Aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.
İclasda çıxış edən Prezident İlham Əliyev ilin birinci rübünün sosial-iqtisadi yekunları barədə məlumat verərək bildirdi ki, 2012-ci il uğurlu başlayıb. Ölkədə ümumi daxili məhsul 0,5 faiz artaraq, qeyri-neft sektorunda bu göstərici 7,7 faiz olub. Ümumi sənaye istehsalı 0,3 faiz azalsa da, sənayedə qeyri-neft sektorunun çəkisi 16,5 faiz artıb. Bu , müstəqillik dövründə rekord göstəricidir.
Artıq sənayeləşmə siyasətinin gözəl nəticələr verdiyini olduğunu deyən dövlətimizin başçısı makroiqtisadi göstəricilərin müsbət olduğunu, inflyasiyanın cəmi 3,1 faiz təşkil etdiyini, əhalinin pul gəlirlərinin isə 14 faiz artdığını bildirdi. Azərbaycan Prezidenti qeyd etdi ki, bu ilin dövlət büdcəsi 20 milyard dollardan çoxdur, icmal büdcə 25 milyard dollardır. Ölkənin strateji xəttinə uyğun olaraq valyuta ehtiyatları artır və cari ilin birinci rübündə bu rəqəm 43 milyard dollardan çoxdur.
Prezident İlham Əliyev Dövlət Neft Fondunun yeni strategiyasının müəyyən edildiyini, hazırda Fondun investisiya və yerləşdirmə portfelinin genişləndiyini, bununla da ölkəmizin iqtisadi gücünün daha da artdığını vurğuladı.
"Dövlət İnvestisiya Proqramı bizim üçün əsas inkişaf mexanizmidir", - deyən Azərbaycan Prezidenti bildirdi ki, ölkəmizin investisiya paketində daxili sərmayələr üstünlük təşkil edir. İndi ölkədə böyük ixrac potensialı formalaşmış və dövlət bu potensialın güclənməsində maraqlıdır. Sahibkarlığın inkişafı ilə bağlı bu il 200 milyon manat güzəştli kreditlərin verilməsi nəzərdə tutulmuşdur. Birinci rübdə 24 min yeni iş yeri yaradılmış, onlardan 20 mini daimidir:
"Azərbaycan artıq qlobal məsələlərin həllində siyasi güc kimi iştirak edir. Biz maliyyə resurslarımızı nəzərə alaraq maliyyə güc kimi də iştirak etməliyik. Artıq ilkin təşəbbüslər göstərilmişdir. Biz əvvəlki dövrlərdə - müstəqilliyimizin ilk illərində islahatları daha çox xaricdən gələn kreditlər, köməklər, qrantlar hesabına aparırdıq. Hazırda Azərbaycan donor ölkəsinə çevrilir və bu, yeni bir dövrdür. Biz buna hazırıq. Yəni, bu dövrü biz başlayırıq və bu, bizim təşəbbüsümüzdür. Bu təşəbbüs bizə həm iqtisadi, həm siyasi dividendlər gətirir və gələcəkdə daha da çox gətirəcəkdir. İş yerlərinin açılmasına gəldikdə, birinci rübdə 24 min yeni iş yerləri açılmışdır ki, onlardan təxminən 20 mini daimi iş yerləridir. Mənim bölgələrə mütəmadi səfərlərim də hər dəfə yeni iş yerlərinin açılmasına gətirib çıxarır və iştirak etdiyim zavodların, fabriklərin açılışlarında həmişə maraqlanıram ki, nə qədər yeni iş yerləri açılır və açılacaqdır. Qərb bölgəsinə son səfərim də Azərbaycanın iqtisadi sahədə ümumi inkişaf dinamikasını göstərmişdir. Həm kiçik müəssisələr, orta həcmli emal müəssisələri və böyük müəssisələr açılır və tikilir.
Bizim iqtisadi siyasətlə bağlı planlarımız bax bundan ibarətdir. Biz bu siyasəti uzun illərdir ki, aparırıq, iqtisadi islahatları davam etdiririk. Bu islahatların davam etdirilməsi prosesi hələ getməlidir. Çünki xüsusilə sistem xarakterli islahatlara böyük ehtiyac vardır. Azərbaycan beynəlxalq iqtisadi inkişafla bağlı reytinqlərdə həmişə yüksək yerlər tutur. Dünya İqtisadi Forumu, Davos İqtisadi Forumu iqtisadiyyatların rəqabət qabiliyyətliliyinə görə Azərbaycanı MDB məkanında birinci yerə layiq görür. "Standard and Poor" beynəlxalq reytinq agentliyi Azərbaycanın kredit reytinqini artırıb, halbuki inkişaf etmiş Avropa ölkələrinin kredit reytinqləri aşağı salınıb. Birinci rübdə sovet dövründən qalan əmanətlərin qaytarılması təşəbbüsü irəli sürülmüşdür. Bu, çox ədalətli və müsbət təşəbbüsdür. Mən hesab edirəm ki, müstəqil Azərbaycan dövləti sovet dövründə yığılan əmanətlərə cavabdehlik, məsuliyyət daşımır. Buna baxmayaraq, Azərbaycan dövlətinin güclü sosial siyasətini və yenə də deyirəm, insan amilinin diqqət mərkəzində olduğunu bir daha nəzərə alaraq qərar verildi və mənim tərəfimdən Sərəncam imzalandı ki, batmış əmanətlərə görə kompensasiya ödənilsin. Deyə bilərəm ki, bu, çox əhəmiyyətli kompensasiyadır. Postsovet məkanında bir neçə ölkədə buna oxşar təşəbbüslər irəli sürülmüşdür. Ancaq deyə bilərəm ki, Azərbaycandan başqa heç bir yerdə cəmi iki il ərzində bu məbləğ qaytarılmayıb. Biz kompensasiya üçün təxminən bir milyard manat həcmində vəsait nəzərdə tutmuşuq və iki il ərzində bu vəsaitin insanlara verilməsi prosesi təşkil edilməlidir. Bir daha xatırlatmaq istəyirəm ki, hələ 1992-ci ildə milli valyutaya keçid dövründə on sovet rublu bir Azərbaycan manatı nisbətində əvəz olunmuşdur - birə on. 2006-cı il yanvarın 1-də manatın denominasiyası həyata keçirilmişdir. Beləliklə, beş min Azərbaycan manatı - köhnə manat bir yeni manata bərabər olmuşdur. Buna baxmayaraq, hazırda min rublu olan əmanətçiyə 150 manat, yaxud da ki, 180 dollara yaxın kompensasiya ödənilir. İki min rublu olan 300 manat, yaxud da ki, 400 dollar alacaqdır. Bu cədvəli davam etdirmək olar. Yəni, bu, özlüyündə onu göstərir ki, ən yüksək əmsal və ən qısa dövr Azərbaycandadır. Bu, bir daha Azərbaycan dövlətinin həmin məsələyə nə qədər həssas olduğunu göstərir. Mən bilirəm ki, Azərbaycan vətəndaşları bu təşəbbüsü alqışlayırlar. Əlbəttə ki, bunun insanların yaşayış səviyyəsinə müsbət təsiri olacaqdır. Bir də ki, biz bir növ ədaləti bərpa edirik. Bütövlükdə, sovet dövründə 2 milyon 400 şəxsi hesab olmuşdur. İndi bizi böyük texniki işlər gözləyir ki, bu vəsait vaxtında və tam dəqiqliklə verilsin."
"Birinci rübdə Azərbaycanın beynəlxalq mövqeləri daha da güclənib", - deyən dövlətimizin başçısı bu ildən etibarən ölkəmizin BMT Təhlükəsizlik Şurasının üzvü kimi səlahiyyətlərinin icrasına başladığını və gələn aydan bu quruma sədrlik edəcəyini bildirdi. Prezident İlham Əliyev qeyd etdi ki, birinci rübdə Azərbaycan Davos İqtisadi Forumunda, Münxen Təhlükəsizlik Konfransında və Koreyada keçirilən Nüvə Təhlükəsizliyi Sammitində uğurla təmsil olunub. Avronest Parlament Assambleyasının ikinci sessiyası Bakıda keçirilib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın prinsipial mövqeyinin dəyişməz olduğunu vurğulayan dövlətimizin başçısı bildirdi ki, Azərbaycan güclənir, ölkəmizdə böyük hərbi sənaye potensialı yaradılır, ordunun qüdrəti artırılır:
"Bizim xarici siyasətimiz daxili siyasətimizin məntiqi davamıdır. Xarici siyasətimiz əməkdaşlığın dərinləşməsinə hesablanıb. Biz bu istiqamətdə addımlar atırıq. Bizim xarici siyasətimiz açıqdır, aydındır və birmənalıdır. Bölgədə, dünyada rolumuz artır. Bu, həqiqətdir və bu həqiqətlə hesablaşmaq lazımdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün beynəlxalq tədbirlərdə mən sözlərimi demişəm, Ermənistanın işğalçı siyasətini ifşa etmişəm. Bundan sonra da bütün beynəlxalq tədbirlərdə Ermənistanın işğalçı siyasətini ifşa edəcəyəm. Münaqişənin həlli ilə bağlı bizim prinsipial mövqeyimiz dəyişməz olaraq qalır. Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz bərpa edilməli, işğalçı qüvvələr torpaqlarımızdan geri çəkilməlidir. Beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyümüz tam şəkildə bərpa ediləcəkdir. Mən buna şübhə etmirəm. Biz həm iqtisadi sahədə, həm beynəlxalq aləmdə güclənirik. Hərbi potensialımız da güclənir. Bu sahəyə daim böyük diqqət göstərilir və göstəriləcəkdir. Biz güclü hərbi sənaye yaradırıq, eyni zamanda, böyük həcmdə hərbi texnika, silah, sursat alırıq və alacağıq. Mən hələ hava hücumuna qarşı silahlardan danışmıram, tanklar, artilleriya qurğuları, döyüş təyyarələri, müxtəlif silahlar, döyüş aparmaq üçün lazım olan bütün müasir ləvazimatlar alınır və alınacaqdır. Deyə bilərəm ki, hər bir yerdə olduğu kimi, bu sahədə də biz şaxələndirilmiş siyasət aparırıq, bir istehsalçıdan asılı deyilik. Bu sahədə bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır və imkanımız vardır. Biz bəzi başqa ölkələrdən fərqli olaraq heç nəyi müftə almırıq, pulla alırıq və bu siyasət davam edəcəkdir.
Azərbaycanın artıq güclü ordusu vardır. Bütün silahlı qüvvələr bu gün istənilən vəzifəni - ölkəmizin bütün maraqlarını müdafiə etmək üçün hazırdırlar, buna qadirdirlər. Dağlıq Qarabağda və işğal edilmiş torpaqlarda Azərbaycanın suverenliyini bərpa etməyə hazırdırlar. Sadəcə olaraq biz istəyirik ki, bunu qan tökülmədən, sülh, danışıqlar yolu ilə edək və hər an, hər gün biz qələbəyə yaxınlaşırıq. Hər gün Ermənistan daha da böyük tənəzzülə uğrayır, Azərbaycan daha da güclənir. Biz hər gün qələbə gününü yaxınlaşdırırıq. Gün gələcək Azərbaycan bayrağı Xankəndidə və Şuşada dalğalanacaqdır."
Sonra vergilər naziri Fazil Məmmədov, səhiyyə naziri Oqtay Şirəliyev, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov 2012-ci ilin birinci rübündə ölkədə həyata keçirilən sosial-iqtisadi inkişafın yekunları barədə məlumat vermişlər.
Prezident İlham Əliyev yekun nitqində ölkədə nağdsız ödəmələrin genişləndirilməsi, korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsi, elektron xidmətlərə keçidin qısa vaxtda bütün dövlət qurumlarında tətbiq olunması ilə bağlı tapşırıqlarını verdi.
Dövlətimizin başçısı dedi ki, bu il texnoparkların yaradılması istiqamətində təsirli addımlar atılmalı, kənd təsərrüfatının inkişafı üçün müasir texnologiyalar tətbiq olunmalı, aqroservis şirkətlərinin sayı artırılmalı, ekoloji məsələlərin həlli diqqət mərkəzində saxlanılmalı, paytaxtın və digər şəhərlərin su-kanalizasiya problemi həll olunmalı, Bakı və ətraf qəsəbələrin inkişafına dair Dövlət Proqramının icrası davam etdirilməlidir. Bununla yanaşı, Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunması istiqamətində işlərin miqyası genişləndirilməli, Bakı şəhərinin inkişaf konsepsiyasına uyğun olaraq abadlıq-quruculuq işləri davam etdirilməli, ölkədə informasiya təhlükəsizliyinin təmin olunması, diaspor quruculuğu və islamafobiya meyillərinə qarşı mübarizə tədbirləri gücləndirilməlidir.
Sonda Prezident İlham Əliyev respublikamızda gedən uğurlu sosial-iqtisadi islahatların ölkəmizin müstəqilliyini daha da gücləndirdiyini dedi və bu siyasətin bundan sonra da davam etdiriləcəyini bildirdi.