PDF Oxu

Siyasət

  • 13

Azərbaycan regionun ən zəngin ölkəsidir

Azərbaycan regionun ən zəngin ölkəsidir

Son 8 ildə Azərbaycanın regionda mövqeyinin əhəmiyyətli dərəcədə möhkəmlənməsi də müşahidə olunmaqdadır və respublikamız dünya iqtisadiyyatına sıx inteqrasiya proseslərini sürətləndirməklə, eyni zamanda, tərəfdaş ölkələrin enerji təminatında mühüm yer tutaraq, onların yüksək etimadını qazanmaqla nüfuz sahibinə çevrilməkdədir. Prezident İlham Əliyevin yürütdüyü xarici iqtisadi siyasət ölkəmizin ümumi iqtisadi siyasətinin ayrılmaz tərkib hissəsi olmaqla onün bütün istiqamət və konturlarını özündə əks etdirir. Bu siyasət Azərbaycanın iqtisadi tərəqqisi və dünya düzənində köklü mövqeyimizin möhkəmlənməsi üçün xarici əlaqələrin strukturunun genişlənməsinə, yerli ixracatçılar üçün güclü dövlət dəstəyinin təmin edilməsinə və xarici kapitalın ölkəyə cəlb edilməsinin daha da aktivləşməsi üçün biznes mühitinin təkmilləşdirilməsinə istiqamətlənib.


Bu dinamizm, Azərbaycan iqtisadiyyatını yeni inkişafı ssenariləri bu gün dünya mediasının, elektron KİV-lərin və ən nüfuzlu nəşrlərin tədqiqat və araşdırma mövzusuna çevrilib. Bu günlərdə ABŞ-ın "The Washington Times" qəzetində dərc olunmuş materialda bildirilir ki, Azərbaycan iqtisadi baxımdan dünyanın ən sürətlə inkişaf edən ölkələrindən biridir. Ötən 8 ildə ölkədə ÜDM 3 dəfə artmışdır. Xarici borc ÜDM-in 6 faizini təşkil edir. Adambaşına düşən milli gəlirə görə, Azərbaycan regionun ən zəngin ölkəsidir. Son 8 ildə ölkəmizdə həyata keçirilən sistemli və genişmiqyaslı demokratik siyasi və iqtisadi islahatlar, sosial proqramlar tərəqqinin uzunömürlülüyünə baza yaratmış olub. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən düşünülmüş, təmkinli, lakin olduqca çevik və qətiyyətli, uzaqgörən iqtisadi siyasət Azərbaycan iqtisadiyyatının davamlı uğurlarını təmin edib. Hazırda ölkə iqtisadiyyatının diversifikasiyasının sürətlənməsi, regionlardakı mövcud istehsal və emal bazasının gücünün artırılması, qeyri-neft bölmələrinə aid iri müəssisələrin fəaliyyətinin güclənməsi Azərbaycan iqtisadiyyatının hərtərəfli inkişaf etdiyini şərtləndirmiş olur.

Demokratik cəmiyyətin, liberal bazar münasibətlərinə əsaslanan iqtisadi siyasətin yeni müstəvidə və modern mərhələdə gücləndirilməsi, neft gəlirlərinin məqsədyönlü idarə olunması və birbaşa insan amilinə, yəni intellektual kapitala yönəlməsi, qeyri-neft sahələrinin innovativ iqtisadiyyatın baş xəttinə çevrilməsi, kiberinformasiya cəmiyyətinin formalaşdırılması, ən yeni kreativ texnologiyaların meydanının genişləndirilməsi Azərbaycan dövlətinin siyasi-strateji trendi kimi çıxış edir.

Respublikamızın bu inkişaf doktrinası dünya dövlətləri, ən nüfuzlu siyasi və iqtisadi xadimlər tərəfindən təqdir olunur, ən yüksək və çoxmilyonlu tiraja malik nəşrlərdə Azərbaycan iqtidarının həyata keçirdiyi siyasi və iqtisadi islahatlar region ölkələri üçün örnək kimi səciyyələndirilir. ABŞ-ın Ceymstaun Fondunun prezidenti Qlen Hovardun qeyd etdiyi kimi, Azərbaycan Qafqazın ən əhəmiyyətli ölkəsidir. Azərbaycan çoxşaxəli, strateji və balanslaşdırılmış xarici siyasət həyata keçirir. Keyfiyyətcə yeni xarakter alan beynəlxalq iqtisadi münasibətlər sistemində güclü iqtisadi potensiala, əsaslandırılmış idarəetmə strategiyasına və inkişafın milli modelinə malik Azərbaycanın xarici siyasət kursu geniş komponentli, geniş diapazonlu balanslaşdırılmış təməllərə söykənən müstəvidə və tarazlı kursa uyğun müəyyən olunub. Bu kurs müəyyənləşdirilərkən, ilk növbədə, bütün tərəflərlə bərabər və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan strateji kursu qoruyub saxlamağa üstünlük verildi. Bu, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş davamlı siyasi strategiyanın təməl prinsiplərindən biridir. Ötən illlər ərzində Azərbaycanın regionda balanslaşdırılmış xarici siyasət kursu bir qədər də möhkəmlənərək, həm post-sovet ölkələri, həm də Avropanın, Asiyanın, Amerikanın, eləcə də, Afrika və Yaxın Şərq dövlətləri ilə səmimi münasibətlərin qurulmasında mühüm rol oynayıb. ABŞ, Türkiyə, Rusiya, Ukrayna, İran, Gürcüstan, Fransa, Almaniya, İtaliya, Rumıniya və digər ölkələrlə əlaqələrdə dinamizmin keyfiyyət baxımından zənginləşməsi bu tendensiyanın hakim olmasını göstərir.

Respublikamızın dünya iqtisadiyyatına inteqrasiyanı dərinləşdirməsi və xarici tərəfdaş ölkələrlə iqtisadi-ticari münasibətləri genişləndirməsi son illər beynəlxalq maliyyə institutları və ən nüfuzlu agentliklər tərəfindən hazırlanan reytinq cədvəllərində və hesabatlarda başlıca mövzu kimi diqqəti cəlb edir. Bu günlərdə dərc olunan Asiya İnkişaf Bankı (AİB) "Asiya İnkişaf Perspektivi-2012" (Asian Development Outlook- 2012) adlı yeni hesabatında Azərbaycanda həyata keçirilən düşünülmüş makroiqtisadi siyasət yüksək qiymətləndirilir. Hesabatda qeyd olunur ki, Azərbaycan hökumətinin həyata keçirdiyi iqtisadi və sosial islahatlar makroiqtisadi vəziyyətin sabit qalması ilə yanaşı, artım meyillərinin əldə olunmasına imkan verəcək. Respublikamız inkişaf dinamikasına görə regionda əsas aparıcı dövlətlərdən olacaq. Asiya İnkişaf Bankı 2012-ci ildə Azərbaycanda ÜDM-in 4,1% artacağını proqnozlaşdırır. AİB-in proqnozlarına görə, 2012-ci ilin yekunları üzrə Azərbaycanın xarici ticarətində müsbət saldo 22,35 milyard, 2013-cü ildə 21,94 milyard dollar təşkil edəcək. Hökumət maliyyə sabitliyinin əsas göstəricilərindən biri olan istehlak qiymətləri indeksinin nəzarətdə saxlanmasını təmin etmək iqtidarındadır.

AİB-in hesabatında qeyd olunur ki, maliyyə böhranını aşmaqda olan Mərkəzi Asiya ölkələrində inflyasiya hələ də hiss olunacaq səviyyədə - 7,5 faizdir. Yeni resessiyalar fonunda bu rəqəm 2011-ci ilin sonuna 8,2 faiz, 2012-ci ilin sonuna isə 6,6 faiz ola bilər. AİB-in mövqeyinə görə, Azərbaycan hökuməti inflyasiyanın qarşısının alınması ilə bağlı dövlət orqanlarının koordinasiya olunmuş birgə fəaliyyəti sayəsində qiymət indeksini nəzarətdə saxlamğa qadirdir. Respublikamızda inflyasiyanın 2012-ci ildə 7-7,5%-ə bərabər olacağı proqnozlaşdırılır. 2013-cü ildə inflyasiyanın təxminən 8,5 % olacağı proqnozlaşdırılır. Təşkilatın ekspertlərinin fikrincə, güclü daxili tələbat, istehlak bazarının həcminin böyüməsi, əmək haqqı artımı, eləcə də, iqtisadiyyatın daxili kredit genişləndirilməsi inflyasiyanın artmasında əsas elementlər kimi çıxış edəcək. Amma bütün bunlara baxmayaraq, ölkədə iqtisadi inkişafın yüksəlməsi və əhalinin real pul gəlirlərinin inflyasiya göstəricisindən 2-2,5 dəfə olması iqtisadiyyatı mənfi təsirlərdən qorumuş olacaq, vətəndaşların sosial vəziyyətinə təsir göstərməyəcək.

Region ölkələrinin xarici və daxili borcları ilə bağlı vəziyyəti şərh edən təşkilatın ekspertləri ölkələrin əksəriyyətində daxili borcun daha çox özəl sektora aid olduğu qənaətindədir. Buna səbəb maliyyə böhranı nəticələrinin həmin ölkənin tikinti və bank sektorunu vurması olub. Azərbaycanın daxili borc probleminin olmadığını diqqətə çatdıran AİB mütəxəssisləri ölkəmizin xarici borc üzrə də çətinliyinin olmadığını bildirirlər. Ümumiyyətlə, Azərbaycan region ölkələri içərisində xarici borc məsələsində çox əlverişli və yaxşı mövqeyə malikdir. Ölkəmizin xarici borcu 3,7 milyard dollar təşkil edir ki, bu da ÜDM-in 8 %-dən aşağı rəqəmdir. Ölkəmizin xarici borcu strateji valyuta ehtiyatlarından 9 dəfəyə yaxın azdır ki, bu da maliyyə sabitliyi üçün çox mühüm rol oynayan faktor sayılır.


"Səs" Analitik qrupu

Digər xəbərlər