Aprelin 16-da Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. İclası giriş nitqi ilə açan dövlət başçısı vurğulamışdır ki, 2012-ci il Azərbaycan üçün uğurla başlamışdır. Belə ki, birinci rübdə bütün vəzifələr icra edilmiş, əsas iqtisadi göstəricilər isə çox müsbətdir: "Ümumi iqtisadi inkişaf çox yüksək templərlə ölçülməsə də, qeyri-neft iqtisadiyyatımız sürətlə artmaqdadır. Birinci rübdə ümumi daxili məhsul 0,5 faiz artmışdır. Ancaq qeyri-neft sektorunda ümumi daxili məhsul 7,7 faiz artmışdır. Bu, çox gözəl göstəricidir və son ayların, illərin göstəricisidir".
"Qeyri neft sənayesinin artımında rekord göstərici əldə olunmuşdur"
Prezident İlham Əliyev qeyd etmişdir ki, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılmış addımlar bəhrəsini verir. Belə ki, sənaye istehsalına nəzər salsaq, görərik ki, ümumi sənaye istehsalı 0,3 faiz azalmış, qeyri-neft sənayesi isə 16,5 faiz artmışdır. Həmin rəqəmlər rekord göstərici kimi qiymətləndirilmişdir: " Bu, səhv etmirəmsə, müstəqillik dövründə ən yüksək, rekord göstəricidir və yenə də son illər ərzində apardığımız islahatların məntiqi nəticəsidir. Çünki qeyri-neft sənayesinin inkişafı ilə bağlı mənim tərəfimdən dəfələrlə müvafiq göstərişlər verilmişdir, konkret addımlar atılmışdır. Dövlət İnvestisiya Proqramında bu məsələlər öz həllini tapmışdır. Özəl sektora göstərilən dəstək - həm siyasi, həm maddi dəstək, kreditlərin verilməsi qeyri-neft sənayesinin inkişafına gətirib çıxarır. Mən çox şadam ki, bu sahə çox yüksək templərlə inkişaf edir".
"Dövlət büdcəsi 20 milyard dollardan çoxdur"
Makroiqtisadi göstəricilərin də müsbət olduğunu vurğulayan ölkə rəhbəri inflyasiya həddinə toxunarkən, qeyd etmişdir ki, bu hədd cəmi 3,1 faizi təşkil edir, əhalinin pul gəlirləri isə təxminən 14 faizdir ki, bu da, ümumiyyətlə, son illər ərzində ənənəvi bir balansdır. Prezident İlham Əliyevin bildirdiyinə görə, inflyasiyanı əhalinin pul gəlirlərinin həcmindən ayrı hesablamaq düzgün olmaz: "Əhalinin pul gəlirləri inflyasiyanı on faiz, ondan da çox üstələyir. Bütövlükdə, bu, onu göstərir ki, bizim büdcəmiz ildən-ilə artır və bu ilin dövlət büdcəsi 20 milyard dollardan çoxdur. İcmal büdcə təqribən 25 milyard dollara bərabərdir. Sosial proqramlar uğurla icra edilir. Xüsusilə, sovet dövründən qalmış əmanətlərin qaytarılması prosesi başlayır. İnflyasiyanı belə aşağı səviyyədə saxlamaq çox böyük nəticədir. Beləliklə, insanların rifah halının yaxşılaşdırılması istiqamətində yeni, mühüm addımlar atılır".
"Strateji valyuta ehtiyatlarımız daha da artmışdır və 43 milyard dollardan çoxdur"
Prezident İlham Əliyev Azərbaycandan fərqli olaraq, bir çox xarici ölkələrdə baş verən qlobal maliyyə və iqtisadi böhran məsələlərinə də toxunaraq, qeyd etmişdir ki, əslində, həmin ölkələrin bu kimi hallarla qarşılaşmaları, nəticədə, onların böyük çətinliklərlə üzləşdirəcək: "Dünyada davam edən qlobal maliyyə və iqtisadi böhran onu göstərir ki, kim öz hesabına yaşamır, borc hesabına yaşayır, eyni zamanda, sosial proqramları borcun götürülməsi hesabına icra edir, nəticədə, bu ölkələr böyük çətinliklərlə üzləşəcəklər. Çünki gec-tez bu borclanma gəlib son həddə çatacaqdır".
Ancaq Azərbaycanda investisiya proqramları və sosial proqramlar öz daxili imkanları ilə icra edilir: "Beləliklə, bu ilin birinci rübündə strateji valyuta ehtiyatlarımız daha da artmışdır və 43 milyard dollardan çoxdur. Bu, nəinki ölkəmiz üçün, dünya miqyasında strateji valyuta ehtiyatlarına malik olan suveren ölkələr arasında çox gözəl göstəricidir. Biz o ehtiyatları ildən-ilə, rübdən-rübə daha da artıracağıq".
"Dövlət Neft Fondunun investisiya və yerləşdirmə portfeli genişlənir"
Ölkə rəhbəri Dövlət Neft Fondunun yeni strategiyasının müəyyən edilməsi barədə vurğulayarkən, qeyd etmişdir ki, bu strategiya müasir dövrün tələblərinə uyğundur: "Biz daim qabağa baxmalıyıq. Əlbəttə, Dövlət Neft Fondu yarandıqda, ilk növbədə, oraya yığılan vəsaitin mühafizəkar şəkildə qorunması məsələsi gündəmə gətirilmişdi. Bu məsələ bu gün də çox aktualdır. Bizim əsas məqsədimiz bu vəsaiti qorumaqdır".
Prezident İlham Əliyev dünyada baş verən böhranlı faiz dərəcələrini əhəmiyyətli dərəcədə aşağı saldığı üçün hökumətin yeni formalara müraciət etdiyini də bildirib. Belə ki, hazırda Dövlət Neft Fondunun investisiya və yerləşdirmə portfeli də genişlənir: "Bu, təbiidir. Necə ki, biz ölkə iqtisadiyyatını şaxələndiririk, yeni sahələrə üstünlük veririk, strateji valyuta ehtiyatlarımız da həm əhəmiyyətli, həm də daha səmərəli şəkildə lazım olan sahələrə qoyulmalıdır".
"Azərbaycan donor ölkəsinə çevrilir və bu, yeni bir dövrdür"
Prezident İlham Əliyev Azərbaycanın artıq qlobal məsələlərin həllində siyasi güc kimi iştirak etdiyini bildirərək, vurğulayıb ki, ölkəmiz maliyyə resurslarını nəzərə alaraq maliyyə gücü kimi də iştirak etməlidir və artıq bu istiqamətdə ilkin təşəbbüslər də göstərilmişdir: "Biz əvvəlki dövrlərdə - müstəqilliyimizin ilk illərində islahatları daha çox xaricdən gələn kreditlər, köməklər, qrantlar hesabına aparırdıq. Hazırda Azərbaycan donor ölkəsinə çevrilir və bu, yeni bir dövrdür. Biz buna hazırıq. Yəni, bu dövrü biz başlayırıq və bu, bizim təşəbbüsümüzdür. Bu təşəbbüs bizə həm iqtisadi, həm siyasi dividendlər gətirir və gələcəkdə daha da çox gətirəcəkdir".
"Dövlət İnvestisiya Proqramına yeni prizmadan yanaşacağıq"
Dövlət İnvestisiya Proqramının icrası ilə bağlı məsələlərə də toxunan dövlət başçısı bu barədə fikrini bildirərkən qeyd edib ki, bir müddət əvvəl qarşıya vəzifə qoyulmuşdur ki, əsas infrastruktur layihələri növbəti iki il ərzində Azərbaycanda başa çatsın: "Və ondan sonra biz Dövlət İnvestisiya Proqramına yeni prizmadan yanaşacağıq. Hazırda ölkə üzrə bütün bölgələrdə böyük infrastruktur layihələri icra edilir. Onların tam əksəriyyəti dövlət tərəfindən maliyyələşdirilir. Yollar, su-kanalizasiya layihələri, qazlaşdırma, elektrik xətlərinin, kənd yollarının çəkilməsi. Bu da son illər ərzində daha çox diqqət tələb edən məsələdir. İndi mən bölgələrdə olarkən, demək olar ki, hər dəfə yeni kənd yolunun açılışında iştirak edirəm. Bu, müasir Azərbaycanın reallıqlarıdır".
RÖVŞƏN NURƏDDİNOĞLU