyğun olan bitki növü və sortlarının, istifadəsi zəruri gübrə və digər preparatların müəyyənləşdirilməsi, düzgün əkin metodunun seçilməsi, şum, səpin və suvarma işlərinin aparılması, məhsulun yığımı və aqronom xidmətləri göstərməklə fermerlər və torpaq sahibləri üçün "vahid pəncərə" rolunu oynayacaqdır. Prezident İlham Əliyev "Ağstafa Aqroservis" MMC-nin strukturu, müəssisənin göstərdiyi xidmətlər və aqrotexniki tədbirlərin qiymət cədvəli ilə tanış oldu. Bildirildi ki, 30 nəfərin işlə təmin olunduğu müəssisə yalnız Ağstafa rayonunda deyil, Qazax və Tovuz ərazisində də aqroservis xidmətləri göstərməyə qadirdir. Müəssisənin fəaliyyəti və gələcək layihələrlə tanış olan dövlətimizin başçısı müvafiq tapşırıq və tövsiyələrini verdi.

Aprelin 12-də Azərbaycan Prezidenti İlham Əliyev respublikamızın şimal-qərb bölgəsinə səfəri çərçivəsində Tovuz rayonuna gəlib. Dövlətimizin başçısı Tovuz şəhərindəki Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov məlumat verdi ki, Heydər Əliyev adına mədəniyyət və istirahət parkı şəhərin sakinlərinin və qonaqlarının sevimli istirahət mərkəzidir. Sonra dövlətimizin başçısı rayon ərazisində aparılan tikinti-abadlıq işlərini, Tovuzun xəritəsini, Tovuz-Qovlar-Ağbaşlar avtomobil yolunun layihəsini və tikintisi davam etdirilən obyektləri əks etdirən stendlərlə tanış oldu.

Aprelin 12-də Azərbaycan Prezidenti İlham Əliyev Tovuzda "Ayan Palace" otelinin açılışında iştirak edib.

Yeni turizm obyekti ilə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, inşasına 2008-ci ilin martında başlanılan otel rayonda ən böyük turizm layihəsidir. "Ayan Palace" zirzəmi qatından, beş mərtəbədən və mansarddan ibarətdir. Otelin ərazisində kompleks abadlaşdırma işləri aparılmış, müxtəlif dekorativ ağac və kollar əkilmiş, yaşıllıq zolaqları salınmışdır. Prezident İlham Əliyevə bildirildi ki, avanqard arxitektura üslubunda inşa edilən binanın interyerinin tərtibatında xaricdə hazırlanan mebel və aksessuarlardan istifadə olunmuşdur. Oteldə qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılmışdır, 120 nəfərlik restoran fəaliyyət göstərir. Otelə bitişik 700 nəfərlik salon da inşa olunmuşdur. Salonla tanış olan dövlətimizin başçısına məlumat verildi ki, burada beynəlxalq və respublika əhəmiyyətli tədbirlərin, konfransların keçirilməsi üçün lazımi şərait yaradılmışdır. Oteldə, həmçinin müxtəlif səviyyəli görüşlərin keçirilməsi üçün 40 nəfərlik iclas zalı yaradılmışdır. Otel ilə yaxından tanış olan Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı.

Prezident İlham Əliyev aprelin 12-də Tovuz rayonu ərazisində Göytəpə neolit dövrü arxeoloji abidəsi ilə tanış olub.

Dövlətimizin başçısına məlumat verildi ki, qədim Göytəpə arxeoloji abidəsi Azərbaycan ərazisində, eyni zamanda, Cənubi Qafqazda neolit dövrünün erkən mərhələsinə aid yaşayış məskənlərinin ən böyüyüdür. Bu yaşayış məskəni 2 hektardan çox ərazini əhatə edir.

Abidənin dəqiq tarixinin təyin edilməsi üçün üst qatdan götürülən kömür qalıqlarının üzərində Fransanın Milli Araşdırmalar Mərkəzində radio-karbon analizi aparılmışdır. Analizin nəticəsinə əsasən, Göytəpə yaşayış məskəninin bizim eradan əvvəl VI minilliyə aid olduğu müəyyən edilmişdir. Bu da onu deməyə əsas verir ki, Tovuzun 8 min illik şəhər mədəniyyəti tarixi vardır. Prezident İlham Əliyev Göytəpə neolit dövrü arxeoloji abidəsinin ərazisini gəzdi.

Məlumat verildi ki, abidənin qədimliyi dünyanın bir çox nüfuzlu elm adamlarının və mütəxəssislərin ciddi marağına səbəb olmuşdur. 2008-ci ildən başlayaraq hər il Fransa Milli Araşdırmalar Mərkəzinin, Tokio Universitetinin əməkdaşlarının iştirakı ilə stasionar arxeoloji qazıntılar aparılmışdır. Daha sonra Prezident İlham Əliyev Göytəpə qədim yaşayış məskənində bu günə qədər görülən işlər və əldə olunan nəticələri, eləcə də aşkar olunmuş tikililərin bərpası, abidənin açıq səma altında arxeoparka çevrilməsi istiqamətində təklifləri əks etdirən stendlərə baxdı. Qeyd olundu ki, 2008-2011-ci illərdə Göytəpədə aparılan qazıntılar qədim yaşayış yerinin neolit dövrünə aid olan mükəmməl memarlığını üzı çıxarmışdır. Yaşayış məskəni ilə tanışlıqdan sonra dövlətimizin başçısı tapşırıq və tövsiyələrini verdi.

Digər xəbərlər